Şuşalı Qran-pri

 

 

"Formula-1" Azərbaycan kuboku da mədəniyyət paytaxtımızın 270-ci ildönümünə həsr olundu

 

 

 

Keçilməz sıldırımlar qoynunda bina olmuş qartal əzəmətli bir qala var

O qalada qürurla dalğalanan üçrəngli, ay-ulduzlu müqəddəs bayraq bütün Qarabağa, Azərbaycana, dünyaya azadlıq sədası yayır, qurtuluş sorağı bəxş edir

Azərbaycan xalqının qəhrəmanlıq, qürur zirvəsi kimi şah ucalıqda dayanan bu ulu yurd Yer üzünün hər yanından görünən şanlı qələbə ünvanıdır…

Zəfərin, mədəniyyətin, sülhün, barışığın əbədi bərqərar olduğu cənnətməkandır…

 

Bura Vətəndir…

Bura Şuşadır…

 

 

 

Qarabağ Azərbaycandır!” həqiqətinin möhür ünvanı

 

 

Ruhumuzun dirçəliş ünvanı olan bu əfsanəvi Azərbaycan şəhəri 8 noyabr 2020-ci ildə şücaətlə azadlığına qovuşdurulandan sonra tarixi şan-şöhrətini bərpa etməyə başlayıb. Zəfərdən qısa zaman sonra işğaldan azad edilən bütün torpaqlarımızda olduğu kimi, Qarabağın ürəyi Şuşada da genişmiqyaslı bərpa-quruculuq işlərinə start verilib. Şuşanın tarixi əzəmətinin, mədəni ruhunun özünə qaytarılması istiqamətində nəhəng layihələrin icrasına başlanılıb.

Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşada illərdən sonra "Xarıbülbül" Musiqi Festivalı baş tutub, Vaqifin bərpa olunan əzəmətli mavzoleyinin qarşısında "Vaqif Poeziya Günləri" keçirilib. Şuşada gerçəkləşən daha bir əlamətdar hadisə, ötən il, müstəqil Azərbaycan dövlətinin 15 İyun - Qurtuluş Günündə "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi"nin imzalanması və bununla da Azərbaycan - Türkiyə əlaqələrinin ən yüksək zirvəyə çatdırılması olub. Bu ili isə başdan-başa "Şuşa ili",  Zəfər qalamızın şanlı tarixinin bayramı kimi qeyd edirik.

İndi mədəniyyət paytaxtımız hər kəs tərəfindən musiqi festivallarının, şeir bayramlarının keçirildiyi, əlamətdar beynəlxalq tədbirlərin baş tutduğu, tarixi bəyannamələrin imzalandığı mühüm şəhər kimi anılır.

Ən əsası, bütün dünya Şuşanı Azərbaycanın qələbə rəmzi sayır, “Qarabağ Azərbaycandır!” həqiqətinin möhür ünvanı kimi tanıyır.

 

 

 

Rəsmi mükafat Yuxarı Gövhər ağa məscidinin minarələrinin elementlərini əks etdirir

 

 

Elə bu il Bakıda keçirilən növbəti "Formula-1" Azərbaycan Qran-prisi kubokunun qədim şəhərimiz Şuşanın 270-ci ildönümünə həsr olunması da buna daha bir möhtəşəm nümunə oldu. Zəngin irsimizin elementlərini özündə birləşdirən yarışın rəsmi mükafatı Azərbaycanın əzəli torpaqlarına - Şuşaya qovuşması və "Şuşa ili" münasibətilə şəhərin ən qədim abidələrindən sayılan Yuxarı Gövhər ağa məscidinin minarələrinin elementlərini əks etdirir. Kubok üzərindəki naxışlar qabarıq lentlərlə üç hissəyə bölünmüş və rəngli daşlarla bəzədilmiş minarələrin kərpiclə hörülmüş səthini xatırladır. Milli naxış və elementlər yarışın saf gümüşdən hazırlanmış dörd kubokunun (pilotlar üçün 1, 2 və 3-cü yer kubokuKonstruktorlar Kuboku) üzərində mövcuddur.

 

 

 

Bunun böyük rəmzi mənası var

 

 

 

1752-ci ildə Pənahəli xan tərəfindən təməli qoyulan qədim şəhərimizin 270 illik yubileyini coşqu ilə qeyd etdiyimiz bu ərəfədə dünyaca məşhur bir yarışın - "Formula-1" Azərbaycan Qran-prisinin rəsmi mükafatının da məhz Şuşaya həsr edilməsinin böyük rəmzi mənası var.

"Şuşa ili"nə əlamətdar töhfə olan bu addım həm də bir daha onu sübut edir ki, artıq beynəlxalq aləm də "Qarabağ Azərbaycandır!", "Şuşa Azərbaycanın qədim şəhəridir" reallığını qəbul edir. Bu tarixi həqiqəti bütün platformalarda istər siyasi, mədəni, istərsə də idman və digər sferalarda bariz şəkildə etiraf edir.

Bu baxımdan Bakıda baş tutan möhtəşəm "Formula-1" Azərbaycan Qran-prisi də 44 günlük şanlı Vətən müharibəsində qazandığımız parlaq Zəfərin dünyada tərənnüm və təbliğ olunduğu daha bir beynəlxalq kürsü oldu. Beynəlxalq yarışın rəsmi mükafatının Yuxarı Gövhər ağa məscidinin timsalında mədəniyyət paytaxtımız Şuşanı simvolizə etməsi də bir daha onu göstərdi ki, bu qəhrəman şəhər həm də Azərbaycanın Zəfər rəmzidir və qaliblərə də məhz bu cür qələbə ərməğanı yaraşır.

Bir sözlə, Azərbaycan Qran-prisinin qalibinin qazandığı kubokla yaxından tanış olan hər kəs eyni zamanda Vətən müharibəmizin qürurlu Şuşa zəfəri haqqında da məlumat almaq imkanı qazanır. "Qarabağ Azərbaycandır!" reallığı ilə bir daha əyani tanış olur...

 

 

Yasəmən MUSAYEVA,

Azərbaycan.-2022.- 14 iyun.- S.8.