Moskva Bəyannaməsi Azərbaycan-Rusiya iqtisadi əlaqələrinin inkişafına da təkan verəcək

 

Prezident İlham Əliyevin apardığı müstəqil xarici siyasət uğurla davam edir. Ölkəmizin milli maraqları əsas götürülən bu siyasət Qərb və Şərqlə eyni dərəcədə səmərəli əməkdaşlıq etməyə imkan verir. Dövlət başçısının fevralın 22-də Moskvada Rusiya Federasiyası ilə Azərbaycan arasında imzalanan bəyannamə də ölkəmizin milli maraqlarına uyğundur.

Bu bəyannamə 43 bənddən ibarətdir və onun ilk bəndində tərəflər bir-birinin suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərin toxunulmazlığına qarşı hörmət, daxili işlərinə qarışmamaq kimi mühüm öhdəliklər var. Ukrayna böhranı fonunda belə bir bəndin bəyannaməyə daxil edilməsi xüsusi əhəmiyyət daşıyır. Bəyannamə Rusiya Federasiyası ilə ölkəmiz arasındakı uzunmüddətli münasibətlərin beynəlxalq hüquq və normalarına uyğun tənzimlənməsində mühüm rol oynayacaq, iki ölkə arasında qarşılıqlı əlaqələrin tənzimlənməsi və faydalı əməkdaşlıq üçün yeni imkanlar açacaq.

Rusiya ilə Azərbaycan arasında sıx iqtisadi əlaqələr mövcuddur. Məlumdur ki, İtaliya ölkəmizin Avropada əsas iqtisadi tərəfdaşıdır. Bu ölkəyə əsasən xam neft satılır. Qeyri-neft sektoru üzrə isə əsas ticarət tərəfdaşımız, bu sahədə ən çox idxal-ixrac əməliyyatları həyata keçirdiyimiz ölkə Rusiyadır.

Bəyannamədə iki ölkə arasında metallurgiya, neft-qaz və ağır maşınqayırma, aviasiya, avtomobil, kimya, əczaçılıq, həmçinin yüngül sənaye, kənd təsərrüfatı, qida maşınqayırması sahəsində əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur. Bununla yanaşı, bank-kredit, maliyyə sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanır. Eyni zamanda ölkələr arasında qarşılıqlı hesablaşmalarda milli valyutalardan istifadə edilməsi sahəsində də əməkdaşlıq nəzərdə tutulub. İndi dünyanın bir çox ölkələri dollar əsarətindən qurtulmaq üçün milli valyutalarla hesablaşmağa səy göstərir, iki ölkə bu sahədə də əməkdaşlığa qərar verdi.

Ölkəmiz kənd təsərrüfatında istehsal etdiyi məhsulları əsasən Rusiya bazarında satır. Bu ölkə bizim məhsulların əsas alıcısıdır. Bəyannamədə iki ölkə arasında aqrar-sənaye kompleksi sahəsində, o cümlədən kənd təsərrüfatı məhsulları ilə təchizat, həmçinin bu məhsulların istehsalı, emalı və saxlanmasında qabaqcıl texnologiyalardan istifadə olunması barədə razılıq əldə olunub.

Məlumdur ki, Rusiya həm də bizimlə yaxın nəqliyyat əlaqəsi olan ölkədir. Xüsusilə “Şimal-Cənub” beynəlxalq magistral dəhlizinin davamlı istismarı hər iki ölkənin maraqlarına cavab verir. Rusiya Azərbaycandan keçməklə İran vasitəsilə Fars körfəzinə çıxmaq üçün bu dəhlizdən istifadəyə üstünlük verir. Bununla yanaşı, Rusiya da Zəngəzur dəhlizinin fəaliyyət göstərməsini dəstəkləyir. Həmin dəhlizin fəaliyyəti qonşu ölkəyə Türkiyə vasitəsilə Şərqə və Avropaya yeni nəqliyyat imkanlarının əldə edilməsinə imkan verir. Bu üzdən şimal qonşumuz Azərbaycanla yanaşı, tez bir zamanda Zəngəzur dəhlizinin fəaliyyət göstərməsini istəyir. Prezident İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinlə görüşündə “3+3” formatında əməkdaşlığın genişlənməsində regionda nəqliyyat kommunikasiyalarının açılmasının vacib olduğunu vurğulayıb. Rusiyanın dövlət başçısı da Zəngəzur nəqliyyat dəhlizinin fəaliyyətini Azərbaycan və Ermənistanla yanaşı, regionda iqtisadi əlaqələrin inkişafında mühüm rol oynayacağını qeyd edib.

Prezident İlham Əliyev Azərbaycanla Ermənistan arasında kommunikasiyaların açılmasının əhəmiyyətini vurğulayaraq demişdir: Bu gün biz nəqliyyat sahəsində, özü də təkcə ikitərəfli formatda deyil, regionda yeni vəziyyət, yeni geosiyasi reallıqlar nəzərə alınmaqla çoxtərəfli, regional formatda əməkdaşlığın dərinləşməsi imkanlarını da ətraflı müzakirə etdik. Artıq “3+3” deyilən əməkdaşlıq platforması mövcuddur. Əminəm ki, bu platformanın iştirakçıları olan tərəflər ilk addımı atdıqdan sonra, o cümlədən bu sahədə də əməkdaşlıq edəcəklər. Bu gün regionda kommunikasiyaların açılması məsələsi də müzakirə edildi və düşünürəm ki, bu məsələnin çox yaxşı perspektivləri var”.

Görüşdə Prezident Vladimir Putin də nəqliyyat-kommunikasiya əlaqələrinin bərpasına böyük əhəmiyyət verdiyini bildirərək demişdir: “Regionda bütün iqtisadi, nəqliyyat əlaqələrinin tezliklə açılmasına bundan sonra da kömək göstərmək barədə razılaşdıq. Söhbət Azərbaycan və Ermənistan arasında və regionun digər ölkələri ilə sərnişin və yük daşımalarının tam həcmdə bərpasından, ticarət, sənaye, kənd təsərrüfatı, infrastruktur kimi sahələrdə konkret birgə layihələrin icraya hazırlanmasından gedir”.

Prezident İlham Əliyev iqtisadi əlaqələrin getdikcə inkişaf etdiyini vurğuladı və bildirdi ki, iki ölkə arasında əmtəə dövriyyəsinin həcmi 3 milyard dollardan çoxdurburada 16 faiz artım qeydə alınıb. Dövlət başçısı həmçinin bildirdi ki, işğaldan azad olunan ərazilərdə iqtisadi fəaliyyət göstərmək üçün 14 şirkətdən sifariş alınıb. Bu sahədə əməkdaşlıq yeni olsa da, hər iki ölkəyə fayda verəcək. Onu da vurğulayaq ki, Rusiyanın işğaldan azad edilmiş ərazilərdə investisiya qoyması iqtisadi faktorla yanaşı, həm də siyasi mesajdır. Yəni Rusiya bu ərazilərin Azərbaycana məxsus olduğunu qəbul edirburada ölkəmizlə əməkdaşlıq edəcək.

Rusiya Federasiyasının Prezidenti Vladimir Putiniki ölkə arasında inkişaf edən iqtisadi əlaqələrdən məmnunluğunu bildirdi. Vurğuladı ki, ötən il kommunikasiyaxüsusi təyinatlı avtomobillərin istehsalı üzrə “QAZ qrupu” ilə “Azərmaş”ın müştərək zavodu açılıb. Rusiyanın iştirakı ilə Azərbaycan dəmir yollarının və Bakı Metropoliteninin qatarları texniki cəhətdən yenilənir, həmçinin ölkəmizdə “KamAZ” birgə servis mərkəzi tikilir.

İmzalanan Moskva Bəyannaməsi Azərbaycanla Rusiya arasında siyasi, iqtisadi, bank-maliyyə, kənd təsərrüfatı, nəqliyyat, sənaye sahəsində əlaqələrin inkişafına təkan verəcək. Bu sənəd həmçinin mövcud iqtisadi potensialdan hər iki ölkənin qarşılıqlı şəkildə faydalanmasına geniş imkanlar açacaq.

 

Rüstəm KAMAL

 

Azərbaycan.- 2022.- 26 fevral.- S.4.