Qanlı cinayət aktı

 

Ümummilli Lider  Heydər Əliyev demişdir: “Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı eyni zamanda bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir”.

Azərbaycan xalqı, eləcə də dünyanın tərəqqipərvər insanları Xocalı soyqırımının 30-cu ildönümünü böyük kədər hissi ilə qeyd edirlər. Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı faciəsi Xatın, Lidisa, Oradur soyqırımı kimi insanlıq tarixinə düşmüş qanlı bir hadisədir. 200 ildən artıqdır ki, Azərbaycan xalqı erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalıb. Azərbaycanlılar tarixi torpaqlarından qovulub, qaçqına, məcburi köçkünə çevrilibbütün bunlar ermənilər tərəfindən törədilmiş kütləvi qırğınlarla, qarətlərlə, insanlığa sığmayan işgəncələrlə müşayiət olunub.

Ermənistan silahlı qüvvələri 1992-ci il fevralın 25-dən 26-na keçən gecə keçmiş SSRİ-nin Xankəndidə yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin və texnikasının bilavasitə iştirakı ilə Xankəndi ilə Əsgəran arasında yerləşən Xocalı şəhərini zəbt edərək, Azərbaycan xalqına qarşı soyqırımı həyata keçirdilər. Bu dəhşətli faciənin iştirakçısı, Xocalı şəhər sakini, könüllü özünümüdafiə dəstəsinin üzvü, hazırda Bakının Nərimanov rayonunda yaşayan Ruslan Bədəlovun dediklərindən:

- Fevralın 25-i axşamdan şəhər toplardan və ağır zirehli texnikadan şiddətli atəşə tutulmağa başladı. Nəticədə şəhərdə yanğınlar baş verdi və fevralın 26-sı səhər saat 5 radələrində Xocalı tam alova büründü. Belə bir vəziyyətdə erməni əhatəsində olan şəhərdə qalmış təqribən 2500 nəfər əhali yaxınlıqdakı Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etməyə məcbur oldu. Ancaq bu, dəhşətli faciəyə çevrildi. Şəhəri yerləyeksan etmiş erməni silahlı dəstələri və motoatıcı alayın hərbçiləri dinc əhaliyə divan tutmağa başladılar.

 Məqsəd bir tərəfdən Qarabağın dağlıq hissəsində azərbaycanlılardan ibarət olan, strateji əhəmiyyətli maneəni aradan qaldırmaq idisə, digər tərəfdən, ümumiyyətlə, Xocalını Yer üzündən birdəfəlik silmək idi. Çünki Xocalı elə bir yaşayış məskəni idi ki, o, Azərbaycanın qədim dövrlərindən müasir dövrə qədər tarix və mədəniyyət ənənələrini özündə əks etdirirdi. Erməni silahlı dəstələrinin Xocalıya hücumunu ilk növbədə şəhərin coğrafi mövqeyi şərtləndirirdi. 7000 əhalisi olan Xocalı Xankəndidən 10 kilometr cənub-şərqdə, Qarabağ dağının silsiləsində və Ağdam-Şuşa, Əsgəran-Xankəndi yollarının üzərində yerləşir. Qarabağdakı yeganə aeroport da Xocalıda idi. Xocalı qarabağlıların tarixən məskunlaşdığı yaşayış məntəqəsidir və nə qədər dağıdılsa da, qədim tarixi abidələrin yeri arxivlərdə, sənədlərdə indiyə qədər qalmaqdadır.

Əhalisi əsasən üzümçülük, heyvandarlıq, arıçılıq və əkinçiliklə məşğul olmuşdur. Şəhərdə toxuculuq fabriki, 2 orta məktəb və 2 natamam orta məktəb var idi. O zaman SSRİ ərazisində baş vermiş hadisələrlə əlaqədar olaraq Fərqanədən (Özbəkistan) qaçqın düşmüş 54 məhsəti türkü ailəsi, həmçinin Ermənistandan və Xankəndidən qovulmuş azərbaycanlıların bəziləri bu şəhərə pənah gətirmişdilər. Sonralar ermənilər etiraf edirdilər ki, Ermənistan silahlı dəstələrinin əsas vəzifəsi Xocalı platsdarmının məhv edilməsi, bu məntəqədən keçən Əsgəran-Xankəndi yolunun boşaldılması, azərbaycanlıların nəzarətində olan aeroportun ələ keçirilməsi idi.

Xocalı soyqırımı zamanı şəhərin 5379 nəfər əhalisi deportasiya olunub, 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qalıb, onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək hələ də məlum deyil, 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 8 ailə tamamilə məhv edilib, 130 uşaq valideynlərindən birini, 25 uşaq isə - hər ikisini itirib, 613 nəfər, o cümlədən 63 uşaq və 106 qadın işgəncə verilməklə vəhşicəsinə öldürülüb.

Ekspertlərin fikrincə, Ermənistan tərəfindən Azərbaycan Respublikasına qarşı başlanan müharibənin səbəbləri və nəticələrinin ümumi qiymətləndirilməsi və Xocalıdakı faciəvi hadisələrin bütün mövcud faktları qəti şəkildə sübut edir ki, bu şəhərdə törədilmiş cinayətlər sıradan və təsadüfi hərəkət deyil, Ermənistanın sistemli zorakılıq siyasətinin tərkib hissəsi olub. Xocalıdakı mülki insanların məqsədyönlü qırğını sadəcə azərbaycanlı olduqları üçün onların kütləvi məhvinə yönəlmişdi.

Ötən 30 il ərzində Azərbaycan torpaqlarına qarşı davam edən təcavüz fonunda Ermənistan tərəfindən törədilmiş müharibə, insanlıq əleyhinə cinayətlər və Xocalı soyqırımı insan hüquqları və beynəlxalq humanitar hüququn, xüsusilə 1949-cu il Cenevrə konvensiyaları, Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya, MülkiSiyasi Hüquqlar haqqında Beynəlxalq Pakt, İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq Pakt, İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan davranış və cəza növlərinə qarşı Konvensiya, İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında beynəlxalq Konvensiya, Uşaq hüquqları haqqında Konvensiyaİnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya və digər beynəlxalq hüquqi sənədlərin ciddi şəkildə pozulmasıdır.

XX əsrdə dünya tarixinin ən qəddar soyqırımı aktı olan Xocalı faciəsi haqqında tarixi həqiqətlərin beynəlxalq aləmə çatdırılması istiqamətində təbliğat və təşviqat işlərinin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Bu siyasi kurs ötən illərdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilmişdir. “Xocalıya ədalət!” beynəlxalq təbliğat və məlumatlandırma kampaniyası bu siyasi kursun həyata keçirilməsində, xüsusilə Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında uzaqgörənliklə düşünülmüş uğurlu bir strategiya olmuşdur.

Azərbaycan torpaqları ötən ilin 44 günlük Vətən müharibəsində erməni işğalından azad edilsə də, Xocalı soyqırımı yaddan çıxmır. Erməni vandallarının vəhşilikləri ildən-ilə tarixi faktlarla üzə çıxır, onlara qarşı bəşəriyyətin nifrət hissi daha da güclənir. Bu şərəfsizliyin daşıyıcısı olan erməni silahlıları bu gün də Xocalıda, eləcə də Qarabağın Ermənistanla sərhəd bölgələrində terrorla məşğuldurlar. Odur ki, ildən-ilə fəaliyyət coğrafiyasını daha da genişləndirən “Xocalıya ədalət!” kampaniyası bəşəriyyəti terror nəticəsində zülm və işgəncələrdən əziyyət çəkən milyonlarla insanın taleyi uğrunda mübarizəyə çağıran mənəvi bir cəbhədir. “Xocalıya ədalət!” çağırışı beynəlxalq terrora qarşı mübarizədə humanizm dəyərləri üzərində köklənmiş güclüyeni strateji modeldir.

“Xocalıya ədalət!” beynəlxalq məlumat kampaniyası Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci il mayın 8-də irəli sürülüb. Faciənin mənəvi və siyasi-hüquqi tanınmasına yönəlmiş bu kampaniya dünyanın bir çox ölkəsində uğurla həyata keçirilir. Bunun nəticəsi olaraq İslam Əməkdaşlıq Təşkilatı ermənilərin Xocalıda törətdiyi mənfur əməlləri “insanlığa qarşı kütləvi cinayət” kimi tanıyıb və üzv dövlətləri bu faciəyə lazımi siyasi-hüquqi qiymət verməyə çağırıb. Artıq Xocalı faciəsinin soyqırımı olması faktı dünyanın bir çox ölkəsinin və beynəlxalq təşkilatların qərarlarında, qətnamələrində əksini tapıb. Dünyanın 13 ölkəsi, ABŞ-ın 22 ştatı parlament səviyyəsində Xocalı soyqırımını rəsmən tanıyıb. Avropa İnsan Haqları Məhkəməsi 2010-cu il 22 aprel qərarında Xocalının azərbaycanlılardan ibarət mülki əhalisinin qırılmasını “müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər kimi qiymətləndirilə bilən xüsusilə ağır əməllər” kimi müəyyən edib.

Bu gün “Xocalıya ədalət!” dünyanı gəzir, beynəlxalq kürsülərdən insanları haqsızlığa, zülmə və zülmkarlığa, terrorçuluğa qarşı mübarizəyə çağırır. Məqsəd Xocalı faciəsinin əsl mahiyyətini, cinayətkarları və onların havadarlarını dünyaya bəyan etmək, ikili standart mövqeyində dayanmış ayrı-ayrı dövlətləri, bəzi beynəlxalq təşkilatları haqqın səsinə səs verməyə çağırmaqdır. Həmçinin beynəlxalq qurumların bu faciə ilə əlaqədar insan hüquqları və azadlıqları haqqında qəbul edilmiş qərarlarına, müraciətlərinə hörmətlə yanaşmağa dəvət etmək, beynəlxalq hüquq normaları çərçivəsində əxlaqlı və saf siyasi yanaşma yolu ilə Xocalı faciəsinə hüquqisiyasi qiymət vermək istəyidir.

Dünyada qəbul olunmuş beynəlxalq konvensiyalar, ümumbəşəri qanunlar Xocalı faciəsi kimi soyqırımları pisləyir, onların yolverilməz olduğunu bildirirlər. Bu cinayət təkcə Azərbaycan xalqına qarşı deyil, həm də bütün bəşəriyyətə yönəldilib.

Sağ qalan xocalılılar hazırda Azərbaycanın 48 şəhər və rayonunda, 500-dən çox kənd və qəsəbəsində sanatoriya, düşərgə, çadır şəhərciyi və xüsusi evlərdə müvəqqəti məskunlaşıblar. Onlar Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində 44 günlük Vətən müharibəsində qazanılmış zəfəri özlərinin şərəfi hesab edirlər, sevinclərinin həddi-hüdudu yoxdur. Xocalı sakinləri dövlətin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunsalar da, doğma yurda qayıdacaqları günün ümidi ilə yaşayır və o günü səbirsizliklə gözləyirlər.

 

Rəhman SALMANLI

 

Azərbaycan.- 2022.- 26 fevral.- S.10.