Çimərlik mövsümü çimərliksiz başlayır

 

 

Yayın əsas sərinlik mənbələrinin çoxu təhlükə yayır

 

 

 

İyunun 15-dən Azərbaycanda çimərlik mövsümü başlayır. Yay mövsümündə əhalinin əsas üz tutduğu yerlərdən olan çimərliklər pandemiya dövründə ya bağlı qaldı, ya da ki, müəyyən qaydalar çərçivəsində işlədi. Bu il isə xəstəliyin səngiməsi səbəbindən çimərliklər yenidən insanları coşqu ilə qoynuna alacaq.

Təbii ki, yay aylarında paytaxt əhalisinin əsas istirahət məkanına çevrilən çimərliklərin təmizliyi, sanitar-gigiyenik normalara cavab verməsi, dəniz suyunun çirkli olmaması, təhlükəsizlik qaydaları, çimərlik ərazilərində xidmətin keyfiyyəti əsas faktorlardan hesab edilir. Elə bu məqsədlə hər il olduğu kimi, bu il də Bakı Şəhər İcra Hakimiyyəti çimərlik ərazilərinin təmizlənməsi ilə bağlı müvafiq qurumlara tapşırıqlar verib. Eyni zamanda Səhiyyə Nazirliyinin Respublika GigiyenaEpidemiologiya Mərkəzi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi mayın 16-dan etibarən Bakı və Sumqayıt şəhərləri ərazisində yerləşən çimərliklərin sanitariya vəziyyətinin müayinəsi və dəniz suyunun keyfiyyət göstəricilərinin laboratoriya tədqiqat üsullarının monitorinqlərini keçirib.

 

 

 

Bəzi ərazilərdə intensiv çirklənmə halları hələ də davam edir

 

 

 

Yay mövsümünə hazırlıqla əlaqədar olaraq aparılan müayinələrin nəticələrinə görə, Mərdəkan, Şüvəlan, Novxanı, Buzovna, Zaqulba, Nardaran çimərliklərində dəniz suyunun fiziki-kimyəvi, bakterioloji göstəricilərinin norma səviyyəsində olduğu aşkarlanıb.

Aparılmış monitorinqlər zamanı Səbail rayonunun Şıx, Qaradağ rayonunun Sahil çimərliklərinin sanitariya-mühafizə zonalarında dənizin tullantı çirkab suları ilə intensiv çirklənmə hallarının hələ də davam etdiyi müəyyənləşdirilib. Nəticədə qeyd olunan çimərliklərin suyunda mikrobioloji çirklənmə göstəriciləri normadan çox olub. Həmçinin Suraxanı rayonu Hövsan, Xəzər rayonu Türkan çimərliklərinin sanitariya-mühafizə zonalarına buraxılan tullantı çirkab suları ilə çirkləndirilməsi səbəbindən dəniz suyunun mikrobioloji çirklənmə göstəricilərinin mövcud normativlərin tələblərinə cavab vermədiyi məlum olub. Aparılmış laborator müayinə nəticələrinə əsasən, Pirşağı çimərliyinin suyunun mikrobioloji çirklənmə göstəriciləri də sanitariya norma və qaydalarının tələblərinə cavab verməyib. Sumqayıt şəhər çimərliyinə gəlincə isə, laboratoriya müayinəsinə götürülmüş dəniz suyu nümunələrində mikrobioloji çirklənmə göstəricisi olan bağırsaq çöpləri qrupu bakteriyalarının sayı normadan çox olub.

2022-ci il ərzində çimərlik mövsümündə mövcud vəziyyətin əhalinin sağlamlığı üçün ciddi təhlükə törətdiyini, əhali arasında yoluxucu xəstəliklərin baş verməsi və yayılması təhlükəsini nəzərə alaraq, "Sanitariya-Epidemioloji Salamatlıq haqqında" Qanuna əsasən, Səbail rayonu Şıx, Qaradağ rayonu Sahil, Suraxanı rayonu Hövsan, Xəzər rayonu Türkan, Sabunçu rayonu Pirşağı çimərliklərinin və göstərilən ərazilərdə qeyri-qanuni çimərlik sahələrinin çimərlik kimi istifadəsinin müvəqqəti olaraq qadağan edilməsi barədə Respublika GigiyenaEpidemiologiya Mərkəzinin müvafiq qərarları qüvvədə saxlanılıb, həmçinin Sumqayıt şəhər çimərliyinin çimərlik kimi istifadəsinin müvəqqəti olaraq qadağan edilməsi barədə qərar qəbul edilib.

 

 

 

İctimai çimərliklərdə təmizlik-abadlıq işləri aparılıb

 

 

 

Bakı Şəhər İcra Hakimiyyətindən qəzetimizə bildirilib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyevanın təşəbbüsü ilə Bakı şəhərinin sahil kənarı ərazilərində yaradılan ictimai çimərliklərdə mövsümə hazırlıq işləri başa çatıb.

4 ildir ki, Abşeron yarımadasının Sahil, Buzovna, Novxanı, Görədil və Pirşağı qəsəbələrində, Səbail rayonunda Şıx çimərlik ərazisində - ümumilikdə 6 yerdə fəaliyyət göstərən bu çimərliklər şəhər sakinlərinin Leyla Əliyevaya müraciətlərindən sonra paytaxtın dənizkənarı ərazilərində yerləşən özəl istirahət mərkəzlərinə və çimərliklərə alternativ olaraq yaradılıb. Burada yaradılan şərait və başlıcası isə pulsuz xidmət göstərilməsi Bakı sakinləri və qonaqların böyük rəğbətini qazanıb.

Mövsüm ərəfəsində ictimai çimərliklərdə lazımi təmizlik-abadlıq işləri aparılıb. Qış ərzində dəniz sahilinə yığılan tullantılar, həmçinin dalğaların sahilə atdığı müxtəlif əşyalar yığışdırılır, digər təmizlik işləri görülür. Çimərliklərdəki inventarlar, günlüklər, söhbətgahlar, sanitariya qovşaqları və duşlar yoxlanılır, təmir işləri aparılır. Eyni zamanda rəsmi çimərlik olmayan ərazilər də nəzarətdən kənarda qalmayacaqlar. Rayon icra hakimiyyətləri, kommunal xidmətlər bu ərazilərin təmizliyini diqqətdə saxlayacaqlar. İctimai çimərliklərdə Fövqəladə Hallar Nazirliyinin xilasetmə məntəqələri, həmçinin tibb məntəqələri yaradılır.

 

 

 

Dənizdə təhlükəsizlik qaydaları ilə bağlı tövsiyələr

 

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi, daxili xidmət mayoru Aqşin Əlili qəzetimizə çimərlik mövsümü ilə əlaqədar təhlükəsizlik qaydalarından və xidmət tərəfindən aparılan işlər barədə məlumat verib: "Xidmətin ümumilikdə 44 struktur bölməsi varburada çalışan dalğıc və xilasedicilər peşəkar şəxslərdir. Çimərlik mövsümünə hazırlıqla əlaqədar olaraq əməkdaşlara ixtisasartırma kursları keçirilib, onlara xilasetmə üsulları ilə yanaşı, həkimə qədərki ilkin tibbi yardım vərdişləri də öyrədilib. Onun sözlərinə görə, çimərliklər 200 metrdən az məsafədə təşkil olunmamalı, hər 50 metrdə bir xilasedici olmalıdır. Təhlükəsizlik baxımından çimərliklərdən istifadə səhər 09:00-dan axşam 20:00-a qədərdir. Hava qaraldıqdan sonra suya daxil olmaq təhlükəlidir, çünki bu zaman suda görüntü olmadığından üzmə sərhədlərini müşahidə etmək olmur. Dənizdə nişanlar qoyulan ərazini keçmək olmaz. Axtarış zamanı qayıqlardan, kiçikhəcmli gəmilərdən də istifadə olunur, amma kiçikhəcmli gəmilərin də qaranlıqda suya daxil olması qadağandır".

Aqşin Əlili təhlükəsizlik baxımından vətəndaşlara nəzarətsiz çimərliklərdən istifadə etməməsini tövsiyə edir. Hansı çimərlikdə xilasedici yoxdursa, deməli, həmin ərazidə təhlükəsizlik tədbirləri görülməyib və üzmək üçün təhlükəli yerdir. Nəzarət olunan, o cümlədən ictimai çimərliklərdə isə üzmə sərhədlərini müəyyən edən 1.75 metr dərinlikdə nişanlar qoyulur ki, onları keçmək olmaz. Həmçinin spirtli içkidən istifadə edib dənizə daxil olmaq, küləkli havada suya girmək təhlükəlidir. Xidmət mayoru vurğulayır ki, qaydalara görə, küləyin sürəti saniyədə 10 metrdən artıqdırsa, dənizdə çimmək olmaz. Ərazidə quraşdırılmış maarifləndirici lövhələrin üzərində yazılan tələblərə, xilasedicilərin göstərişinə əməl etmək lazımdır. Uşaqlar çimərlikdən yalnız böyüklərin müşayiəti ilə istifadə etməli və çimərlik ərazisinə nəzarətsiz buraxılmamalıdırlar. Hər hansı təhlükə baş verdikdə isə mütləq "112" qaynar xəttinə zəng vurmaq lazımdır.

 

 

 

Çimərlik mövsümü ilə əlaqədar sualtı baxışlar keçirilib

 

 

Statistikaya əsasən, hətta təcrübəli xilasedicilərin belə nəzarətsiz ərazilərdə boğulduğu qeydə alınır. Nəzarətsiz ərazilərdə boğulmanın bir neçə səbəbi var. Bunlardan biri su altında daş, qaya, digər yad cisimlərin insanları zədələməsi, qəfləti dərinliklər, qıcolma, çuxurlar və ən əsası sualtı axınlardır.

Şöbə rəisi deyir ki, suda üzərkən quruya doğru çıxmağa çalışan şəxs sahilə çata bilməyib dənizə doğru hərəkət etdiyini hiss edirsə, demək, bu zaman o, su axınına düşmüş olur. Su axınına düşdükdə isə diqqət etməli bəzi məqamlar var: "Belə vəziyyətdə ilk növbədə panikaya düşməməli və axına qarşı deyil, sahilə paralel olaraq hərəkət edilməlidir. Çünki axın insanı suyun altına çəkmir, axın bir o qədər dərin hissələrdə olmur. Maksimum dərəcədə güc toplayaraq sahilə paralel 5-10 metr məsafədə üzərək axından çıxmaq olar".

Nəzarət olunan çimərliklərdə mövsümqabağı dalğıclar vasitəsilə sualtı baxışlar da keçirilir. Bu zaman daş, qaya parçaları təmizlənir, çuxur, yarğanlar, təbii proseslər nəticəsində yaranan digər təhlükəli amillər vaxtında aşkar edilərək qadağanedici nişanlar qoyulur. Eyni zamanda sualtı axınlar da vaxtında aşkarlanır.

Aqşin Əlili bildirir ki, məhz təhlükəsizlik tədbirləri nəticəsində ötən il suda boğulma faktı ilə üzləşən 227 şəxs xilasedicilər tərəfindən qurtulub. Nəzarət olunan ərazilərdə ölümlə nəticələnən bədbəxt hadisə də baş verməyib.

 

 

 

Nəzarətsiz çimərliklərdən istifadə təhlükəlidir

 

 

 

Yay mövsümünü kiçikdən-böyüyə hər kəsin səbirsizliklə gözlədiyi bəllidir. Xüsusən bu aylarda insanlar istirahətə önəm verir, yayın qızmar istilərində dənizə girərək sərinlənir və çimərliklərdə asudə vaxt keçirirlər.

Əyləncə və istirahətimizin xoş bitməsi üçün təhlükəsizliyimiz çox önəmlidir. Buna görə nəzarətsiz çimərliklərdən istifadə etməməli, eyni zamanda dəniz suyunda mikrobioloji çirklənmə səviyyəsi yüksək olan ərazilərə üz tutmamalıyıq. Həmin ərazilərdə dənizə baş vurmaq insanlarda müxtəlif infeksiyaların yaranmasına səbəb olaraq sağlamlığınıza ciddi ziyan vura, müxtəlif xəstəliklərin yaranmasına gətirib çıxara bilər. Qadağan olunan, nəzarətsiz çimərliklərdə suya girmək həyatınız bahasına başa gələ bilər. Odur ki, diqqətli olun.

 

 

 

Əsmər QARDAŞXANOVA,

Azərbaycan.-2022.- 12 iyun.- S.10.