Novruz kulturoloji dəyərlər kompleksidir

 

 

Novruz, Novruz, al  Novruz!

Novruz, Novruz, qal Novruz!

Novruz, Novruz, xoş gəldin

Dolu gəldin, boş gəldin?

Quru gəldin, yaş gəldin?

Novruz, Novruz, xoş gəldin...

 

 

 

Yunan filosofu Demokrit demişdir ki, bayramsız həyat karvansarasız uzun yola bənzəyər. Böyük Yaradanın xalqımıza nəsib etdiyi ən böyük bayram Novruzdur. Tədqiqatlar göstərir ki, bayram öz məzmunu və mahiyyəti etibarilə mühüm kulturoloji dəyərdir.

Novruz xalqımızın mifik düşüncə və təsəvvürlərini özündə yaşadanbu günümüzə yetirən qədim xalq bayramıdır. Bu bayram çox əski çağlarda Şərq dünyasında həm yazın gəlişi, yeni mövsümün başlanması, əkinçilik və maldarlıq mədəniyyəti ilə bağlı, həm də xalqın mənəvi-əxlaqi dəyərlərini, humanizm və həmrəylik kimi bəşəri duyğuları qabarıq şəkildə göstərən ayinetiqadlar sistemidir.

Bu gün Novruzun konkret bir dövrdə xalq arasında keçirilmə tarixini söyləmək qeyri-mümkündür. Lakin  bu bayramın şərəfinə ulu babalarımıza Novruz adı verilmişbayram xalqın ən ülvi duyğularını, sülh, dostluq, birlik, səmimiyyət, mərhəmət hislərinin yüksək ifadəçisinə çevrilmişdir. Müəyyən məqamlarda Novruza yasaqlar qoyulsa da, xalq arasında bayram bütün özəllikləri ilə birgə təntənəli şəkildə qeyd olunmuşdur.

1993-cü ildə Ulu Öndər Heydər Əliyevin tarixi sərəncamından sonra Novruz bayramı artıq dövlət səviyyəsində qeyd edilməyə başladı. Bu isə Novruzla bağlı həqiqətin bərpa olunmasına və bayramın dünya xalqları arasında tanınmasına zəmin yaratdı.

2009-cu ildə Heydər Əliyev Fondunun Prezidenti, UNESCO və ICESCO-nun xoşməramlı səfiri, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Novruz bayramı və aşıq sənəti UNESCO-nun dünya xalqlarının qorunan qeyri-maddi mədəni irsi siyahısına daxil edilmişdir.

Novruz bayramı haqqında bəzi tarixi mənbələrdə, mif mətnlərində, orta əsrlərə aid risalə və səyahətnamələrdə müəyyən məlumatlar verilmişdir. Bu bayram hələ ibtidai dövrlərdə, insanların təbiət və cəmiyyət hadisələrini özünəməxsus şəkildə dərk edib qavradığı bütün dinisiyasi mövqelərdən uzaq olduğu zamanlarda xalqın həyatına, yaşayış tərzinə, məişətinə, bir sözlə, təfəkkürünə, qanına, canına daxil olmuşdu.

Təsadüfi deyildir ki, orta əsr mənbələrinə görə, Novruz hələ Əhəmənilər dövründə (miladdan öncə 558-330) xalq arasında geniş yayılmış əkinçilik və maldarlıq görüşlərinin, yeni əmək mövsümünün başlanmasını özündə əks etdirən bayram kimi qeyd edilmişdir.

Novruz xalq təfəkküründə milli-mədəni dəyərləri möhkəmlətdiyindən onu müxtəlif dinlər, o cümlədən zərdüştilik və islamla bağlamağa çalışıb, bu bayramı ayrı-ayrı dini təriqətlərin bayramı kimi təqdim ediblər. Lakin Novruz bütün din və təriqətlərdən tamamilə uzaq, yazın gəlişini gözləyən xalqın müxtəlif ayin, etiqad və mərasimlərlə zəngin olan möhtəşəm, ürəklərə sevinc və mərhəmət gətirən bayramıdır. Novruz bayramı martın 20, 21-22-də  xalq tərəfindən sevilə-sevilə qeyd edilir.

Yuxarıda qeyd etdiyimiz kimi, Novruz bayramı haqqında müxtəlif mənbələrdə maraqlı məlumatlar verilmişdir. Biz bu gün onlarla tanış olarkən bayramın Şərq xalqlarının tarixində, məişətində, dünyagörüşündə kök salan mahiyyətini bir daha açıqlamaq imkanını əldə edirik. Bu mənbələr arasında XI əsr ərəb tarixçisi Əbu Reyhan Əl-Biruninin (973-1048) “Qədim xalqlardan qalmış yadigarlar”, “Qanuni-məsudi”, “Ət-təhfim” əsərlərində, Ömər Xəyyamın (1045-1131) “Novruznamə” risaləsində, XI əsrin böyük siyasətçisi Nizamül-Mülkün “Siyasətnamə”sində və digər əsərlərdə Novruz haqqında məlumatlar verilir. “Novruznamə” əsərində göstərilir ki, “Cəmşid bu günü Novruz adlandırmaq barədə fərman verdi: Hər il fərvərdin (mart) ayının başlanğıcını bayram eləməyi, yeni ili həmin gündən hesablamağı əmr etdi”.

N.Gəncəvinin “İskəndərnamə”, Ə.Nəvainin “Səddi-İskəndər” əsərlərində Novruzun hələ bizim eradan 350 il əvvəl keçirilməsi göstərilib.

Novruz mövsüm mərasimi olduğuna görə, həm də təqvim bayramıdır. Dünyanın Şimal yarımkürəsində yaşayan əksər xalqlar bu bayramı yazın gəlişi ilə əlaqədar keçirirlər. Uzun müddət qışın soyuğundan, çətinliyindən əziyyət çəkən xalqlar yazın gəlişini gözləyirlər və bu bayramı təntənə ilə, ruh yüksəkliyi ilə qarşılayırlar. Azərbaycanda Novruz bayramı xüsusi təmtəraqla, silsilə oyun, tamaşa və nəğmələrin müşayiəti ilə keçirilir.

Novruz mənşəyinə görə “Yeni gün” anlamını ifadə edir. Ona görə də  Novruz bayramı, xoş gün, xoş gələcək, gözəl və xoşbəxt həyatın müjdəçisidir. Arzu edirik ki, bu Novruz xalqımıza yeni sevinc dolu günlər gətirsin!

 

 

Ülkər NƏBİYEVA,

Bakı Dövlət Universitetinin professoru

Azərbaycan.-2022.- 15 fevral.- S.11.