Zənginlik

 

Miniatür Kitab Muzeyinin təsisçisi, “Şöhrət” və “Şərəf” ordenli, bir çox beynəlxalq mükafatın laureatı Zərifə Salahova 90 illik yubileyini qeyd edib

 

Kitab bilik mənbəyi olmaqla yanaşı, həm də xalqın tarixi yaddaşı, mədəniyyəti, etnoqrafiyası, məişəti, milli-mənəvi sərvətlərindən biridir.

Əməkdar mədəniyyət işçisi, Miniatür Kitab Muzeyinin təsisçisi Zərifə Salahova deyir ki, kitabların məzmunu müxtəlif olduğu kimi, zaman keçdikcə formaları da dəyişir: “Uşaq yaşlarımdan kitaba marağım hədsiz dərəcədə çox olub. Xüsusən miniatur kitablardan ibarət kolleksiya yaradır və tərkibini zənginləşdirirdim. Kolleksiyaya müxtəlif xalqların dillərində nəşr edilmiş miniatür kitablar daxil edilirdi. Hansı ölkəyə səfər edirdimsə, oradan  gətirdiyim ən qiymətli hədiyyə miniatür kitablar olurdu. Zənginləşən kolleksiyanın tərkibi genişləndikcə yaşadığım mənzildə onların  saxlanması və nümayişi çətinləşirdi...”

Zərifə Salahova ötən illərə dönərək, xatirələrini yada salır: “1993-cü ildə Ulu Öndər Heydər Əliyev ilk dəfə Prezident seçildikdən sonra onun andiçmə mərasimində mən də iştirak edirdim. Ümummilli Lider Heydər Əliyevin dərin məzmunlu həmin nitqinə qulaq asandan sonra fikirləşdim ki, bunu mütləq miniatür kitab kimi nəşr etdirmək lazımdır. Həmin kitabı - “Vətənə, dövlətə, xalqa sədaqət andı” nəşr etdirdik. Azərbaycan, rus və ingilis dillərində nəşr etdirdiyimiz kitabın 1995-ci il iyunun 3-də Milli Kitabxananın oxu zalında təqdimat mərasimi keçirildi. Təqdimat mərasimində kolleksiyadan 2000 kitabın sərgisini təşkil etdik. Oradakı çıxışımda Ulu Öndərimizə müraciətlə bildirdim ki, əgər yer versələr, Miniatür Kitab Muzeyi yaradar və kitabları da sərgiləyərdik. Heydər Əliyev sərgiyə baxarkən dedi ki, bu kitabların hamısı səninkidir? Dedim ki, bəli, amma hamısı deyil, burada 2000 kitab düzmüşük, kolleksiyamda isə 4000 nüsxədir. Orada Erik Honekkerin 12 cilddən ibarət kitabı da var idi. O zaman Almaniya Demokratik Respublikası artıq yox idi. Bildirdim ki, cənab Prezident, bu gün Almaniya Demokratik Respublikası yoxdur, amma kitablar saxlanılır. O zaman Ümummilli Lider dedi ki, cəmiyyətlər dağılsa da, kitablar, görürsünüzmü, qalır...”

Bütün bunları xatırlamaqda  Zərifə Salahovanın məqsədi Ümummilli Lider Heydər Əliyevin Miniatür Kitab Muzeyinin yaradılmasına göstərdiyi mənəvi dəstəyi bildirməkdir. Bununla demək istəyir ki, Ulu Öndər Heydər Əliyevin uzaqgörənliyi, vətənpərvərliyi, təəssübkeşliyi, milli-mənəvi sərvətlərə qayğısının nəticələri bu gün göz önündədir və onlardan biri də məhz haqqında söz açdığımız muzeydir. Ümummilli Lider yaxşı bilirdi ki, bu kitabların hansı gələcəyi var.

Bu muzey şəxsi kolleksiya əsasında və Ümummilli Lider Heydər Əliyevin göstərişi və UNESCO-nun qərarı  əsasında yaradılıb, 2002-ci il aprelin 23-də “Beynəlxalq Kitablar və Müəllif Hüquqları Günü”ndə isə rəsmi açılışı olub.

Zərifə Salahovanın əməyi istər Ulu Öndər Heydər Əliyev, istərsə də Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən yüksək dəyərləndirilib. Belə bir ünikal kitab məbədi yaradan, Azərbaycan Respublikasının ictimai və mədəni həyatında uzunmüddətli səmərəli fəaliyyət göstərən Zərifə Salahova 2007-ci ildə dövlət başçısının imzaladığı sərəncamla “Şöhrət” ordeninə layiq görülüb. Azərbaycan Prezidenti İlham Əliyevin daha bir sərəncamı ilə bu il fevralın 2-də anadan olmasının 90 illiyi ilə əlaqədar Zərifə Salahova “Şərəf” ordeni ilə də təltif olunub.

Xatırladaq ki, Zərifə Teymur qızı Salahova 2 fevral 1932-ci ildə Bakıda anadan olub. M.F.Axundov adına Azərbaycan Pedaqoji İnstitutunun Filologiya fakültəsini və 1968-ci ildə Moskva Poliqrafiya İnstitutunu bitirib. Zərifə Salahova 40 ildən çoxdur ki, 1990-cı ildə adı “Respublika Kitab Cəmiyyəti”nə dəyişdirilən Azərbaycan qeyri-hökumət könüllü kitabsevərlər cəmiyyətinə rəhbərlik edir.

1990-cı ildən Azərbaycan qadınlarının Bakı Assosiasiyasının  sədridir. Azərbaycan Prezidenti yanında UNESCO işləri üzrə komissiyanın, 1992-ci ildən bəri MOK-un icra orqanının üzvü, AMEA-nın İnsan Haqları üzrə İnstitutunun professorudur. Milli “Humay” mükafatının laureatı, “Sülh səfiri”dir.

Zərifə Salahova Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dəstəyi ilə onun tərəfindən dünyada analoqu olmayan Miniatür Kitab Muzeyinin yaradılmasını həyatının ən böyük bəhrəsi hesab edir.

Dünyada ilk özəl Miniatür Kitab Muzeyi adlanan bu mədəniyyət ocağındakı 38 rəfdə 5700 nüsxədən artıq kitab nümayiş etdirilir. Dünyanın 70-ə yaxın ölkəsində çap olunmuş bu kitabların ən kiçik formatlısının ölçüləri 0,75x0,75 mm-dir (nöqtə boyda). 3 ədəd kitab  isə 2x2 mm formatındadır. Muzeyə fəaliyyəti dövründə 300 min nəfərədək ziyarətçi gəlib.

Zərifə  Salahova deyir ki, “Ginnesin Rekordlar Kitabı”na maraq da təsadüfi yaranmadı: “...“Evronyus” gəlib muzeyi çəkmişdi, Londonda nəşr edilən qəzetlərin biri yazmışdı ki, Azərbaycana kim səfər etsə, mütləq Zərifə Salahovanın yaratdığı Miniatür Kitab Muzeyinə baxsın. Sən demə, “Ginnesin Rekordlar Kitabı”na düşmək üçün çox ciddi tələblər irəli sürülür, sənədlər lazım gəlirmiş. İlk növbədə, onların standartlarına cavab verən, kitabımız olmalı idi. 2014-cü il dekabr ayının ortalarında bizdən “Ginnesin Rekordlar Kitabı”nda necə, yəni hansı adla  təmsil olunmağımızı soruşdular. Bilmək istəyirdilər ki, kitaba muzey, yaxud şəxsi kolleksiya adı ilə düşmək istəyirik...”

2015-ci il yanvarın 21-də “Ginnesin Rekordlar Kitabı”nın rekordlar üzrə menecerlər komandasından alınan məlumata görə, muzeyin sifarişi qəbul edilmişdi. Zərifə Salahovanın illərlə çəkdiyi zəhmət bahasına ərsəyə gələn muzey miniatür kitabların dünyada ən böyük kolleksiyası hesab olunurdu. Məktubda yaxın vaxtlarda Zərifə Salahovaya “Guinness World Records” sertifikatı təqdim ediləcəyi barədə yazılırdı...

2015-ci il yanvarın 25-də isə artıq muzeyin “Ginnesin Rekordlar Kitabı”na düşməsini təsdiq edən sertifikat alacaqları barədə məktub Zərifə xanım Salahovanın bu sahədəki xidmətlərinə verilən ən ali mükafat qədər əziz  sevindirici xəbər  gəlmişdi. Bu, yalnız onun deyil, özünün də xüsusi vurğuladığı kimi, öncə Ümummilli Lider Heydər Əliyevin Miniatür Kitab Muzeyinə və ümumiyyətlə, xalqımızın milli-mənəvi dəyərlərinə dəstəyi, diqqət və qayğısının növbəti nailiyyəti idi...

Bu günlərdə “İndigo” MMC-nin Miniatür Kitab Muzeyinə həsr edilən daha bir nəşri işıq üzü görüb. Azərbaycan, ingilis və rus dillərində çapdan buraxılan “Prezidentin salnaməçisi” kitab-albomu, əslində, Zərifə Salahovanın bu sahədəki xidmətlərinin hesabat formatlı xatirə albomu təsirini də bağışlayır.

 

Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan.- 2022.- 13 fevral. -S. 5.