Cənubi Qafqazın ən etibarlı tərəfdaşı

 

İlham Əliyev yeni hədəfləri ilə dünyaya Azərbaycanın müasir vizyonunu təqdim edir

 

Müstəqilliyinin bərpasından ötən 31 ildə heç vaxt indiki kimi güclü, qüdrətli və istiqrarlı olmayan Azərbaycan bu gün dünya düzənində özünəməxsus yer tutan ölkəyə  çevrilib. Bunun yeganə və birmənalı səbəbi isə Prezident İlham Əliyevin tam müstəqil siyasət yürütməsi, ölkənin iqtisadi qüdrətinin getdikcə daha da güclənməsidir.

Əgər diqqət yetirsək görərik ki, son 19 ildə Azərbaycanın əldə etdiyi uğurları inkişaf etməkdə olan ölkələrin əksəriyyəti bəlkə də heç 50 ildə qazana bilməyiblər.

 

Cənubi Qafqazın ən fəal siyasiiqtisadi aktoru

 

Yüksək nailiyyətlərlə zəngin olan daha bir ili arxada qoyduq. 2021-ci ildə - postmüharibə dövründə müstəqilliyimizin bərpasının 30-cu ildönümünü qürurla, fəxarətlə qeyd etdik. 44 günlük Vətən müharibəsindəki Şanlı Zəfər qürurumuzu, mənliyimizi özümüzə qaytarmışdı. Qalib dövlət kimi işğaldan azad edilmiş torpaqlarımızda abadlıq-quruculuq işlərinə başladıq. Dünya Azərbaycanın iqtisadi qüdrətinə bir daha şahidlik etdi.

Bir vaxtlar iqtisadi müstəqilliyini təmin edə bilməyən, xaricdən aldığı yardımlarla gün keçirən, zəngin təbii ehtiyatları ola-ola əhalisinin enerjiyə olan tələbatını idxal hesabına ödəyən Azərbaycan cəmi 31 ilə Müzəffər Orduya, güclü iqtisadiyyata, müstəqil siyasətə sahib oldu, qüdrətli dövlətə çevrildi. Dünya artıq müstəqil Azərbaycanı qlobal layihələr həyata keçirən, islahatlar aparan, regional əməkdaşlığa və qlobal enerji təhlükəsizliyinə əhəmiyyətli töhfələr verən etibarlı tərəfdaş ölkə kimi qəbul edir.

Müstəqillik dövründə ölkə iqtisadiyyatına 300 milyard dollar investisiya qoyulması, xarici ölkələrə yatırımlar etməsi, valyuta ehtiyatlarını 63 milyard dollara yüksəltməsi hər ölkəyə nəsib olmayan möhtəşəm nailiyyətlərdir.

 İkinci Qarabağ müharibəsindəki şanlı Zəfərdən sonra regionda yaranan yeni reallıqlar və bölgədə diktənin Azərbaycana məxsus olması bir daha təsdiq edir ki, ölkəmiz Cənubi Qafqazın ən fəal siyasiiqtisadi aktorudur.

Fevralın 2-də Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumunda İlham Əliyev son 31 ildə əldə edilən uğurlu nailiyyətlərdən danışdı və gələcək hədəfləri, müəyyənləşdirdiyi inkişafın yol xəritəsini gənclərə təqdim etdi. Müstəqillik illərində Azərbaycana qarşı hücumlara, çirkin kampaniyalara diqqət çəkən   Prezident dedi ki, bütün bunlara baxmayaraq, indi ölkəmiz müstəqildir və müstəqil siyasət aparır. Heç bir kənar qüvvə işimizə qarışa bilməz. Düzdür, müxtəlif dövrlərdə antiazərbaycançı şəbəkə tərəfindən kampaniyalar təşkil edilib. Amma bunların hamısı bumeranq effekti veribbu cəhdlərin heç bir nəticəsi olmayıb.

Azərbaycanın apardığı müstəqil siyasət ölkəmizi Cənubi Qafqazın ən etibarlı tərəfdaşına çevirib. Bu gün Azərbaycanın razılığı olmadan bölgədə bir dənə də qlobal miqyaslı layihə reallaşa bilməz. Amma Azərbaycan öz gücünə və qarşılıqlı şəkildə reallaşdırdığı qlobal miqyaslı layihələrlə Avropanın enerji təhlükəsizliyinin təminatçısı statusuna sahiblənib.

 

Artan güc, yüksələn nüfuz, genişlənən tərəfdaşlıq

 

Postmüharibə dövrü artıq başa çatıb. Qalib Azərbaycan regionda gedən prosesləri, sadəcə, müşahidə etmir, həm də regionun gündəliyini diktə edir.

2022-ci ili postböhran dövrü adlandıran İlham Əliyev müharibədən sonrakı dövr barədə danışarkən ilk növbədə Azərbaycanın artan beynəlxalq nüfuzunu qiymətləndirdi. Əgər bu gün Azərbaycan beynəlxalq miqyasda söz sahibi kimi tanınırsa, bunu yaradan İlham Əliyevin tam müstəqil siyasət yürütməsi, qətiyyəti və prinsipiallığıdır. Bu qətiyyət həm İlham Əliyevə, həm də Azərbaycana başucalığı gətirib.

Bu siyasət Azərbaycanı ən etibarlı tərəfdaşa çevirib. Bunun nəticəsidir ki, Azərbaycan BMT-dən sonra dünyada ikinci böyük təşkilat olan Qoşulmama Hərəkatına sədrlik edir. Bunu dəyərləndirən dövlət başçısı da deyir: Bu gün regional gündəlikdə duran məsələlər çox cəhətdən bizim fəaliyyətimizlə bağlıdır və bizim təşəbbüslərimizin çoxu, tərəfdaşlarımızın təşəbbüslərinin çoxu iştirakımız, müsbət münasibətimiz olduğu halda reallaşır. Qoşulmama Hərəkatına gəlincə, əlbəttə bu, Azərbaycan üçün yeni roldur. Xüsusən ona görə ki, Azərbaycan bu təşkilata daxil olan son ölkələrdən biridir. Yəni, ölkəmiz yeni üzvdür. Lakin dərhal bütün ölkələrin etimadını və hörmətini qazana bilib. Buna görə də ölkələr iki dəfə Azərbaycanın lehinə səs veriblər”.

Bu qurumun sədri kimi İlham Əliyev mühüm addımlar atıb. Təşkilatın nüfuzunun daha da yüksəlməsi istiqamətində qərarlar qəbul olunub. Xüsusən də qlobal pandemiya vaxtı təşkilatın gördüyü işlər, beynəlxalq təşəbbüslər, hərəkatın sammiti, BMT-nin Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsü, BMT-nin İnsan Haqları Şurasından alınan dəstək, Baş Assambleyada planlaşdırılmış, lakin COVID-19 səbəbindən təxirə salınmış müzakirə - bütün bunlar təşkilatın nüfuzunu artırıb.

İlham Əliyev qətiyyətlə vurğulayır ki, Azərbaycan beynəlxalq aləmin məsuliyyətli üzvüQoşulmama Hərəkatının sədri kimi bundan sonra da beynəlxalq hüququn aliliyini müdafiə edəcək. Azərbaycan dünya təsisatlarının - BMT və İkinci Dünya müharibəsindən sonra yaradılmış digər təsisatların fəaliyyətində fəal iştirak edəcək. Çünki Azərbaycan artıq Qarabağ problemi kimi ağır yükü çiynindən atıb və yeni dünya düzənində də təşəbbüs göstərən ölkələrdən biri olacaq: “Çünki de-fakto bu, artıq baş veribbiz bu de-fakto vəziyyətə tam hazırıq, bütün daxili resurslarla hazırıq. Həm mənəvi, həm xalqımızın səfərbərliyi, xalq-iqtidar birliyi, iqtisadi müstəqillik, enerji müstəqilliyimiz, siyasi gündəliyimiz və Qarabağ Zəfərindən sonra xüsusilə artan imkanlarımız - biz tam hazırıq, istənilən varianta hazırıq. Əgər dünya ənənəvi yollarla inkişaf etməyə davam etsə, - halbuki, mən buna inanmıram, - hazırıq. Əgər dünya, beynəlxalq arxitektura tamamilə çöksə, biz buna hazırıq. Yəni, biz komanda kimiyik. Hər an hazır olmalıyıq ki, özümüz öz gücümüzə əsaslanaraq istənilən vəzifəni istənilən yerdə yerinə yetirək və bayrağımızı həmişə uca tutaq”.

Prezidentin həm gənclərlə keçirdiyi görüşdə, həm də Fransanın Avropa İttifaqına sədrliyi qismində Prezident Emmanuel Makronun, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda baş tutan 4 təfərli müzakirələrdə səsləndirdiyi qətiyyətli fikirlər bir daha onu deməyə əsas verir ki, artıq heç kim Azərbaycanla təhdid dili ilə danışa bilməz. Eyni zamanda Azərbaycan özünə qarşı istənilən ədalətsizliyə susqun qalmır və düzgünlük tələb edir.

Budəfəki 4 tərəfli görüş həm də İlham Əliyevin növbəti diplomatik uğuru kimi qiymətləndirilməlidir. Çünki bu görüş fonunda Şarl MişelEmmanuel Makron birgə bəyanat imzalayıblar. Sənəddə Minsk qrupuna istinad yoxdur. Moskva, Soçi və Brüsseldə keçirilmiş görüşlərin mahiyyətinə uyğun olaraq Minsk qrupuna istinad yer almayıb. Eyni zamanda bəyanatda Dağlıq Qarabağ münaqişəsi və hətta Qarabağ kimi ifadə yoxdur. Əlbəttə ki, bu, Qarabağ mövzusunun tamamilə gündəlikdən çıxmasının növbəti nüminəsidir. Fransa ATƏT-in Minsk qrupu həmsədr olaraq bu reallığı qəbul edir. Fransa bu görüşdə həmsədr kimi deyil, Avropa İttifaqına sədrliyi qəbul etmiş ölkə kimi iştirak edir.

Beləliklə, İlham Əliyevin yürütdüyü müstəqil siyasət, səsləndirdiyi cəsarətli fikirlər, sərt xəbərdarlıqlar bir daha xalqda əminlik yaradır ki, Azərbaycan dövləti bundan sonra öz xilaskar liderinin rəhbərliyi ilə bütün sahələrdə qarşıya qoyulmuş vəzifələri uğurla həyata keçirəcək. Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən İlham Əliyev həyata keçirdiyi mütərəqqi islahatlar, yeni inkişaf konsepsiyası ümumilikdə uğurlu missiyası ilə dünyaya ölkəmizin müasir vizyonunu təqdim edir.

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan.- 2022.- 13 fevral.- S.1; 3.