Xocalıda qalan uşaqlıq illəri

 

Xocalıda dünyaya gəlib Sevil Əzimova. Bir vaxtlar bu şəhərdə xoşbəxt həyat sürən çoxuşaqlı ailənin övladıdır. Atası zavodda işləyir, anası evdar qadın idi. Balaca Sevil və bacı-qardaşları valideyn sevgisiylə dolu, qayğısız bir uşaqlıq keçirirdilər. Hər gün həvəslə getdikləri məktəbləri, dərsdən sonra oynadıqları mehriban dostları vardı dünyalarında. Həyatda faciənin, acının, əzab-əziyyətin nə olduğunu bilmədən, onları gözləyən taledən bixəbər yaşayırdılar doğma yurdlarında...

Sevil Əzimova həmin günləri yada saldıqca kövrəlir, uşaqlıq illərinə qayıdır, atalı-analı günlərini yada salır. Deyir, heç ağlımızdan da keçməzdi ki, bu həyatda hər iki valideynini itirmiş uşaq kimi yaşamalı olacağıq.

Həmin gün digərlərindən fərqlənmirdi. Arabir atəş səsləri eşidilsə də, bu, artıq onlar üçün adi hal idi. İllər idi ki, Xocalı bu səslərə adət etmişdi. Şəhər mühasirəyə alınmışdı, bütün giriş-çıxışlar bağlanmışdı. Yalnız vertolyotla çörək gətirilirdi. O da düşmən atəşlərindən fürsət tapanda.

Sevil xanım o günü belə xatırlayır: “Fevralın 25-dən 26-sına keçən gecə birdən kəndə çaxnaşma düşdü. Qonşumuz başıalovlu qaçaraq ermənilərin hücuma keçdiyini bildirdi. Düşmən ağır texnika ilə Xocalıya girmiş, şəhəri mühasirəyə almışdı. Az keçmədən könüllülərdən ibarət taborda vuruşan böyük qardaşım Hüseyn gəldi. Mühasirədən çıxmaq üçün tez-tələsik evdən çıxıb meşəyə doğru qaçan insanlara qoşulduq. Mərmilər, güllələr yağış kimi yağırdı göydən. Qarlı-şaxtalı qış gecəsi yanan evlərin, güllə atəşlərinin işığında hər yer əl içi kimi görünürdü.Yırtıcı düşmənsə bunu fürsət bilib insan ovuna çıxmışdı. Hər yer qoca, cavan, uşaq, qadın meyitləri ilə doluydu... Bizim - sağ qalanların isə bir daha aydın səmanı, işıq saçan günəşi görəcəyimizə belə gümanımız qalmamışdı...”

Həmsöhbətim o qanlı gecədən danışdıqca biixtiyar yaylığı ilə yanağından üzüaşağı süzülən göz yaşlarını silir, tez-tez dayanıb, yaddaşındakı acı xatirələri seçib, danışmağa çalışır. Yox, bu dərdli qadın yalnız xatırladıqlarını danışmır, həm də yenidən yaşayırdı. “Kaş çarəm olaydı, fevral ayını təqvimdən birdəfəlik siləydim. Hər il fevralın girişindən onsuz da köz bağlamayan yaramız təzələnir, eyni günü təkrar-təkrar yaşayırıq. Hətta bu illər ərzində o zamana qədər hər gün yesək də, doymadığımız bozbaşı bişirməmişik evimizdə. Çünki o mənfur gecə anamızın sonuncu dəfə bişirdiyi, bütün ailənin birlikdə süfrə arxasında deyə-gülə yediyimiz son yemək idi...”, - deyir.

Nəyisə unudacağından qorxurmuş kimi aramla danışır, yaşadıqlarını təfsilatı ilə anlatmaq istəyir:

- Qarqar çayını keçəndən sonra meşəyə girdik. Bu yol bizi sən demə od-alova aparırmış, bilmirdik. Amma başqa çarəmiz yox idi. Birdən yaxınlıqda bomba partladı. Hamı pərən-pərən oldu, hərə bir tərəfə qaçdı. Tükürpərdici çığırtılar qan dondururdu. Qohumlardan, qonşulardan neçəsi gözümüzün önündə can verdi. Ən dəhşətlisi isə əmimin azyaşlı oğlunun qan içində qıvrılıb, fəryad etməsi idi. Elə ata-anamızı da son dəfə canlı olaraq orda gördük...”

Səhərə yaxın meşədən sağ çıxanlar Ağdama çatıb. Oradan isə Sevil bacı-qardaşları Ağdamın Kosalar kəndində yaşayan qohumlarının evinə yerləşiblər. Valideynlərinin ölüm xəbərini isə kiçiklərdən hələ bir neçə gün gizlədiblər hər dəfə soruşanda yaralı olduqlarını, tezliklə sağalıb gələcəklərini deyiblər. Körpə qəlbləri bunu sezsə , özlərinə belə etiraf edə bilməyiblər. Sonralar qardaşı deyib ki, anası qəfil gülləyə tuş gəlsə ,  atası yaralı vəziyyətdə uzun müddət cansız bədənlərin arasında qalıb. Ermənilərin cansız bədənlərə belə necə zülm etdiyini görüb yaxınlıqda olan silahı götürərək döyüşüb həlak olub...

Valideynlərini Ağdamda dəfn etdikdən sonra Oğuza yollanıblar, daha sonra Goranboyda məskunlaşıblar. Uzun müddət özlərinə gələ bilməyiblər. Adi bir qapı cırıltısı, maşın səsi onlarda qorxu, təşviş yaradıb. Hər an yeni faciə ilə üzləşmək qorxusuyla yaşayıblar. Yaxşı ki, tale onlara qardaşları Hüseyni çox görməyib. O ailədən yadigar qalan böyük qardaş hər kəsin qayğısını çəkib, böyüdüb, boya-başa çatdırıb, toylarını edib. Bir sözlə, valideynlərinin əmanətlərinə göz bəbəyi kimi baxıb.

Prezident İlham Əliyevin rəhbərliyi, Ali Baş Komandanlığı, ordumuzun gücü xalqımızın dəyanəti ilə 44 günlük Vətən müharibəsində torpaqlarımız işğaldan azad edildi. Bu qələbə ilə şəhid ruhları da rahatlığına qovuşdu. Bu zəfərdən sonra Əzimovlar ailəsi Ağdama gedərək bir gecə belə olsun yuxularından çıxmayan valideynlərinin məzarlarını ziyarət ediblər. Dağıdılmış məzarlar arasında valideynlərinin qəbirlərini tapanda isə elə bil Xocalıyla görüşüblər.

Xocalıyla da görüşəcəklər, ona da az qalıb. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bu arzu da mütləq gerçəkləşəcək. Sevil Əzimova deyir ki, Xocalıya ayaq basacağı gün sanki valideynləri ilə görüşəcək, yenidən 12 yaşlı uşaq olub onların qoynuna sığınacaq...

 

Ülkər XASPOLADOVA

 

Azərbaycan.- 2022.-27 fevral.- S.6.