Azərbaycan Ukraynada olan soydaşlarımıza sahib çıxır

 

Onların digər ölkələrdən keçməklə vətənə qayıtmaları təmin olundu

 

Azərbaycanda dövlət siyasətinin mərkəzində insan faktorunun dayanmasını çoxsaylı faktlarla göstərmək olar.

Bu sırada xüsusən əvvəldən proqnozlaşdırılması mümkün olmayan hadisələr zamanı  və digər situasiyalarda dövlətimizin öz vətəndaşlarına yönəlik çevik reaksiyası xüsusilə qeyd olunmalıdır. Prezident İlham Əliyev baş vermiş ekstremal hadisələr zamanı insanların maraqlarının qorunmasını ön plana çəkib, vətəndaş mənafeyinə həssas münasibətin nümunəsini yaradıb.

 

İnsan amilini uca tutan siyasət

 

Son günlər Ukraynada baş verən hadisələrlə əlaqədar bu ölkədə olan vətəndaşlarımızın Azərbaycana qaytarılması üçün görülən işlər bir daha göstərdi ki, dövlətimiz insan amilinə hər zaman öndə olan məsələ kimi yanaşır.

Azərbaycanla Şərqi Avropanın böyük dövlətlərindən olan Ukrayna arasında yüksək siyasi, iqtisadi əlaqələrlə yanaşı, tarixi ənənələrə, qarşılıqlı anlaşmaya əsaslanan etimadlı münasibətlər mövcuddur. Təsadüfi deyil ki, iki xalq arasında daim dostluq münasibətləri hökm sürüb. Təbii ki, əlaqələrin inkişafında hələ sovet dövründə formalaşmış ənənəvi münasibətlərin böyük rolu var. SSRİ-nin dağılmasından sonra isə həm Azərbaycan, həm də Ukrayna üçün ağır sosial-iqtisadi çətinliklərin meydana çıxmasına baxmayaraq, qarşılıqlı işgüzar əməkdaşlıq ənənəsi qorunub saxlanıldı. İki dövlət arasında dəniz və quru sərhədlərinin olmamasına baxmayaraq, tərəfdaşlıq münasibətləri durmadan genişlənib.

Münasibətlərin beynəlxalq əməkdaşlıqdan tutmuş iqtisadi və hərbi sahələrə qədər geniş spektri əhatə etməsi, müxtəlif sahələrdə yüzdən artıq sənədin imzalanması da bunu təsdiq edir.

Elə bu səbəbdəndir ki, Ukraynada böyük azərbaycanlı icması var. Soydaşlarımız siyasi sferadan tutmuş bu ölkənin iqtisadi, mədəni həyatına qədər olduqca fəal iştirak edirlər. Bunlarla yanaşı, Ukrayna hər zaman Azərbaycan vətəndaşları üçün təhsil və biznes üçün cəlbedici olub. Ukrayna ali məktəblərində xeyli azərbaycanlı tələbə təhsil alır, Azərbaycandan bu ölkəyə meyvə və tərəvəz ixrac olunur. Habelə həmyerlilərimiz Ukraynada müxtəlif səhələrə sərmayə yatırıblar. Ukraynanın dünyada məşhur olan sanatoriya və kurortları azərbaycanlılar üçün də hər zaman cəlbedici olub.

 

Dövlət hər zaman öz vətəndaşının yanındadır

 

Buna görə Ukraynada xeyli Azərbaycan vətəndaşının olması tamamilə təbiidir. Burada baş verən hadisələrlə əlaqədar hava məkanının bağlanmasına, o cümlədən yollarda hərəkətin təhlükəli olmasına görə onların vətənə qayıtmasında bir sıra çətinliklər meydana çıxıb. Lakin hər zaman öz vətəndaşlarının yanında olan Azərbaycan dövləti Ukraynada olan soydaşlarımızı da darda qoymadı. Artıq bir neçə gündür ki, onların vətənə qayıtmaları üçün müxtəlif tədbirlər həyata keçirilməkdədir.

Ukraynadakı vəziyyətlə əlaqədar bu ölkəni tərk edərək Rumıniyaya keçən bir qrup Azərbaycan vətəndaşının “Azərbaycan Hava Yolları”nın təşkil etdiyi çarter reysi ilə təxliyəsi həyata keçirilib və ümumilikdə 176 vətəndaşımız Azərbaycana geri dönüb. Bu yolla vətəndaşlarımızın təxliyəsi davam etdiriləcək.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin Ukraynadakı vəziyyətlə bağlı bu ölkə ərazisində daimi və müvəqqəti yaşayan vətəndaşlarımızla bağlı məlumatında qeyd olunur ki, onların qonşu ölkələrdən Moldova, Polşa, Slovakiya, Macarıstan, habelə Rumıniya ərazisinə keçidi davam edir. Son məlumata əsasən, Ukraynada hərbi əməliyyatların başlanmasından sonra qonşu ölkələrdən Moldovaya 950, Polşaya 447, Macarıstana 17, Rumıniyaya 200, Slovakiyaya isə 13 nəfər vətəndaşımız daxil olub. Bu dövlətlərlə əldə edilmiş razılıq əsasında Azərbaycan vətəndaşlarının tranzit keçidi üçün viza tələbi müvəqqəti olaraq götürülüb. Vətəndaşlar tərəfindən yalnız səyahət sənədi təqdim edilir, COVID-19 pasportu və PCR testinin neqativ nəticəsi mütləq şəkildə tələb olunmur.

Bolqarıstan da Azərbaycan vətəndaşlarının Ukrayna ərazisini tərk etməsini nəzərə alaraq, onlara münasibətdə ölkə ərazisindən tranzitlə keçmək üçün müvəqqəti olaraq viza tələbini ləğv edib.  Vətəndaşlarımız Rumıniya vasitəsilə Bolqarıstana, oradan isə Türkiyə ərazisinə keçməklə Azərbaycana qayıda bilərlər.

Azərbaycan dövləti soydaşlarımızın Ukraynadan təxliyəsinə operativçevik reaksiya verməklə, onları darda qoymamaqla öz vətəndaşının taleyinə biganə qalmadığını növbəti dəfə nümayiş etdirdi. Bu, bir daha onu göstərdi ki, dövlətimiz hər zaman öz vətəndaşlarının yanındadır və baş verən istənilən hadisə zamanı çətin vəziyyətlərdə olan insanlarımızı tək qoymur, dəstəyini onlardan əsirgəmir.

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.- 2022.- 2 mart.- S.1; 3.