Kitab dostumuz, ən dəyərli bilik mənbəyimizdir

 

14 Fevral Beynəlxalq Kitab Bağışlama Günüdür

 

Kitab, yaşından asılı olmayaraq, hər kəsin dostu, həyatda yolgöstərənidir…” Kitabın insan həyatındakı rolu əvəzsizdir. Həyatımız boyu kitabın dünyagörüşümüzdə, hərtərəfli inkişafımızdakı rolunu hiss edirik. Məhz buna görə kitab bizim dostumuza çevrilir. Bir-birimizə kitab hədiyyə edəndə də məhz onun dəyərini nəzərə alırıq. Oxunaqlı kitab isə daha qiymətli hədiyyə hesab edilir.

Dünyada kitaba olan maraq və tələbat diqqətdən kənarda qalmayıb. 14 fevral tarixinin Beynəlxalq Kitab Bağışlama Günü kimi qeyd edilməsi isə heç də təsadüfi deyil. 2012-ci ildə ABŞ-da məşhur Delightful Children's Books uşaq kitabı saytının yaradıcısı Emmi Brodmoor tərəfindən bu ideya irəli srülüb.

2013-cü ildə Cənubi Afrikadan Braziliyaya, Sinqapurdan İngiltərəyə, Hindistandan Yeni Zelandiyaya qədər fərqli ölkələrdən olan bloqqerlər birlikdə hərəkət edərək insanları həmin tarixiUşaqlara Kitab Vermə Günüolaraq qeyd etməyə çağırıb. Bununla da dünyanın bir çox ölkələrində 14 fevral “Dövlətlərarası Kitab Bağışlama Günükimi qeyd olunmağa başlayıb. Həmin təşəbbüs bütün dünyada dəstək qazanıb və bu gün də özünə yeni iştirakçılar cəlb etməkdə davam edir. Bu əlamətdar günün yayılmasında məşhur müəlliflərin, bloqqerlərin və uşaq yazıçılarının dəstəyi mühüm rol oynayıb.

Uşaqlara kitab bağışlamaq və onlarda bu əvəzsiz hədiyyəyə məhəbbət yaratmaq həm də bütün insanları birləşdirmək anlamını verir. Ona görə də dünya əhalisi fevralın 14-nü “Beynəlxalq Kitab Bağışlama Günükimi qeyd edir. Uşaqlarda ömür boyu oxumağa sevgi aşılamaq və ehtiyacı olanlara onların kitab əldə etməsinə yardım göstərən kitabsevər könüllülərinin xidmətləri də əvəzsizdir.

Onlar məhz həmin gün dəyərli kitabları gənc oxucularla bölüşməyə çağırırlar. Bu, sadəcə, təbliğat forması deyil...

14 fevral bir çoxlarının yaddaşına eyni zamanda dünyada “Sevgililər günükimi də həkk olunub. Lakin bu tarix kitab bağışlayan və kitaba məhəbbət yaradan bütün insanları özündə daha çox birləşdirir.

Əksəriyyət 14 fevral tarixini, sadəcə, “Sevgililər Günükimi bilir. Amma bugünkü tarix kitabsevərlər üçün ən gözəl bayramdır. Kitab mağazasında çalışanlar da bu fikirdədirlər.

Respublikamızın bölgələrindən fərqli olaraq, paytaxt Bakıda kitab dükanlarına az da olsa, rast gəlinir. Onlardan birinin satıcısı, əslində, özü demişkən, kitabsevər Füruzə Qədirli deyir ki, bilik mənbəyi hesab edilən kitaba maraq bu gün tamamilə fərqlidir: “Əslində, bu sahənin də özünəməxsus problemləri də, ürəkaçan faktları da az deyil. Maraqlı kitabları axtaranlara da rast gəlirik, mobil telefondan istədiyi ədəbiyyatdan yararlanmağa çalışanlara da. Ona görə kitab satışı ilə məşğul olan dükanlarda “alış-veriş” bazar səviyyəsində ola bilməz: kitab alanlar da var, almayanlar da. Alıcıların əksəriyyəti isə gənclərdir. Biz milli bayramımız olmayan “Sevgililər Günü” alıcılarımıza tövsiyə edirik ki, ən yaxşı hədiyyə kitab ola bilər. İntellektli, dünyagörüşlü gənclərimiz bununla razılaşırlar. Son zamanlar kitabsevərlərin sayı artmaqdadır...”

“Zəka” kitab mağazasında hədiyyə seçən alıcı gənc BDU-nun Filologiya fakültəsinin tələbəsi Banuçiçək Muxtarovanın da fikirləri maraqlıdır: “...Hər kəsə kitabı sevdirmək üçün ilk növbədə onu hədiyyə etmək lazımdır. Fürsət tapıb sevdiklərinizə kitab hədiyyə etsəniz, bu, onlar üçün unudulmaz bir xatirəyə çevrilə bilər. Həm sadə, həm də dəyərli olması üçün mən kitab seçərdim. Güman edərəm ki, kitabı hədiyyə edəcəyim kəs məni anlayacaq. Son illər ölkəmizdə də bu gün bir sıra tədbirlərlə qeyd edilir. Bununla da biz nəinki klassik əsərləri tapır, eyni zamanda yeni yazarları, gənc müəllifləri də tanıyır və hətta onların imzası ilə kitablarını hədiyyə də edirik...”

 “Beynəlxalq Kitab Bağışlama Günü” ilə bağlı fikirlərini bildirən Samir Mustafayev deyir ki, bu, təqvimdə ən gənc bayram hesab edilir. ABŞ vətəndaşının adı ilə bağlıdır: “... Bu ideyanı ona balaca oğlu verib. O, anasından niyə insanların bir-birinə kitab bağışladığı xüsusi günün olmamasını soruşub. Bundan sonra atası, kitab təbliği ilə məşğul olan sayt rəhbəri kimi ideyanı gerçəkləşdirib. Dünyanın bir çox ölkələrində 14 fevral “Dövlətlərarası kitabvermə günüolaraq qeyd olunmağa başlayıb. Mövcud olduğu ildən bu təşəbbüs bütün dünyada dəstək qazanır və indiyeni iştirakçılar cəlb etməkdə davam edir. Bu əlamətdar günün yayılmasında məşhur müəlliflərin, bloqqerlərin və uşaq yazıçılarının dəstəyi mühüm rol oynayıb. Hər il minlərlə həm oxunmuş, həm də yeni kitablar dünyanın bütün istiqamətlərinə yola salınır. Bu, uşaqlarda kitaba məhəbbət, böyüklərdə isə bağışlamaq, hədiyyə etmək sevinci yaradır...”

 

Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan.- 2022.- 13 fevral.- S.8.