Əhalinin artımı həm demoqrafik tərəqqi, həm də sosial məsuliyyətdir

 

 

İstənilən ölkədə əhalinin artması iqtisadiyyat qarşısında yeni vəzifələr qoyur. Əhali çoxalırsa, yeni uşaq bağçalarının, məktəblərin tikilməsi lazım gəlir, yerlərinin sayını artırmaq, ərzaq təhlükəsizliyini gücləndirmək zərurətə çevrilir, enerjidaşıyıcılarına tələbat yüksəlir. Bir sözlə, demoqrafik artım müsbət hal olmaqla yanaşı,həm də kompleks vəzifələrin həllini gündəmə gətirir. Prezident İlham Əliyev çıxışlarında bu məsələyə dəfələrlə toxunub. Cari ilin fevral ayında keçirilən iki mühüm tədbirdə də dövlət başçısı Azərbaycanda demoqrafik vəziyyətin müsbət olduğunu vurğulayaraq bununla bağlı ortaya çıxan vəzifələri qeyd edib.

Prezident “Cənub qaz dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin 8-ci toplantısındakı çıxışında əhalinin sayının çoxalması ilə Azərbaycanın özünün də mavi yanacağa tələbatının artmasını diqqətə çatdıraraq deyib: “İlk növbədə, əhalinin sayının artması ilə əlaqədar bizim daxili tələbatımız da artır. Azərbaycanın demoqrafik vəziyyəti çox müsbətdir. Eyni zamanda, sənaye artır. Ötən il bizdə qeyri-enerji əsaslı sənayedə rekord artım göstəricisi qeydə alınıb. Sənayemizin bu sektoru demək olar ki, 20 faiz artıb. Əlbəttə ki, bizim öz tələbatımızı qarşılamaq üçün daha çox qaza ehtiyacımız var. Həmçinin ümidvaram ki, 2020-ci ildə Vətən müharibəsi ərzində işğaldan azad edilən ərazilərimizi qazlaşdırmaq üçün çox tezliklə bizim əlavə həcmdə qaza ehtiyacımız olacaq”.

Dövlət başçısı həmçinin Azərbaycanın elektrik enerjisi potensialının əsasən daxili istehlaka hesablandığını qeyd edib.

Demoqrafiya mövzusuna Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumunda da toxunulub. Qeyd edilib ki, IV Sənaye İnqilabının mərkəzinin Azərbaycanda yaradılması bizə eyni zamanda geniş bir informasiya məkanına çıxış əldə etmək üçün köməklik göstərəcək. Prezident 25 il bundan əvvəlki dünya ilə indiki dünya arasında böyük fərq olduğunu xatırladaraq deyib: “Biz onu da bilməliyik ki, ənənəvi peşələrin bir neçəsi, bəlkə də bir çoxu bir neçə ildən sonra olmayacaq, yəni bu peşələrə ehtiyac qalmayacaq. Ancaq Azərbaycan bir çox ölkələrdən fərqli olaraq, əhalisi artan ölkədir. Avropa məkanında ölkələrdə ya əhali sabitdir, ya da ki, azalır, bizdə isə artır”.

Müstəqillik dövründə ölkəmizin əhalisi 7 milyondan 10 milyona çatıb. Bu da yerlərinin sayının əməkqabiliyyətli əhalinin sayına müvafiq olmasını tələb edir. Lakin danılmaz faktdır ki, IV Sənaye İnqilabı yerlərinin ləğvinə gətirəcək. Ona görə də IV Sənaye İnqilabı nəticəsində yarana biləcək yeni peşələrə hazır olmalıyıq. Prezidentimizin dediyi kimi: “Hazır olmasaq, o işlər itiriləcək, işsizlərin sayı artacaq, biz yeni işlərə hazır olmayacağıq. Bu, təkcə işsizliyin normal səviyyədə saxlanması deyil, bu, inkişaf deməkdir. Bu inkişafdan geri qalsaq, onda bizim aqibətimiz nə olacaq? Biz, əlbəttə, o ölkə deyilik ki, özümüz hansısa texnoloji yeniliklər icad edək. Halbuki o da mümkündüro da var. İstedadlı azərbaycanlı gənclər indi startapları böyük firmalara satırlar, Amerikada, Avropada bizneslərini qurublar. Yəni intellektual potensial Azərbaycanda çox yüksəkdir, bu da birbaşa təhsillə bağlıdır”.

Əhalinin artmasının Dövlət Statistika Komitəsinin təqdim etdiyi rəqəmlərdə öz əksini necə tapdığına diqqət yetirək. 2021-ci il dekabrın 1-i vəziyyətinə Azərbaycanda əhalinin sayı 10 milyon 152 min 829 nəfər olub. Həmin ilin 11 ayı ərzində əhalinin sayı 33 min 696 nəfər və ya 0,3 faiz artıb.

Əhalinin 53 faizi şəhərlərdə yaşayır, qalan 47 faizi kənd sakinləridir. Kişilər əhalinin sayında 49,9, qadınlar 50,1 faiz təşkil edir. Bir kvadratkilometrə düşən əhalinin sayı 117 nəfərdir.

Ötən ilin yanvar-noyabr aylarında ölkədə 101 min 775 körpənin doğulduğu qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə hesabı ilə bu göstərici 11,1 təşkil edib. Doğulan uşaqların 2628-i əkiz, 75-i üçəm, 8-i dördəm olub.

Sözügedən dövrdə 69 min 761 ölüm halı baş verib. Əhalinin hər 1000 nəfərinə hesabı ilə ölümün səviyyəsi 7,6 təşkil edib.

Nikahların sayı artıb. Belə ki, 2020-ci ilin 11 ayında 32 min 437 nikah qeydə alındığı halda, keçən ilin eyni dövründə onların sayı 50 min 890 olub. Hər 1000 nəfərə görə nikahların əmsalı 3,5-dən 5,5-ə qədər yüksəlib. Lakin təəssüf ki, boşanma halları da çoxalıb.

Demoqrafik vəziyyətin müsbət olması heç də hər ölkədə müşahidə edilmir. Məsələn, Ermənistanda doğumun səviyyəsi çox aşağıdır. Daha dəhşətlisi odur ki, vətəndaşları bu ölkəni tərk edirlər. Bu da, əlbəttə, ölkənin hərtərəfli bərbad vəziyyəti ilə bağlıdır. Ermənistanın bəzi iqtisadçıları isə ağlabatmaz bir fikir söyləyiblər. Deyiblər ki, qiymətlər artsa da, əhali daha yaxşı yaşamağa başlayıb. Bu, necə ola bilər? Gün kimi aydındır ki, Ermənistanın öz vətəndaşını yaxşı yaşatmağagücü var, nə də istəyi. Bunu Dünya Bankının məlumatı da təsdiqləyir. Məlumatda digər keçmiş sovet respublikaları ilə müqayisədə Ermənistanda işsizliyin səviyyəsinin yüksək olduğu bildirilir.

Təkcə o faktı qeyd etmək kifayətdir ki, keçən il 46,9 min Ermənistan vətəndaşı Rusiya vətəndaşlığını qəbul edib. Bu, son illərin rekordudur və ermənilərin neçə vaxtdır öz ölkəsindən digər ölkələrə qaçdığını təsdiqləyən faktlardan biridir. Məsələn, 2017-2021-ci illərdə 153,8 min Ermənistan vətəndaşı Rusiya pasportu alıb. Onlar baş götürüb digər ölkələrə də gedirlər.

Hər bir ölkənin demoqrafiyası onun sosial-iqtisadi vəziyyətinin güzgüsüdür. Doğumunölümün səviyyəsinin göstəriciləri, miqrasiyanın saldosunun müsbət, yaxud mənfi olması sıradan bir faktlar deyil. Bunlar şərhə ehtiyacı olmayan dəlil-sübutdur.

Azərbaycanda demoqrafik vəziyyət müsbət olaraq qalır, əhalimiz getdikcə artır və dövlətimiz buna paralel olaraq öz iqtisadiyyatını inkişaf etdirir.

 

 

Flora SADIQLI,

Azərbaycan.-2022.-11 fevral.- S.1;6.