Tanınmış jurnalist Ənvər Məşədiyevin 80 illiyi qeyd olunub

 

 

"Onun əmək kitabçasına yalnız bir redaksiyanın - "Bakı" və "Baku" axşam qəzetlərinin adı yazılıb. O, 1971-ci ildə bu redaksiyada məktub qeydiyyatçısı kimi işə qəbul edilib. Görkəmli jurnalist, mətbuat təşkilatçısı, "Bakı" və "Baku" qəzetlərinin yaradıcısı və redaktoru Nəsir İmanquliyevin xeyir-duası ilə əmək fəaliyyətinə başlayan Ənvər Məşədiyev illər keçdikcə vəzifə pillələrində addım-addım irəliləyib - müxbir, şöbə müdiri, baş redaktorun müavini olub.

Ənvər Məşədiyev 20 ilə yaxın redaksiyanın ən ağır və çox böyük məsuliyyət tələb edən məktublar şöbəsinə rəhbərlik edib. O vaxtlar redaksiyaya ildə 20-25 min oxucu məktubu daxil olurdu. Bu qədər məktubu oxumaq, onları qeydə almaq, cavablandırmaq və ya hansısa dövlət qurumuna göndərmək heçasan məsələ deyildi. Onun "Bakı" qəzetinin səhifələrində "Felyeton", "Satirik qələmlə", "Qəribə əhvalatlar", "Bir məktubun izi ilə", "Şəhər mövzusunda", "Jurnalistin düşüncələri", "Elm adamları", "Rəy və təkliflər" və başqa rubrikalarda dərc olunan yazıları böyük oxucu rəğbəti qazanıb.

Yubilyar jurnalistin qələminin məhsulu olan "Yaddaşımın işığında", "Ömürbir yoldur", "Elmimizin üç zirvəsi", "Tale" kitabları ayrı-ayrı tanınmış alim və ziyalıların həyatı barədədir. "Bakı, axşamın xeyir!" kitabı isə onun bir qəzetçi kimi yetişməsində çox böyük zəhməti olan görkəmli jurnalist Nəsir İmanquliyevin ustad jurnalistika məktəbinin ənənələrindən bəhs edir".

AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Mətbuat Şurasında tanınmış jurnalist Ənvər Məşədiyevin 80 illik yubileyinə həsr olunmuş tədbirdə həmkarlarının çıxışlarında səslənib.

"Bakı" qəzetinin redaktoru, Əməkdar jurnalist Ağa Hüseynov təcrübəli həmkarını öz peşəsinin vurğunu olan jurnalist, səmimi yoldaşı kimi xarakterizə edib, mehriban qonşuluq münasibətlərindən danışıb.

AZƏRTAC-ın İdarə Heyəti sədrinin müavini, Əməkdar jurnalist Dağbəyi İsmayılov uzun illər bir yerdə çalışdığı həmkarı haqqında xoş sözlər deyib: "Ənvər "Bakı" qəzetinin ən sadiq əməkdaşlarından biri olub. Onun taleyinə ilk əmək fəaliyyətinə başladığı redaksiyadan   pensiyaya çıxmaq nəsib olub. Təsadüfi deyil ki, hər dəfə onunla görüşəndə "Bakı" qəzeti, mətbuatımızın keçmiş ənənələri, gəncliyimizlə əlaqədar unudulmaz xatirələr yada düşür..."

Jurnalistlik fəaliyyətinə "Bakı" qəzetində başlayan, hazırda "Xalq qəzeti"ndə müxbir vəzifəsində çalışan İlqar Həsənov gənclərin hamisi kimi tanıdığı həmkarını belə səciyyələndirib: "O, daim gənclərin arasında olur, onların problemlərinin həllinə kömək edirdi. Redaksiyada bir növ cavanların "səlahiyyətli nümayəndəsi" idi. Nəsir müəllim də Ənvərin bu keyfiyyətlərini bilirbir çox məsələlərin həllini ona tapşırırdı".

"Bakı" və "Baku" qəzetlərinin tarixini araşdıran tədqiqatçı-jurnalist Şərəf Cəlilli deyib: "Bu qəzetlər paytaxt həyatını ən müxtəlif rakurslardan işıqlandırmağa çalışırdı. Ənvər Məşədiyev, Nəsir müəllimin təbirincə desək, "mis kimi cingildəyən" yazıları ilə tanınıb. O, nə yazıbsa, obyektiv olub, həqiqəti yazıb".

Əməkdar jurnalist Zemfira Məhərrəmli öz həmkarını ədalətli və obyektiv qələm sahibi olmaqla yanaşı, həm də çox xeyirxah, hamıya can yandıran, mehriban və səmimi yoldaşı kimi xarakterizə edərək deyib: "Həyatda Ənvər müəllimdən heç kim inciməyib. O, jurnalistlik fəaliyyəti dövründə həmişə xeyirxah işlər görüb, öz yazıları ilə haqqı tapdananlara kömək edib".

Mərasimdə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov, yazıçı-publisistlər Xeyrəddin Qoca, Əmir Pəhləvan, yubilyarın həmkarları Əlipənah Bayramov, Bəyalı Rzayev, Xanlar Məmmədov, Rauf Ağayev və başqaları "Tərəqqi" medallı, "Qızıl qələm" mükafatı laureatı  olan yubilyarın yaradıcılıq və insani keyfiyyətlərindən danışaraq ona uzun ömür və möhkəm cansağlığı arzulayıblar.

Ənvər Məşədiyev çıxış edərək onun yubiley tədbirində iştirak edənlərə təşəkkür edib, xoş sözlərə görə onlara minnətdarlığını bildirib.

Tədbirdə yubilyara Azərbaycan Mətbuat Şurasının diplomu və hədiyyələr təqdim olunub.

 

 

Azərbaycan.-2022.- 2 iyul.- S.7.