Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş turnir keçirilib

 

Tovuz Rayon İcra Hakimiyyətinin və rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş idmanın strongmen növü üzrə açıq rayon birinciliyi keçirilmişdir.

Tovuz rayon Olimpiya İdman Kompleksində keçirilən turnirdə Tovuzla yanaşı, Gəncə, Mingəçevir şəhərlərini, eləcə də və Ağstafa rayonunu təmsil edən 40-dan çox idmançı iştirak etmişdir.

Yarışların açılış mərasimində Azərbaycanın Dövlət Himni səsləndirildikdən sonra Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Çıxış edənlər diqqətə çatdırmışlar ki, Xocalı soyqırımı Azərbaycan tarixinə dəhşətli və faciəli səhifələrdən biri kimi yazılmışdır. Bu amansız  soyqırımı aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil olmuşdur. Dünyada qəbul olunmuş beynəlxalq konvensiyalar, ümumbəşəri qanunlar Xocalı faciəsi kimi soyqırımları pisləyir, yolverilməz olduğunu qeyd edirlər. Lakin bu faciənin qisası yerdə qalmadı. 44 günlük Vətən müharibəsində  müzəffər ordumuz tərəfindən qazanılmış qələbədə itirilmiş torpaqlarımız geri qaytarılmaqla düşmənə layiqli cavab verildi.

Sonra yarışlara start verilmişdir. Gərgin idman mübarizəsi şəraitində keçən yarışlarda l yerə Tovuz, ll yerə Mingəçevir, lll yerə isə Ağstafa komandası layiq görülmüşlər. Qaliblər xatirə medalları və diplomlarla təltif olunmuşlar.

 

Sabir ƏLİYEV

 

Azərbaycan.- 2022.- 24 fevral.- S.6.