Biz niyə həmişə İlham Əliyevə məğlub oluruq

 

Ermənistan ictimaiyyəti Azərbaycanın İranla imzaladığı Anlaşma Memorandumunu növbəti məğlubiyyətləri kimi qəbul edir

 

 

Azərbaycanla İran İslam Respublikası arasında qonşu ölkənin ərazisindən keçməklə Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu imzalanıb.

Bu ilk növbədə Azərbaycanın geostrateji müstəvidə yeni qələbəsi, tarixi əhəmiyyətə malik hadisə kimi qiymətləndirilir.

Bu məqsədə nail olmaq üçün Araz çayı üzərində ikisi avtomobil (piyada keçidi ilə) və ikisi dəmir yolu olmaqla ümumilikdə dörd körpünün, eləcə də rabitə və enerji təminatı infrastrukturunun tikintisi nəzərdə tutulur. Həmin körpülər Ermənistanın dövlət sərhədinə 5 kilometr məsafədə inşa olunacaq.

Proseslərin bu səpkidə inkişafı Ermənistanda ciddi narahatçılıq yaradıb. Çünki Zəngəzur dəhlizinin açılması ilə bağlı İrəvan üzərinə götürdüyü öhdəliklərə zidd olaraq, onun reallaşmasını əngəlləmək üçün müxtəlif bəhanələr uydurmağa başladı. Nikol Paşinyan elə düşünürdü ki, belə bir kommunikasiya yalnız onun ərazisindən keçə və onun icazəsi ilə yaradıla bilər. Ermənistan bu amili Azərbaycana qarşı təsir vasitəsi kimi istifadə etməyi, özündən asılı vəziyyətdə saxlamağı planlamışdı.

İndi bütün bu cəhdlərin fiaskoya uğradığını görən ermənilər baş naziri qınamağa başlayıblar. Erməni siyasi ekspert Armen Qeqamyan deyir ki,  Ermənistan ilyarım ərzində Zəngəzur dəhlizinin yaradılmasına maneçilik törətdi, müxtəlif bəhanələrlə onu əngəlləməyə çalışdı. Baxmayaraq ki, bu dəhlizin yaradılması iqtisadi cəhətdən ciddi problemlər yaşayan Ermənistanın ö üçün olduqca mühüm əhəmiyyət kəsb edirdi: “İqtisadi baxımdan regionda problemlərin həlli yolları göz qabağında olsa da, siyasi intriqalar bu məsələləri həll etməyə imkan vermədi. İqtisadi baxımdan Zəngəzur dəhlizi Ermənistana lazımdır. Dəhliz investisiyaların cəlb olunması, yeni yerlərinin açılması, sənaye müəssisələrinin bərpası üçün onlara imkan yaradardı. Xüsusilə də Ermənistanın regional iqtisadiyyata inteqrasiyasına kömək edərdi. Azərbaycan lideri İlham Əliyev də dedi ki, artıq bu qədər vaxt verdik yetər, Zəngəzur dəhlizi bizə maraqlı deyil, alternativ yollar tapırıq”.

Erməni ekspert Ruben Safrasyan bildirir ki, kommunikasiyaların açılması, sərhədlərin müəyyən edilməsi ölkəsinin düşdüyü blokada vəziyyətindən xilası olardı: “Azərbaycanla İran arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu Paşinyan hakimiyyətinin növbəti məğlubiyyəti sayıla bilər. Halbuki Zəngəzur dəhlizi bütün tərəflərin milli maraqlarına tam cavab verirdi. Zəngəzur dəhlizi Ermənistanın xilası ola bilərdi. Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa ediləcəkdi. Ermənistan bu dəhlizin açılması üçün üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədi, vaxt uzatmaqla məşğul oldu. Reallığı demək lazımdır. Düşünürəm ki, Zəngəzur dəhlizinin açılması ilə bağlı hakimiyyət Azərbaycan tərəfinə yalvarmalı olacaq. Çünki bütün üstünlüklər hazırda rəsmi Bakıdadır”.

 

Feysbuksosial şəbəkə istifadəçisi Manvel Qasparyan yazır ki, sevinirdik ki, illərdir dediyimiz gerçəkləşir. Nəhayət, yolumuz açılır, işıqlı günlərə çıxa bilərik: “Qarabağ problemi Ermənistanı 30 ildən çox bütün layihələrdən təcrid etdi. 30 ildə itirdiklərimizin hesabatını kim verəcək? Bu azmış kimi, İlham Əliyev Ermənistanın sərhədindən cəmi 5 kilometr aralıda - İran ərazisindən yeni kommunikasiya bağlantısı yaratdı. Azərbaycan bununla öz planlarını reallaşdırdı, Ermənistan isə növbəti dəfə şansını itirdi. Niyə axı belə edirsiniz? Biz niyə həmişə İlham Əliyevə məğlub oluruq. Bəs deyirdik Zəngəzur dəhlizi Ermənistanın xilası olacaq” (məyusluq işarəsi).

“İnstaqram” sosial şəbəkə istifadəçisi Aşot Minosyan isə “Azərbaycan İranla yeni kommunikasiya bağlantısı yaratdı” başlıqlı xəbərin paylaşımında yazır ki, müharibədən sonra yaranan iqtisadi böhran Ermənistanda insanları acınaqlı vəziyyətlə üz-üzə qoyub: “Evlərini satanlar, hətta intihar edənlər də olub. Paşinyan, vətənini sevən bir erməni kimi sizə nifrət edirəm. Zəngəzurda yaşayan qohumlarımız dəhlizin bərpasına görə o qədər sevinirdilər ki. Xalqın taleyi ilə hökumət maraqlanmır. Paşinyan başa düşməlidir ki, İlham Əliyevin atdığı addımlara “hə” deməkdən başqa çarəsi yoxdur”.

Levon Sarkisyan  adlı istifadəçinin “VKontakte” sosial şəbəkəsində İlham Əliyevin və Paşinyanın şəkillərini yanaşı paylaşaraq “Ermənistan məsələni uzatdı, Azərbaycan başqa dəhliz yaratdı” yazması maraqlı rəylərlə qarşılanıb. Vazgen Baqdasaryan adlı istifadəçinin bu fotoya şərhi çoxlu bəyənmə toplayıb: “Sevinirdik ki, boşa verdiyimiz illərin əvəzini çıxacağıq. Paşinyanın da Sarkisyan-Koçaryandan fərqi yoxdur.  Baş nazirimizbiz erməniləri dərin uçuruma yuvarlatmaqda davam edir. Yalançı vədlər, Qarabağ müharibəsinin yaratdığı problemlər bizi çox geri salıb. Yenə kor olaraq qalacağıq. Zəngəzur dəhlizinin açılması gələcəyimizi xilas edəcəkdi, gün görəcəkdik. Yenə də ümidimizi itirmirik”.

Aram Henrixyan isə çox maraqlı “Tvit” yazıb: “Paşinyan da Ermənistanı səfalətə, böhrana sürüklədi. Azərbaycan Ermənistanı xilas etməyə çalışır. Bizim baş nazir milləti düşünmür. Növbəti dəfə şansımızı itirərək mühüm geostrateji əhəmiyyətə malik olan layihədən kənarda qaldıq. Qazanan yenə Azərbaycan oldu”.

Göründüyü kimi, Prezident İlham Əliyev seçim üçün Ermənistanın siyasi rəhbərliyinə dəfələrlə şans verib. Ermənistan ictimaiyyəti də artıq başa düşür ki, Azərbaycanın təklifləri ilə razılaşmasalar, İrəvanın təcrid vəziyyətdə qalaraq inkişaf etməsi mümkünsüzdür və ötən zaman bunu çox aydın göstərib.

 

 

 

Elçin CƏFƏROV,

Azərbaycan.-2022.-10 iyun.- S.2.