Azərbaycanda enerji sistemlərinin yenidən qurulması davam edir

 

Azərbaycanın istənilən bölgəsində  enerji sistemləri sahəsində aparılan islahatları nəzərdən keçirəndə müasir sistemlərin tətbiqinin şahidi oluruq.

Yenidən qurulan dövlətlərarası strateji əhəmiyyətə malik 330/220/110/10 kilovoltluqYaşmaqovşaq yarımstansiyasının açılışı bunu sübut edən çoxsaylı faktlardan sonuncusudur.

Rusiya-Azərbaycan enerji sistemlərini əlaqələndirən bu yarımstansiya dövlətlərarası qovşaq yarımstansiyası funksiyasını daşıyır və Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1971-ci ildə tikilmişdir. Yarım əsr bundan öncə inşa edilən bu yarımstansiyada müxtəlif tipli qəzaların baş verməsi, istehsal prosesində çətinliklərin yaranması başadüşülən idi. Dənizə yaxın, nəmişlik ərazidə yerləşdiyi üçün 50 ildən yuxarı zaman kəsiyində dəmir-beton və metal-konstruksiyaların aşınması uzunmüddətli istismardan köhnələn avadanlıqlarda tez-tez qısaqapanmaların artmasına  sistem qəzalarının başvermə ehtimallarının yüksəlməsinə səbəb olurdu. Son nəticədə təlabatın artması da ciddi müdaxilə tələb edirdi. Prezident İlham Əliyevin tapşırığı ilə bu yarımstansiyanın rəqəmsal qaydada tam yenidən qurulması onun fəaliyyətində ciddi dönüş yaratmağa imkan verdi. Eyni zamanda bu işlər elə mükəməlliklə aparıldı ki, yarımstansiyanın fəaliyyətində fasilə yaranmadı.

Digər tərəfdən, yeniliyin diqqətçəkən amillərindən ən vacibi odur ki, “Sumqayıt”, “Qobu”, “Xaçmazelektrik stansiyaları ilə birbaşa, “Azərbaycan” İstilik Elektrik Stansiyası və “Cənub” Elektrik Stansiyası ilə “Abşeron” yarımstansiyası vasitəsilə əlaqələndirilən “Yaşmaqovşaq yarımstansiyası çox mühüm strateji funksiyanı üzərinə götürmüşdür. Beləliklə, bu qovşaq yarımstasiyasının “QobuEnerji Qovşağına, bu ilin yanvarında əsası qoyulan “Xızı-Abşeron” Külək-Elektrik Stansiyası və tikintisinə başlanılacaq yeniYaşmaElektrik Stansiyasının enerji sisteminə inteqrasiyasının həyata keçirilməsi üçün yeni yuvalar quraşdırılmışdır. Şimal-şərq rayonlarının və Abşeron yarımadasının enerji təchizatında müstəsna əhəmiyyət kəsb edən “Yaşma” yarımstansiyasında, həmçinin 330, 220 və 110 kilovoltluq açıq paylayıcı qurğular sökülərək genişləndirilmiş formada yenidən qurulmuşdur. İndi bu yarımstansiyanın ümumi gücü 110 meqavat artırılmaqla 750 meqavata çatdırılmış, “QobuElektrik Stansiyasından “Yaşma” yarımstansiyasına 47 kilometr uzunluğunda  330 kilovoltluq ötürmə xətti çəkilmişdir.

Prezident İlham Əliyevin “Yaşma”nın açılış mərasimində iştirak etməsi və yarımstansiyanı işə salması bu obyektin önəminə bir daha diqqət çəkir.

Qeyd etmək etmək lazımdır ki, əsaslı təmir işləri bu yarımstansiyanın fəaliyyətində bir neçə vacib yeniliklərin tətbiq edilməsinə imkan yaratmışdır. Ölkənin enerji sistemində ilk dəfə burada respublikanın şimal-şərq rayonlarının və Abşeron yarımadasının reaktiv gücünü kompensasiya edə biləcək şuntlayıcı reaktor quraşdırılmışdır. Bu reaktor xətlərin ötürmə qabiliyyətini artırmaqla bərabər, texniki itkiləri azaldacaq. Bu da öz növbəsində yükün keyfiyyətini yüksəltməyə, böyük miqdarda elektrik enerjisinə və maliyyə vəsaitinə qənaət etməyə imkan verəcək. Onu da diqqətə çatdırmaq vacibdir ki, Bakı-Quba magistral yolundan yarımstansiyaya qədər dörd kilometr məsafədə yol təmir edilmiş, bir kilometrlik yeni yol çəkilmiş və daxili yollar salınmışdır.

Yaşma” yarımstansiyasının əsaslı surətdə yenidən qurulması onun yükötürmə qabiliyyətinin artırılmasına, dövlətlərarası və ölkədaxili elektrik təchizatının etibarlılığının və dayanıqlılığının yüksəldilməsinə, itkilərin azaldılmasına, müasir texnologiyaların tətbiqinə nail olmağa imkan vermişdir. Ən müasir idarəetmə, rele mühafizəsi və avtomatika dövrələrinin quraşdırılması avadanlıqların imtinası və zədələnməsinin qarşısını alacaq. Mühafizələrin etibarlı işioperativ əməliyyatların çevikliyi təmin ediləcək.

Qeyd edək ki, ölkənin enerji sistemində aparılan islahatlar yalnız bir bölgəyə, bir istiqamətə bağlı deyil və şəbəkələnmiş qaydada bütün enerji sistemlərini əhatə edir. Bu sırada işğaldan azad edilmiş ərazilərdə enerji sistemlərinin bərpasına və yenidən qurulmasına da xüsusi məsuliyyət hissi ilə yanaşıldığını etiraf etmək lazımdır. Ötən ilin sonuna kimi   Qarabağ və Şərqi Zəngəzurda tikilən 9 yarımstansiyanın hamısı Azərbaycanın ümumi enerji sisteminə qoşulmaqla yanaşı, tam rəqəmsallaşdırılmışdır. Dördüncü Sənaye İnqilabına uyğun olaraq intellektual enerjisistem konsepsiyası reallaşdırılmış, dayanıqlı, rəqəmsallaşdırılmış yarımstansiyalar formalaşdırılmışdır.

Faktiki olaraq biz onun şahidiyik ki, Prezident İlham Əliyev ölkənin enerji sistemlərinin yenidən qurulmasını düşünülmüş  mükəmməl proqramla reallaşdırmaqdadır.

 

Bahadur İMANQULİYEV

 

Azərbaycan.- 2022.- 10 fevral.- S.5.