İlham Əliyev erməni vandallığını və saxtakarlığını ifşa edir

 

UNESCO-nun göndərəcəyi missiyasının obyektiv monitorinqi dünyanı Azərbaycan xalqının mədəni irsinə qarşı törədilmiş cinayətlərdən xəbərdar edəcək

 

Prezident İlham Əliyevin, Fransa Prezidenti E.Makronun, Avropa İttifaqı Şurasının prezidenti Ş.Mişelin və Ermənistanın baş naziri N.Paşinyanın iştirakı ilə fevralın 4-də keçirilən görüşdə müzakirə olunan məsələlərdən biriUNESCO-nun Azərbaycana və Ermənistana missiyasının göndərilməsi idi. Müzakirələrin yekununda hər iki ölkəyə UNESCO-nun missiyasının göndərilməsinə dair razılıq ifadə olundu.

 

Məkrli fəaliyyət

 

Ermənistan və erməni millətçiliyi yalnız Azərbaycan torpaqlarını işğal etmək, xalqımıza qarşı soyqırımları, müharibə cinayətləri törətməklə kifayətlənməyib.  Tarix boyu xalqımıza məxsus milli, tarixi  dini mədəniyyət nünunələri də ermənilər tərəfindən özününküləşdirilib, bu mümkün olmadıqda isə dağıdılıb. Məsələn, Göy məscid, Qala Məscidi, Şah Abbas, Təpəbaşı, Zal Xan, Sərtib Xan, Hacı Novruzəli Bəy, Dəmirbulaq, Hacı Cəfər Bəy, Rəcəb Paşa, Məhəmməd Sərtib Xan, Hacı İnam Məscidi kimi 300-dən çox məscid XX əsrin əvvəllərində qəsdən dağıdılıb, özününküləşdirilib və ya digər məqsədlərlə istifadə edilib. Azərbaycanlılara məxsus 500-dən çox qəbiristanlıq məhv edilib, Göyçə mahalında, doğulduğu kənddə qəbirüstü abidəsi ucaldılmış Azərbaycan xalqının böyük şairi Aşıq Ələsgərin qəbri dağıdılıb.

Bütövlükdə, Ermənistan tərəfindən işğal olunmuş tarixi torpaqlarımızda xalqımızın tarixi izlərini itirmək üçün minlərlə mədəni irs abidəsi bilərəkdən və məqsədyönlü şəkildə məhv edilib.

Bu, yalnız Azərbaycan xalqına qarşı olan dözümsüzlük deyil, həm də bəşəriyyətə qarşı olan cinayətdir. İndiki Ermənistanda olan Azərbaycan toponimlərinin erməni adları ilə əvəzlənməsi də həyata keçirilib.

Ermənilər bütün bəşəriyyət üçün ləkə olan bu cinayətlərini işğal dövründə Qarabağ və Şərqi Zəngəzurda da həyata keçiriblər. Xalqımıza məxsus olan bu torpaqlarda işğalçılar tərəfindən 30 ilə yaxın bir dövrdə mədəni irsimiz talanıb, dağıdılıb. Düşmən onu özününküləşdirməyə, bu məqsədlə mənşəyini dəyişdirməyə cəhd göstərib. Buna nail olmadıqda isə dağıdıb. Ermənistan Alban irsinin də erməniləşdirilməsinə çalışıb, bu məqsədlə qədim alban məbədlərinin mənsubiyyətini, kimliyini dəyişmək üçün saxtakarlıqlar edib.

İşğaldan azad olunmuş ərazilərimizdə Ermənistan tərəfindən 60-dan çox məscid, 44 məbəd, 473 tarixi abidə, saray muzeylər dağıdılıb, eləcə 40 min muzey eksponatı qanunsuz olaraq daşınıb. Hərbi işğal zamanı bu irsin bilərəkdən dağıdılması siyasəti həm Azərbaycan mədəniyyətinə, həm də dünya sivilizasiyasına mənəvi zərbə olub. Torpaqlarımız işğaldan azad ediləndən sonra bir daha aydın oldu ki, Ermənistan Şuşanın mədəni görünüşünün, xalqımızın tarixi irsinin, arxeoloji xüsusiyyətlərinin dəyişdirilməsinə, “arxeoloji” qazıntılar aparmaqla bu ərazilərin və tarixi abidələrin Azərbaycana məxsusluğunu göstərən əlamətlərinin aradan qaldırılması üçün məkrli bir siyasət yürüdüb.

 

Məğlub ölkənin öz əməllərini pərdələmək imkanları tükənib

 

Ermənistanın bu hərəkətləri 1949-cu il Cenevrə Konvensiyasının, UNESCO-nun Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında 14 may 1954-cü il Konvensiyasının (1993), ona dair Birinci Protokolun (1993) və İkinci Protokolun (2000), həmçinin Ümumdünya mədəni və təbii irsinin qorunması haqqında 16 noyabr 1972-ci il Konvensiyasının (1993) kobud şəkildə pozulmasıdır.

Azərbaycan 30 il ərzində dəfələrlə UNESCO-ya müraciət edərək işğal olunmuş ərazilərimizdə məscidlərimizin və tarixi abidələrimizin işğalçı Ermənistan tərəfindən dağıdıldığını, erməniləşdirildiyini bildirib, Qarabağa UNESCO missiyasının göndərilməsi təklifi ilə çıxış edib. Xalqımızın mədəni irsinə qarşı cinayətlər törətdiyinin fərqində olan Ermənistan bu illər ərzində bütün beynəlxalq hüquq prinsiplərini, müvafiq olaraq tarixi-mədəni abidələrin qorunmasına dair öhdəlikləri pozaraq işğal dövründə UNESCO-nun həmin ərazilərə daxil olmasına imkanı verməyib. Çünki missiya həyata keçiriləcəyi təqdirdə, işğal olunmuş ərazilərdə xalqımıza aid maddi-mədəniyyət abidələrinə qarşı vandalizm halları sənədləşdiriləcək və beynəlxalq ictimaiyyətə təqdim olunacaqdı.

Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın qanunsuz əməlləri barədə beynəlxalq ictimaiyyət, o cümlədən də UNESCO davamlı şəkildə məlumatlandırılıb. Bu məqsədlə bir sıra nəşrlər hazırlanıb. Məsələn, 2007-ci ildə “Azərbaycana qarşı müharibə - mədəni irsə hücum” adlı kitab nəşr olunubUNESCO-ya təqdim edilib. Bu kitabda ölkəmizin işğal edilmiş ərazilərində Ermənistan tərəfindən dağıdılmış mədəni və dini abidələrin siyahısı, onların qəsdən erməniləşdirilməsi, Alban kilsələrinin erməni kilsələri kimi təqdim edilməsi barədə geniş məlumatlar yer alıb.

Təəssüf ki, UNESCO da bu məsələdə prinsipiallıq və qətiyyət nümayiş etdirməyib. Əksinə, bu təşkilat tərəfindən Azərbaycan torpaqlarını işğaldan azad etdikdən sonra erməni təəssübkeşliyini əks etdirən iddialar səsləndirilib. Prezident İlham Əliyev 2020-ci il dekabrın 24-də Zəngilan rayonunda ermənilər tərəfindən dağıdılmış məsciddə olarkən bu barədə deyib: Biz 30 il ərzində dəfələrlə UNESCO-ya müraciət etmişik, dəfələrlə bildirmişik ki, bizim məscidlərimiz dağıdılıb, tarixi abidələrimiz dağıdılıb, bizim tarixi abidələrimiz erməniləşdirilir, bir dəfə missiya göndərildimi? Bir dəfə bizim müraciətimizə cavab verildimi? Elə müharibə qurtaran kimi başlayıblar ki, erməni xalqının abidələri gərək qorunsun. Biz bütün abidələri qoruyuruq, bütün xalqların abidələrini qoruyuruqdünya bunu bilir. Amma baxın, görün, məscid olub bura, UNESCO, buraya gəl, gəl gör. Avropa Şurası səssiz qalma, gəl, gör buranı! Bütün məscidlər dağıdılıb. Yaxşı, məscidi dağıtmaq olar? Məscidi dağıtmaq, deməli, cinayət deyil? Bu ədalətsizlik nə qədər davam edəcək? Bu riyakarlıq nə qədər davam edəcək? Bu ikili standartlar nə qədər davam edəcək? Bu islamofobiya nə qədər davam edəcək? Bunu dağıdan erməni olub”.

Bununla belə, UNESCO-nun qarşıdan gələn missiyasının Ermənistan ərazisində Azərbaycan xalqına mənsub olan irsin ətraflı şəkildə tədqiq edilməsi, müvafiq qaydada monitorinqi və sənədləşdirilməsi baxımından əhəmiyyətli olacağı, ermənilər tərəfindən həyata keçirilmiş kultursidlə bağlı cinayətləri aşkar edəcəyi şübhə doğurmur. Ona görə də fevralın 4-də əldə edilmiş razılaşmadan irəli gələrək missiyanın həyata keçirilməsinə maneə yaratmaq üçün Ermənistan hakimiyyəti sabotaj təcrübəsini davam etdirir. Lakin məğlub ölkənin öz cinayətlərini pərdələmək, ört-basdır etmək imkanları artıq tükənib. UNESCO missiyasının obyektiv monitorinqi nəticəsində bütün dünya Azərbaycan xalqının irsinə qarşı törədilmiş əməllərdən xəbərdar olacaq. Beləliklə, beynəlxalq platformada Azərbaycan erməni vandallığını və erməni iddialarının saxta olduğunu dünyaya sübut edəcək.

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.- 2022.- 13 fevral.- S.1-2.