Azərbaycanda münaqişənin təsirinə məruz qalan əhaliyə dəstək məqsədli layihənin təqdimatı olub

 

İyunun 6-da Bakıda BMT-nin İnkişaf Proqramının (BMTİP) və Avropa İttifaqının (Aİ) maliyyə dəstəyi ilə "Azərbaycanda münaqişənin təsirinə məruz qalan əhalinin müdafiəsi, yaşayış vasitələri və iqtisadi təhlükəsizliyi üçün erkən bərpa yardımının təminatı" layihəsinin təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Aİ-nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri Peter Mixalko, BMTİP-nin Azərbaycandakı rezident nümayəndəsinin səlahiyyətlərini icra edən Çaru Bista, ANAMA-nın sədr müavini Samir Poladov və digərləri iştirak ediblər.

Tədbirdə Aİ-nin ölkəmizdəki nümayəndəliyinin rəhbəri Peter Mixalko çıxış edərək Avropa İttifaqının Azərbaycanın minatəmizləmə səylərini dəstəklədiyini bildirib. O diqqətə çatdırıb ki, layihə münaqişədən sonra partlamamış hərbi sursatlara görə həyatları risk altında olan insanlara fayda verəcək və onların həyatını xilas etməyə kömək edəcək. "Azərbaycan hökumətinin minatəmizləmə sahəsindəki işlərinin sürətlə davam etməsini görmək sevindirici haldır. Biz Avropa İttifaqı olaraq Cənubi Qafqazın minalardan təmizlənməsini istəyirik. Həmçinin münaqişədən zərər çəkmiş insanlara kömək etmək üçün çalışırıq. Bu sahədə ANAMA-ya və Azərbaycan hökumətinə dəstək göstərməyə davam edirik", - deyə Peter Mixalko qeyd edib.

BMTİP-nin ölkəmizdəki rezident nümayəndəsinin səlahiyyətlərini icra edən Çaru Bista çıxışında BMTİP-nin ANAMA ilə 1999-cu ildən bəri uzunmüddətli tərəfdaşlığa malik olduğunu, birlikdə son illər ərzində Azərbaycan torpaqlarının 806 mindən çox mina və digər partlayıcı sursatlardan təmizləndiyini, 160 min 500-dən çox keçmiş məcburi köçkünün evlərinə təhlükəsiz qayıtmasının təmin edildiyini diqqətə çatdırıb. "Torpaqların minalardan təmizlənməsi köçkünlərin öz yerlərinə qayıtması baxımından önəmlidir. Biz daim tərəfdaşlarımızla birlikdə işləməyə davam edəcəyik", - deyə Ç.Bista qeyd edib.

Tədbirdə çıxış edən ANAMA-nın sədr müavini Samir Poladov bildirib ki, ANAMA Vətən müharibəsindən sonra əsasən dəmir yolu, avtomobil yolu, su təchizat sistemləri, kommunikasiya xətləri və digər infrastruktur layihələrinin görülməsi üçün minatəmizləmə işlərinə diqqət yetirib. O, 32 min hektar ərazinin minalardan təmizləndiyini, 60 min mina və partlamamış hərbi sursatın aşkar olunaraq zərərsizləşdirildiyini vurğulayıb. S.Poladov 2020-ci ilin noyabr ayından etibarən minaların partlaması nəticəsində 32 nəfərin öldüyünü, 184 nəfərin isə yaralandığını qeyd edib.

Həmçinin bildirilib ki, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən layihə keçmiş təmas xəttində minatəmizləmə fəaliyyətlərini dəstəkləyəcək və bu ərazilərdə yaşayan aztəminatlı ailələrə müxtəlif yaşayış yerləri təqdim etməklə onların rifahının yaxşılaşdırılmasına kömək edəcək. Minaların və partlayıcı sursatların mövcudluğunun böyük təhlükə yaratdığı, insanların yerli icmalar üçün əsas qida və yaşayış vasitələrinin mənbəyi sayılan kənd təsərrüfatı torpaqlarına daxil olmalarına maneə yaratdığı qeyd edilib.

Vurğulanıb ki, layihə kənd təsərrüfatından asılı 1500 şəxsə onların ailələrinə birbaşa təcili olaraq qısamüddətli dəstək verəcək. Layihə həmçinin Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) rəhbərlik etdiyi humanitar minatəmizləmə işlərində iştirak etmək üçün fövqəladə hallara cavab qruplarının hazırlanmasına, təchiz edilməsinə və yerləşdirilməsinə kömək edəcək. Bu minatəmizləmə komponenti keçmiş təmas xəttinin yaxınlığında yaşayan, mina və partlamamış hərbi sursat riski altında olan 43 min insana faydalı olacaq.

 

Azərbaycan.- 2022.- 7 iyun.- S.4.