Tibb elminin qürur duyduğu alim

 

Milli dövlətçilik təəssübkeşliyi ilə həyatda silinməz izlər qoymuş hər kəs - istər alim olsun, istər hərbçi, istər həkim, istərsə də adi insan olsun tarixin və insanların yaddaşında daim yaşayır, nəsildən-nəslə ötürülərək xatirələrdə əbədiləşir, qəzet-jurnal məqalələrində, tədqiqatçıların araşdırmalarında tarixiləşir. Belə unudulmaz ziyalı-alimlərimizdən biri də Azərbaycan və Rusiya ictimaiyyətində, xüsusilə hər iki ölkənin səhiyyə sistemində kifayət qədər yaxşı tanınmış, Azərbaycan Tibb UniversitetininRusiya Xalqlar Dostluğu Universitetinin professoru olmuş, 2014-cü ildə AMEA-nın müxbir üzvü, 2017-ci ildə isə həqiqi üzvü seçilmiş akademik Fazil Səməd oğlu Qurbanovdur.

Fazil müəllim 50 ilə yaxın səhiyyə sistemində elm və təhsil müəssisələrində çalışmış və pedaqoq kimi yüksəksəviyyəli tibbi kadrların hazırlanmasında müstəsna xidmətlər göstərmişdir. Fazil müəllim yaradıcı həyatını həsr etdiyi tibbin bu və digər sahəsi ilə məşğul olmaqla həm də boya-başa çatdığı ölkənin və xalqının daim tale qayğıları ilə yaşamış, respublikamızın uğurlu imici naminə ictimai-siyasi arenada əlindən gələni əsirgəməmişdir.

Elmi, pedaqojiictimai fəaliyyəti ilə qürur duyduğumuz Fazil Qurbanov 18 fevral 1944-cü ildə Bakıda anadan olub. Bu gün 78-ci doğum gününü onsuz qeyd etdiyimiz milli ruhlu, intellekt ziyalı-alim Fazil Qurbanov cismən aramızda olmasa da, ruhən bizimlədir. Tələbəlik illərindən yaxşı tanıdığım Fazil Qurbanov 1973-cü ildə N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun (indiki ATU) Müalicə profilaktika fakültəsini uğurla bitirdikdən sonra gənc mütəxəssis kimi Respublika Uroloji Xəstəxanasında cərrahiyyə üzrə internatura keçmişdir. İki ildən sonra fəaliyyətini Azərbaycan EA-nın Fiziologiya İnstitutunda SSRİ TEA-nın akademiki M.A.Topçubaşovun rəhbərlik etdiyi cərrahi qrupun elmi əməkdaşı kimi davam etdirmişdir. 5 il sonra, 1980-ci ildə Fazil Qurbanov SSRİ TEA-nın (indi RTEA) Ümumittifaq Elmi Cərrahiyyə Mərkəzində akademik B.V.Petrovski adına Rusiya Elmi Cərrahiyyə Mərkəzinin nəzdində aspiranturaya daxil olmuşdur. 1983-cü ildə “Cərrahi müalicədən sonra kardiospazmin residivi zamanı pnevmatik kardiodilatasiyamövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir.

Fazil Qurbanov 1987-ci ildə RTEA-nın müxbir üzvü, professor A.F.Çernousovun elmi məsləhətçiliyi ilə “Qida borusunun xərçəngi və xoşxassəli strikturalarında birmomentli ezofaqoplastikamövzusunda doktorluq işini uğurla müdafiə edərək tibb elmləri doktoru adına layiq görülmüşdür.

Elmi uğurları ilə sevindiyimiz Fazil müəllim 1989-cu ildə Azərbaycan Elmi-Tədqiqat Qastroenterologiya İnstitutunda Qida borusu, mədə və onikibarmaq bağırsaq cərrahiyyəsi bölməsinin rəhbəri kimi fəaliyyətə başlayıb və Azərbaycan Tibb İnstitutunun Cərrahiyyə kafedrasının professoru olub. Elə həmin ildən fəaliyyətini Moskvada davam etdirən həmkarımız Rusiya Federasiyası Yollar Nazirliyinin N.A.Semaşko adına Mərkəzi Kliniki Xəstəxanasında Cərrahiyyə şöbəsinə rəhbərlik edib, eyni zamanda Rusiya Xalqlar Dostluğu Universitetinin Hospital cərrahiyyəsi kafedrasının professoru olub.

Fazil Qurbanov MDB və bir çox xarici ölkədə yüksəkixtisaslı alim- cərrah və üç dildə (Azərbaycan, rus, ingilis) dərs deyən pedaqoq kimi məşhur idi. Onun cərrahlıq təcrübəsi çoxsahəli olsa da, fəaliyyətinin əsas istiqamətini qida borusu, mədə, həzm orqanlarının operativkonservativ müalicəsi zamanı ən müasir tibbi texnologiyaların tətbiqi hesab olunur. Ömrünün ən dəyərli vaxtlarını kitabxanalarda, arxivlərdə keçirməklə tibbə elmi yeniliklər gətirmiş, insan sağlamlığı üçün vacib olan ən mühüm mövzuları tədqiqata cəlb etmiş akademikin respublikamızda və xaricdə 230-dan çox elmi əsəri işıq üzü görüb. O, 5 monoqrafiya, 13 ixtira və 7 səmərələşdirici təklifin, əlavə olaraq ali məktəb tələbələri üçün dərslik və dərs vəsaitlərinin, çoxsaylı tibbi təlim təlimatlarının müəllifidir. Gənclərin inkişafına, onların daha bilikli və savadlı olmasına qayğısını əsirgəməyən professor F.Qurbanovun rəhbərliyi altında respublikamız və xarici ölkələr üçün onlarla yüksəkixtisaslı kadr, o cümlədən 14 tibb elmləri namizədi, 7 elmlər doktoru və 14 fəlsəfə doktoru hazırlanıb.

Fazil Qurbanov Beynəlxalq Cərrahlar Birliyi (ABŞ), Rusiya Cərrahlar Assosiasiyası, Rusiya Endoskopik Cərrahiyyə Assosiasiyası, Rusiya Hernioloqlar Assosiasiyasının üzvü olmaqla yanaşı, Azərbaycan Səhiyyə Nazirliyinin “Səhiyyə” jurnalının redaksiya heyətinin üzvü, Rusiyanın və Moskva şəhərinin bəzi səhiyyə və tibbi komitə komissiyalarının, Rusiya Xalqlar Dostluğu Universiteti Elmi Şurasının üzvü idi. Elmi, həkimlik, pedaqojiictimai fəaliyyəti ilə əlaqədar Rusiya Fedarasiyasının və Azərbaycan Respublikasının Fəxri fərman və təşəkkürlərinə layiq görülmüşdü. F.Qurbanov 2014-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2017-ci ildə isə həqiqi üzvü seçilmişdi.

İşgörmə qabiliyyəti, məqsədyönlülüyü, elmi araşdırmalarının müxtəlifliyi və geniş erudisiyası akademikin əsas fərqləndirici xüsusiyyətlərindən idi. Çalışdığı müəssisənin əməkdaşlarına və tabeliyində olan işçilərə qarşı səmimiliyi və diqqətcilliyi ona böyük hörmət və ehtiram qazandırmışdı. Tələbələrinin bir çoxu MDB ölkələrində, habelə müxtəlif xarici ölkələrdə nüfuzlu tibb müəssisələrində yüksəkixtisaslı cərrah kimi fəaliyyət göstərir.

Əzmkarlığı və yazıb-yaratmaq şövqü ilə tibb elminin çətin yollarında pillə-pillə ucalan Fazil müəllim Moskva mühitində olduğu kimi, ölkəmizdə, eləcə də Rusiyanın bir çox bölgəsində yaxşı tanınırdı. Heydər Əliyev Fondunun keçirdiyi bütün tədbirlərdə, habelə “Xocalıya ədalət!” kampaniyalarında fəal mövqe nümayiş etdirirdi. Onu yaxından tanıyanlar yaxşı bilirlər ki, Fazil müəllim Moskvada yaşayıb işlədiyi illərdə ona müəyyən problemlərlə bağlı onlarla azərbaycanlı müraciət edirdi. Bu müraciətlərin bir çoxu Fazil Qurbanovun çalışdığı sahəyə aid olmasa da, o işin həlli üçün döymədiyi qapı qalmazdı. İstərdi ki, Rusiyada yaşayan soydaşlarımızdan hər kəsin çətinliyə yuvarlanmış işini qanunun tələbləri çərçivəsində yoluna qoysun. Görkəmli akademik F.Qurbanov 2016-cı ildə Ümumrusiya Azərbaycan Konqresinə sədr seçiləndən sonra bu missiyanı daha yüksək səviyyədə davam etdirirdi.

Fazil müəllim Moskvada yaşayıb işləyərkən elmi-pedaqoji fəaliyyətimlə bağlı onunla dəfələrlə görüşmüş, uzaq və yaxın xarici ölkələrdə keçirilən beynəlxalq tədbirlərdə, simpoziumkonfranslarda yol yoldaşı olmuşam. Fazil müəllimlə hər görüşümdə o, Azərbaycanda səhiyyənin vəziyyəti ilə maraqlanar, söhbətinin sonunda həmişə təbii olaraq, o zaman ölkəmizin ermənilər tərəfindən işğal altında olan ərazilərində dağıdılan, məhv edilən xəstəxana və poliklinikaların, təbii müalicə yerlərinin yoxluğundan təəssüf hissi keçirərdi. Məmnunluq doğuran odur ki, Fazil müəllim illərlə arzusunda olduğu Zəfər Qələbəsinin şahidi oldu, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan torpaqlarının erməni işğalından azad edildiyi günü gördü. Bu tarixi Qələbədən ayyarım sonra, 2020-ci il dekabrın 23-də haqq dünyasına qovuşan akademik Fazil Qurbanov II Fəxri xiyabanda dəfn edildi.

Fazil Qurbanov həm də gözəl ailə başçısı idi. Ailəsində üç qız övladı böyüyüb. Üçüali təhsilli, tanınmış mütəxəssisdir. İki qızı Cəmilə və Nigar Qurbanovalar atalarının yolunu davam etdirirlər. Cəmilə xanım ATU-nu fərqlənmə diplomu ilə bitirib, tibb elmləri doktoru, professordur. 2018-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə ictimaitibbi fəaliyyətindəki uğurlarına görə “Tərəqqi” medalına layiq görülüb. Hazırda Azərbaycanda ən böyük tibb müəssisələrindən olan Respublika Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutuna rəhbərlik edir. Bacısı Nigar Qurbanova isə ixtisasca göz həkimi, tibb elmləri doktoru, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu Oftalmologiya kafedrasının professorudur. Ailənin sonbeşiyi, bacıların üçüncüsü Enarə xanım hüquqşünasdır.

Dəyərli ziyalı-alim Fazil Qurbanovun ölkəmizdə yüksəksəviyyəli tibbi kadrların hazırlanmasında böyük xidmətləri olub, respublikamızın milli mənafelərinin qorunub müdafiə edilməsində əlindən gələni əsirgəməyib. Azərbaycan səhiyyəsinin qürur duyduğu görkəmli ziyalı-alim Fazil Qurbanovun adı istər Rusiyada, istərsə də ölkəmizdə elmi arenada, habelə çoxminli tibb işçisi və sadə insanlar arasında ehtiramla anılır, xatirəsi əziz tutulur.

 

Vaqif ŞADLİNSKİ,

Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor,

Rusiya Tibb Elmləri Akademiyasının akademiki

 

Azərbaycan.- 2022.- 18 fevral.- S.6.