XIII əsrdə Qızıl Orda qüvvələrinin viran qoyduğu Əniğ qalasından günümüzə qalanlar 

 

Qusarın Əniğ kəndi rayon mərkəzindən 27 kilometr məsafədə, Qusarçayın sağ sahilində yerləşir. Doqquz kəndi əhatə edən Qusarçay vadisinə də bu kəndin adı (Əniğ vadisi) verilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Böyük dağın zirvəsində, təbii maneələrlə qorunan kənddə insanlar qədim zamanlardan yaşayıblar. Ərəb dilində yazılmış “Əbu Müslümün tarixi” adlı tarixi xronikada X əsrdə Azərbaycanda mövcud olan bir neçə kəndin, o cümlədən Əniğ kəndinin adı çəkilir. Rəvayətə görə, kənd adını vaxtilə burada yaşamış yerli hakim Əniğ ağanın adından alıb. Digər fərziyyəyə görə, Əniğ hun tayfalarının adı ilə bağlı toponimdir. Əvvəllər “ünüğolub, sonra dəyişərək “Əniğ” formasını alıb.

Şahdağın ətəklərində yerləşən bu strateji əhəmiyyətli kənddə ərəb işğalından qorumaq üçün qala inşa edilib. Əniğ qalası (həmçinin Ənih, Eniğ, Anıx) dəniz səviyyəsindən 1100 metr yüksəklikdə, Salavat aşırımının arxasında, Qusarçayın sağ sahilində yerləşir.

Əniğ qalası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən qorunan abidələr sırasındadır.

Qalanın müdafiə qabiliyyətini daha yaxşı təmin etmək üçün onun memarı ərazinin relyefinin bütün xüsusiyyətlərindən uğurla yararlanıb. Üç hektar ərazini əhatə edən qala dik yamacda, nəhəng təpənin cənubunda yerləşib. Bir vaxtların möhtəşəm istehkam-qalasının iki hissəsi bu günədək gəlib çatıb. Onlardan birincisi 15-16 metr uzunluqda divardır. İkincisi isə qala qapılarının künc bürcüdür. Divarının eni 2 metr, bürcün diametri təxminən 6 metrdir. Qala qalıqlarının hündürlüyü 6-9 metrə çatır. Əniğ qalası qaya parçalarından və çay daşlarından inşa edilib. Gürcü dilində yazılmış “Xronoqrafi” kitabındakı (XIV) məlumatlara əsasən, IX əsrdən mövcud olan Əniğ qalasının 1288-ci ildə dağıdıldığını təxmin etmək olar.

Yerli əhali hesab edir ki, qala xristianlarla müsəlmanlar arasında müharibə zamanı məhv olub. 1288-ci ildə Qızıl Orda qüvvələrinə qarşı döyüşdə Hülakü dövlətinin hökmdarı Arqun xanın ordusunda xidmət edən gürcü-xristianlar Əniğ qalasının müdafiəçilərinin arasında olub.

Əniğ kəndinin mərkəzində yerləşən məscid Hindistandakı Tac-Mahala bənzədiyinə görə eyni cür adlanır. Deyilənlərə görə, bu məscidi tikdirən adam Hindistana səyahət zamanı Tac-Mahalı görüböz kəndində buna bənzər məscid tikdirməyə qərar verib. Çiy kərpicdən tikilən məscidin 300-ə yaxın yaşı olduğu söylənilir və üzərindəki lövhədə XIX əsrdə tikildiyi qeyd olunub.

 

Azərbaycan.- 2022.-22 fevral.- S.6.