Ümummilli məsələlərdə kənar fikir ola bilməz

 

Bu baxımdan Azərbaycan jurnalistləri hər zaman prinsipiallıq göstərməli, ölkəmiz haqqında həqiqətləri dünyaya düzgün çatdırmalıdırlar

 

 

Azərbaycan Milli Mətbuatının yaranmasından 147 il ötdü. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra milli-mənəvi dəyərlərinə də qovuşdu. Bu, mətbuat sahəsində də özünü göstərdi. Hazırda respublikamızda yüzlərlə mətbu orqan fəaliyyət göstərir. Dövlətimiz bu sahənin inkişafına hər zaman böyük diqqət ayırır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Milli mətbuatın yaranmasının 147-ci ildönümü münasibətilə media nümayəndələrinə ünvanladığı təbrik məktubunda bir sıra vacib məqamlara toxunub. Media nümayəndələrini  təbrik edən dövlət başçısı Milli Mətbuat Günü ilə bağlı Şuşada keçirilən Beynəlxalq Media Forumunun əlamətdar hadisə olduğunu xüsusi qeyd edib. Dövlət başçısı vurğulayıb ki, müstəqillik dövrümüzdə ilk dəfə Azərbaycan jurnalistləri Ermənistanın 30 ilə yaxın davam edən işğalından sonra öz peşə bayramlarını ölkəmizin mədəniyyət paytaxtı, milli mətbuatımızın inkişafında xüsusi yeri olan Şuşa şəhərində qeyd edirlər. Milli Mətbuat Günü ilə bağlı Şuşada keçirilən ilk tədbir zəngin ənənələrə malik Azərbaycan mediasının tarixində əlamətdar hadisədir.

Azərbaycanda əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş media siyasəti və ənənələri bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının müraciətində Azərbaycan mediasının sürətli inkişaf mərhələsinə qədəm qoyduğu vurğulanıb: "XX əsrin sonlarında müstəqilliyini yenidən bərpa etmiş Azərbaycanda xalqımızın Ümummilli Lideri Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilmiş demokratik islahatlar bütün sahələrdə olduğu kimi, milli informasiya resurslarının inkişafında da əsaslı dönüş yaratmışdır. Söz və məlumat azadlığının təmin edilməsi, mütərəqqi qanunvericilik bazasının formalaşdırılması, redaksiyaların müstəqilliyinin gücləndirilməsi istiqamətində həyata keçirilən sistemli tədbirlər nəticəsində Azərbaycan mediası sürətli inkişaf mərhələsinə qədəm qoymuşdur".

Bu gün Azərbaycan mediası tarixi ənənələrə əsaslanaraq dünyanın bir çox nüfuzlu mətbuat orqanları ilə əməkdaşlıq edir. Eyni zamanda Azərbaycanda akkreditə olunmuş müxtəlif media subyektləri fəaliyyət göstərir. Təbii ki, ölkəmizdə hazırda medianın özü də məzmununu dəyişməkdədir. İnternet platforması və sosial şəbəkələr üzərindən formalaşan media sahəsində islahatlar aparılır. Prezident hər zaman Azərbaycan mətbuatının problemlərinə diqqətlə yanaşıb və jurnalistlərlə bağlı məsələlərdə xüsusi həssaslıq nümayiş etdirib. Bu bir daha dövlət başçısının mediaya, azad sözə verdiyi qiymətin göstəricisidir. Azərbaycan mətbuatının tərəqqisi istiqamətində görülən işlər, kütləvi informasiya vasitələrinin inkişafına göstərilən dəstək, media nümayəndələrinə qayğı və diqqət dünya miqyasında təqdir olunan nümunəvi təcrübədir. Dövlət başçısının forum iştirakçılarına ünvanladlğı müraciətində media sahəsində nəzərəçarpacaq irəliləyişlərin əldə olunduğu xüsusi vurğulanıb: "Kommunikasiya vasitələrinin transformasiya mərhələsini yaşadığı, rəqəmsal platformaların və sosial media alətlərinin öz əhatə dairəsini genişləndirdiyi hazırkı dövrdə milli informasiya resurslarımızın potensialının və qlobal informasiya şəbəkəsində mövqelərinin gücləndirilməsi başlıca vəzifələrdən biridir. Son illər həyata keçirilmiş islahatlar media fəaliyyətinin qanunvericilik bazasının təkmilləşdirilməsi, iqtisadi əsaslarının möhkəmləndirilməsi, jurnalistlərin sosial təminatının yaxşılaşdırılması, dövlətin kommunikasiya siyasətinin müasir dövrün tələblərinə uyğun həyata keçirilməsi, jurnalistika sahəsində çevikliyin, peşəkarlığın yüksəldilməsi, cəmiyyətimizi narahat edən mənfi təzahürlərin aradan qaldırılması, medianın beynəlxalq əlaqələrinin genişləndirilməsi və dost ölkələrlə birgə platformaların yaradılması məqsədi daşımış, bu sahədə nəzərəçarpacaq irəliləyiş əldə edilmişdir".

Vətən müharibəsində medianın roluna toxunan ölkə rəhbəri  qeyd edib ki, qlobal informasiya məkanında dövlətimizin daxili həyatına təsir göstərmək cəhdləri səngimir. Elə ölkələr var ki, orada nəinki hər həftə, hər gün Azərbaycanla bağlı böhtan xarakterli yazılar dərc olunur. Təbii ki, bu, əlaqələndirilmiş bir anti-Azərbaycan siyasətidir. Bu işdə  ilk növbədə erməni lobbisinin fəallığını qeyd etmək lazımdır. 44 günlük Vətən müharibəsinin başa çatmasına baxmayaraq, Ermənistanla ölkəmiz arasında informasiya müharibəsi ən gərgin müstəvidə hələ də davam etməkdədir.

Xatırladaq ki, 44 günlük müharibə nəinki döyüş meydanında, həm də informasiya məkanında aparıldı. Dövlət başçısı döyüşlərə komandanlıq etməklə bərabər, eyni zamanda dünyanın ən nüfuzlu telekanallarına, mətbuat orqanlarına 30-dan çox müsahibə verdi. Bununla da ermənilərin həm də informasiya manipulyasiyasına ciddi zərbə vuruldu. Azərbaycanın ərazi bütövlüyü kimi məsələlərdə mətbuatın diqqətli olması, həssaslıq  nümayiş  etdirərək bir yumruq kimi birləşməsi Ali  Baş Komandan cənab İlham Əliyevin  göstərişidir. Vətən müharibəsində Azərbaycan mediasının cəmiyyətimizin operativdüzgün məlumatlandırılmasında böyük rol oynadığını qeyd edən dövlət başçısı bundan sonra da jurnalistlərin erməni vandallığını beynəlxalq ictimaiyyətə çatdırmaq üçün fəaliyyətlərini yorulmadan davam etdirdiklərini bildirdi: "Azərbaycan Respublikası müstəqil siyasət yürüdən, müasir, güclü, beynəlxalq münasibətlər sistemində layiqli yeri olan dövlətdir. Məhz buna görə qlobal informasiya məkanında ölkəmizin yüksək beynəlxalq nüfuzuna xələl gətirmək, daxili həyatına təsir göstərmək cəhdləri səngimir. Vətən müharibəsi zamanı Azərbaycan mediası informasiya cəbhəsində mübarizə apararaq, kütləvi dezinformasiya hücumlarının qarşısının alınmasında, cəmiyyətimizin operativdüzgün məlumatlandırılmasında böyük rol oynamışdır. Media resurslarımız Azərbaycan həqiqətlərini, o cümlədən işğal dövründə ermənilərin tarixi torpaqlarımızda törətdikləri misli görünməmiş vəhşilikləri və vandallığı beynəlxalq ictimaiyyətə çatdırmaq üçün fəaliyyətlərini yorulmadan davam etdirirlər".

Konstitusiyamızda hər bir vətəndaşın informasiya almaq, araşdırmaq və yaymaq hüququ var. Amma informasiyanın doğru olması məsələsi də mövcuddur ki, peşəkar olan, jurnalistikanı özünə məslək seçən insanlar  bütün qaydalara riayət etməlidirlər. Sözsüz ki, dövlət və media milli maraqları müdafiə edir. Çünki ümummilli məsələlərdə heç bir kənar fikir ola bilməz. Ona görə də media bundan sonra  daha da çalışmalıdır ki, Azərbaycan haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırsın.

 

 

Elşən YƏHYAYEV,

Azərbaycan.-2022.- 24 iyul.- S.3.