Çukurova Universitetinin tələbələri dünya ictimaiyyətinə “Xocalıya ədalət!” çağırışı ediblər

 

 

Türkiyənin Adana şəhərində fəaliyyət göstərən Çukurova Universitetində Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunan anım mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, universitetin professor, müəllim heyətinin, eləcə də yerlixarici tələbələrin iştirakı ilə keçirilən mərasimdə əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib.

Rəsmi hissədə Çukurova Universitetinin rektoru doktor Məryəm Tuncel, Azərbaycanın Türkiyədəki səfirliyinin birinci katibi Elxan Zeynalov və təhsil müşaviri Nəcibə Nəsibovanın çıxışları dinlənilib.

Xocalı soyqırımının XX əsrdə insanlıq əleyhinə törədilən ən ağır cinayət olduğunu deyən rektor Məryəm Tuncel bildirib ki, böyük Qarabağ Zəfəri bizim üçün az da olsa təsəlli ola bilər, lakin bu bəşəri cinayəti unutmamalı və unutdurmamalıyıq.

Çıxışında Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinə toxunan diplomat Elxan Zeynalov Prezident İlham Əliyevin Xocalı soyqırımının otuzuncu ildönümü haqqında imzaladığı sərəncamın qarşıya qoyduğu vəzifələrdən, terrorçu dövlət olan Ermənistanın ağır cinayətlərinin ifşası prosesindən, Vətən müharibəsində qazanılan Qələbədən sonrakı proseslərdən danışıb.

Sonra çıxış edən Nəcibə Nəsibova Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində görülən işlərdən, Prezident Rəcəb Tayyib Ərdoğan başda olmaqla Türkiyə dövlətinin və xalqının İkinci Qarabağ müharibəsində sərgilədiyi qətiyyətli mövqedən danışıb.

Qısa bədii proqramdan sonra çıxış edən professor Əmrullah Məmmədov erməni terror təşkilatlarının yaranması, inkişaf istiqamətləri, türk diplomatlarına qarşı törədilən terror aktları, XX əsrdə erməni vandallarının Azərbaycana qarşı həyata keçirdikləri sistemli bəşəri cinayətlərdən bəhs edib.

Daha sonra Xocalı soyqırımının dəhşətlərini əks etdirən film nümayiş olunub.

Siyasi elmlər üzrə fəlsəfə doktoru Mərziyə Məmmədlinin çıxışı təcavüzkar Ermənistanın Azərbaycana qarşı qaldırdığı əsassız ərazi iddiası ilə başlanıb, iki xalq arasında ağır münaqişə və müharibələrə səbəb olan prosesi əhatə edib. O diqqətə çatdırıb ki, 44 günlük Vətən müharibəsi nəticəsində qazanılan rəşadətli Qələbə süni şəkildə yaradılan problemlərə son qoyub.

Çıxışlarda ötən əsrin ən ağır cinayətlərindən sayılan Xocalı soyqırımını törədənlər kəskin şəkildə qınanıb. Diqqətə çatdırılıb ki, Xocalı soyqırımının bütün məsuliyyəti təcavüzkar Ermənistan dövlətinin üzərinə düşür.

Azərbaycanın Türkiyədəki səfirliyi və Çukurova Universiteti tərəfindən birgə təşkil olunan konfransdan sonra iştirakçılar AZƏRTAC-ın arxivində saxlanılan və Xocalı soyqırımının dəhşətlərini özündə əks etdirən fotolardan ibarət sərgi ilə tanış olublar.

Sonda Çukurova Universitetində təhsil alan yerli və xarici tələbələr “Xocalıya ədalət!” çağırışı ediblər.

 

 

Azərbaycan.-2022.- 20 fevral.- S.16.