Azərbaycanın tarix və memarlıq abidəsi

 

Qarabağ Azərbaycandır!

 

Keçən əsrin 90-cı illərinin əvvəllərində həm xarici, həm də daxili faktorlardan yaranan mənfi təsirlər nəticəsində Azərbaycan bir dövlət, xalq, hətta coğrafi ərazi kimi böyük risklərlə üz-üzə qalmışdı. Xalqın səriştəsiz, zəif və qətiyyətsiz rəhbərliyə olan inamının tükənməsi xalq və hakimiyyət arasında böyük uçurumun yaranmasına səbəb olmuşdu. Eyni zamanda ölkədə yaranmış hərc-mərclik mühiti, geniş şəkildə tüğyan edən özbaşınalıq halları, vahid nizami ordunun yoxluğu və ölkədə baş verən vətəndaş qarşıdurması dövlətçiliyimizin sütunlarını ciddi şəkildə sarsıdaraq, onun gələcək mövcudluğunu şübhə altına almışdı.

Yaranmış vəziyyətdən və xaosdan yararlanan məkrli düşmən öz çirkin planlarını reallaşdırmağa müvəffəq oldu. Tarixi və əzəli torpaqlarımız ard-arda işğal edilməyə başlanıldı. Xüsusilə münaqişənin ilkin dövrlərində Şuşanın itirilməsi digər rayonların da işğalına rəvac verdi. Belə ki, Şuşanın yerləşdiyi mühüm əlverişli coğrafi mövqe ümumilikdə bütöv Qarabağ və Şərqi Zəngəzur bölgəsinə tam nəzarəti həyata keçirməyə hərbi-strateji baxımdan böyük imkanlar yaradırdı.

İşğal dövründə düşmən sanki şuşalılarsız tənha qalan, təklənən Şuşanın özü ilə döyüşməyə başladı. İşğal nəticəsində şəhər tamamilə talan edildi, zəngin muzeykitabxanalara məxsus dəyərli tarixi əsərlər, eksponatlar, xalçalar yağmalanaraq Ermənistana daşındı. Tarix və mədəniyyət abidələri yerləyeksan edildi. Dini inanc yerləri, qəbiristanlıqlar vandalizm aktları nəticəsində dağıdılaraq təhqir edildi. Hətta xan qızı Xurşidbanu Natəvanın məzarı insanlıq simasını itirmiş düşmən tərəfindən qızıl-zinət əşyalarını talamaq məqsədilə dağıdıldı, yerlə bir edildi. Ən acınacaqlı hal isə ondan ibarət idi ki, şairə məxsus cənazədən əsər-əlamət belə qalmamışdı. Qarabağ şahzadəsinin Şuşanın Xanlıq məhəlləsində tikilən, tarixi XVIII-XIX əsrlərə gedib çıxan sarayı da talanaraq dağıdıldı, xarabazara çevrildi. Ali Baş Komandan, Prezident İlham Əliyevin də vurğuladığı kimi: “...Görün biz kimlərlə üz-üzə idikbiz kimi məğlub etmişik? ...Bu təkcə ərazi bütövlüyümüzün bərpası deyil, erməni faşizminin belinin qırılmasıdır. Biz bölgəni erməni faşizmindən xilas etdik, dünyanı erməni faşizmindən xilas etdik...”. Bəli, biz müzəffər xalq, qalib dövlət kimi, öz birliyimizlə, həmrəyliyimizlə erməni faşizmini məğlub etdik, düşməni önümüzdə diz çökdürdük.

Təəssüflər olsun ki, 30 ilə yaxın davam edən işğal dövründə xalqımıza məxsus tarixi-mədəni irsin məhv edilməsi siyasətini həyata keçirən erməni vandalları tərəfindən yüzlərlə tarixi memarlıq abidəsi məhv edildi, Pənahəli xanın sarayı, Cümə məscidi, Aşağı Gövhər ağa məscidi, Xurşidbanu Natəvanın, Üzeyir bəy Hacıbəylinin, Bülbülün ev-muzeyləri dağıdılaraq xarabalığa çevrildi. Əvəzində isə Şuşanın tarixi adını saxtalaşdıraraq “Şuşi” adlandıran, “bura qədim erməni yurdudur”, - deyə dünyaya tanıtdırmağa çalışan məkrli düşmən şəhərdə oliqarxların öz şəxsi istirahətləri üçün tikdirdikləri üç-dörd malikanəni çıxmaqla daşı daş üstünə qoymadılar, bir fidan belə əkmədilər. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin ŞuşadaVaqif Poeziya Günləri”nin rəsmi açılışında çıxışı zamanı vurğuladığı kimi: “...Şuşanı erməni şəhəri kimi təqdim edə bilmədilər və əgər bu, erməni şəhəri idisə, niyə belə vəziyyətdə idi, niyə dağılmış vəziyyətdə idi, niyə bir dənə bina tikilməyib? Üç-dörd erməni məmurunun yeni villalarından başqa, bir dənə də yeni bina tikilməyib. Köhnə binalar hamısı dağıdılıb, tarixi binalar dağıdılıb”. Bu real faktlar bir daha bu qədim Azərbaycan torpağının onlar üçün əziz və doğma olmadığının, bu yerlərdə qorxu və səksəkə içində müvəqqəti yaşadıqlarının bariz nümunəsi idi.

Bütün bu kimi əzablara və çətinliklərə baxmayaraq, nə zamansa ədalətin bərqərar olacağına, sülh və danışıqlar yolu ilə münaqişənin sona yetəcəyinə, işğal edilmiş tarixi torpaqlarımızın geri qaytarılaraq haqqın öz yerini tapacağına böyük inam və ümidlər var idi. Lakin çox təəssüflər olsun ki, dünya birliyi tərəfindən nümayiş etdirilən ikili yanaşma, siyasi riyakar münasibətlər qəbul edilmiş və icrasını gözləyən mühüm beynəlxalq əhəmiyyətli qərarların masa üzərində qalmasına səbəb oldu. Nəhayət, dünya birliyi tərəfindən sərgilənən ədalətsiz və haqsız mövqelərə rəğmən, məğrur və qürurlu Azərbaycan xalqı işğalla heç vaxt barışmayacağını, ədalətsizliyə boyun əyməyəcəyini ortaya qoydu. 44 günlük Vətən müharibəsində qalib Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin müdrik rəhbərliyi altında qəhrəman Azərbaycan Ordusu düşmən tapdağında olan vətən torpaqlarını işğaldan azad edərək, ölkəmizin ərazi bütövlüyünü bərpa etməyə müvəffəq oldu. Düşmənin başı xalqımızın birliyinin rəmzinə çevrilmiş “dəmir yumruqla əzildi, ərazilərimizə soxulmuş qanlı əlləri kəsildi.

44 gün davam edən Vətən müharibəsi zamanı müzəffər Azərbaycan əsgəri öz igidliyi, qəhrəmanlığı, vətənə olan sonsuz məhəbbət və sədaqəti ilə bir növ qəhrəmanlıq salnaməsi yazdı. Xüsusilə qədim və doğma yurd yerimiz, mədəniyyət beşiyimiz - Şuşa şəhərinin ciddi zərər görməməsi məqsədilə yüngül silahlarla silahlanmış Azərbaycan oğulları hündür, sıldırım dağları dırmaşaraq düşmənlə üz-üzə, diş-dişə gəldilər, qanlı döyüşlə ona məxsus olanı geri aldılar. Qalib Azərbaycanın şanlı bayrağını Şuşa qalasında dalğalandırdılar.

Düşməni vahiməyə salan səhnələrdən birio idi ki, qəhrəman Azərbaycan əsgəri vurulsa da, yenidən ayağa qalxır, qana boyanmış əlləri ilə sıldırım qayaların kəsici daşlarından yapışaraq nəinki özünü, kürəyində yaralı, hətta şəhid qardaşını belə özü ilə o müqəddəs şəhərə qaldırırdı. Bu mərd, qorxmaz vətən oğulları kürəklərində təkcə əsgər yoldaşını deyil, sanki Şanlı Qələbəni də o müqəddəs məkana daşıyırdılar. Qarabağın tacı Şuşa şəhərinin işğalçılardan azad olunduğu gün, xalqımızın qüdrətinin və milli qürurunun təntənəsi olaraq Zəfər günü kimi əbədi tarixə düşdü.

İşğaldan azad olunmuş ərazilərdə ilk bərpa və quruculuq işlərinin məhz Şuşada həyata keçirilməsi isə Qarabağın tacı olan Şuşanın xalqımız üçün nə qədər önəmli, müqəddəs və əziz olduğunun göstəricisidir. Çünki Şuşa tarixboyu bütün çətinliklərə rəğmən, hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz bir parçası olmuşbu cür də qalacaqdır.

Tarixi-mədəni əhəmiyyəti və Azərbaycan xalqı üçün müstəsna mənəvi dəyərə malik olması Şuşaya xüsusi qayğı və həssaslıqla yanaşılmanı zəruri edir. Bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 may 2021-ci il tarixli sərəncamı ilə Şuşa şəhərinin tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması və ənənəvi dolğun mədəni həyatına qovuşması, eləcə də Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin parlaq incisi kimi beynəlxalq aləmdə təbliği məqsədilə Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edilmişdir.

Şuşada işğalın səbəb olduğu dağıntılar nəticəsində milli-mədəni irsimizə məxsus bütün tarixi-memarlıq abidələrinin bərpası, eyni zamanda təbiətə vurulmuş ziyanın aradan qaldırılması məqsədilə təxirəsalınmaz işlərə 2021-ci ilin yanvarın 14-dən başlanılmış və qısa müddət keçməsinə baxmayaraq, Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşada bu gün şəhərin əsl tarixi simasının əvvəlki görkəminə qaytarılması yönündə nəhəng layihələr gerçəkləşdirilməkdədir.

Bu layihələr azad olunan ərazilərdə inzibati, tarixi və mədəni abidələrin bərpası ilə yanaşı, həm də tarixi torpaqlarımızda illərdir həyata keçirilməyən mədəni tədbirlərimizin, ənənələrimizin bərpasını da əhatə edir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 5 yanvar 2022-ci il tarixli Sərəncamı ilə Şuşanın Azərbaycan xalqı üçün tarixi əhəmiyyətini, yüksək mədəni-mənəvi dəyərini nəzərə alaraq 2022-ci il Azərbaycan Respublikasında “Şuşa ilielan edilmişdir. Sərəncama əsasən, bu il bir sıra önəmli mədəni və dövlət əhəmiyyətli tədbirlərin, xüsusilə Şuşanın 270 illiyinin böyük qürursevinc hissləri ilə dövlət səviyyəsində, təmtəraqlı şəkildə qeyd olunması nəzərdə tutulmuşdur.

Həm Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi, həm də 2022-ci ilinŞuşa ilielan edilməsi ilə bağlı sərəncamlar gələcək uğurlara hesablanmış böyük məqsədləri və amalları özündə ehtiva edən müdrik qərarlardır. İmzalanmış bu sərəncamlar Şuşanın əvvəlki statusunu və şöhrətini bərpa etməklə yanaşı, onun tarixi və əzəli Azərbaycan torpağı olduğunu, xalqımızın bu ərazilərdə çoxəsrlik mədəniyyətə sahib olduğunu, milli-mədəni və tarixi irsimizin dərin köklərə əsaslandığını bütün dünyaya nümayiş etdirmiş olacaqdır.

Beləliklə, azad Şuşanın bərpa-quruculuq və inkişafı fonunda qürurla deyə bilərik ki, vaxtilə düşmən tapdağı altında inildəyən müqəddəs vətən torpaqlarının, o cümlədən mədəniyyətimizin incisi, qədim, tarixi şəhərimiz olan Şuşanın dağıdılmış və xarabalığa döndərilmiş mənzərəsi üzərində dolaşan Molla Pənah Vaqifin, Xurşidbanu Natəvanın, Üzeyir bəy Hacıbəylinin, Bülbülün və digər böyük mədəniyyət xadimlərimizin narahat ruhları bu gün azad, firavan və gündən-günə çiçəklənən, müasirləşən Şuşanı gördükcə sevinir və rahatlıq tapırlar. Şuşa sanki günəş kimi yenidən doğulur, yenidən yaranır.

 

Coşqun MƏMMƏDOV

iqtisadçı

 

Azərbaycan.- 2022.-24 fevral.- S.7.