İki qonşu ölkə arasındakı 30 illik dostluq və qardaşlıq münasibətləri

 

İran İslam İnqilabının şanlı qələbəsindən artıq uzun illər keçir. Azadlıq və müstəqillik böyük İran xalqının inqilab vasitəsilə əldə etdiyi çox dəyərli bir nemətdir. Bu gün İran İslam Respublikası öz milli qərarlarının verilməsində heç bir xarici gücdən asılı deyil. İran təhlükəsizliyini və sabitliyini öz gücünə söykənərək təmin edirbu sahədə ən böyük dövlətlərin maraqlarına xidmət edən hər hansı hərbi və ya təhlükəsizlik mexanizmlərinə qoşulmağa ehtiyac duymur.

 

İnqilab nəticəsində əldə edilmiş əlamətdar nailiyyətlər təkcə siyasi sahədə deyil, iqtisadi, sənaye, kənd təsərrüfatı, mədəni, elmi və hərbi sahələrdə də saysız-hesabsız olmuşdur.

ABŞ-ın onilliklər boyu davam etdirdiyi ədalətsiz sanksiyalar İranı diz çökdürməyib. İran İslam Respublikası bu gün böyük insan kapitalına, zəngin təbii sərvətlərə, enerjimineral mənbələrə malik geniş bir ölkədir və dünyanın ən yüksək hərbi güclərindən biri kimi müxtəlif elmi sahələrdə sürətli inkişafı, regiondadünyada artan nüfuzu ilə qürurla dayanaraq, yeni zəfərlərə imza atır. Sanksiyalara baxmayaraq, bir çox kənd təsərrüfatı məhsulunun istehsalında özünü təmin etmək, nüvə və kosmik biliklərə yiyələnmək, tibbi biliklər, kök hüceyrə, nanotexnologiyabiotexnologiya sahəsində yüksək uğurlar əldə etmək, qabaqcıl raket və dronların, digər hərbi texnika və silahların istehsalı İran xalqının dünya imperializminə qarşı qırx üç illik müqavimətinin nəticəsidir.

İran İslam Respublikasının gücü hər zaman region ölkələrinin və onların dostlarının sabitlik və təhlükəsizliyinin xidmətində olubolacaq. İran İslam Respublikası balanslaşdırılmış və dinamik diplomatiyanın, qonşuluq siyasətinin, qonşuların regionda güclü olmasının tərəfdarı kimi,  bütün ölkələr, xüsusilə də qonşuları üçün sülh və təhlükəsizlik istəyir. Azərbaycan Respublikasına gəldikdə isə İran qonşuqardaş ölkəyə daima sülh, təhlükəsizlik, sabitlik və əmin-amanlıq arzulayır. Haqlı bir söz olaraq həmişə deyildiyi kimi, ortaq dini, mədəni və tarixi bağlılığı nəzərə almaqla İran İslam Respublikası ilə Azərbaycan Respublikasının qardaşlığı və dostluğu mahiyyətcə əbədidir.

İran 1991-ci il dekabrın 25-də Azərbaycan Respublikasının müstəqilliyini tanıyan ilk ölkələrdən biri olub, 1992-ci il martın 12-də isə iki ölkə arasında tam diplomatik münasibətlər qurulub. Bu il iranlılar sevincdə də, kədərdə də bir yerdə olduqları azərbaycanlı bacı-qardaşları ilə birlikdə iki dost, qardaşqonşu ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümünü qeyd edəcəklər.

İki ölkənin yüksək rütbəli rəsmiləri arasında sıx əlaqələr, siyasi, hərbi və iqtisadi sahədə nümayəndə heyətlərinin çoxsaylı səfərləri və görüşləri bir tərəfdən əlaqələrin yüksək səviyyəsindən xəbər verirsə, digər tərəfdən də bütün bunlar, münasibətlərin və ikitərəfli əməkdaşlığın davam etdirilməsinə və genişləndirilməsinə güclü dəstəkdir. 2021-ci il noyabrın 28-də İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 15-ci Zirvə Toplantısı çərçivəsində iki ölkə prezidentlərinin görüşü münasibətlərdə dönüş nöqtəsi olmaqla yanaşı, iki qardaş ölkə arasında çox qısa sürən, İran və Azərbaycan Respublikası arasında dostluq münasibətlərinə heç vaxt dözməyənlərin düşmənçiliyindən qaynaqlanan bəzi süni anlaşılmazlıqlara son qoydu.

İki ölkənin yüksəksəviyyəli rəsmilərinin qarşılıqlı görüşlərinin davamı olaraq, bu yaxınlarda biz İran İslam Respublikasının xarici işlər naziri cənab Hüseyn Əmir Abdullahiyanın və onun rəhbərlik etdiyi yüksəksəviyyəli nümayəndə heyətinin Azərbaycan Respublikasına rəsmi səfərinin şahidi olduq. Bu yaxınlarda İranın yol və şəhərsalma naziri cənab Rüstəm Qasemi Azərbaycan Respublikasında səfərdə olarkən və işğaldan azad edilmiş ərazilərə baş çəkdikdən sonra Azərbaycan Respublikasının rəsmi şəxsləri ilə birgə layihələrin icrasını, ikitərəfli əməkdaşlıq məsələlərini, o cümlədən İranın azad edilmiş ərazilərin yenidən qurulmasına yardımını və bu prosesdə fəal iştirakını müzakirə etdi. Eyni vaxtda Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov isə Tehrana səfər edərək, İranın yüksək vəzifəli rəsmiləri ilə görüşlər keçirib və müzakirələr aparmışdır. Bundan əvvəl isə Azərbaycan Respublikasının Baş nazirinin müavini, İran-Azərbaycan Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Şahin Mustafayevin İrana çox səmərəli bir səfəri baş tutmuşdur. Azərbaycan Respublikası Milli Məclisinin Sədri xanım Sahibə Qafarovanın başçılıq etdiyi yüksəksəviyyəli nümayəndə heyətinin İran Prezidentinin andiçmə mərasimində iştirakı da böyük əhəmiyyət kəsb edir.

Bu görüşlərdə birgə layihələrin son vəziyyəti və onların icra prosesinin sürətləndirilməsi yolları, bununla bağlı irəli sürülən təşəbbüslər, ikitərəfli məsələlər (siyasi, mədəni, iqtisadi, hərbi, hüquqi, məhkəmə, konsulluqs. kimi sahələrdə əməkdaşlıq məsələləri) və bəzi regional məsələlər (o cümlədən Cənubi Qafqazla bağlı məsələlər və “3+3” regional əməkdaşlıq formatı) müzakirə olunmuş, ümumiregional maraqları təmin etmək üçün lazımi qərarlar qəbul edilmişdir.

İran İslam Respublikası və Azərbaycan Respublikası arasında əlaqələrin inkişaf etməsinin və möhkəmlənməsinin göstəriciləri sonsuzdur. İki ölkənin yüksək rütbəli rəsmilərinin müntəzəm olaraq qarşılıqlı səfərləri əlaqələrin mövcud səviyyəsindən xəbər verir. Azərbaycan vətəndaşlarının ilk səfərlərinin İrana olması faktı iki xalqın qardaşlıq sevgisini göstərən daha bir mühüm göstəricidir. Beynəlxalq təşkilatlarda və qurumlarda, xüsusilə BMT, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatında iki ölkənin qarşılıqlı dəstəyinin səviyyəsi də İran-Azərbaycan beynəlxalq əməkdaşlığının yaxşı göstəricisidir.

İqtisadi sahədə iki ölkə arasında ticarət dövriyyəsinin yüksək həcmi və həyata keçirilən birgə layihələrin sayı da yaxşı göstəricidir. Koronavirus pandemiyasının təsiri altında olan dünya iqtisadiyyatı və ticarətinin hələ də özünə gələ bilməməsinə baxmayaraq, 2021-ci ildə İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında ticarət əlaqələri 2020-ci illə müqayisədə 30 faizdən çox artıb. Ticarət əlaqələri koronavirus pandemiyasından əvvəlki dövrlə də müqayisədə nisbi artıma malik olmaqla, son iki onillikdə ən yüksək səviyyəyə çatmışdır.

Azərbaycan Respublikasının İrandan idxalı artırması ilə yanaşı, İrana ixracı da əhəmiyyətli dərəcədə artmışdır. 2021-ci ildə İran Azərbaycan Respublikasının qeyri-neft ixracının 11 faizini özünə cəlb etmişdir ki, bu da İranın siyasətində və xarici ticarətində qonşularına davamlı diqqətinin göstəricisidir. Ümid edilir ki, yaxın gələcəkdə iki ölkə arasında Preferensial Ticarət Sazişinin imzalanması və cari günəş ilində İran-Azərbaycan Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının növbəti 15-ci iclasının keçirilməsi ilə 765 km ümumi sərhədə malik olan iki ölkə arasında iqtisadi və ticarət əlaqələri yüksək səviyyədə olan siyasi əlaqələrə uyğun şəkildə daha da inkişaf etsin.

Hər iki tərəfdən koronovirusa nəzarətin düzgün idarə olunması ilə nəqliyyat, enerji və sənayenin müxtəlif sahələrində bir sıra birgə layihələr daha sürətlə həyata keçirilir.

Ölkələrimiz birgə fəaliyyət və əməkdaşlıq şəraitində tranzit daşımaları və enerji təchizatı, dünya ölkələrinin, xüsusilə də Avropanın təbii qaza olan tələbatının təmin olunması sahəsində mühüm rol oynayırlar.

Bu gün görürəm ki, İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasındakı ikitərəfli əlaqələr indiyədək heç vaxt olmadığı qədər yüksək səviyyədədir. İqtisadiyyat, ticarət, sənaye, kənd təsərrüfatı, təhsil və turizm sahələrində müxtəlif istiqamətlərdə, o cümlədən bütün region üçün prinsipial əhəmiyyət kəsb edən “Şimal-cənub nəqliyyat dəhlizi” ilə bağlı mövcud çoxsaylı ikitərəfli saziş və layihələr bu həqiqəti təsdiq edir.

 

 

Seyid Abbas MUSƏVİ,

İran İslam Respublikasının

Azərbaycan Respublikasındakı səfiri

Azərbaycan.-2022.-11 fevral.- S.1;6.