Azərbaycan Sahibkarlar Konfederasiyasının Rəyasət Heyətinin iclası keçirilib

 

22 fevral 2022-ci il tarixdə  Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Rəyasət Heyətinin iclası keçirilmişdir.

İclasda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkə sahibkarlarına işğaldan azad edilmiş ərazilərdə yerlərinin yaradılması ilə bağlı çağırışı səsləndirilmiş, bu ərazilərdə gələcək biznes imkanları müzakirə edilmiş, habelə Azərbaycan Sahibkarlar Konfederasiyasının 2021-ci ilin hesabatı və 2022-ci ilin planı dinlənilmişdir.

Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev iclası açaraq, 2021-ci ilin ümumilikdə ölkəmiz üçün uğurlu il olduğunu qeyd etmişdir. O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin inkişafı və doğma Qarabağın dirçəlişi ilə bağlı görülən işlərə görə dövlət başçısına minnətdarlığını ifadə etmişdir. Konfederasiya rəhbəri ölkə sahibkarlarını Prezidentin çağırışına dəstək verməklə işğaldan azad olunmuş ərazilərdə yeni yerləri yaratmağa dəvət etmişdir.

2021-ci ilin hesabatını təqdim edən Konfederasiyanın baş katib əvəzi Kristina Məmmədova bildirmişdir ki, pandemiyanın yaratdığı məhdudiyyətlərə baxmayaraq, Azərbaycan Sahibkarlar Konfederasiyası öz fəaliyyətində böyük uğurlara nail olmuş, sahibkarların hüquqlarının müdafiəsini, dövlət-özəl dialoqunun qurulmasında rolunu daha da gücləndirmişdir.

Belə ki, 2021-ci ildə  Kofederasiya  tərəfindən dövlət orqanları ilə sahibkarlar arasında müxtəlif mövzuları əhatə edən görüşlər və tədbirlər keçirilmiş, müxtəlif sektorları təmsil edən komissiyalardan daxil olan müraciətlər əsasında hökumətə təkliflər təqdim edilmişdir.

2021-ci ildə Azərbaycan Sahibkarlar Konfederasiyası rayon sahibkarları arasında təmsilçiliyi genişləndirərək, ümumilikdə 43 rayonda nümayəndə strukturu formalaşdırmış və bununla da dövlət-özəl dialoqunda region sahibkarlarının fəallığını yüksəltməyə nail olmuşdur. Bununla bərabər Azərbaycan məhsullarının xarici ölkələrdə təbliği, investisiya mühitinin təşviq edilməsi, xaricdə çalışan adamlarımızla əlaqələrin qurulması üçün Azərbaycan Sahibkarlar Konfederasiyası təmsilçilik fəaliyyətini genişləndirmişdir. Hazırda 23 xarici ölkədə Konfederasiyanın 21nümayəndəsi fəaliyyət göstərir.

Ötən il ölkədə sahibkarlığın inkişafı, biznesin dəstəklənməsi məqsədilə Konfederasiya tərəfindən 20 qanunvericilik aktına əlavə və dəyişikliklər təklif edilmişdir. Konfederasiya 30-a yaxın beynəlxalq tədbirə evsahibliyi etmişdir, ölkəmizdəki xarici diplomatik nümayəndələrlə 21 görüş keçirilmişdir. Beynəlxalq əməkdaşlığın dərinləşdirilməsi məqsədilə xarici ölkələrdə fəaliyyət göstərən sahibkarlıq təşkilatları ilə 11 memorandum imzalanmışdır.

Konfederasiyanın baş katibinin müavini Xəqan Hümmətzadə sahibkarların məhkəmə çəkişmələrinin məhkəməyə qədər həllini təmin etmək məqsədilə Azərbaycan Sahibkarlar Konfederasiyasının təsisçiliyi ilə Mübahisələrin Alternativ Həlli Mərkəzinin yaradılması ilə bağlı çıxış etmişdir. Qeyri-kommersiya təşkilatı kimi fəaliyyət göstərəcək Mərkəzin nizamnamə layihəsi və digər təsis sənədləri Rəyasət Heyətinə təqdim edilmişdir.

Azərbaycan Sahibkarlar Konfederasiyasının Rəyasət Heyəti  Mübahisələrin Alternativ Həlli Mərkəzinin təsis edilməsi ilə bağlı müvafiq qərar qəbul etmişdir.

Konfederasiyanın 2022-ci il üçün planı barədə vitse-prezident Vüqar Zeynalov təqdimatla çıxış etmişdir. Onun sözlərinə görə, bu il dövlət-özəl dialoqunun daha da inkişaf etdirilməsi, dayanıqlı inkişaf məqsədləri, mediasiya fəaliyyətinin sistemləşdirilməsi, işğaldan azad olunmuş torpaqlarda iqtisadi fəaliyyətin dirçəldilməsi, sahibkarların maarifləndirilməsi və digər məsələlər planına daxil edilmişdir.

Sonra Rəyasət Heyətinin üzvləri tərəfindən işğaldan azad olunmuş ərazilərimizə investisiya yatırılması ilə bağlı gələcək planlar dinlənilmiş, Azərbaycan Sahibkarlar Konfederasiyasının 2021-ci ilin hesabatı və 2022-ci ilin planı səsə qoyularaq qəbul edilmişdir.

İclasın sonunda Azərbaycan Sahibkarlar Konfederasiyası adından işğaldan azad olunmuş ərazilərimizə investisiya yatırılması, yeni yerlərinin yaradılması ilə bağlı ölkə sahibkarlarına çağırış qəbul edilmişdir.

Sonda Konfederasiyanın Prezidenti sahibkarlara uğurlar arzulayaraq, 2022-ci ildə daha məsul vəzifələrin olduğunu, işğaldan azad edilmiş torpaqlarımızın inkişafı məqsədilə daha səylə çalışmağın vacibliyini vurğulayaraq iclası bağlı elan etdi.

 

Azərbaycan.- 2022.- 23 fevral.- S.8.