Məhv edilmiş ailə

 

Bir gecədə 7 nəfər ailə üzvünü itirmək dəhşətini unutmaq  mümkün deyil

 

Bir gecədə 7 nəfər ailə üzvünü  itirmək o qədər də asan deyil. Buna dözmək olmasa da, dərdi daşıya-daşıya Xocalıya dönmək ümidimi illərdir ki, qoruyub saxlaya bilmişəm.

Hər il fevral ayı gələndə sanki yenidən o müdhiş gecənin əzablarını yaşayıram: Xocalıda olur, onsuz da qaysaq bağlamayan yaralarım sızım-sızım sızıldayır, ağrılarım daha da şiddətlənir.

Unuda bilməyəcəyim fevralın 25-dən 26-na keçən gecə könüllülərdən ibarət özünümüdafiə batalyonunun tərkibində postda növbədə dayanmışdım. Xəbər aldıq ki, erməni quldur dəstələri və 366-cı motoatıcı alayın silahlıları Daşbulağa yığılıb. Xocalıya hücum gözlənilirdi. Deyilənlər kimi, axşamtərəfi Xocalıya hər tərəfdən hücum başladı. Ermənilər Ağdam-Şuşa yolu, Noragux, mesheti türklərinin yaşadığı aeroport tərəfdən hücuma keçdilər. Dəhşətli axşam idi.

Düşmən qüvvələri getdikcə Xocalıya yaxınlaşırdı. Atışma zamanı bir qrup kənd sakini qonşumuz Şiraslanın evində zirzəmiyə yığışmışdı. Postdan gördük ki, Şiraslan kişinin evi mühasirəyə alınıb. Köməyə getdik. Bir-iki saat atışmadan sonra ermənilər geri çəkildi. Zirzəmiyə girəndə içəridəki insanları güllə-boran etdiklərini gördük.

Təxminən 30-a yaxın uşaqlı-böyüklü, qocalı-cavanlı insan var idi.  Hamısı güllələnmişdi. Qardaşım Səfərin iki uşağını - ikiyaşlı oğlu Emini, altıyaşlı qızı Esmiranı  da ermənilər güllələmişdilər. Ermənilər uşaqları əsir götürmək istəyərkən anaları Mətanət onlara mane olmağa çalışanda quldur, insanlığın qatili daşnak vəhşiləri onu da vurmuşdular. Anam da sinəsindən güllələnmişdi. Lakin anamla gəlinimiz hələ sağ idilər. Onları Mirzə kişinin evinə gətirdik. Qardaşım Səfər hadisəni görüb hiddətlənmişdi. Anamı və Mətanəti yeni tikilən beşmərtəbəli binaya tərəf apardıq.

Çayçı İlhamın yanında Suren adında bir kişi vardı. Bizə dedi ki, yaralıları gətirin evdə baxaq. Gəlinimiz Surenin evində 5 dəqiqədən sonra aldığı yaradan dünyasını dəyişdi. Qardaşım Mətanəti Suren kişinin evinin həyətində dəfn etdi. Sonra Səfər mənə dedi ki, anamı götür get, mən arxanızca gələcəyəm. Bir qədər sonra xəbər aldıq ki, Surenin oğlu da vurulub. O, Səfərə təskinlik verərək dedi ki, belə hadisə hər birimizin başına gələ bilər. Mən panel evlərə gəlib çatanda Səfər də özünü bizə çatdırdı. Anamı paltoya bükərək qucağımda aparıb beşmərtəbəli panel evə çatdırdım. Ermənilər bizi orada yenidən atəşə tutdular. Qardaşım da o vandallara qarşı döyüşərək şəhid oldu. Daha sonra atamla anam... Mən də, necə deyərlər, havalanmışdım. Nəsildən heç olmasa bir nəfər sağ qalsın deyə məni binanın damına çıxartdılar...

Səhərə yaxın idi, hava işıqlanırdı. Ermənilər binanın ətrafını mühasirəyə almışdılar. Bizə deyirdilər ki, silahı tullayıb təslim olaq. Binanın içində təxminən 400-ə yaxın adam olardı. Orada 3 nəfər ağsaqqalımız da var idi: Baxşeyiş, Kamran, digərinin adı isə yadımdan çıxıb. Onlar bizə məsləhətlər verirdilər. Həmin adını unutduğum şəxs dedi ki, ay Qarsalanın oğlu, səni mən aparacam. Qərara alınmışdı ki, axşam düşəndə bir neçə dəstəyə bölünərək binadan çıxaq.

Artıq Xocalını bütünlüklə işğal edən erməni quldurları bizim toplaşdığımız binanı da əhatəyə almışdılar. Onlar yeyib-içir, çalıb-oynayırdılar. Özləri üçün toy-bayram edirdilər. Bunlar azmış kimi, üstəlik, evləri də bir-bir yandırırdılar.

Fevralın 27-si axşamı biz planlaşdırdığımız kimi, sakitcə binadan çıxaraq Ağdama tərəf getməyə başladıq. Ermənilər içkili olduqları üçün bizim getməyimizi hiss etmədilər. Yolda bizə 366-cı alayın özbək əsgəri də qoşuldu. O, bizə günahsız insanlara güllə atmaq istəmədiyini dedi. Bir qədər yol getdikdən sonra ermənilərin yaşadığı Naxçıvanik kəndinin kənarına gəlib çıxdıq. Burada ermənilərlə yarım saatlıq atışmadan sonra ara sakitləşdi. Bu kəndi keçib Ağdamın Qarağacı qəbiristanlığına çatdıq. Bura çatanda orada çoxlu insanın toplaşdığını gördük. Erməni olduqlarından ehtiyatlanaraq özbək əsgəri onlarla danışmağa göndərdik. Oradakıların bizimkilər olduqlarını dəqiqləşdirəndən sonra camaatla birləşdik.      

Əli-ayağı donan, yaralı olub Qarağacı qəbiristanlığına çata bilməyənlər  oldu. Təxminən 30 yaşlı bir  gəlin ikiyaşlı qızını apara bilmirdi. Uşağı yerə qoymaq istəyəndə onu belimə bağlayaraq axıra kimi gətirdim.

 Xocalı soyqırımı zamanı kiçik qardaşım Nadir aeroport istiqamətində döyüşürdü. İndiyədək ondan heç bir xəbər yoxdur. Dəfələrlə Qızıl Aypara Cəmiyyəti gəlib məndən saç nümunəsi götürsə də, qardaşımın ölümü-qalımı haqqında heç bir məlumat verməyiblər.

 Xocalıda 8 ailə tamamilə məhv edilib. Qardaşım Səfərin üç nəfərlik ailəsi də - həyat yoldaşı Qəmbərova Mətanət Hacı qızı, oğlu Emin, qızı Esmira. Xocalı soyqırımında ailə üzvlərimdən təkcə mən sağ qalmışam. Tez-tez şəhid olmuş əzizlərimin şəkillərinə baxıram. Onlardan mənə yadigar qalan şəkillərdə atalı-analı, qardaşlı günlərimi yada salıram...

Xocalı soyqırımı sinəmizə çəkilmiş çarpaz dağdır. Mənim kimi bütün xocalılıların arzusu gözündə qalmadı. Qarabağımızın azad olması sağalmayan yaramıza məlhəmdir. Qarabağın işğaldan azad edilməsi xəbərini səbirsizliklə gözləyirdik. 30 ildir ki, Xocalısız, ümumən Qarabağsız qalmışdıq...

O günlərin şahidləri olan xocalılılarımızdan sağ qalanlar azdır. Düzü, inanırdıq ki, haqq-ədalət gecolsa, qalib gələcək. Qalib sərkərdəmiz, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin dəmir iradəsi, qətiyyəti, hərbi-diplomatik məharəti Qarabağımızı 44 günlük Vətən müharibəsi ilə azad etdi. Ağdam qəbiristanlığında dəfn olunan şəhid xocalılılarımızın ruhu dolaşan yerləri ziyarət etdiyimiz kimi, inanırıq ki, doğma Xocalımıza da qovuşacağıq. Buna salamat qalan xocalılılar və onların balaları qətiyyətlə əmindirlər.

 

Rauf QƏMBƏROV,

Xocalı şəhər sakini,

II qrup əlil, Birinci Qarabağ müharibəsi veteranı

 

Azərbaycan.- 2022.-27 fevral.- S.6.