Qarşılıqlı etimada söykənən münasibətlər

 

Avropa İttifaqı Prezident İlham Əliyevin regionda yaratdığı yeni reallıqları tam olaraq bölüşür

 

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyətinin bu günlərdə respublikamıza etdiyi səfər, Prezident İlham Əliyevlə keçirilən görüş bir daha Azərbaycan-Aİ arasında münasibətlərin qarşılıqlı maraqlar əsasında inkişaf etdiyini göstərdi. Növbəti dəfə təsdiq olundu ki, ölkəmiz Aİ üçün etibarlı tərəfdaşdır.

 

Azərbaycanın tərəfdaşı

 

Azərbaycanla Aİ arasında münasibətlərin hər iki tərəfin maraqları əsasında qurulduğunu və qarşılıqlı etimada söykənərək inkişaf etdiyini bir çox aspektdən görmək mümkündür. Məsələn, hazırda Aİ Azərbaycanın əsas qlobal ticarət tərəfdaşlarından biridir.

Azərbaycanın xarici ticarət dövriyyəsinin böyük hissəsi Aİ üzvü olan ölkələrin payına düşür. Aİ-yə üzv dövlətlər ölkəmizdə aparıcı sərmayəçi qismində çıxış edirlər.

Siyasi sferaya gəldikdə bu qurumun 9 üzvü ilə Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında sənədlər imzalanıb. Azərbaycanla Aİ arasında paraflanan “Tərəfdaşlıq prioritetləri” sənədi isə Prezident İlham Əliyevin diplomatiyasının mühüm nailiyyətidir. “Tərəfdaşlıq prioritetləri”ndə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünə və suverenliyinə bir daha dəstək ifadə olunub.

Ötən ilin iyul ayında Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin Azərbaycana səfəri, dekabr ayında isə Prezident İlham Əliyevin Brüsselə səfəri respublikamızla bu təşkilat arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyini göstərdi. Şarl Mişelin Azərbaycana səfəri çərçivəsində İpək yolu və Ələt Azad İqtisadi Zonası ilə bağlı təqdimatda iştirak etməsi Aİ-nin ölkəmizin inkişaf səviyyəsi, eyni zamanda perspektiv inkişaf istiqamətləri ilə maraqlanmasından xəbər verdi. Prezident İlham Əliyevin ötən ilin dekabrında Brüsselə səfəri zamanı Şarl Mişellə keçirilən görüşdə Aİ ilə Azərbaycan arasında əlaqələrin uğurla inkişaf etdiyi qeyd olundu, təşkilatın Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması istiqamətində dəstəyi vurğulandı.

Enerji təhlükəsizliyi son vaxtlarda dünyanı və xüsusən Aİ-ni düşündürən ən vacib məsələyə çevrilib. Azərbaycanın isə zəngin karbohidrogen ehtiyatları və dünya bazarlarına çıxış yolları var. Elə buna görə hazırda enerji təhlükəsizliyi məsələsi xeyli vaxtdır ki, Aİ-Azərbaycan əməkdaşlığının mühüm tərkib hissəsinə çevrilib. Qərbin Azərbaycanı özünün enerji təhlükəsizliyinin əsas təminatçılarından biri kimi qəbul etməsi Aİ-Azərbaycan əlaqələrini strateji səviyyəyə yüksəldib. “Cənub qaz dəhlizi” ilə bağlı həyata keçirilən əməkdaşlıq Azərbaycanla-Aİ arasında bu sahədəki tərəfdaşlığın ən gözəl nümunəsidir. Aİ ilk gündən bu layihənin həyata keçirilməsinə dəstək veribonu özünün prioritetləri sırasına daxil edib.

 

Aİ-nin dəstəyi təqdir olunur

 

Hazırda Azərbaycanla Aİ arasında yüksək və səmərəli dialoq var. Eyni zamanda Aİ Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması üçün təşəbbüslərlə çıxış edir, bu məsələdə öz siyasiiqtisadi dəstəyini ifadə edir.

Bir məsələni də qeyd edək ki, Aİ artıq həllini tapmış Dağlıq Qarabağ məsələsində ədalətli siyasət həyata keçirir. Məsələn, hələ ötən il Brüsseldə keçirilmiş üçtərəfli görüşün nəticələrinə dair Aİ Şurasının prezidenti Şarl Mişelin bəyanatı da obyektiv olmaqla Azərbaycanın maraqlarını ehtiva etdi. Bəyanatda Aİ Şurasının prezidenti tərəfindən Cənubi Qafqazda sülhün bərqərar olunması üçün Azərbaycanla Ermənistan arasında hərtərəfli sülh müqaviləsinin imzalanmasına çağırış edildi. Şarl Mişel bildirdi ki, 2020-ci il 10 noyabr, 2021-ci il 11 yanvar və 26 noyabr (Soçi) görüşləri və bəyanatlarından irəli gələn öhdəliklər yerinə yetirilməlidir. Bəyanatda ilk dəfə olaraq Aİ-nin gündəliyinə itkin düşmüş şəxslər mövzusu daxil edildi, onların taleyinə aydınlıq gətirilməsinin zəruriliyi qeyd olundu. Həmçinin minatəmizləmə səylərinə, münaqişədən əziyyət çəkmiş insanlara, xüsusilə yenidənqurma fəaliyyətlərinə dəstək ifadə olundu, sərhədlərin demarkasiyası və delimitasiyası məsələsində Aİ tərəfindən məşvərətçi statusda dəstək verilə biləcəyi vurğulandı. Şarl Mişel regionda kommunikasiya infrastrukturunun yaradılmasına, ölkələr arasında əlaqəni təmin edən xətlərin açılmasına və inkişaf etdirilməsinə Aİ-nin dəstəyini ifadə etdi.

Fevralın 21-də Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən Prezident İlham Əliyev ötən ilin dekabrında Aİ Şurasının prezidenti Şarl Mişelin təşəbbüsü ilə Brüsseldə Ermənistanın baş nazirinin də iştirakı ilə keçirilən görüşün əhəmiyyətini vurğuladı. Brüssel gündəliyinin önəmini diqqətə çatdıran Prezident İlham Əliyev bu xüsusda müzakirələrin və praktiki işin aparılmasının vacibliyini qeyd etdi, həmçinin Azərbaycana minaların təmizlənməsi prosesində veriləcək dəstəyin təqdir olunduğunu dedi. Dövlət başçısı Aİ ilə Azərbaycan arasında əməkdaşlığa dair saziş üzrə danışıqların intensiv şəkildə aparılması və onun tez bir zamanda yekunlaşdırılması üçün müvafiq qurumlara tapşırıqların verildiyini diqqətə çatdırdı. Birinci Qarabağ müharibəsi zamanı dörd mindən artıq insanın itkin düşdüyünü xatırladan Prezident İlham  Əliyev ötən il Brüsseldə və cari il fevralın 4-də Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə dördlü formatda keçirilən görüşlərin nəticəsi olaraq itkin düşmüş şəxslərin taleyinin və onların basdırıldığı kütləvi məzarlıqların müəyyən edilməsi məsələsində Ermənistan tərəfinin konstruktiv formada davranmasının vacibliyini diqqətə çatdırdı.

Aİ ilə Azərbaycan arasında əlaqələrin daha da dərinləşdirilməsi hər iki tərəfin maraqlarına tam uyğundur. Aİ Azərbaycanın regiondaqlobal miqyasda gedən proseslərdə iştirakını, bu proseslərə verdiyi töhfələri görürbütün bunları düzgün dəyərləndirir. Ən əsası, bu təşkilat Prezident İlham Əliyevin regionda yaratdığı yeni reallıqları tam bölüşür.

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.- 2022.-23 fevral.- S.8.