Azərbaycan Türk Akademiyaları Birliyinin fəaliyyətinə mühüm töhfələr verib

 

Qırğızıstanın paytaxtı Bişkek şəhərində Türk Akademiyaları Birliyinin iclası keçirilib. İclasda Türk Akademiyaları Birliyinə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) sədrliyi dövrünün hesabatı dinlənilərək müzakirə edilib, həmçinin əsasnaməyə görə sədrliyin növbəti ölkənin akademiyasına təqdim edilməsi mərasimi keçirilibbir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tədbiri giriş sözü ilə Qırğızıstan Elmlər Akademiyasının prezidenti akademik Murat Cumatayev açıb. Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Darxan Kıdırəli Türk respublikalarının Akademiyalarında gedən proseslərdən, baş vermiş ən mühüm yeniliklərdən və qarşıda duran vəzifələrdən danışıb.

Türk Akademiyaları Birliyi 2015-ci ildə yaradıldıqdan sonra qəbul edilmiş əsasnaməyə uyğun olaraq, birliyə 2015-2016-cı illərdə Qazaxıstan, 2017-2018-ci illərdə Türkiyə, 2019-2022-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası sədrlik edib.

İclasda AMEA-nın vitse-prezidenti akademik İsa Həbibbəyli "Türk Akademiyaları Birliyinə Azərbaycan Milli Elmlər Akademiyasının sədrliyi dövrünün hesabatı və qarşıda duran vəzifələr" haqqında məruzə ilə çıxış edib. Məruzəçi son üç ildə akademiyalararası inteqrasiyanın genişləndirilməsi, Birlik Akademiyalarının iştirakı ilə keçirilmiş tədbirlər, ortaq türk mirasının beynəlxalq miqyasda tanıdılması, habelə çap edilmiş mühüm elmi nəşrlər haqqında məlumat verib, qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsi zərurətindən danışıb.

Müzakirələrdə Özbəkistan Elmlər Akademiyasının vitse-prezidenti akademik Bəhram Abduxalimov, Tatarıstan Elmlər Akademiyasının prezidenti akademik Myakzyum Salixov, Qırğızıstan Elmlər Akademiyasının Humanitar Elmlər Bölməsinin sədri akademik Abdıldacan Əkmətəliyev və başqaları çıxış ediblər.

Əsasnaməyə görə, Türk Akademiyaları Birliyinə 2022-2023-cü illərdə sədrlik etmək Qırğızıstan Elmlər Akademiyasına həvalə olunub. Akademik İsa Həbibbəyli Türk Akademiyaları Birliyinin rəmzi estafetini bildirən bəyannaməni Qırğızıstan Elmlər Akademiyasının prezidenti akademik Murat Cumatayevə təqdim edib.

Türk Akademiyaları Birliyinin sədrliyinin 2023-cü ilin iyun ayında Tatarıstan Elmlər Akademiyasına transfer edilməsi qərara alınıb.

İştirakçılar Qırğızıstan Elmlər Akademiyasının elmi-tədqiqat İnstitutlarında olub, Zoologiya muzeyini, dünyaşöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun məzarını ziyarət ediblər.

 

Əsmər QARDAŞXANOVA

 

Azərbaycan.- 2022.- 8 iyun.- S.5.