Gənclər siyasəti dövlətimiz üçün hər zaman prioritet olub

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətində gənclərlə bağlı məsələlər hər zaman mühüm yer tutur. Gənclər siyasəti dövlətimiz üçün daim mühüm prioritet təşkil edir.

Bu, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi milli-strateji inkişaf kursundan irəli gələn yanaşmadır. Azərbaycanda gənclərlə bağlı xüsusi  günün - 2 Fevral Gənclər Gününün olması da bu siyasətin formalaşdırdığı tarixi dəyərdir.

Düz iyirmi beş il bundan əvvəl Ulu Öndər Heydər Əliyevin iştirakı ilə ölkəmizdə ilk dəfə gənclər forumu keçirildi. Ümummilli Liderin müvafiq sərəncamı əsasında Azərbaycanda Gənclər Günü təsis edildi. O gündən indiyə qədər hər il fevralın 2-si ölkəmizdə Gənclər Günü kimi qeyd edilir, gəncliyin istəklərinə, gələcək hədəflərinə, problemlərinə və onların həlli yollarına ciddi diqqət yönəlir.

Bu xüsusi münasibət heç də təsadüfi deyil. Hər bir cəmiyyətin gəncliyi onun gələcəyidir. Cəmiyyətin firavanlığını, xoşbəxtliyini təmin etməkdən ötrü onun gəncliyini düzgün istiqamətləndirməlisən. Gənclik yeni ideyalarla, böyük məqsədlərlə coşan, qarşısına böyük hədəflər qoyanbu hədəflərə çatmaq üçün tükənməz enerjiyə sahib əhəmiyyətli sosial qrupdur. Bütün cəmiyyətlərdə gənclərə səmimi-qəlbdən dəstək olmaq istəyənlər, onların potensialından ölkənin, cəmiyyətin, daha geniş götürsək, ümumən bəşəriyyətin xoşbəxt gələcəyi naminə faydalanmağa çalışanlar olur. Amma bununla yanaşı, əfsus ki, gəncliyi öz bədxah məqsədlərinin alətinə çevirmək istəyənlər də tapılır.  Ona görə bu aparıcı təbəqənin taleyi üçüntarix heç zaman unudulmamalıdır. Baş verənlərdən nəticə çıxarılmalıdır. “Məhz düzgün təhlil apararkən, tarixdən ibrət götürərkən biz inamla irəliyə gedə bilərik”. 2022-ci ilin 2 fevralında Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumundakı çıxışı zamanı dövlət rəhbərimiz İlham Əliyev belə dedi.

 

Gəncliyin ümidi

 

Müstəqilliyimizin ilk illərində Azərbaycanda arzuları önündə böyük əngəllər yaranmış  gənclik vardı. Ölkədə vəziyyət çox ağır idi. Azərbaycan qarşısında ciddi, fundamental problemlər dayanmışdı. Ermənistanın işğalı ilə üzləşmişdik.

Bir tərəfdən qonşu ölkənin azğınlığı, digər tərəfdən də o illərdə Azərbaycanın taleyinə görə məsuliyyət daşıyan təsadüfi insanların xəyanəti ucbatından torpaqlarımızın 20 faizi  itirilmişdi. Belə insanlar milli həmrəyliyə nail olaraq ölkəni düşdüyü vəziyyətdən çıxarmağa çalışmaq əvəzinə, hakimiyyət uğrunda bir-biri ilə didişirdilər. Ölkə vətəndaş müharibəsinin bir addımlığına gəlib çıxmışdı. Xalqımız məğlub, çarəsiz durumda vəziyyətdən çıxış yolu arayırdı. Beynəlxalq aləmin, vasitəçilərin tezliklə Qarabağ məsələsini yoluna qoyacaqlarına, ədaləti bərpa edəcəklərinə böyük ümidlər olsa da, bunlar özünü doğrultmurdu. Azərbaycanın ətrafındakı informasiya blokadası getdikcə daralırdı. Müstəqilliyinin ilk illərində Azərbaycan reallıqları dünya ictimaiyyəti üçün aydın şəkildə  bəlli deyildi. Ölkəmizə qarşı artıq o vaxt və bugünə qədər fəaliyyət göstərən erməni lobbi təşkilatları Azərbaycan haqqında yalan, təhrif edilmiş məlumatlar ötürürdülər. Uydurulmuş saxta miflərlə həqiqətləri təhrif edirdilər. Dünyada səsimiz-sözümüz eşidilmirdi.

Belə ağır vaxtlarda ölkədəki bəzi siyasi qüvvələr milli mənafelər naminə deyil, məhz hakimiyyət uğrunda mübarizə aparanlar Azərbaycan gəncliyindən öz məqsədləri üçün alət kimi istifadə etməyə çalışırdılar. Gəncliyi intellektual, sağlam düşüncəli, reallıqlara aydın baxışı olan toplum kimi yox, qaragüruh kimi görmək istəyirdilər. Onları universitet auditoriyalarında, ziddiyyətləri diskussiya məcrasına yönəldən faydalı müzakirələrdə, biznesdə, işdə-gücdə deyil, məhz küçə və meydanlarda şüarlar qışqıran yerdə təsəvvür etməyə can atırdılar. Gənclərin gücündən, enerjisindən, səmimiyyətindən öz mənfur niyyətlərini reallaşdırmaq üçün faydalanmağa meyil göstərirdilər.

O dövrdə Ermənistanın işğal siyasəti nəticəsində yurdundan didərgin düşmüş yüz minlərlə soydaşımız çadırlarda, vaqonlarda, heç bir kommunal şəraiti olmayan qeyri-yaşayış sahələrində yaşamaq məcburiyyətində qalmışdı. Ölkəmizdə nizami ordu yaradılmamışdı. Elə buna görə idi ki, Birinci Qarabağ müharibəsində məğlub olduq. Sovet İttifaqı dağılandan sonra Azərbaycanda bazar iqtisadiyyatı prinsipləri də hələ tam bərqərar olmamışdı. Sahibkarlıq çox aşağı səviyyədə idi. Dövlət qurumları yeni idarəetmə üsuluna yiyələnə bilməmişdilər. İqtisadi tənəzzül hər yerdə özünü büruzə verirdi. Cəmiyyətdəki sosial-mənəvi böhran xüsusilə gəncliyi sıxırdı. Onlar tapıb çalışa, öz həyatlarını arzuladıqları kimi qura bilmirdilər.

Belə ümidsiz vəziyyət Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışına qədər davam etdi. Bu böyük dövlət xadiminin dövlətçilik sükanı arxasına keçərək Azərbaycanın gələcəyinə görə məsuliyyəti üzərinə götürməsini arzulayan, buna çağırış edən milyonlarla vətəndaşımızın əhəmiyyətli qismi də məhz gənclərdən ibarət idi. Ümummilli Lider də gənclərin böyük potensialına inanırdı. Hər zaman olduğu kimi, böyük uzaqgörənlik göstərərək məhz gənclərə üz tutdu. Onları müzakirələrə dəvət etdi. Öz tövsiyələrini verdi. Gəncləri gələcək inkişaf üçün təşkilatlandırmaq və hazırlamaq üçün əməli-praktiki addımlar atıldı. Gəncliyin o dövrün çağırışlarına uyğun inkişafı, öz potensialını reallaşdıra bilməsi üçün əlverişli mühit yaratdı.

Ulu Öndərin qətiyyəti sayəsində 1994-cü ildə “Əsrin müqaviləsi” imzalandı. 1995-ci ildə müstəqil Azərbaycan dövlətinin ilk Konstitusiyasının qəbulu ilə ölkəmizdə hüquqi dövlət quruculuğu, demokratik inkişaf prosesləri daha geniş vüsət aldı. Azərbaycan gəncləri də, təbii ki, bu prosesin əsas hərəkətverici qüvvələrindən biri idi. O zaman hələ ARDNŞ-nin birinci vitse-prezidenti, Milli Məclisin deputatı və Azərbaycanın Avropa Şurasındakı nümayəndə heyətinin rəhbəri, Milli Olimpiya Komitəsinin prezidenti olan cənab İlham Əliyevin ölkəmizin ictimai-siyasi həyatında fəal iştirakı gənclərimizin aktivliyini daha da gücləndirdi. Azərbaycan gəncləri cənab İlham Əliyevi özünə lider seçdi. 2003-cü ildə xalqımızın yekdil dəstəyi ilə Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyev son onilliklərdə ölkəmizə, xalqımıza qazandırdığı nailiyyətlərlə gəncliyimizin də ümidlərini doğrultdu.

 

Qürur mənbəyi

 

 Azərbaycan Prezidenti Ulu Öndərin gənclər siyasətini uğurla davam etdirərək ölkəmizdə yeni bir nəsil yetişdirdi. Təlqin etdiyi vətənpərvərlik tərbiyəsi, dövlətimizə, milli dəyərlərimizə bağlılığı, Azərbaycana sevgisi ilə gəncliyimiz üçün mükəmməl bir örnək formalaşdırdı. Qətiyyəti, milli maraqlarımızın müdafiəsindəki mətinliyi, müdrikliyi, uzaqgörənliyi ilə şəxsi nümunə yaratdı. Azərbaycan gəncliyini sarsılmaz güc sahibinə çevirdi. Prezident İlham Əliyev bu gəncliyin gücü ilə torpaqlarımızı düşməndən təmizlədi. Üçrəngli bayrağımızı azad yurdlarımızda onların güclü əlləri ilə ucaltdı. Vətən müharibəsinin ilk günlərindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarələrinə axışıb könüllü cəbhəyə yollanmaq istəyən gənclərimiz Azərbaycan Prezidentinin yetişdirdiyi bu aparıcı təbəqənin nümayəndələri idi. Sıldırım qayalardan kəndirlə dırmanaraq yüngül silahlarla düşmənin tankının, topunun, raket komplekslərinin üzərinə atılan, Şuşanı əlbəyaxa döyüşlə azad edən igid döyüşçülərimiz də bu vətənpərvər, sarsılmaz gəncliyin təmsilçiləridir.

Gənclərlə görüşü zamanı Azərbaycan Prezidenti bu qəhrəmanlıq əzmini xüsusi vurğuladı. Vətən müharibəsində gənclərin həlledici rolundan danışdı. Vətən müharibəsində iştirak etmiş hər bir igid gəncinə Azərbaycan xalqının minnətdar olduğunu bildirdi. “Vətən uğrunda, torpaq uğrunda qabağa gedənlərin əksəriyyəti gənclər idi. Bu, hər birimiz üçün qürur mənbəyidir. Çünki elə bir gənc nəsil yetişdi ki, hətta Qarabağı görməyən, o acı tarixi görməyən gənclər Qarabağ uğrunda, Vətən uğrunda, milli ləyaqət uğrunda ölümə gedirdilər və şəhid oldular, qazi oldular və müzəffər Ordumuzun şöhrətini yüksəklərə qaldırdılar. Əgər bu siyasət olmasaydı, əgər gənclər vətənpərvərlik ruhunda tərbiyə almasaydılar, bilmək olmazdı müharibənin nəticələri necə ola bilərdi”.

Prezident İlham Əliyev qeyd etdi ki, bizim hərbçilərimiz mümkün olmayanı da reallığa çevirdilər. Milli ruh, milli ləyaqət və vətənpərvərlik hissi onları irəliyə apardı. Belə xalqla heç kim mübarizə apara bilməz. “Müharibənin bir çox dərsləri var - həm bizim üçün, həm bütün dünya üçün, region üçün. Onlardan biriodur ki, azərbaycanlılarla mübarizə aparmaq, müharibə aparmaq çox baha başa gələ bilər”.

Bütün bunlar, təbii ki, Azərbaycan gəncliyinə böyük inam hissi ilə səsləndirilmiş kəlmələrdir. Gəncliyimiz bu inamı real nümunələrlə hər zaman doğruldub.

 

Tarixin ən güclü Azərbaycanının vətəndaşları

 

Azərbaycan Prezidentinin yetirdiyi gənclik ölkə xaricində də milli maraqlarımızın müdafiəsindədir. Gənclərimiz malik olduqları xarici dil bilikləri, yüksək intellektual qabiliyyətləri, milli-mənəvi dəyərlərimizə bağlılıqları, tarixi həqiqətlərə dərindən bələdlikləri ilə erməni yalanlarını ifşa edirlər. Son illərdə beynəlxalq ictimaiyyətin Azərbaycan həqiqətləri barədə daha geniş məlumata malik olmasında, ölkəmizin informasiya savaşında da Ermənistan üzərində böyük üstünlüklər qazanmasında gəncliyimizin xidmətləri böyükdür. Vətən müharibəsi dövründə gənclərimiz sosial şəbəkələrdə çox fəal oldular. Bu informasiya müharibəsinə təkcə Azərbaycan vətəndaşları deyil, dünya azərbaycanlıları da fəal qoşuldular. Birgə səylər nəticəsində Azərbaycan informasiya məkanında da üstünlük əldə etdi. Beləliklə, ölkəmiz informasiya müharibəsində də erməniləri darmadağın etdi.

Əhali sayı sürətlə artan ölkəmizdə bu gün gənclik cəmiyyətin əsas hissəsidir. Gənclərimiz ölkənin ictimai-siyasi həyatında fəal iştirak edir. Bunun üçün hər cür şərait yaradılıb. Dövlət rəhbərimiz gənclərə böyük etimad göstərir. Onları yüksək dövlət vəzifələrində irəli çəkir. Gənclərimizin təşəbbüsləri, faydalı əməyi hər yerdə görünməkdədir. Gənclərlə görüşü zamanı Azərbaycan Prezidenti vurğuladı ki, indiki gənclər üçün imkanlar daha genişdironlar bu imkanlardan istifadə etməlidirlər. Bu gün Azərbaycan inamla gələcəyə doğru irəliləyir. Ölkəmizin qarşıya qoyduğu bir çox əsas vəzifələr öz həllini tapıb. Azərbaycan gəncləri azad ölkədə yaşayırlar. Cəmiyyətimizdəki ictimai-siyasi sabitliyin, davamlı inkişaf mühitinin faydalarını hiss edirlər. Tarixin ən güclü Azərbaycanının vətəndaşları kimi özgüvən içində yaşayır. Eyni zamanda milli-mənəvi dəyərlərimizə sadiqlik göstərmək Prezident İlham Əliyevin Azərbaycan gəncliyinə əsas tövsiyələrindəndir. Çünki müasir Azərbaycan dövləti məhz milli dəyərlər üzərində qurulub. Milli dəyərləri qoruyub saxladıqca, dövlətimiz daha da qüdrətli olacaq, xalqımız əbədi azad, müstəqil xalq kimi yaşayacaq.

Xalqımız hər zaman dünyaya açıq olmuş, mütərəqqi yenilikləri tez bir zamanda mənimsəməyi bacarmış, eyni zamanda öz mənəvi kodeksini də həmişə hər şeydən üstün tutmuşdur. Azərbaycan xalqı əsrlər boyu öz milli ideologiyasını, əzəli xüsusiyyətlərini nəsillərdən-nəsillərə ötürmüşdür. Özünü assimilyasiyadan qorumuşdur. Bu dəyərlərin gələcəkdə də qorunub saxlanması bugünkü gəncliyimizin ali missiyasıdır.

Vətənə bağlılıq, sevgi, Azərbaycanın dövlət maraqlarını hər şeydən üstün tutmaq hər bir gəncin borcudur. Gənclikdən öz bədxah məqsədləri üçün istifadə etmək istəyən qüvvələr, əfsuslar olsun ki, bu günvar. Belələri, demək olar ki, dünyanın hər yerində öz ziyanlı fəaliyyətlərini davam etdirirlər. Qloballaşma pərdəsi altında hələ yolun başında olan gəncləri təsir altına almaq, bununla ölkələrin, cəmiyyətlərin gələcəyini istədikləri kimi yönəltməyə can atırlar. Bu məqsədə böyük məbləğdə vəsaitlər xərclənir. Hissiz, duyğusuz, tarixi köklərindən qopmuş gəncliyin formalaşdırılması, onların milli düşüncədən uzaqlaşdırılması bu insanların əsas məramıdır.

Son onilliklərdə xüsusilə böyük aktuallıq kəsb edən bu məsələyə Azərbaycanda da həssas münasibət göstərilməlidir. Gəncliyimizin bu cür ziyanlı təsirlərdən qorunması çox vacibdir. Ana dilimiz bu cür təsirlərə qarşı sarsılmaz sipərdir. Çünki xalqın dili onun ruhudur. Dilimizə nə qədər böyük sevgi göstərsək, gəncliyimizi ana dilimizə hörmət ruhunda tərbiyə etsək, ruhumuz da bir o qədər yüksək və sağlam qalacaq.

 

Yeni nəsil, yeni çağırışlar

 

Bu gün Azərbaycan dövləti işğaldan azad edilmiş yurdlarımızda geniş bərpa-abadlıq tədbirləri həyata keçirir. Ermənilərin təxminən 30 il ərzində dağıdıb viran qoyduqları yurd yerlərimiz yenidən dirçəlir. İnkişaf axarına qovuşur. Bu prosesdə Azərbaycan gəncliyi də yaxından iştirak edir. Bütün şəhərlərimiz dirçəldikcə yeni yaranan yerlərində, ilk növbədə, müasir biliklərə malik olan gənclərin, azad edilmiş rayonlardan olan gənclərimizin çalışması dövlət rəhbərliyinin əsas tapşırıqlarındandır.

Azərbaycan dövləti hər zaman öz vətəndaşlarının, o cümlədən gənclərinin yanındadır. Xüsusilə dövlətin dəstəyinə ehtiyacı olan əhali qrupları üçün genişmiqyaslı sosial yardım paketləri həyata keçirilir. Fiziki əngəli olan vətəndaşlarımızın cəmiyyət həyatına adaptasiyası üçün tədbirlər görülür. Onlar müvafiq işlərə cəlb edilir. Əngəlli gənclərimizin iştirakı ilə mədəniyyət, incəsənət layihələri reallaşdırılır. Şəhid ailələri və qazilərimiz üçün də genişmiqyaslı proqramlar icra edilir.

IV Sənaye İnqilabının çağırışlarını nəzərə alaraq Azərbaycan gənc nəslin yeni bir gələcəyə hazırlanması üçün addımlar atır. Gəncliyimiz IV Sənaye İnqilabının həyatımıza gətirdiyi yenilikləri sürətlə mənimsəyir və real həyatda onları tətbiq edir. Azərbaycan Prezidenti IV Sənaye İnqilabı nəticəsində yarana biləcək yeni peşələrə hazırlığı da hər zaman tövsiyə edir. Çünki dünya dəyişir. 25 il əvvəlki dünya ilə indiki dünya arasında böyük fərq var. Ənənəvi peşələrin çoxu bir neçə ildən sonra olmayacaq. Bunun əvəzinə yeni peşələr ortaya çıxacaq. Azərbaycan gənclərinin xarici ölkələrin nüfuzlu universitetlərində təhsil almasına şərait yaradan proqramın davam etdirilməsinə qərar verilməsi də cəmiyyətimizin gələcəyə hazırlanması məqsədinə xidmət göstərir.

Bu gün ölkədə gəncliklə bağlı çox xoş tendensiyalar müşahidə edilir. Azərbaycan gəncliyi sosiallaşır, ölkə və cəmiyyət həyatına daxil olan mütərəqqi yeniliklərin əsas mərkəzi qüvvəsi rolunda çıxış edir. Azərbaycanda könüllülər hərəkatı genişlənir. Bu hərəkat gənclərin təşkilatlanması və onların əmək potensialının artırılması nöqteyi-nəzərindən böyük fayda verir. Azərbaycan gənclərinin idmana, sağlam həyat tərzinə marağı artır. Bütün bunlar isə mənəvi və fiziki baxımdan sağlam gənclik deməkdir.

Milli dövlətçilik düşüncəmizdə gəncliyə xitab çox önəmli məsələdir. Azərbaycan gəncliyi tarix boyu ona olan ümidləri doğruldub. Üzərinə düşən vəzifələri layiqincə yerinə yetirib. Bugünkü gəncliyimiz qarşısında da böyük bir vəzifə var. Azərbaycan Prezidenti İlham Əliyevin tarixdəki ən qüdrətli mərhələsinə gətirib çıxardığı müstəqil dövlətimizin daha böyük nailiyyətlər qazanması üçün çalışmaq, onu böyük strateji hədəflərinə yetirmək gəncliyimizin ali missiyasıdır.

 

İradə ƏLİYEVA

 

Azərbaycan.- 2022.- 13 fevral.- S.1; 3.