“Mehriban Əliyevaya minnətdarıq”

 

 

Heydər Əliyev Fondunun dəstəyi ilə Nic qəsəbəsində əsaslı təmir edilən Məryəm Ana kilsəsiudilərin ən müqəddəs ziyarətgahına çevrilib

 

 

 

Soyuq bir qış gününün sabahı yenicə açılırdı. Buludların tutqun siması səmada var-gəl edirdi. Uzaqdan gələn kilsə zənginin səsi hər tərəfi bürümüşdü. Sədaların əzəmətli bir yerdən gəldiyi aydın sezilirdi. Yeyin addımlarla irəlilədikcə sanki bu səs doğru ünvana biixtiyar yollanmağın bələdçisi idi...

Ərtafa boylana-boylana zəng gələn tərəfə addımladıqca tək olmadığımı hiss edirəm və getdikcə sayımız çoxalır. Dəyəsən, hamımız bir ünvana üz tutmuşuq və bir qədər sonra bu fikir təsdiqini tapır. Böyük darvazanın kandarında dayanmalı olduq və bir qədər sonra isə qapılar açıldı, mən də qələbəliyə qoşulub içəri daxil oldum.

İlk dəfə ayaq basdığım bu məkan Qəbələnin Nic qəsəbəsindəki Alban-udi xristian icmasının ibadət yeri olan Müqəddəs Məryəm Ana kilsəsidir. Kilsənin həyətinin sağ küncündə ucalan zəng suallarımı qismən cavablamışdı. Bu, ibadətə bir çağırış avazıydı...

Balaca uşaq kimi ətrafımdakıların etdiklərini təkrarlamağa başladım. Qış donuna bürünmüş bağçadan keçərək kilsə binasının qapısına yaxınlaşdım. Növbə ilə hər kəs içəri daxil olurdu. Şam yandırdıqlarını görər-görməz birini də mən götürdüm.  Dua  edib, arzumu tutdum və şamı işığına qərq etdim...

 

 

 

Tarixi həqiqətlər, alban-udi məbədlərində baş tutmayan erməni saxtakarlığı

 

 

 

Bu gün Azərbaycanda udi xalqının dörd mindən çox nümayəndəsi yaşayır. Onların əksəriyyəti tarixən Qafqaz Albaniyasının paytaxtı olan Kabalakada (indiki Qəbələ) məskunlaşıblar. Nic qəsəbəsi udilərin öz adət-ənənələri ilə yaşamlarını davam etdirdikləri doğma yurdlarıdır. 14 məhəllədən 2-sində azərbaycanlılar  yaşayır.

 

Ermənilərin Türkmənçay müqaviləsindən sonra torpaqlarımıza köçürülməsi ilə bir çox dəyəri mənimsəməyə başlaması udilərdən də yan keçməyib. Buradakı kilsələr 1836-cı ildən ermənilərin tabeçiliyinə verilib. Lakin erməni keşişlərinin Nicə gəlişi 30-40 il sonra müşahidə edilib. Xalq baş verənlərə etiraz olaraq kilsəyə getməyərək ibadətlərinə evlərində davam edib.

 

Ermənilərin bütün səyləri boşa çıxdığı kimi, udi xalqını məhv etmək istəkləri də baş tutmayıb. Onların kilsələrdəki simvolları, ikonaları yox etmək üçün üzərlərini müxtəlif vasitələrlə bağlamaları və sair hallar asanlıqla aşkar edilib.

 

Alban-udi xristian icmasının sədr müavini Rafik Danakari ilə söhbət zamanı məlum olur ki, bir erməni keşişin öz rəhbərliyinə göndərdiyi məktubunda buradakı insanların onunla eyni dildə danışmadığı və bir-birlərini anlamadıqları qeyd olunub. Onlar bu vəziyyətə son qoymaq üçün erməni dilinin tədris olunması yönündə addımlar da atıblar.

 

Qəsəbədə ümumilikdə 4 kilsə olub. Onların birini dağıdan ermənilər kilsədən qalan materiallardan məktəb tikiblər. Digər 3 kilsə isə hazırda qalmaqdadır. Onlardan Müqəddəs Yelisey adına Cotari kilsəsi 2006-cı ildə əsaslı bərpa olunduqdan sonra əhalinin istifadəsinə verilib. Udi xalqı kilsənin həyətində İordaniyadan gətirilən su ilə vaftiz olunur. Həmçinin burada “Mahmud və Məryəm” filmi də çəkilib. Müqəddəs Məryəm Ana kilsəsi isə 2020-ci ilə qədər tamamilə dağılmış, istifadəyə yararsız vəziyyətdə olmuşdu.

 

 

 

Heydər Əliyev Fondundan böyük dəstək

 

 

 

Rafik Danakari deyir ki, 2019-cu ildə Heydər Əliyev Fondunun vitse-prezidenti  Leyla xanım Əliyeva Nic kəndinə səfəri zamanı ümumi vəziyyətlə tanış olub. Kənd camaatı ehtiyaclarını dilə gətirib məhv olmaq üzrə olan kilsənin bərpası ilə bağlı məsələni diqqətə çatdırıblar. Leyla Əliyeva kilsənin Heydər Əliyev Fondu tərəfindən bərpa ediləcəyini bildirib.

 

R.Danakarinin sözlərinə görə, əgər ibadət yerinin bərpası 2-3 il də ləngisəydi, kilsədən əsər-əlamət belə qalmayacaqdı: “Həqiqət budur ki, kilsə məhv olmaq üzrə idi. Əgər bir neçə il ləngimə olsaydı, ən qədim alban kilsələrindən biri yox olacaqdı. Buna görə də biz hər zaman Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevaya minnətdarıq. Leyla xanım Əliyeva gəlib kilsənin şəraitini gördükdən sonra Mehriban xanıma və Prezidentə məlumat verib. Bundan sonra bərpa işlərinə çox keçmədən, 2020-ci ilin yanvar ayından başlanılıb. 44 günlük Vətən müharibəsi və qlobal pandemiya ilə mübarizə dövründə restavrasiya işləri bir gün belə səngiməyib. 2020-ci il noyabrın 7-də bütün işlər yekunlaşdırılaraq kilsə tamamilə əla vəziyyətə gətirilib və açılışı olub”.

 

Kilsənin bərpasında mütəxəssislərlə yanaşı, qəsəbənin sakinləri də kömək göstəriblər. Udilərlə yanaşı, ləzgilər, avarlar, hətta qonşu kənddən gələn tatlar da olmaqla, 9 xalqın nümayəndələri bu işdə fəal iştirak ediblər.

 

Müqəddəs Məryəm Ana kilsəsi XII əsrə aiddir. Kilsənin digər adı olan “Bulun” udi dilində “yuxarı məhəllə” mənasını ifadə edir. Həmin dövrdə ibadət yerləri əsasən yerləşdikləri əraziyə görə tanınırdı.

 

2021-ci il mayın 15-də Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva Qəbələyə səfərləri çərçivəsində Nic qəsəbəsində olub, yenicə təmirdən çıxmış Müqəddəs Məryəm Ana kilsəsinə baş çəkiblər. Burada Prezident görülən işlərlə tanış olub və bu barədə dövlət başçısına ətraflı məlumat verilib. Qeyd edilib ki, həyətyanı sahə abadlaşdırılıb, sahəsi hasarlanıb, bulaq və üç gölməçə yaradılıb.

 

Kilsə alban, ortodoks konsepsiyasına uyğun olaraq bərpa edilib. Çünki ermənilər kilsəni özününküləşdirmək istəyiblər. Adətən ermənilərdə Qriqoryan kilsəsində altar hissə daha hündür olur. Albanlarda isə 3 pilləkəndən ibarət olur. Bu, memarlıqda əsas elementdir. Ümumiyyətlə, Müqəddəs Məryəm Ana kilsəsi Azərbaycanda ən böyük kafedral kilsədir.

 

Rafik Danakarinin sözlərinə görə, Heydər Əliyev Fondu tərəfindən qəsəbədəki 1 saylı orta məktəb də tam təmir edilib. Buradakı məktəblərdə ibtidai siniflərdə latın qrafikası ilə udi dilində dərsliklərdən istifadə edilir. Bu da dilin qorunub saxlanılmasında əsaslı addımlardan biridir.

 

İşğaldan azad edilən ərazilərimizdə də alban-udi kilsələri çoxluq təşkil edir. Hazırda oradakı məbədlərdə bərpa işləri ilə bağlı monitorinqlər aparılır. Təkcə Kəlbəcərdə 35 kilsə var. Görünür ki, hər kənddə müqəddəs ibadət yerləri mövcud olub. Laçında, Hadrutda da kilsələrə rast gəlmək mümkündür.

 

Rafik Danakari deyir ki, onların əksəriyyəti erməniləşdirilib: “Biz 2020-ci il dekabrın 4-də Kəlbəcərdə “Xudavəng” monastırına gedəndə orada olduğumuzu görən ermənilər bizi içəri girməyə, ibadət etməyə qoymurdular. Buranın onların məbədi olduğunu israrla deyirdilər. O zaman onlardan soruşduq ki, siz buraya nə vaxt gəlmisiniz? Bizə cavablarında 1993-cü ildə gəldiklərini dedilər. Artıq bu məbədin kimə aid olduğu təsdiqləndi”.

 

 

 

Udilər Vətən müharibəsində ön sırada oldular

 

 

 

Udilərin maraqlı adət-ənənələri var. Onlar təntənəli şəkildə 2 əsas bayramı qeyd edirlər.

İbadət üçün Müqəddəs Məryəm Ana kilsəsinə gələn kənd sakini Nikolay Qiqinari deyir ki, əsas bayramlarından biri Miladdır: “Biz Milad bayramını yanvar ayının

7-də qeyd edirik. Bu zaman hər kəs kilsəyə toplaşır. İbadətlər edib, şamlar yandırırıq. Digər təntənəli mərasimlərdən olan Pasxanı isə bu il aprelin 24-ü keçirəcəyik. Əsasən bu bayramın tarixi hər il 7-10 gün fərqlə dəyişir”.

Udilər Pasxa bayramından 40 gün əvvəl oruc tuturlar. Bu müddət ərzində heyvanların ətindən və onlardan əldə edilən məhsullardan istifadə edilmir. Yalnız balığı 40 gün boyunca müəyyən vaxtlarda cəmi bir neçə dəfə yeyirlər. Milad və Pasxa bayramları öncəsi cümə günləri “qara bayram” kimi qeyd olunur. Sakinlər qəsəbənin yuxarı və aşağısında yerləşən qəbiristanlıqlara gedərək vəfat etmiş yaxınlarını, qohumlarını yad edirlər.

Həmsöhbət olduğumuz Yulian Boyaxçari kilsəyə Allaha şükür etmək üçün gəldiyini vurğuladı: “Biz kəndlilər əkinlə məşğul oluruq. Əsas gəlirimiz meyvə-tərəvəzdən olur. Buna görə də ilin müxtəlif vaxtlarında Allaha bol ruzimizin olması üçün dualar edirik. Avqust ayının sonlarında meyvələrin yetişən vaxtı başlayır. Noyabrın ilk həftəsində isə toplanan hər bir məhsula görə təşəkkürümüzü ibadətlərimizlə bildiririk”.

Nicdəki kilsələrə yalnız bazar günü deyil, digər günlərdə də gəlib ziyarət edənlər, qurban kəsənlər olur. Bu kilsələr təkcə udi xalqının deyil, bütün Azərbaycan xalqının dəyərləridir. Hər fürsətdə bunu büruzə verən cəmiyyət öz dəstəyini göstərir.

R.Danaqari onu da qeyd etdi ki, Müqəddəs Məryəm Ana kilsəsini yuxusunda görüb ona üz tutanlar da olub: “Bir gün bura Göyçaydan bir nəfər gəlmişdi. Mənə heç vaxt kilsədə olmadığını deyərək, məhz bu məbədi yuxusunda gördüyünü və buranı mütləq ziyarət etməli olduğunu bildirmişdi”. Görünür, ilahi qüvvə ilə sevgi din və dildən asılı olmadan hər yerdə bəşəri varlığı tapır.

Əvvəlcə həqiqi hərbi xidmətə çağırılmayan udi gəncləri 2003-cü ildən ordu sıralarında xidmət edirlər. Vətən müharibəsi zamanı 50-yə yaxın kənd sakini işğal olunan torpaqlarımızın azadlığı uğrunda müharibəyə yollanmışdı. Onlar arasında böyük Zəfərlə bitən qələbəmizin bir neçə medallı iştirakçısı da var.

 

Nic qəsəbəsində gördüklərimiz, eşitdiklərimiz Azərbaycanın həqiqətən də nümunəvi, multikultural, tolerant ölkə olması fikrini bir daha təsdiqlədi. Ölkəmizdə yaşayan azsaylı xalqların nümayəndələri sərbəst, azad şəkildə kilsələrə, sinaqoqlara, məbədlərə gedərək ibadətlərini edirlər. Bu dini ocaqların təmiri, yenidən qurulması isə həmin xalqın dövlətə olan etimadını, güvənini daha da artırır.

Ümumiyyətlə, tarixi-dini abidələrimizin, o cümlədən məscid, kilsə, sinaqoqların bərpası və yenidən qurulması, yeni ibadət evlərinin inşası Azərbaycan dövlətinin bu sahədə həyata keçirdiyi siyasətin tərkib hissəsidir. Bu siyasətin reallaşdırılmasında Heydər Əliyev Fondu da yaxından iştirak edir.

Müqəddəs Məryəm Ana kilsəsində şahidi olduğumuz çox maraqlı mənzərə bizdə xoş təəssüratlar yaratdı. Gəlişimiz kimi, ayrılığımız da bu təəssüratlar altında reallaşdı.

 

 

Aydan XƏLİLOVA,

Azərbaycan.-2022.- 20 fevral.- S.10.