Böyük qayıdışa az qalıb

 

İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzurda reallaşdırdığı yaşayış kompleksləri  tezliklə istifadəyə veriləcək

 

İşğaldan azad olunmuş ərazilərin dirçəldilməsi və “ağıllı” texnologiyalar bazasında müasir kəndlərin, qəsəbələrin, şəhərlərin salınması, yenidən qurulması bu bölgəni təkcə ölkəmizdə yox, dünyada dinamik və sürətlə inkişaf edən bir məkana çevirəcəyi bir gerçəklikdir.

Hazırda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında gedən sürətli tikinti-quruculuq işləri onu deməyə əsas verir ki, yaxın zamanlarda Qarabağ ərazilərinə Böyük qayıdışa başlanılacaq, regionun daimi sakinlərinin ata-baba torpaqlarına dönüşünə start veriləcək. Bu da Azərbaycan tarixinə qızıl hərflərlə yazılacaq.

 

15 fərqli  layihə üzrə 1400 kilometrdən çox yol çəkilir

 

İkinci Qarabağ müharibəsində əldə edilmiş böyük zəfərdən sonra yaranmış yeni reallıqlara uyğun addım atan Prezident İlham Əliyevin işğaldan azad edilən torpaqlarımızda reallaşdırdığı yeni layihələr həm də Azərbaycanın geosiyasigeoitqisadi imkanlarının getdikcə daha da yüksəlməsini şərtləndirir. Bu xüsusda yaxın zamanlarda reallığa çevriləcək Zəngəzur dəhlizinin həm bölgə, həm də ümumilikdə Avrasiya arealı üçün böyük əhəmiyyəti danılmaz faktdır.

İlham Əliyev həmçinin işğaldan azad edilmiş  ərazilərdə “Yaşıl enerji” zonasının  tətbiq edilməsinə dair konsepsiya hazırladıb. Bütün proseslər dövlət başçısının 2 fevral 2021-ci il tarixili sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də nəzərdə tutulan layihələrə əsasən reallaşdırılır.

Növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair beş Milli Prioritet reallaşdırılmalıdır - dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat; dinamik, inklüzivsosial ədalətə əsaslanan cəmiyyət; rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı;  işğaldan azad olunmuş ərazilərə Böyük qayıdış; təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi.

Bu hədəf də açıqlanır ki, strateji dövrdə qabaqcıl ölkələrdə alternativ və bərpaolunan enerji mənbələrindən istifadə xüsusilə daha çox artacaq. Bunu nəzərə alaraq ölkədə enerjidən səmərəli istifadə edilməli və yeni dayanıqlı enerji mənbələrinə üstünlük verilməlidir.

Ümumiyyətlə, azad edilmiş bütün torpaqlarda su, günəş, külək enerjisindən istifadə edilməsi üçün lazımi şərait mövcuddur. İlham Əliyev bütün çıxışlarında xususi olaraq vurğulayr ki, tezliklə Azərbaycan Qarabağ və Şərqi Zəngəzurda su, günəş, külək enerjisindən istifadə edəcək. Bununla da ermənilərin illərlə susuz qoyduğu torpaqlarımıza yeni nəfəs gələcək, aqrar sektorda canlanma yaranacaq.

Ən əsas məsələlərdən biri isə Zəngəzur dəhlizinin quru yollarının tezliklə açılıb istifadəyə verilməsidir. Ötən il fevralın 14-də İlham Əliyev Zəngəzur dəhlizinin açılması istiqamətində reallaşması nəzərdə tutulan layihələrdən birinin - Horadiz-Zəngilan-Ağbənd dəmir yolu xəttinin təməlini qoyaraq Azərbaycanın 10 noyabr Bəyanatının müddəalarına sadiqliyini bir daha göstərdi.

Hazırda “Qarabağın hava qapısı” adlandırılan Füzuli Beynəlxalq Hava Limanı  fəaliyyət göstərməkdədir. Zəngilan Hava  Limanının uçuş-eniş zolağında  ərazi minalardan təmizlənib və tikinti işləri davam edir. Laçın Hava Limanının isə yeri müəyyən edilməklə  plan-sxemlər hazırlanıb və hazırda  tikinti işlərinə başlanması üçün baza yaradılır. Həmçinin ötən il  Zəfər Yolunun tikintisi başa çatdırılıb.   İşğaldan azad  edilmiş  ərazilərdə  15 fərqli  layihə üzrə 1400 kilometrdən artıq yolların, habelə  telekommunikasiya şəbəkələrinin qurulması    rabitə xidmətlərinin təşkili üzrə işlər də sürətlə davam edir. Bu ərazilərdə  elektrik enerjisinin təminatı ilə bağlı  ötən il ərzində lazımi avadanlıqların quraşdırılması, yarımstansiyaların yenidən qurulması və bərpası,  elektrik xətlərinin çəkilişi istiqamətində xeyli işlər görülüb.

 

Ənənəviliklə müasirliyin vəhdət təşkil edəcəyi yeni yaşayış kompleksləri tikilir

 

Prezident İlham Əliyev tərəfindən Füzuli şəhərində təməli qoyulmuş yaşayış məhəlləsinin tikintisini Mənzil İnşaatı Dövlət Agentliyi həyata keçirir. Agentlik işlərin yüksək keyfiyyətlə yerinə yetirilməsi üçün bütün tədbirlərin həyata keçirilməsini uğurla reallaşdırır.

Qarabağda ənənəviliklə müasirliyin vəhdət təşkil edəcəyi yeni məhəllələrdə yerləşən çoxmənzilli binaların layihə-smeta sənədlərinin hazırlanmasının tezliklə başa çatdırılacağı nəzərdə tutulub.

Zəngilanın Ağalı kəndində Azərbaycanda ilk dəfə “ağıllı kənd” layihəsi sürətlə həyata keçirilir. Təməli ötən il aprelin 26-da dövlət başçısı tərəfindən qoyulan layihənin icrası ilə bağlı 110 hektardan çox ərazidə tikinti işləri aparılır. İnnovativ tikinti materiallarından yararlanmaqla tam izolyasiya olunan 200 fərdi ekoloji evin, ikimərtəbəli 4 qeyri-yaşayış binasının, 360 şagird yerlik məktəbin və 60 yerlik uşaq bağçasının inşası davam etdirilir. “Ağıllı kənd”də müasir şəhərsalma standartları tətbiq olunacaq, doğma yurdlarına qayıdacaq sakinlər üçün hərtərəfli şərait yaradılacaq. Bu ərazidə aqrar sektorun təşkili və inkişafı ilə bağlı da bir sıra işlər görüləcək.

Artıq kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə istifadə olunacaq torpaq sahələri müəyyənləşdirilib və lazımi innovativ texnikaların siyahısı hazırlanıb. Əkin planına əsasən, müəyyənləşdirilən 600 hektar ərazidən 412 hektarının minalardan təmizlənməsi üçün müvafiq işlər aparılıb. “Ağıllı idarəetmə sisteminin data və təhlil mərkəzindən həyata keçiriləcəyi, müasir suvarma sistemlərindən istifadə olunacağı nəzərdə tutulub.

Ümumiyyətlə, Azərbaycanın apardığı regional ticarət siyasətinin başlıca xüsusiyyəti regionda ölkənin tranzit mövqeyinin möhkəmləndirilməsindən və geoiqtisadi mövqeyinin daha da gücləndirilməsindən ibarətdir. Nəqliyyat dəhlizlərinin potensialından səmərəli istifadə, həmçinin gələcəkdə bu sahənin qeyri-neft sektorunda xüsusi çəkisinin artmasına da öz təsirini göstərəcək.

Bütün bunlar onu deməyə əsas verir ki, Böyük qayıdış üçün planın icrası sürətlə gedir. Düzdür, Azərbaycan bu plana 2016-cı ildə işğaldan azad edilən Cocuq Mərcanlı kəndinin bərpası ilə start vermişdi. Amma budəfəki qayıdış, tarixi hadisə kimi illərlə yurd-yuvalarına həsrət qalan soydaşlarımızın arzularının gerçəkləşəcəyi zaman kimi yaddaşlara yazılacaq.

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan.- 2022.- 3 mart- S.1; 4.