Şəhid Rüfət Şabanovun anım günündə bulaq kompleksinin açılışı olub

 

Rüfət  Şabanov 44 günlük Vətən müharibəsində igidliklə döyüşərək ailəyə şəhid kimi qayıdıb.

“Kəlbəcərin azad olunmasına görə” və “Vətən uğrunda” medallarına layiq görülən igidin xatirəsini əbədiləşdirmək məqsədilə onun doğum günündə yaşadığı ərazidə bulaq kompleksinin açılışı olub.

Abşeron rayon rəhbərliyi ictimaiyyət nümayəndələri, şəhid ailələri və qazilərlə birgə Ceyranbatan qəsəbə qəbiristanlığında uyuyan şəhid Rüfət Şabanovun  məzarını  ziyarət etmiş, qəbiristanlıqda dəfn olunmuş şəhidlərin məzarlarının üzərinə tər çiçəklər düzmüşlər.

Daha sonra  şəhid Rüfət Şabanovun  əvvəllər yaşadığı binanın qarşısında  yeni inşa olunan abidə-bulaq kompleksinin açılışı olub. Mərasimdə bildirilib ki, hər bir Azərbaycan vətəndaşı kimi Rüfət də torpaqlarımızın işğalı ilə heç vaxt barışmayıb. Bu səbəbdən də II Qarabağ müharibəsi başlayan kimi silaha sarılaraq cəbhəyə yollanıb və Murovdağ zirvəzi uğrunda gedən döyüşlərdə şəhid olub.

Sonra rayon rəhbərliyi Ceyranbatan qəsəbəsində şəhidin ailə üzvləri ilə görüşüb. Ailənin problemləri, qayğıları ilə maraqlanılıb, səslənən problemlərlə bağlı əlaqədar orqanlara tapşırıqlar verilib.

 

Akif ƏLİYEV

 

Azərbaycan.- 2022.- 2 mart.- S.5.