Revanşistlərin niyyəti iflasa uğrayır

 

İrəvanda xalqdan dəstək ala bilməyən müxalifət geri çəkilir

 

Ermənistanda aprelin 25-dən davam edən etirazlar fonunda siyasi böhran gündən-günə kəskinləşir. Bu, həm də sosial-iqtisadi vəziyyətin pisləşməsinə səbəb olub. Müxalifət partiyaları baş nazir Nikol Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq üçün birləşsə də, hələ ki, heç bir nəticəyə nail ola bilmirlər.

Müxalifətçilər etirazlarına əsas kimi hakimiyyətin yürütdüyü uğursuz siyasəti göstərirlər. Onlar baş nazirin xarici siyasətinin ölkəni uçuruma sürüklədiyini, xalqı dövlətçiliyin itirilməsi ilə üz-üzə qoyduğunu iddia edirlər.

Radikal müxalifətçilər aksiyalarda təxribatçı çağırışlarla Azərbaycan ərazisində mövcud olmuş keçmiş separatçı rejimə dəstəklərini ifadə edirlər. Dünən İrəvanda hökumət binası yaxınlığında etiraz aksiyası keçirən müxalifət nümayəndələri ilə polislər arasında toqquşma olub. Bir neçə etirazçı yerə yıxılan polisi döyüb. Müxalifətin "Müqavimət" hərəkatının tərəfdarlarını "qırmızı beretlilər" saxlayaraq bölmələrə aparıblar. Amma etirazçılar manevr edərək qısamüddətli yürüşdən sonra hökumət binasına geri dönüblər. Onlar binanın içərisinə girmək istəsələr də, buna nail ola bilməyiblər.

İkinci Qarabağ müharibəsində ölmüş hərbçilərin valideynləri isə aidiyyəti dövlət qurumlarının qarşısında aksiyalar təşkil edirlər. Ermənistan İstintaq Komitəsinin binası qarşısına toplaşan valideynlər komitə sədri ilə görüş tələb edirlər. Müharibədə yaralanan Levon Minasyanın atası deyib ki, 44 günlük müharibədə  əlil olmuş, amma tibbi-sosial ekspertiza zamanı hüquqlarının pozulmasından şikayət edən xeyli sayda hərbçi var. Müharibədə ağır yaralanmış həmin şəxslər şikayət edirlər ki, sözügedən ekspertizanın gedişində ekspert komissiyalarının qərarı anormal qaydalarla verilir. Yəni onlar 1-ci qrup olsalar da, 3-cü qrup üzrə əlillik alırlar. Bir çoxu isə, ümumiyyətlə, əlil statusu ala bilmir.

Bu arada erməni müxalifəti yaxın günlərdə itaətsizlik aksiyalarının başa çatdığını elan edirlər. Qeyd edilir ki, əsl səbəb müxalifətin etiraz aksiyalarını kütləviləşdirə bilməməsidir. Aprelin sonundan silsilə aksiyalar keçirən müxalifət yalnız mayın 2-də 14 min etirazçı toplaya bilib. Bundan sonra aksiyalarda iştirak edənlərin sayı azalmağa başlayıb. Son günlər aksiya iştirakçılarının sayı hətta küçə və prospektləri bloklamağa belə kifayət etmir.

Ümumiyyətlə, müxalif "Şərəfim var" fraksiyasının lideri Artur Vanetsyanın Ermənistanda başladığı mitinqlərin real sosial bazası yoxdur. Bu aksiyaya son günlər azsaylı etirazçının çıxması revanşistlərin növbəti iflasından xəbər verir. Ermənilər etirazçıların arxasında dayanan keçmiş hərbi xuntanın populist çıxışlarından bezərək onların arxasınca getmək istəmirlər. Çünki erməni cəmiyyəti bu şəxslərin Qarabağla bağlı uydurmalarla və Azərbaycana düşmənçiliyi təbliğ etməklə siyasi xal toplamağa, yenidən hakimiyyətə gəlməyə çalışdıqlarını yaxşı anlayır. KoçaryanSarkisyan kimi insan qatilləri və onların ətraflarına toplaşanlar erməni xalqının reallığı, həqiqəti qəbul etməsinə mane olmağa cəhd göstərsələr də, buna nail ola bilmirlər.

Ermənistanda xalqı siyasi proseslər deyil, məhz getdikcə daha da çökməkdə olan sosial-iqtisadi vəziyyət düşündürür. Dərin ruh düşkünlüyünə qərq olan əhalinin əksəriyyəti isə çıxış yolunu mühacirətdə görür. Əhalinin sayı yenə sürətlə azalmaqda davam edir, xaricə köçənlərin sayı artır. Təbii artım səviyyəsinin get-gedə aşağı düşməsi isə erməni sosioloqlarının hakimiyyətə ünvanlanmış xəbərdarlıqlarının çoxalmasına səbəb olub. Real vəziyyət Ermənistanın faktiki olaraq demoqrafik böhran yaşadığını, bu problemin həlli perspektivinin olmadığını göstərir. Erməni sosioloqu Samvel Manukyan deyib ki, bir il içində 150-200 min erməni mühacirət edə bilər. Köç edənlərin əksəriyyəti isə Rusiya istiqamətini seçir. Çünki Rusiya onlara yeni həyat qurmaq üçün daha çox imkanlar vəd edir. Asan sosiallaşma, mövcud məşğulluq imkanları Rusiyada daha böyükdür. Üstəlik, bu ölkədə dil maneəsi yoxdur.

Bütövlükdə bütün bunlar Ermənistanın böyük tənəzzül yaşadığını göstərir.

 

Elçin CƏFƏROV

 

Azərbaycan. - 2022.- 2 iyun.- S.12.