İlham Əliyev diplomatiyasının tarixi zəfəri

 

Moskva Bəyannaməsi Azərbaycan ilə Rusiya münasibətlərini yeni müttəfiqlik səviyyəsinə yüksəltdi və ölkəmizin milli maraqlarının birmənalı qəbulunu rəsmiləşdirdi

 

Dünən ölkəmizin siyasi həyatında daha bir tarixi hadisə yaşandı.

Prezident İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə bu ölkəyə rəsmi səfəri çərçivəsində aparılan mühüm danışıqlarla yanaşı, Müttəfiqlik Bəyannaməsinin imzalanması iki dost ölkə arasındakı münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu, daha da dərinləşəcəyini, iqtisadi əlaqələrin isə ən yüksək səviyyəyə yüksələcəyini təsdiqlədi.

 

Azərbaycanın milli maraqlarına xidmət edən sənəd

 

Öncə prezidentlər təkbətək görüşdülər və diplomatik münasibətlərin yaradılmasının 30 illiyi ərəfəsində keçirilən görüşdə qarşılıqlı maraq doğuran məsələləri müzakirə etdilər.

İlham Əliyevin Prezident kimi Rusiyaya 48-ci səfərindən oncə də bəlli idi ki, iki dövlət başçısının görüşündə siyasi-iqtisadi, ticarət və humanitar sahələrdə ikitərəfli münasibətlərin gələcək inkişaf perspektivləri müzakirə olunacaq.          

Azərbaycan Prezidenti hələ ötən ilin dekabr ayında, Yeni il ilə əlaqədar xalqa müraciətində Rusiya ilə əlaqələrin keyfiyyətcə yeni səviyyəyə qalxacağının anonsunu vermişdi. Yəni bəyannamənin imzalanması yeni gündəmə çıxan məsələ deyildi. Müttəfiqlik sənədinin hazırlanması və tərəflər arasında razılaşdırılması uzun sürən prosesdir.

İki ölkə arasında kifayət qədər belə sənədlər imzalanıb. Belə ki, bundan əvvəl Azərbaycanla Rusiya arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında 3 iyul 1997-ci il tarixli müqavilə, Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında dostluqstrateji tərəfdaşlıq haqqında 3 iyul 2008-ci il tarixli bəyannamə imzalanıb və Rusiya ilə Azərbaycan prezidentlərinin 1 sentyabr 2018-ci il tarixli birgə bəyanatı olub.  Həmin sənədlərdə Azərbaycanın toxunulmazlığına, ərazi bütövlüyünə, suverenliyinə, müstəqil siyasətinə əlavə təminat verilib.

Digər vacib bir məsələ Azərbaycan və Rusiya arasında 10 noyabr 2020-ci il, 11 yanvar 2021-ci il və 26 noyabr 2021-ci il tarixli bəyanatların icrası, o cümlədən bölgəmizdə iqtisadi və nəqliyyat xətlərinin bərpası, sərhədlərin delimitasiyademarkasiya məsələləri, sülhməramlılarla bağlı məsələlərin hər biri geniş şəkildə müzakirəsi idi. Elə həm danışıqlarda, həm də imzalanan yeni sənəddə də bu məsələlər öz əksini tapdı. Bununla da Rusiya bir daha Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və Zəngəzur dəhlizinin tezliklə açılmasının tərəfdarı olduğunu təsdiqlədi.

Liderlərin imzaladıqları “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında” Moskva Bəyannaməsinə əsasən Azərbaycan və Rusiya arasında münasibətlər keyfiyyətcə yeni müttəfiqlik səviyyəsinə yüksəlir.

Bəyannamədə BMT Nizamnaməsinə, Helsinki Yekun aktına, beynəlxalq hüququn hamılıqla qəbul olunmuş norma və prinsiplərinə riayət olunmasının vacibliyi vurğulanır. Beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasında BMT-nin aparıcı rolu qabardılır. Sənədin əsas qayəsi ondan ibarətdir ki, hər iki ölkə müttəfiqlik fəaliyyətini bir-birinin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərin toxunulmazlığına qarşılıqlı hörmət, bir-birinin daxili işlərinə qarışmamaq, qarşılıqlı fayda, güc tətbiq etməmək və güclə hədələməmək prinsipləri üzərində qurulmasına dair öhdəlik götürürlər. Bəyannamədə xüsusi olaraq vurğulanır ki, hər iki ölkə müstəqil xarici siyasət yürüdür, hər iki ölkə müttəfiqlik münasibətlərinə xələl gətirən hərəkətlərdən, eləcə də bir-birinə qarşı yönəlmiş hərəkətlərdən çəkinməyə dair öhdəlik götürürlər.

Sənəddə deyilir ki, hər iki ölkə öz ərazisində hər hansı bir təşkilat və şəxslərin digər tərəfin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətinin qarşısını alacaqlar. Bəyannamədə keçmiş münaqişəyə son qoymuş 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın, eləcə də 11 yanvar 2021-ci il tarixli və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatların müddəalarının həyata keçirilməsinin vacibliyi vurğulanır.

Yəni Müttəfiqlik Bəyannaməsi 10 noyabr müqaviləsindəki öhdəliklərin yerinə yetirilməsi üçün Azərbaycana hüquqi baxımdan əlavə rıçaqlar verir. Məsələn, sənəddə beynəlxalq terrorçuluq, ekstremizm, separatçılıq kimi təhdidlərin qarşısının alınması üçün səylərin birləşdirilməsi qeyd olunur. Bu, Azərbaycana separatistrevanşist qüvvələrə qarşı Rusiyadan daha konkret addımlar gözləməyə əsas verir.

Həmçinin Qafqaz regionu və Xəzərdə sabitliyin və təhlükəsizliyin təmin edilməsində qarşılıqlı fəaliyyətin zəruriliyi qeyd olunurbu xüsusda Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyada nəzərdə tutulmuş bütün fəaliyyət prinsiplərinin vacibliyi təsdiq edilir.

Mühüm məqamlardan biriiki ölkə arasında qarşılıqlı faydalı ticarət-iqtisadi, sərmayə və elmi-texniki əməkdaşlığın dərinləşdirilməsi və onların keyfiyyətcə yeni səviyyəyə qaldırılması öhdəliyidir. Bu xüsusda, hər iki tərəf bir-birinin maraqlarına zərər vuran istənilən iqtisadi fəaliyyətin həyata keçirilməsindən çəkinmək öhdəliyi götürür.

 

Müstəqil siyasətin təntənəsi, milli maraqlara uyğun atılan addımlar

 

Prezident İlham Əliyevin yürütdüyü müstəqil siyasət Azərbaycanı dünyanın etibarlı tərəfdaş ölkəsinə çevirib. Yəni Azərbaycan öz milli maraqlarına uyğun çoxşaxəli müstəqil xarici siyasət yürütməklə strateji tərəfdaşlarının sayını artırır.

Azərbaycan xarici siyasətində qlobal həmrəyliyə və beynəlxalq əməkdaşlığa mühüm əhəmiyyət verir. Azərbaycanın BMT-dən sonra ikinci ən böyük siyasi təsisat olan Qoşulmama Hərəkatına hazırkı sədrliyi dövründə irəli sürdüyü təşəbbüslər və atdığı praktiki addımlar bunu təsdiq edir. Azərbaycan Qoşulmama Hərəkatına sədrlik edən ölkə kimi heç bir bloka qoşulmur və qonşuları ilə münasibətləri yüksələn xətt üzrə inkişaf etdirir. Hətta Ermənistanla da normallaşma prosesinin sürətlənməsində maraqlıdır.

Azərbaycanın Avropanın enerji təchizatında, köhnə qitənin enerji təhlükəsizliyinin təmin edilməsində çəkisi durmadan artır. “Cənub qaz dəhlizi” kimi nəhəng enerji layihəsinin təşəbbüskarı Azərbaycandır.

Tarixi köklərə malik Azərbaycan-Rusiya münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Rusiya ilə ölkəmizin yüksəksəviyyəli əlaqələri var. İki ölkə prezidentləri arasında qarşılıqlı hörmət və etimada əsaslanan dostluq münasibəti formalaşıb. Rusiya Azərbaycanın qonşusu, dünyanın ən güclü ölkələrindən və BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən biridir. Ölkələrimiz arasında tarixən dərin mədəni, humanitar, iqtisadi əlaqələr mövcuddur.

Vətən müharibəsində əldə etdiyimiz zəfərdən sonra Cənubi Qafqazda yeni bir regional nizam, konfiqurasiya formalaşır. Bu yeni konfiqurasiyanın əsas oyunçuları Azərbaycan, Türkiyə və Rusiyadır. Bu mənada, hər iki ölkə ilə müttəfiqlik bəyannamələrinin imzalanması bu yeni konfiqurasiyanı rəsmən təsbit edir. Qeyd edək ki, Türkiyə ilə müttəfiqlik bəyannaməsi 2021-ci ilin iyun ayının 15-də Şuşada imzalanıb. Lakin Türkiyə ilə imzalanmış Şuşa Bəyannaməsi ilə Rusiya ilə imzalanmış Moskva Bəyannaməsi arasında çox ciddi fərq var. Şuşa Bəyannaməsi “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” Bəyannamə, Rusiya ilə imzalanmış sənəd isə “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqqında” Bəyannamədir. Türkiyə ilə imzalanmış sənəddə bir çox məsələlər Rusiya ilə imzalanmış sənəddə əksini tapmayıb. Şuşa Bəyannaməsinə görə, Azərbaycan və Türkiyə xarici siyasət məsələlərini koordinasiya edirlər, bir-birinə yardım göstərirlər (hərbi yardım da daxil olmaqla). Rusiya ilə imzalanmış bəyannamədə bunlar yoxdur.

Qazandığımız hərbi zəfərin siyasi-diplomatik cəbhədə daha da möhkəmləndirilməsi, Azərbaycanın regionda yaratdığı yeni reallığın tam olaraq qəbul edilməsi mühüm əhəmiyyət kəsb edir. Hər iki bəyannamə bu məqsədə xidmət edir.

Sürətlə dəyişən, təhdidlərin durmadan artdığı bir dünyada bütün güc mərkəzləri ilə münasibətləri ən yüksək səviyyəyə çatdırmaq ölkəmizin milli təhlükəsizliyinin qorunmasını təmin edir. Sənəddə göstərilən öhdəliklər daha çox Rusiyaya aiddir. Azərbaycan istənilən halda Rusiyanın ərazi bütövlüyünə, sərhəd toxunulmazlığına qarşı addımlar atmaq, RF-yə güc tətbiq etmək, Rusiya ərazisində terrorçuluq, ekstremizm, separatçılığa dəstək vermək fikrində və gücündə deyil. Ona görə bu sənədlə tərəflərin üzərinə götürdüyü öhdəliklər Azərbaycan dövlətinin və xalqının maraqlarına tam uyğundur. Eyni zamanda regionda gedən proseslər göstərir ki, Rusiyanın təsiri bu bəyannamə olmadan da artmaqdadır. Bu bəyannamə Rusiyadan çox Azərbaycana lazımdır, çünki ölkəmiz postsovet məkanında hökm sürən qeyri-müəyyənlik və təhdidlər fonunda öz təhlükəsizliyi və toxunulmazlığına dair daha bir rəsmi zəmanət alır.

Bir sözlə, Rusiya ilə Azərbaycan arasında müttəfiqlik fəaliyyəti haqqında bəyannamə Azərbaycanın müstəqil siyasətini təsbit edir, Rusiya bununla bağlı üzərinə öhdəlik götürür. Sənədin mahiyyətinə əsasən, Rusiyanın Azərbaycana təsir imkanları azalır,  Azərbaycan isə əlavə təminatlar almaqla daha da güclənir.

Bəyannamənin əhəmiyyətini dəyərləndirən Prezident İlham Əliyev qeyd edib ki, bu sənəd ölkələrimiz, qarşılıqlı əlaqələrimiz, həmçinin regional təhlükəsizlik üçün birmənalı olaraq çox müsbət əhəmiyyət kəsb edəcək: “Qarşılıqlı müttəfiqlik haqqında bəyannamənin imzalanması son illərdə bizim necə fəal işlədiyimizi və qarşılıqlı əməkdaşlığın potensialını artırmağımızı çox yaxşı illüstrasiya edir. Bu, sadəcə sözlər, sadəcə niyyətlər deyil, həm də konkret işlər olub. Bəyannamə yetərincə genişdir. Onun 40-dan çox bəndi var. Bizim qarşılıqlı fəaliyyətimizin ən mühüm sahələrini əhatə edir və artıq dediyim kimi, bizim ikitərəfli münasibətlərin gələcəyi üçün çox böyük əhəmiyyət kəsb edəcək”.

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan.- 2022.- 23 fevral.- S.1; 5.