İrəvan hakimiyyətdaxili çəkişmələrlə çalxalanır

 

Korrupsiya Ermənistanın bütün həyat sferalarında dərin kök salıb

 

Son dövrdə Ermənistanda narazılıq və qarşıdurma həddinin daha da yüksəlməsi, keçmiş hərbi xunta ilə mövcud hakimiyyət arasında ziddiyyətlərin bir qədər də kəskinləşməsi müşahidə olunur. Müxalifət təmsilçiləri qeyd edirlər ki, belə vəziyyətdə ölkəni daha böyük təhlükələr gözləyir.

Bu vəziyyətdə hakimiyyət daxilində çəkişmələr ölkə üçün əlavə problemlər yaradır. Erməni politoloqları hesab edirlər ki, yaxın vaxtlarda Ermənistanın iqtidar partiyası daxili çəkişmələrlə çalxalanacaq. Prezident seçkilərindən sonra hakim partiyada vəzifələr uğrunda çəkişmələr daha da güclənəcək, digər tərəfdən isə Nikol Paşinyanın ətrafındakı insanların peşəkarlığına görə deyil, sadiqlik prinsipi üzrə seçilməsi ciddi fəsadlar yaradacaq.

“4rd.am” saytı yazır ki, Paşinyan hökumətinin daxilində çəkişmələr getdikcə artır ki, bu da sərmayədarları ölkədən qaçırır. Müəllif qeyd edir ki, “məxməri inqilab” və müharibədəki məğlubiyyətdən sonra Ermənistanda oliqarxlar kənarlaşdırılır və bir adamın hakimiyyəti bərqərar olur: “Paşinyanın özü də partiyasının heç bir ideoloji əsaslara söykənmədiyini dəfələrlə etiraf edib. Bu isə, öz növbəsində, yüksək vəzifələrə təyinatların baş nazirə yaxınlıq prinsipi ilə həyata keçirilməsinə səbəb olur. Bu cür şəraitdə hakimiyyətdaxili mübarizənin güclənməsi labüddür. Paşinyanın ölkənin rayonlarında olan bəzi tərəfdarları həm yüksək nüfuza, həm də silahlı dəstələrə malikdirlər”.

Bunların fonunda Ermənistanın sosial-iqtisadi sahədə üzləşdiyi problemlər daha geniş miqyas alır.

Artıq bu ölkənin özündə də açıq etiraf edilir ki, hadisələrin real gedişi Ermənistanın bir dövlət olaraq tarixin arxivinə qovuşmasını şərtləndirir. O da xüsusi olaraq vurğulanır ki, mövcud problemlərin həlli üçün hakimiyyət hər hansı konsepsiyaya tədbirlər planına malik deyil. Əksinə, iqtidarda təmsil olunanlar yalnız öz şəxsi mənafelərini güdür, istənilən qanunsuz yolla daha çox varidat toplamaq barədə düşünürlər.

Ermənistanın “İravnuk” qəzeti yazır ki, məhz elə bu səbəbdən həddən artıq kasıb olan, əhalisinin böyük hissəsi ifrat yoxsulluq həddində yaşayan bu kiçik ölkədə sürətli inkişaf edən yeganə sahə korrupsiyadır. Vurğulanır ki, korrupsiya Ermənistanın bütün həyat sferalarında kifayət qədər dərin kök salıb və artıq ölkənin milli təhlükəsizliyinə də böyük hədə yaradır. Belə vəziyyət sadə vətəndaşların mövcud hakimiyyətdən duyduğu narazılığın daha kəskin xarakter almasına, hətta sosial partlayış həddinə qədər yüksəlməsinə gətirib çıxarır. Ermənistanda böyükya kiçikliyindən asılı olmayaraq demək olar ki, bütün məmur ordusu korrupsiya piramidasında yer aldığından bu problemə qarşı mübarizə yalnız kağız üzərindədir. Onunla bağlı vaxtaşırı verilən quru vədlər isə sözdən başqa bir şey deyildi.

Korrupsiyaya qarşı strategiya hazırlansa da, müvafiq şura yaradılsa da, təbliğati kampaniyalar aparılsa da məmur oliqopoliyası reallıqda bu problemə qarşı hər hansı mübarizənin aparılmasına imkan vermir, əksinə, onlar daha çox var-dövlət toplamaq üçün istənilən qanunsuzluğa yol verməkdən çəkinmirlər.

Nəticədə ölkə həyatının ən müxtəlif sahələrində korrupsiya, rüşvətxorluq daha dərin kök salır, böyük sürətlə çiçəklənir. Məsələn, indi dövlət səviyyəsində açıq etiraf olunur ki, təkcə vergi sistemində korrupsioner, rüşvətxor məmurların sayı iki min nəfərdən artıqdır. Media bildirir ki, vergilər naziri korrupsiya piramidasının əsas fiqurlarındandır.

Bütün bunlar qarşıdakı dövr ərzində Ermənistanı daha çətin günlər gözlədiyini deməyə əsas verir.

 

Elçin CƏFƏROV

 

Azərbaycan.- 2022.- 2 mart.- S.1;4.