Xalqa xidmət örnəyi

 

 

Şəxsiyyətlərin həyat və fəaliyyəti konkret günlərə tarixilik qazandırır. 21 fevral da milli dövlətçilik tariximizdə xüsusi əlamətdarlıq qazanmış günlərdəndir.

Bu günün böyük əhəmiyyəti Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri, UNESCO-nun və ICESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın fəaliyyəti ilə bağlıdır. O, 2017-ci ilin 21 fevralında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə ölkəmizin Birinci vitse-prezidenti vəzifəsinə təyin edildi. Bununla milli dövlətçilik tariximizdə yeni bir səhifə açıldı. Çünki Mehriban xanım Əliyevanın təyinatına qədər Azərbaycanın idarəçilik sistemində vitse-prezidentlik institutu olmamışdı.

Mehriban xanım Əliyeva xalqımızın qürur duyduğu şəxsiyyətdir, millətin tərəqqisi üçün yeniləşən ideyalar sahibidir. Azərbaycanın Birinci vitse-prezidentinin inkişafa doğru hər addımı sosial reallığı dəyişən, daha gözəl, daha sağlam, hər kəs tərəfindən məmnunluqla qarşılanan yaradıcılıq məzmunu təqdim edir. Cəmiyyətin firavanlığına bu proseslərin əsas məqsədi kimi yanaşır, insanı müasir həyatımızın ən qiymətli dəyəri kimi qəbul edir. Bu baxımdan Mehriban xanımın fəaliyyətində məsuliyyət yükü ağır və şərəflidir. Çünki onun həyata keçirdiyi ali məqsədlərdir, yüksək amallardır. Bunlar o dəyərlərdir ki, tarixin heç bir dönəmində başqalaşmır, məzmununa xələl gətirmir. Dünyanı yaşadan, gələcəyə ümidi, inamı sarsılmaz edən belələrinin haqq yolunda apardığı qətiyyətli fəaliyyət hər addımda ümumxalq sevgisi ilə əhatə olunur.

Bu gün Mehriban Əliyeva təkcə Azərbaycanda deyil, ümumiyyətlə, bütün dünyada layiq olduğu şöhrətə, ucalığa yüksəlib. XXI əsrin məşhur, görkəmli siyasi, dövlət xadimləri sırasında onun adı, pozulmaz dəst-xəti var.

 

 

 

Cəmiyyətin sosial sifarişindən irəli gələn qərar

 

 

 

Dövlət rəhbərimizin belə bir mühüm qərarı Mehriban xanımın hələ 1995-ci ildə yaratdığı “Azərbaycan Mədəniyyətinin Dostları Fondunun ölkəmiz naminə gördüyü işlərlə başlanan zəngin ictimai fəaliyyətinin, vətənə böyük nailiyyətlər qazandırmış yüksək təşkilatçılıq bacarığının məntiqi nəticəsi idi. Mehriban xanım Əliyevaya dövlət idarəçiliyində, müəyyən edilmiş inkişaf siyasətinin icrasında daha böyük səlahiyyətlərin verilməsi Azərbaycan ictimaiyyətinin sosial sifarişi kimi formalaşmışdı. O, ölkə vətəndaşlarının belə bir etimadını öz işi, fəaliyyəti, Azərbaycana, insanlarımıza faydaları ilə qazanmışdı. Mehriban xanım Əliyeva hələ ötən əsrin 90-cı illərinin ortalarından Azərbaycan mədəniyyətinin qorunması və təbliği yönümündə tarixi xidmətlər göstərmiş, xalqımızın mənəvi zənginliyini dünyaya tanıtmış, milli mədəniyyətimizin inkişafına xidmət etməklə yanaşı, eyni zamanda müstəqil ölkəmizin mədəniyyət diplomatiyasına layiqli töhfələr vermiş vətənpərvər şəxsiyyətdir. 

 

Mehriban xanım Əliyeva Ulu Öndər Heydər Əliyevin dövlətçilik məktəbində, ailə ocağında ustad dərsləri əxz etmiş ictimai-siyasi xadimdir. Bir faktı da qeyd edək ki, mənəvi-insani dəyərlərə xitab, xalqın arzu və amallarının real həyata çevrilməsi Azərbaycan Prezidenti İlham Əliyevin işıqlı qayəsidir. Qarşıya qoyduğu, reallaşdırdığı ali məqsədlər yüksək ideallardır. Və Azərbaycan Prezidenti bu məqsədlərə doğru aparan haqq yolunda ona görə bu qədər uğurludur ki, ən çətin məqamın hər addımında ümumxalq dəstəyindən güc alır. Bu qətiyyətli, möhtəşəm fəaliyyətin daha bir məntiqli səbəbi də ölkənin Birinci xanımı Mehriban Əliyeva kimi dönməz silahdaşının, məsləkdaşının, etibarlı yol yoldaşının olmasındadır. 2003-cü ildən bəri Mehriban xanım Azərbaycan dövlətçiliyində tamamilə yeni olan bir ənənənin - birinci xanım institutunun da yaradıcısıdır. O, qısa müddətdə bütün dünyada ölkənin birinci xanımı olmağın ən gözəl nümunəsini meydana qoydu, şərəflə daşıdığı bu adla Azərbaycan qadınının qürur doğuran obrazını müasir dünyamıza təqdim etdi.

 

Mehriban xanım Əliyeva 2004-cü ildə yaradılan Heydər Əliyev Fondunun fəaliyyəti, həyata keçirdiyi layihələrlə hər bir Azərbaycan vətəndaşının, eləcə də  ölkə sərhədlərindən kənarda bu qurumun gördüyü işlərdən xəbərdar olan hər bir insanın qəlbində xeyirxahlığın, şəfqətin, mərhəmətin mənəvi abidəsini ucaltdı. Qısa müddətdə regionun ən böyüknüfuzlu ictimai təşkilatına çevrilən qurumun təşəbbüsü ilə bir çox önəmli layihə, proqram həyata keçirildibütün bunlar yenə də davam etdirilməkdədir. Bu layihələr ölkəmizin hərtərəfli tərəqqisinə xidmət göstərir. Bir sözlə, müstəqil Azərbaycan dövlətinin ötən əsrin 90-cı illərinin ortalarından bəri qazandığı nailiyyətlərdə Mehriban xanım Əliyevanın imzası, böyük xidmətləri var.

 

 

 

Yeni həyat qazanan xoş ənənələr

 

 

 

Mehriban Əliyevanın adı uzun illərdir ki, xeyirxahlığın, insanlara sevginin, şəfqətin, köməyə ehtiyacı olanlara əl uzatmağın, el üçün yaxşı bir görmək hissinin, dəyərlərə sahib çıxmaq əzminin simvolu kimi çəkilir. Birinci xanım bunu hər hansı inzibati imkanların gücü ilə qazanmayıb. Onu belə bir ali mərtəbəyə ucaldan insanlara tükənməz sevgisidir. Özününqeyd etdiyi kimi, dərk edilmiş məsuliyyətidir. Sadə insanları hiss və həyəcanları, problemləri, qayğıları ilə bir yerdə görə bilməsidir.

 

Mehriban xanım adamların düşüncələrini, istəklərini duyabuna uyğun davrana bildiyi qədər müasir dünyamızın çağırışlarını, cəmiyyətin inkişaf yönünü, can atdığı istiqamətləri də həssaslıqla hiss edir. Zamanın gələcəyə doğru düzgün istiqamətlənməsi, inkişaf axarından kənarda qalmaması üçün böyük fədakarlıqlar göstərir. Müasir dövrün mühüm vəzifələr kimi aktuallaşdırdığı məsələlərin həlli üçün böyük işlər aparır. Yaratdığı nümunələrlə milyonlarla adama sabahın yollarını göstərir.

 

Xalqımızın xeyriyyəçilik ənənələrinin dirçəldilərək daha geniş miqyas alması bilavasitə ölkənin Birinci vitse-prezidentinin göstərdiyi şəxsi nümunəsi nəticəsində mümkün olub. Bunu hamı bilirgörür! Heydər Əliyev Fondu insanların ümid qapısı, pənah ünvanı kimi tanınıb. Qurumun dəstəyi sayəsində minlərlə insan tibbi müalicə, maliyyə dəstəyi ilə təmin edilib. Mehriban xanımın təşəbbüsü ilə inşa olunmuş səhiyyə müəssisələri minlərlə insana həyat verib. Onun bütün ölkə boyu tikdirdiyi məktəblər düşüncələrdə maarif nurunu daha da gücləndirib. Mehriban xanım Əliyeva kimsəsizlərin himayədarı olub, ata-anasız körpələrə analıq edib, əzizlərindən naxələflik görmüş valideynlər onun timsalında ən qayğıkeş övladın varlığına seviniblər. O, yurdunun insanlarına ən doğma adamları kimi sahib çıxıb. Mədəniyyətimizlə, incəsənətimizlə bağlı layihələr Azərbaycanın mənəvi, tarixi, mədəni irsinin  qorunmasında misilsiz rol oynayıb. Ən qiymətli milli sərvətlərimizdən olan muğam sənətinin yenidən inkişafı və beynəlxalq arenaya çıxarılması məhz Mehriban Əliyevanın şəxsi təşəbbüsü nəticəsində mümkün olub. Fondun xətti ilə Azərbaycanı dünyada tanıdan müxtəlif təqdimatlar, sərgilər, tədbirlər keçirilib. Birinci xanımın təşəbbüsü ilə Heydər Əliyev Fondu dünyanın müxtəlif ölkələrində də humanitar proqramlar reallaşdırıb. Ehtiyacı olan icmalar üçün məktəblər tikilib, təhsil proqramları həyata keçirilib. Bəşər mədəniyyətində müstəsna dəyər kəsb edən beynəlxalq əhəmiyyətli abidələr fondun dəstəyi ilə bərpa olunub. Beləliklə, bu cür çoxsaylı tədbirlər nəticəsində dünya ictimaiyyəti ölkəmizi daha yaxından tanımağa, öyrənməyə, Azərbaycanı müasir, dinamik inkişaf edən dövlət kimi yenidən kəşf etməyə başlayıb. Öz tarixi köklərinə bağlı olan, fərqli mədəniyyətlərə hörmət göstərən, qədimlərdən gələn tolerantlılıq, birgəyaşayış ənənələrinə sadiq sülhpərvər bir xalq kimi bütün dünyada Azərbaycana böyük rəğbət formalaşıb.

 

Mehriban xanım Əliyeva bu gün multikulturalizm dəyərlərinin əsas təbliğatçılarındandır. Ölkəmizin bu yönümdə böyük uğurla davam etdirdiyiBMT-nin ali rəhbərliyi kimi nüfuzlu instansiyalar tərəfindən də rəğbətlə qiymətləndirilən “Bakı prosesinin fədakar təşkilatçılarındandır. O, eyni vaxtda həm UNESCO-nun, həm də ICESCO-nun xoşməramlı səfiri titulunu şərəflə daşıyan nadir şəxsiyyətlərdəndir. Bu, beynəlxalq ictimaiyyətin Mehriban xanımın timsalında ümumən Azərbaycan qadınına verdiyi yüksək dəyərin ifadəsidir.

 

Birinci vitse-prezident illərdir ki, qeyri-maddi mədəni irsin təbliği və qorunması missiyasını şərəflə yerinə yetirir. Eyni zamanda tariximizi, ölkəmizlə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq istiqamətində davamlı fəaliyyət göstərir. Vətən müharibəsi ərəfəsində, qanlı döyüşlərin gedişində və tarixi Zəfərimizdən sonra informasiya savaşında da Ermənistan üzərində qazandığımız qələbədə bu fəaliyyətin böyük rolu oldu.

 

 

 

Azərbaycan naminə

 

 

 

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavini kimi partiyanın fəaliyyətinə də mühüm töhfələr verir. Cəmiyyətimizdə yeni siyasi mədəniyyətin formalaşmasında, qadınların ictimai-siyasi fəallığında, ölkəmizin aparıcı qüvvəsi və Cənubi Qafqazın ən böyük siyasi partiyası kimi YAP sıralarının daha da genişlənməsində onun əhəmiyyətli rolu var.

 

Mehriban xanım 2017-ci ilin 21 fevralına qədər Azərbaycan Respublikası Milli Məclisinin deputatı kimi milli parlamentarizm tariximizdə bir sıra parlaq nailiyyətlərə imza atmışdı. 2005-ci ildən deputat statusu daşımışdı. Birinci xanım bu müddətdə millət vəkili olmağın əsl örnəyini yaratdı. Daim seçicilərinin yanında oldu. Onların sosial qayğıları ilə yaşadı. Təmsil etdiyi dairənin sosial-iqtisadi problemlərinin həlli istiqamətində mühüm işlər gördü. Eyni zamanda Milli Məclisin beynəlxalq əlaqələrinin genişlənməsində mühüm rol oynadı. Mehriban xanım Əliyevanın irəli sürdüyü amnistiya təşəbbüsləri cəmiyyətimiz üçün böyük təhlükə doğurmayan minlərlə vətəndaşın məhbəsdən azadlığa qovuşması, doğmalarının arasına qayıtması, normal insan kimi yaşamaq şansı qazanması da hər zaman cəmiyyətdə rəğbətlə xatırlanır.

 

Mehriban xanımın Azərbaycan Gimnastika Federasiyasının rəhbəri kimi uzun illərdən bəri gördüyü işlər, 2012-ci ildə ölkəmizdə keçirilmiş Avroviziya Beynəlxalq Mahnı Müsabiqəsinin,

 

2015-ci ildə Azərbaycanın evsahibliyi etdiyi I Avropa Oyunlarının, 2017-ci ildə ölkəmizdə təşkil olunmuş IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat komitəsinin rəhbəri olaraq yaratdığı mükəmməl nümunələr qeyri-adi, qürurverici, əlamətdar hadisələr kimi daim yaddaşımızdadır və hər birimizdə böyük fərəh doğurur.

 

Ümumiyyətlə, bu böyük insanın bütün fəaliyyəti Azərbaycanın hərtərəfli inkişafına yönəlib. Mehriban xanım milli mədəniyyətimizin, təhsilimizin, səhiyyəmizin, idmanımızın inkişafı, gənc nəslin sağlam tərbiyəsi üçün yorulmadan çalışır, cəmiyyətin gələcəyinin qayğısına qalır.

 

 

 

Vətənə layiqincə xidmət

 

 

 

Mehriban xanım beş ildir ki, Azərbaycanın Birinci vitse-prezidenti kimi məsuliyyətli bir vəzifəni yerinə yetirir. Ölkəmiz möhkəm daxili sabitlik, həmrəylik şəraitində özünün inamlı gələcəyini qurur. Bu, tərəqqinin ardıcıllığını təmin edən Prezident İlham Əliyevin məharətlə həyata keçirdiyi siyasi xətdir. Ölkəmiz artıq 2030-cu ilə qədər öz milli inkişaf prioritetlərini elan edib. Bütün bu strateji hədəflərə çatmaq müasir üsullarla çalışan çevik, effektiv idarəetmə sistemi tələb edir.

 

Ötən beş il ərzində Mehriban xanım Birinci vitse-prezidentlik institutunu dövlətimiz və xalqımız üçün faydalı bir təsisat kimi tam formalaşdırıb. Bu fəaliyyətə nəzər salmaq üçün ən ədalətli meyar onun həmin illər ərzində ortaya qoyduğu nəticələrdir. Bu nəticələrin ən mühümlərindən biri Mehriban xanımın Azərbaycanda vitse-prezidentlik institutunun ənənələrini formalaşdırmasıdır. Eyni zamanda bu təcrübəli dövlət xadimi vitse-prezidentlik təsisatının mükəmməl meyarlarını yaratdı. Təsisatı özünün səmərəli fəaliyyəti ilə dövlət idarəçiliyi sisteminin son dərəcə işlək, effektiv, həm ölkəmiz, həm də vətəndaşlarımız üçün faydalı bir hissəsinə çevirə bildi. Mehriban xanım Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti kimi öz vəzifəsinin icrasına məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılmasından, 2016-cı ilin Aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin müalicəsindən, onların yüksək texnologiyalı protezlərlə təmin edilməsindən başlaması bu şəxsiyyətin əsl vətəndaşlıq missiyasından, xüsusən sosial məsələlərə olan həssas münasibətindən xəbər verirdi.

 

Ölkəmizin Birinci vitse-prezidenti çətin sınaq günlərində cəmiyyətimizdə milli həmrəyliyin əldə olunmasında müstəsna xidmətlər göstərdi. Müzəffər ordumuzun hər şanlı qələbəsindən sonra Mehriban xanımın müxtəlif sosial şəbəkələr üzərindən xalqımıza ünvanladığı təbrik sözləri, sevinc, qürurümid dolu kəlmələri insanlar arasında qələbə əzmini daha da gücləndirirdi. Onları vahid amala, milli hədəflərə doğru səfərbər edirdi.

 

Hələ hərbi əməliyyatların ilk günlərindən “hamımız əsgərik” deyən  Mehriban xanım özİnstaqram” səhifəsində paylaşım edərək yazırdı: “ Bu gün biz hamımız həqiqətən tarixi hadisələrin şahidləriyik! Lakin biz baş verənləri sadəcə kənardan müşahidə edə bilmərik. Bizim hər birimiz böyük Qələbə anını yaxınlaşdırmaq üçün əlimizdən gələni etməyə borcluyuq. Deməli, biz hamımız erməni yalanını ifşa etmək üçün maksimum səy göstərməyə borclu olan əsgərlərik”.

 

Mehriban xanım dövlətimizi Azərbaycan insanına doğmalaşdıran bir şəxsiyyətdir. O, vətəndaşların sevgi ünvanı, inam və güvən mənbəyidir. Buna böyük Zəfərimizlə nəticələnən 44 günlük Vətən savaşında hər birimiz şahid olduq. 30 illik işğaldan sonra torpaqlarımızın addım-addım düşməndən təmizləndiyi o qürur dolu günlərdə Birinci vitse-prezident öz qəhrəman övladlarının igidliyi ilə öyünən, nisgilli yurdlarımızın azadlığına sevinib fərəhlənən, amma eyni zamanda həm də döyüş meydanındakı övladlarımızın taleyinə görə həssas ana qəlbi ilə həyəcan keçirən, onların bu haqq savaşını sağ-salamat başa çatdırıb Zəfərlə geri dönməsini arzulayan, şəhid məzarları önündə, yaralanmış oğullarımızın mətinliyi, iradəsi qarşısında göz yaşlarını boğa bilməyən Azərbaycan analarının ümumi obrazı idi.

 

Birinci vitse-prezident hər zaman hər kəsə vətəndaş olmağın meyarlarını anladır. İnsanlara vətəndaş məsuliyyəti aşılayır. Ona olan ümumxalq sevgisi bu vətəndaşlıq dərslərinin, dövlətçilik tərbiyəsinin təsir gücünü təmin edir. İnsanlarımız öz davranışlarında onun tövsiyələrini nəzərə alırlar. Çünki ona inanırlar. Bilirlər ki, əgər bunu Mehriban xanım deyirsə, deməli, insanların faydasınadır. Bunu koronavirus pandemiyasına qarşı karantin tədbirlərinin həyata keçirildiyi vaxt birinci xanımın cəmiyyətimizə ardıcıl müraciətlərində, vətəndaşların həmin müraciətləri sevgi və anlayışla, əsl dost tövsiyələri kimi qarşılamalarında da gördük.

 

Pandemiyanın ən şiddətli, ağır zamanında Mehriban xanım insanlara müraciətlərində o qədər sadə və səmimi idi ki, sözlərini ayrı-ayrı fərdlərə ünvanlayarkən uzun müddət evdən çıxmamağın, doğmalardan ayrı qalmağın çətinliklərini də unutmurdu. Amma bu məhdudiyyəti də məhz əzizlərimizin, özümüzün taleyimizi düşünərək qəbul etməli olduğumuzu böyük səmimiyyət hissi ilə anladırdı. Birinci xanımın müraciətlərində, çağırışlarında insanın qəlbini ovunduran bir məqam da vardı. Bu, gələcəyə böyük bir ümidlə, xalqımıza, ölkəmizə dua və sevgilərlə tamamlanan hər bir müraciətin “Sizin MEHRİBAN” imzası ilə bitməsidir.

 

Mehriban xanım Vətən müharibəsi zamanı şəhid olmuş hərbçilərimizin ailələrinə, müharibə zamanı sağlamlığını itirmiş qazilərimizə də daim həssaslıqla yanaşır. Problemlərini şəxsən diqqətində saxlayır. Onların hər hansı sıxıntı ilə üzləşmələrinə yol vermir. Bununla cəmiyyətimizdə şəhidlərimizə, qazilərimizə münasibətin, bu adlara verilən dəyərin nümunəsini yaradır.

 

 

 

Tarixi yaddaşın bərpası

 

 

 

Vətən müharibəsindəki tarixi qələbəmizdən sonra Qarabağın, Şərqi Zəngəzurun dirçəlişi başlanıb. Erməni vandallarının illərlə dağıdıb xaraba qoyduqları yurdlarımızı Azərbaycan dövləti yenidən tikib-qurur. Mehriban xanım Əliyeva da öz faydalı təşəbbüsləri ilə bu prosesin fəal iştirakçılarındandır. Vandalların bu torpaqlarda ciddi-cəhdlə silməyə cəhd göstərdikləri tarixi yaddaşı Heydər Əliyev Fondu bərpa edir. Yerləyeksan olunmuş qədim abidələrimizi, müqəddəs məkanlarımızı həyata qaytarır. Mehriban xanımın təşəbbüsü ilə Heydər Əliyev fondu görkəmli Azərbaycan şairi Vaqifin Şuşadakı məqbərəsinin, ermənilərin dağıdıb talan etdikləri digər mədəniyyət məbədlərimizin əvvəlki görkəminə qaytarılması üçün böyük layihələr həyata keçirir, vandalizmin viran qoyub məhv etdiklərini mədəniyyətin gücü ilə yenidən  dirçəldir. Tarixin, insanlığın itirilmiş ümidlərini özünə qaytarır.

 

30 ildən də çox davam edən həsrətdən sonra bu məqbərənin qarşısında Vafiq Poeziya Günləri keçirildi. Şuşada yenidən ana dilimizdə doğma misralar eşidildi. Mehriban xanımın təşkilatçılığı ilə 32 ildən sonra Şuşada - Cıdır düzündə “Xarıbülbül” festivalı öz möhtəşəmliyi, təlqin etdiyi ideyalarla böyük bir el bayramına çevrildi. Azərbaycan musiqinin dili ilə bütün dünyaya bu torpaqlarda əbədi sakinliyimizi, milli vəhdətimizin sarsılmazlığını nümayiş etdirdi. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə fondun Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndələrinin əsərlərinin notlarından ibarət “Əbədi imzalartoplusunu, “Qarabağın mədəni irsi” adlı nəşrlər toplusunu hazırlaması da Azərbaycan xalqının mənəvi, tarixi, mədəni irsinin təşviqi və qorunması işinə layiqli töhfələrdir.

 

Mehriban xanım Əliyeva hər zaman başında, xalqın arasındadır. Fədakar əməyinin nəticələrini görmək, ölkəsinin vətəndaşlarına hansısa faydalar vermək bu görkəmli dövlət adamı üçün ən böyük xoşbəxtlikdir. Çox vaxt deyirlər ki, şəxsiyyətin yaşı yoxdur. Mehriban xanımın qərar tutduğu şəxsiyyət ucalığı, yaşadığı mənalı ömür isə milyonlarla insana etdiyi yaxşılıqların yaşındadır, bəşəriyyətə verdiyi xeyirli əməllər qədərdir. Mehriban xanım Əliyeva hər bir dünya azərbaycanlısı üçün doğma bir insandır. Bu doğmalığı Birinci vitse-prezident xoş əməllərinin işığı, hər kəsə isti münasibəti, saflığı, səmimiyyəti ilə qazanıb.

 

 İradə ƏLİYEVA,

Azərbaycan.-2022.- 20 fevral.- S.7.