Hər bir sənətkarın öz üslubu var

 

“Xarıbülbül” və “Qarabağ salnaməsi” sərgilərində “Qarabağnamə” və “Gül açmış gilizlər” əsərlərinin müəllifi, gənc rəssam Gülparə Məmmədovanın fikirləri belədir

 

Kiçik yaşlarından rəssamlığın nə olduğunu anlamaq və “böyüyəndə rəssam olacağam”, - demək, sadəcə, uşaqlıq arzularıdır. Çünki rəssamlıq təkcə qazanılmış bir bacarıq deyil. O, həm də  Allahın verdiyi fitri istedaddır. Rəssamlıq insanın hisslərinin, beyninin, ürəyinin və əllərinin birgə simfonya ilə ərsəyə gətirdiyi sənət incisi deməkdir.

...İnsan müəllim, həkim, hüquqşünas, mühəndis və digər peşə sahibi ola bilər. Ancaq şair və rəssam kimi doğular...”

Bu fikirlərin müəllifi, gənc rəssamın sənətinə həvəs və marağına, özü demişkən, genetikanın qanunlarına söykənir. Arzusu ata nəslindən miras qalan xalçaçılıq sənətini inkişaf etdirib, xalçaçı-rəssam adını qazanmaqdır. Etiraf edir ki, sənətkarın hansısa bir əsərinin yaddaqalan olması üçün ona xüsusi ilham lazımdır. O da bu ilhamı 44 günlük Vətən savaşında gəncliyin mübarizliyindən və qalibiyyət bayrağını Şuşaya sancmalarından alıb: “...2020-ci ilin dekabrında Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən  keçirilmişQarabağ salnaməsi” adlı sərgiyə hazırlaşdım. Sərgiyədək yağlı boya ilə işlədiyim “Qarabağnamə” əsərini ərsəyə gətirdim. Rəsmim nazirlik tərəfindən diplom ilə mükafatlandırıldı. 2021-ci il 27 Mart - Elm Gününə həsr olunan “Xarıbülbül” açıq hava rəsm və əl işləri sərgisində həmin əsərim birinci yerə layiq görüldü və Fəxri fərmanla mükafatlandırıldı. Bu, qısa da olsa, rəssamlıq həyatımda ilk böyük uğurumdur. Sərgidə həmçinin “Gül açmış gilizlər” adlı yağlı boya əsərim də nümayiş olunmuşdu”.

Gülparə Məmmədova 1991-ci ildə Şamaxıda anadan olub. 2009-cu ildə Bakıya köçdükləri üçün Biləcəri qəsəbəsində şəhid Seymur Məmmədov adına 301 nömrəli tam orta məktəbi bitirib. Kiçik yaşlarından sənətə böyük maraq göstərib. Böyüyəndə aktrisaya müğənni olmaq xəyalı da qurub. Əlinə düşən kağız parçasına və ya  ürəyinə yatan münasib yerə şəkillər çəkməyə böyük maraq göstərib.

“Keçmişinə ayna tutan” gənc rəssam deyir ki, bu, onu çox xoşbəxt edirdi. Lakin zamanla sanki bu həvəsi, ailəsində buna qarşı çıxılması ilə, sadəcə, ötəri marağa çevrilib: “...Sənət seçimimi tamamilə basqa istiqamətə yönləndirdim, hüquqşünas olmaq qərarına gəldim. Ailəmiz bu seçimimlə də razılaşmadı. Məcbur olub 2010-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzdində Azərbaycan Pedaqoji Kollecin Bakı şəhər filialının Texnologiya müəllimliyi fakültəsinə daxil oldum (o zamanlar həmin kollec Sabir adına Dövlət Pedaqoji Kolleci adlanırdı).  2014-cü ildə kolleci əla qiymətlərlə bitirdim. Bir müddət “Ümüd Yeri” Xeyriyyə Cəmiyyətində könüllü olaraq müxtəlif xidmətlər göstərdim...”

İllər keçdikcə Gülparə  rəssamlıqla həvəskar kimi məşğul olurbir çox sərgilərdə iştirak edir. 2018-ci ildə sənədlərini Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına verən Gülparə istədiyi Dekorativ tətbiqi sənət fakültəsinə qəbul ola bilmir. Lakin inadından əl çəkmir. 2019-cu ildə məqsədinə çatır. Özü demişkən, hər şeyin zamana ehtiyacı var. Hazırda Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının 3-cü kursunda əla qiymətlərlə təhsil alır. Etiraf edir ki, rəsm çəkməyi çox sevib. Hələ 12-13 yaşlarında qonşuları rəssam Şahindən bu sənətin sirlərini öyrənməyə başlayıb.  Onun masası uzərindəki kitabda gördüyü bir şəkil bu sənət barədə düşünməyinə səbəb olub və rəssam olacağını xəyalında canlandırıb. Həmin əsər Mikelanjelonun “Adəmin Yaranışı” idi: “...Rəssam, şairə Xalidə Seyidova, eləcə də xalçaçı-rəssam müəllimlərimdən Abbas Məmmədov, Mehriban Əliyeva öz dəyərli məsləhətləri, dərsləri ilə mənə dayaq olublar. Əsas məqsədim xalçaçı-rəssam olmaqdır. Bu istiqamətdə Xalq rəssamı, UNESCO yanında Rəssamlar Birliyinin üzvü Eldar Mikayılzadə və xalçaçı-rəssam, ekspert Məmmədhüseyn Hüseynovun üzərimdə böyük əməyi var. 20-dən çox sərgidə istirak etmişəm. Bir çox diplom, sertifikat və təşəkkürnamələrim var”.

Gülparənin digər gənc həmkarları kimi, böyük xəyalları da var. Bunların önündə isə dünyaya Azərbaycan xalçalarının qədim nümunələrini müasir üslubda göstərə bilən xalçaçı-rəssam olmaq dayanır.

 

M.SADIQOV

 

Azərbaycan.- 2022.- 23 fevral.- S.10.