Uğurlu 5 il

 

 

Fevral ayının 21-də Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin olunmasının 5 ili tamam olur. Əlbəttə, 5 il uzun zaman kəsiyi sayıla bilməz. Lakin bu dövrün reallıqları, şahidi olduğumuz hadisələr təsdiq edir ki, 2017-ci ilin fevralından ötən müddəti Mehriban Əliyevanın uğurlu hesabat dövrü kimi nəzərdən keçirmək üçün böyük əsaslar var.

Öncə onu qeyd etmək istərdim ki, Birinci vitse-prezidentlik dövlət idarəçiliyinin ali postlarından biridir. Ona görə bu vəzifədə təmsil olunacaq şəxsin də ali keyfiyyətlərə, xüsusi bacarıq və qabiliyyətə, o cümlədən yüksək milli-mənəvi dəyərlərə malik olması vacib tələblərdəndir. Ən əsası, bu vəzifəni daşıyan şəxsin vətəndaşların etimad göstərdiyi insan olması da mühüm meyardır. Bu baxımdan hələ Prezident İlham Əliyevin sərəncamı ilə Birinci vitse-prezident təyin olunana qədər Mehriban Əliyevanın həyata keçirdiyi çoxşaxəli fəaliyyət göstərirdi ki, qeyd edilən bütün yüksək və mənəvi keyfiyyətlərin hər biri Mehriban Əliyevanın şəxsiyyətində, xarakterində əksini tapıb.

Mehriban xanım Əliyeva ötən əsrin 90-cı illərindən başlayaraq Azərbaycan Mədəniyyətinin Dostları Fondunun xətti ilə genişmiqyaslı, sistemli, ardıcıl layihələrlə milli mədəniyyətimizi bütün dünyada təbliğ edib. 2004-cü ilin may ayından fəaliyyətə başlayan və hazırda regionun ən böyüknüfuzlu ictimai təşkilatlarından birinə, insanların pənah ünvanına çevrilmiş Heydər Əliyev Fondunun prezidenti kimi Mehriban Əliyeva həm dövlətimiz və həm də dünya mədəniyyəti və incəsənəti üçün tarixi əhəmiyyət daşıyan proqramlar, layihələr gerçəkləşdirib. Bu proqram və layihələrin nəticələrindən Azərbaycanla yanaşı, dost dövlətlər, milyonlarla insan faydalanıb və indibu işlər davam edir.

Mehriban xanım Əliyeva həmçinin böyük xeyriyyəçi kimi də tanınıb. Heydər Əliyev Fondunun pənah ünvanı kimi tanınması da məhz buna görədir. İnsanlara yaxşılığı, ehtiyacı olanlara qayğı göstərməsi, əl tutması Mehriban Əliyevanın fəaliyyətinin kredosudur. Ümumiyyətlə, yalnız fərdi şəkildə edilən köməklər deyil, 2004-cü ildən bəri respublikamızda uşaq evlərinin, internat məktəblərinin, xəstəxanaların tikintisi, talassemiyalı və diabetli xəstəliklərdən əziyyət çəkənlər üçün müxtəlif layihələrin həyata keçirilməsi də Prezident İlham Əliyevin sosial siyasətinə verilən böyük dəstəklə yanaşı, Mehriban Əliyevanın xeyriyyəçilik fəaliyyətinin bir istiqamətidir.

2005-ci, 2010-cu və 2015-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilən Mehriban xanım Əliyeva həm də millət vəkilliyinin ən gözəl nümunələrini yaradıb. Təmsil etdiyi ərazilərin sosial problemlərinin həlli yönündə gördüyü misilsiz işlərlə seçicilərinin dərin sevgisini qazanan Mehriban  Əliyeva həmçinin Milli Məclisin müzakirəsinə təqdim etdiyi qanun layihələri ilə Azərbaycan qanunvericiliyinin təkmilləşməsində fəal iştirak edib. Mehriban Əliyevanın Milli Məclisin deputatı kimi fəaliyyətində yaddaqalan məqamlardan birionun ədalət, humanizm və insanpərvərlik ideallarını rəhbər tutaraq 2007-ci ildə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 84 illiyi, 2009-cu ildə Novruz bayramı, 2013-cü ildə Heydər Əliyevin 90 illik yubileyi və 2016-cı ildə Respublika Günü münasibətilə amnistiya aktlarının qəbul edilməsi təşəbbüsü ilə çıxış etməsidir. Milli Məclisdə təsdiq olunan bu nəcib təşəbbüslərin hər biri xalqımız tərəfindən geniş ictimai dəstək alaraq, böyük mənəvi-əxlaqi və siyasi məzmun daşıyıb.

Bütün bunlar göstərirdi ki, Mehriban xanım Əliyeva öz siyasiictimai fəaliyyəti ilə Birinci vitse-prezident vəzifəsinə ən layiqli namizəddir. Prezident İlham Əliyevin Təhlükəsizlik Şurasının 2017-ci il 21 fevral tarixdə keçirilən iclasında bu barədə dediyi kimi: “Mehriban Əliyeva uzun illərdir ki, ölkəmizin ictimai-siyasi həyatında, mədəni həyatımızda mühüm və fəal rol oynayır. Mehriban Əliyeva Yeni Azərbaycan Partiyasının sədr müavinidir. Yeni Azərbaycan Partiyası ölkəmizin aparıcı siyasi qüvvəsidir, Cənubi Qafqazın ən böyük partiyasıdır. Bu gün Yeni Azərbaycan Partiyasının üzvlərinin sayı 700 minə yaxınlaşır. Mehriban Əliyeva 2005-ci ildən Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır. O, deputat kimi çox böyük işlər görüb, təmsil etdiyi dairənin sosial-iqtisadi problemlərinin həlli istiqamətində çox böyük addımlar atıb. Seçicilərlə daim təmasdadır və onun deputat kimi əsas fəaliyyəti seçicilərin problemlərinin həlli ilə bağlıdır. Eyni zamanda Mehribanın deputat kimi çox geniş beynəlxalq fəaliyyəti də var. Bu fəaliyyət nəticəsində müxtəlif ölkələrdə qazandığımız dostların sayı artıb”.

Ölkə vətəndaşlarının böyük sevinc və rəğbətlə qarşıladıqları bu təyinat respublikamızda aparılan islahatların məntiqi davamı olmaqla ölkədə yeni bir tarixi reallığın başlanğıcını qoydu. Bu reallığın xarakterini və Azərbaycanın gələcəyi üçün yaratdığı möhtəşəm perspektivləri isə təbii ki, əvvəldə qeyd etdiyim kimi, Birinci vitse-prezident Mehriban Əliyevanın mənəvi keyfiyyətləri, xalqa və dövlətə olan sevgisi, indiyə qədər daşıdığı bütün vəzifələrdə cəmiyyətimizə və ümumən bəşəriyyətə qazandırdığı nailiyyətlər təyin edir.  Bütün bunların nəticəsi olaraq artıq 5 ildir ki, Mehriban Əliyeva eyni zamanda Azərbaycanın Birinci vitse-prezidenti kimi öz potensialını daha geniş şəkildə səfərbər edərək, dövlətimizə xidmət etməyin yeni bir örnəyini ortaya qoyur. Özünə xas olan yüksək işgüzarlığı və mənəvi keyfiyyətləri, dərin təşkilatçılıq və idarəçilik qabiliyyəti ilə Mehriban xanım Əliyeva bu müddətdə ona etimad göstərilən bu ali postu layiqincə daşıyıb, həvalə olunan vəzifələri əzmlə yerinə yetirib və yetirməkdədir.

Mehriban Əliyeva Birinci vitse-prezident kimi fəaliyyətini ilk gündən sosial sahəyə yönəldib. Ötən müddətdə Mehriban Əliyevanın təşəbbüsləri ilə müharibə əlillərinin sosial qayğılarının həlli, keçmiş məcburi köçkünlərin yeni evlərlə təmin olunması ilə bağlı həyata keçirilən layihələr cəmiyyətimizin dərin rəğbəti ilə qarşılanıb. Ölkəmizin evsahibliyi etdiyi beynəlxalq tədbirlərin layiqincə keçirilməsi, orta məktəblərin, uşaq bağçalarının, mədəniyyət ocaqlarının təmiri və yenidənqurulması, koronvirusla əlaqədar əhalinin aztəminatlı hissəsinə davamlı şəkildə dəstək göstərilməsi, Heydər Əliyev Fondu tərəfindən yeni inşa edilən Autizm Mərkəzinin istifadəyə verilməsi və digər tədbirlər Mehriban Əliyevanın dövlətimizin və xalqımızın mənafelərinə xidmət edən fəaliyyətindən xəbər verir.

44 günlük Vətən müharibəsi günlərində Azərbaycan ictimaiyyəti Mehriban Əliyevanın timsalında vətəni sevməyin, vətənpərvərliyin nümunəsini gördü. Vətən müharibəsi günlərində Mehriban Əliyeva yaralı hərbçilərimizin müalicəsini şəxsi nəzarətinə götürdü, Heydər Əliyev Fondunun xətti ilə onların bir qismi Türkiyəyə müalicəyə göndərildi. Hazırda məhz Mehriban Əliyevanın təşəbbüsləri ilə, Heydər Əliyev Fondunun xətti ilə Qarabağın və Şərqi Zəngəzurun tarixi abidələrinin bərpası ilə bağlı layihələr həyata keçirilməkdədir. Xüsusən Şuşada həyata keçirilən bərpa işlərində, Heydər Əliyev Fondunun fəaliyyəti misilsizdirbütün bunlar, ilk növbədə, Mehriban Əliyevanın vətənpərvərliyinin təcəssümüdür.

Praqmatiklik, kreativlik, yüksək erudisiya, humanizm kimi ali keyfiyyətlərə malik olan, milli  köklərimizə, bəşəri ideyalara daim sadiq qalan respublikanın Birinci vitse-prezidenti Mehriban Əliyeva  Vətənimizin və xalqımızın taleyində bundan sonra da müstəsna rol oynayacaq. Mehriban Əliyeva öz fəaliyyəti ilə Prezident İlham Əliyevin siyasi kursuna daim yeni töhfələr verəcək, ona göstərilən etimadı ən yüksək səviyyədə doğruldacaq.

 

 

 

Novruzəli ASLANOV,

Milli Məclisin deputatı,

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti

Azərbaycan.-2022.- 20 fevral.- S.6.