BMT Azərbaycanın AvropadaAsiyada yeni liderliyini təsdiqlədi

 

Azərbaycan bütün istiqamətlərdə dərin və köklü islahatları reallaşdıran ölkə kimi müxtəlif ölçülü beynəlxalq sorğu agentliklərinin siyahılarında daim irəlidə gedir, aparılan araşdırmalarda daha böyük uğurlar qazanaraq dünyanın iqtisadi mühitinin diqqətini özünə cəlb edir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) ölkəmizin rəqəmsal və davamlı ticarətin asanlaşdırılması sahəsində bir neçə region üzrə yüksək mövqe tutduğunu bildirir.

İİTKM-in yaydığı məlumatda qeyd olunur ki, Birləşmiş Millətlər Təşkilatının 2021-ci il üçün Rəqəmsal və Davamlı Ticarətin Asanlaşdırılması üzrə Qlobal Hesabatının yekun versiyası dərc olunmuşdur. Hesabata əsasən, Azərbaycan qiymətləndirilən meyarlar üzrə mümkün 100 faizdən 86 faiz toplayaraq bu sahədə Cənubi və Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya regionuna liderlik edir.

İİTKM-in innovativ layihəsi olan “Rəqəmsal Ticarət Qovşağı”nın rəhbəri Məsumə Talıbova bildirir ki, Azərbaycanın nəticələrinin 2015-ci ildən bugünədək olan dinamikasına nəzər yetirdikdə artım tempinin dayanıqlığı müşahidə edilir. Tədqiqatın ilk ilindəki nəticəyə nisbətən ölkəmiz 2 il sonra 56, daha sonra 2017-ci ildə 9, 2021-ci ildə isə 5 faiz artımla dayanıqlı artımı qorumağa nail

olmuşdur.

İİTKM-in məlumatında göstərilir ki, sorğunun alt indikatorlarına nəzər yetirdikdə şəffaflıq üzrə 100, rəsmi qaydalar üzrə 91,67, institusional tənzimləmə və əməkdaşlıq üzrə 88,89, kağızsız ticarət üzrə 85,19, transsərhəd kağızsız ticarət üzrə isə 66,67 faiz nəticə əldə olunmuşdur. M.Talıbova xüsusilə vurğulayıb ki, 2019-cu illə müqayisədə bu il şəffaflıq indikatoru üzrə 7 faiz irəliləyişlə maksimum nəticəyə, transsərhəd kağızsız ticarət indikatoru üzrə isə 33 faiz artımla çox böyük irəliləyişə nail olunmuşdur.

 

BMT-nin 2021-ci il üçün Rəqəmsal və Davamlı Ticarətin Asanlaşdırılması üzrə Qlobal Hesabatının yekun versiyasında ölkənin cari vəziyyəti ötən illərlə müqayisə edilmiş, bu irəliləyişlərə səbəb olan islahatlara dair ətraflı məlumatlar öz əksini tapmışıdr. Belə ki, sənəddə Azərbaycan dövləti tərəfindən bu sahədə aparılan geniş islahatlar nəticəsində “Rəqəmsal Ticarət Qovşağı” portalı yaradıldığı qeyd olunur. “Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” dövlət başçısının fərmanından irəli gələn tapşırıqların yerinə yetirilməsi bir sıra üstünlüklərin əldə edilməsinə imkan yaratmışdır.

İİTKM-nin dərc etdiyi məlumatda o da diqqətə çatdırılır ki, həmçinin Azərbaycanın 20 fevral 2021-ci il tarixdən qüvvəyə minən “Asiya-Sakit Okeanında Sərhədlərarası Kağız Ticarətin Asanlaşdırılması Çərçivə Sazişini imzalayan ilk dövlətlərdən olması və bu sahədə aparılan digər islahatlar qlobal müstəvidə də ölkənin mövqeyinin yaxşılaşdırılmasına öz müsbət töhfəsini vermişdir.

İİTKM-in digər innovativ layihələri olan Azexport.az portalı, “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi tərəfindən KOSM-lərə göstərilən dəstək ticarət prosedurlarının sadələşdirilməsi, şəffaflıq və kağızsız ticarət üzrə də ölkənin mövqeyini yüksəltmişdir.

Hesabatda ölkədə cari vəziyyətin qiymətləndirilməsinin həyata keçirilməsi ilə yanaşı, transsərhəd kağızsız ticarətin yaxşılaşdırılması məqsədilə gələcək üçün tövsiyələr də təqdim olunmuşdur. Fevral ayının 10-da geniş sayda qurumların və xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans formatında bu tövsiyələrin müzakirəsi keçiriləcək, 2022-ci il üçün tədbirlər planı təsdiq ediləcək.

 

Bahadur İMANQULİYEV,

Azərbaycan.-2022.-11 fevral.- S.1-2.