"Həyat yolu" uğrunda ölüm-dirim savaşı

 

Yaxud Ulu Öndərlə bir görüşün tarixçəsi

 

1992-ci ildə iki həftəyə yaxın Naxçıvanda olduğum üçün 30 il əvvəlki keçmişə dönməyə, xatirələri təkrar çözələməyə ehtiyac yarandı. May ayının ortaları idi. Heydər Əliyevin milli kadrlarından bir neçə nəfər Bakıdan Naxçıvana Ulu Öndərlə görüşə getdik. Naxçıvan Muxtar Respublikası mühasirədə - erməni blokadasında idi.

Avtomobil və dəmir yolları ermənilər tərəfindən bağlandıqdan sonra erməni millətçiləri yolları dağıdır, hər şeyi söküb aparırdılar. Muxtar respublikanın paytaxtında ilk gözümüzə dəyən maşınların sayının azlığı, küçələrdə bir neçə yerdə qoyulan benzin dolu kanistrlər oldu. Maşınların seyrəkliyi, hərəkətin zəifliyi ilkin olaraq aldadıcı bir təsəvvür yaradırdı ki, burada həyat sanki bir qədər boz və donuqdur. May ayı Naxçıvanın həm isti, həm də ən gözəl mənzərəli ayı olsa da, hər yanda ağır savaşın qan donduran dilxor ruhu dolaşırdı. Onda heç birimizin ağlına belə gəlməzdi ki, muxtar respublikanın blokadasının ömrü bir qərinəyə - 33 ilə yaxınlaşacaq.

Biz orada olanda Naxçıvan Muxtar Respublikasını Türkiyə ilə birləşdirən "Həyat körpüsü"nün tikintisi sürətlə yekunlaşırdı. Yüz minlərlə insan ümidlə Naxçıvanla Türkiyəni birləşdirən yolun açılışını gözləyirdi. Amma işlər başa çatdıqca Ermənistanın silahlı qüvvələri azğınlaşır və vəhşi bir aqressivliklə sərhəd boyu, əsasən də Sədərək tərəfdən hucuma keçərək "Həyat yolu" körpüsünə çıxmaqla həm körpünü, həm də Azərbaycanla Türkiyəni birləşdirən o torpaq zolağını ələ keçirmək üçün ölüm-dirim savaşına başlamışdılar. Çox ağır və qanlı döyüşlər gedirdi. Sədərəyə və yeni qəsəbəyə atılan topların, yağdırılan mərmilərin sayı-hesabı yox idi. Amma insanlar muxtar respublikanın hər yerində mətin və döyüşkən ruhda dayanmışdılar. Naxçıvanlılar cəngavər kimi döyüşür, düşmənə bircə addım irəli getməyə belə imkan vermirdilər. Döyüşlər ağırlaşdıqca, yaralıların sayı artırdı. Şərur rayon xəstəxanasında həkimlər gecə yarısı lampa işığında yaralıların üzərində gileylənmədən, şoka düşmədən cərrahiyyə əməliyyatları aparırdılar. Həkimlərin üzlərinin sakit ifadəsi indi də yadımdan çıxmır, sanki elə belə də olmalıydı.

Biz bir neçə dəfə Ulu Öndərlə görüşdük. O, nikbin və gümrah idi, bizi tez qəbul edirdi. Hətta bir dəfə bizi Türkiyədən gələn əski millət vəkillərinə təqdim edib dedi ki, haçansa keçmiş Sovet İttifaqının ən güclü ali məktəblərinə oxumağa göndərdiyi bu insanlar indi onu yoluxmağa, ziyarətə gəliblər. Türkiyənin "Hürriyət" qəzetinin əməkdaşı Ramiz Əsgər soruşdu ki, Heydər bəy, siz nəhənglikdə insan bu kiçik torpağa necə sığırsınız? O gülümsəyərək cavab verdi: "Siz doğrudandamı Naxçıvanı balaca yer sayırsınız? Onu qucaqlamağa məndən də nəhəng insan lazımdır".

Biz o zaman Ulu Öndərin cavabını bir qədər fəlsəfi, böyük siyasi xadimə xas uğurlu ifadə kimi qəbul etmişdik. Muxtar respublikanın blokadadan çıxarılmasına Ermənistanın 30 il göstərdiyi sərt müqavimət, hətta bu məsələdə regional və super güclərin Ermənistana verdiyi dəstək həqiqətən də onu təsdiq edir ki, Naxçıvan düşündüyümüz qədər kiçik torpaq yox, beynəlxalq münasibətlərin tənzimləməsində strateji rol oynayan, şərqlə qərbi, şimalla cənubu birləşdirən xüsusi əhəmiyyətli strateji nöqtədir. İndinin özündə belə, həm Ermənistanda, həm də onun hüdudlarından kənarda bu blokadanın saxlanılmasına, yolların, kommunikasiyaların açılmamasında marağı olan ciddi qüvvələr mövcuddur.

 Naxçıvanda qaldığımız iki həftə ərzində o zaman əməkdaşı olduğum WTN (ümumdünya televiziya xəbərləri) üçün muxtar respublikanın həyatının demək olar ki, bütün istiqamətlərini əhatə edən xəbərlər hazırlaya bildik. Biz Sədərək qəsəbəsində ağır döyüşlərin getdiyi Ucubiz dağına çıxdıq, ermənilərin kimyəvi silahlardan istifadə etməsini ifşa edən xəbər hazırladıq, dağın arxasında gecələyib gündüz iş-güclərinin dalınca yenidən qəsəbəyə dönən sədərəkliləri kameranın yaddaşına aldıq və ən nəhayət, "Həyat körpüsü"nün açılışında iştirak etdik.

Maraqlısı o idi ki, Naxçıvandan hazırladığımız hər xəbərin özünəməxsus tarixçəsi, öz tərcümeyi-halı var idi. Ən çətini ermənilərin kimyəvi silah tətbiq etməsini təsdiqləyən reportajın yazılması oldu. Naxçıvanda deyəsən Fransadan gələn Qızıl Xaç Komitəsinin üzvləri var idi. Onlar ermənilərin kimyəvi silah tətbiq etməsini bilsələr də, bunu təsdiq edən müsahibə verməkdən imtina etdilər. Bəhanələri də o idi ki, guya bu onların səlahiyyət çərçivələrindən kənardadır. Yenidən Naxçıvan MR səhiyyə nazirinin qəbul otağına qayıtdıq. Qızıl Xaç Komitəsinin nümayəndələrini bir daha dəvət etdilər ki, faktlarla tanış olsunlar. Mən nazirin qəbul otağına açılan qapının arxasındakı kiçik kabinetdə gizlənib işığı da söndürdüm. Qapını isə azacıq aralı qoyduq ki, çəkilişimizi apara bilək. Vidiokameram bir kilometrlik səngəri belə çəkib yaxına gətirə bilirdi. 10-15 metrlik məsafədən isə istənilən adamın sifətini ekrana tam yaxınlaşdırmaq mümkün idi. Qızıl Xaç Komitəsinin üzvlərinin gözləri önundə kimyəvi silahın tətbiq edildiyini təsdiqləyən bir neçə kimyəvi təcrübə aparıldı. Qızıl Xaç Təşkilatının nümayəndələri baxdıqca başları ilə gördüklərini təsdiq edirdilər. Bizə də bu fakt kimi bəs edirdi. O zaman bu xəbər 26 ölkəyə yayılmışdı.

Ən çətini, əlbəttə ki, birbaşa döyüşlərdə iştirak etmək idi. Naxçıvanın daxili işlər naziri şəxsən məni tanıyırdı, dedi ki, sizi ora elə-belə göndərə bilmərəm: "Ürəkli bir igid var, o aparacaq sizi". Naxçıvanda 6 il xüsusi müxbir işlədiyim üçün adamların çoxunu tanıyırdım. Bir azdan qapı açıldı, nazirin kabinetinə ən yaxın dostum rəssam İlham Mirzəyev girdi. Görüşdük, qucaqlaşdıq, onun kimdənsə bir günlüyə borc aldığı qırmızı "zapıya" minib Sədərəyə döyüşlərin getdiyi ən ağır yerə yola düşdük. Müharibəyə əslində tək gedəsən gərək, özün bir yana, yanında kim varsa, onun həyatını da təhlükəyə atırsan. İlham bizi Sədərək qəsəbəsinə sağ-salamat gətirdi, hələ birbaşa dağlardakı döyüş postlarına da çıxmaq istədi. Amma xalası oğlu Azər "olmaz" dedi. Onu aşağıda qoyub dağlara sarı Ucubiz zirvəsində növbə çəkən əsgərlərin yanına yola düşdük. Dağa dırmaşmaq elə-belə iş deyil. Snayperlerın asanlıqla vura bildiyi nöqtələri isə üzüyuxarı sürətlə çıxmaq demək olar ki, mümkün deyil. Amma sağ qalmaq istəyirsənsə, bacarmalısan. Və yeri gələndə qaçmalısan, sürətin elə cəld olmalıdır ki, səni düşmən vura bilməsin. Belə döyüşlərdə isə snayperlər paqona və kameraya işləyirlər. Posta bir neçə metr qalmış nəfəsimizi dərməyə dayandıq. Mənə vəziyyəti izah etdilər ki, bu 3 metri güllə kimi üzüyuxarı şığımaq lazımdır. Ermənilər istəsələr oranı snayperlə də, qranatamyotla da vura bilirlər. Uşaqlar üzüyuxarı sıçrayıb zirvədəki çalanın içinə tullanırdılar. 3 metrini qaçsam da, yarım metr qalmış qəfildən büdrədim və yerə çırpıldım. Bəxtim onda gətirdi ki, yana yox, yəni təhlükəsiz yerə, zirvədə keşik çəkən əsgərlərin ayağının altına tərəf yıxıldım. Elə yıxılanda partlayış səsi gəldi, gördüm ki, ayağımın altında dağdan toz-duman qopdu, daş qəlpələri uçdu. Qranatamyotla vurmuşdular. Bir neçə saniyə gözlədim, əl-ayağımı tərpətdim, ağrı yox idi. Deməli, sağ-salamat idim, xəta-bəla da sovuşmuşdu. Moskvada mənə "bronojilet" vermişdilər, demişdilr ki, lazım gələr, müharibədir. Onu özümlə gəzdirsəm də, döyüşlərdə bir dəfə də olsun geyinmədim. Hamı cavan uşaqlar idi, heç kimdə də "bronojilet" yox idi, amma məndə var idi. Ucubiz postunda əsgərlər soruşdu ki, niyə geymirsən, dedim sizin yoxunuzdusa, mən necə geyinim? Uşaqlardan biri "bronojileti" avtomatın süngüsünə keçirib səngərin üstündən göyə qaldırdı. 10-15 saniyənin içində erməni snayperləri bir neçə atəş açdılar. Yoxlayanda uşaqlar şaqqanaq çəkib güldülər: "Yaxşı ki, geyməmisən. "Bronojilet" bütün güllələri buraxıb dəlik-dəlik olmuşdu".

Körpünün açılışına bir neçə gün qalmışdı, vaxt daraldıqca ermənilər azğınlaşır, hücumları intensivləşir, törətdikləri vəhşiliklər əndazədən çıxırdı. Nəyin bahasına olursa olsun, Sədərəyə girmək, körpünün inşası gedən ərazini ələ keçirmək istəyirdilər.

Həmin günlərdə bir daha şahid olduq ki, Heydər Əliyev Naxçıvanda Ali Məclisin Sədri kimi qeyri-adi nüfuza malikdir. İnsanlar ona inanır, güvənirdilər. Ulu Öndər körpünün açılışı ərəfəsində ağlının böyüklüyünə, təcrübəsinin dərinliyinə uyğun bir tərzdə prosesləri təmkinliklə idarə edirdi.

Bakıda da vəziyyət ağır idi. Şuşa ermənilərə təslim edilsə də, bunu bir neçə gün xalqdan gizlətdilər. Ermənilər isə bütün dünyaya car çəkdilər ki, dinc erməni əhalisi Şuşaya, evlərinə qayıtdı. Bakıda vəhşi bir xaos hökm sürürdü. Bəzən axşam yatanda elə gəlirdi ki, səhər ermənilər qapını təpiklə sındıracaqlar. Şəhərdə xaos və müəmmalar hökm sürürdü, hamı bədbinlik və vahimə içində idi.

Orada olduğumuz günlərdə aydın görünəni o idi ki, elə bil Bakı bir qədər başını itirib əyalətə çevrilmişdi. Naxçıvan blokada da olsa belə, siyasi hadisələrin qaynadığı vacib mərkəz idi. 1992-ci ilin may ayında Bakıda ordu da, ozamankı iqtidar da şokda idi. Onlar sanki nələrin baş verdiyini anlamırdılar. Naxçıvanda isə vəziyyətin mürəkkəb və çıxılmaz olmasına baxmayaraq, hadisələr idarə olunurdu. İnsanı heyrətləndirən bir arxayınlıq var idi, hamı sakit və qətiyyətli idi. Naxçıvan Bakıdan daha fərqli, daha soyuqqanlı, daha müdrik görünürdü. Bakı qaçqınlar və şayiələrlə dolu olsa da, Naxçıvanda insanlar cəsarətlə döyüşürdülər.

Hamı Ulu Öndərin Naxçıvanda olması ilə fəxr edirdi, hamı ona güvənirdi.

Ermənilər körpünün mayın 28-nə nəzərdə tutulan açılışına mane ola bilmədilər. Süleyman Dəmirəl Naxçıvana gəldi və Heydər Əliyevlə birlikdə körpünün açılışında iştirak etdilər. "Həyat yolu" adlandırılan bu körpü Naxçıvan blokadasını sındıran ən güclü tədbir kimi Azərbaycan tarixinə həkk olundu.

 

Bahadur İMANQULİYEV

 

Azərbaycan.- 2022.- 15 iyun.- S.16.