Azərbaycanın maraqlarını reallaşdıran siyasi kurs

 

Prezident İlham Əliyevin ötən həftə Rusiyaya etdiyi rəsmi səfər iki dövlət arasındakı münasibətlərə yeni işıq saldı. Səfər zamanı imzalanan “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamə  iki dövlət arasındakı münasibətləri müttəfiqlik səviyyəsinə yüksəltdi. TASS Agentliyində Rusiyanın aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüş isə göstərdi ki,  Prezident İlham Əliyev uğurlu informasiya mübarizəsini davam etdirir.

Milli Məclisin komitə sədrlərinin və deputatlarının fikirləri də bu barədədir.

 

Azərbaycan üç ölkə arasında yeni müttəfiqlik münasibətlərinin mərkəzinə çevrilib

 

Səməd SEYİDOV,

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası

əlaqələr komitəsinin sədri:

 

- ATƏT-in fundamental sənədlərində, xüsusilə də 1999-cu ildə İstanbul görüşündə yüksək səviyyədə qəbul olunmuş sənədin 2-ci fəslinin 8-ci bəndində “hər bir dövlət öz təhlükəsizliyini təmin etmək üsullarını, o cümlədən təkmilləşdikcə müttəfiqlik müqavilələrini sərbəst şəkildə seçmək və dəyişmək hüququna malikdir” müddəası açıq şəkildə vurğulanıb. Lakin o sənədin elə həmin bəndində “bir dövlətin digər dövlətin təhlükəsizliyi hesabına öz təhlükəsizliyini möhkəmləndirməyəcəyi” də xüsusi qeyd olunub.

Çox təəssüf, İkinci Dünya müharibəsindən və xüsusən Sovet İttifaqı dağılandan sonra sülh “birinin gücü başqasının zəifliyi deməkdir” prinsipi ilə inkişaf etmişdir. Bu baxımdan Prezident İlham Əliyev müasir Avropa tarixində ilk dəfə olaraq əməkdaşlıq və kollektiv təhlükəsizliyin yeni prinsiplərini hazırlamış və tətbiq etmişdir. Prezident İlham Əliyev Türkiyə ilə müttəfiqlik münasibətləri quraraq, nəinki özünü və Türkiyəni, bütün region ölkələrini gücləndirmişdir.

Yalnız müasir tariximizdə yox, ümumiyyətlə, bütün tarix boyu regionumuzda Rusiya və Türkiyə nəinki bir-biri ilə rəqabət aparmış, hətta bir-biri ilə savaşmışlar. Türkiyə ilə Rusiya arasında qarşılıqlı münasibətlərə Azərbaycanın daxil olması ilə vəziyyət köklü şəkildə dəyişmişdir. Türkiyə ilə qardaşlıq və Rusiya ilə strateji tərəfdaşlıq münasibətləri məhz Azərbaycanda hər üç dövlətin bayrağının eyni vaxtda dalğalanmasına imkan vermişdir. Bu mənzərəni biz Vətən müharibəsində qələbədən sonra görmüşük. Rəsmi Bakı Rusiya və Türkiyə hərbçilərinin sülhməramlı missiyanı birlikdə yerinə yetirdikləri Birgə Monitorinq Mərkəzində fəaliyyət göstərmək imkanını təmin etmişdir.

 Bu gün rəsmi Bakı Azərbaycan ilə Rusiya arasında münasibətlərin yeni səviyyəsi haqqında Moskva sənədini imzalayaraq müstəqilliyini, təhlükəsizliyini gücləndirmişdir. Bəyannamədə qeyd olunduğu kimi, Rusiya və Azərbaycan öz münasibətlərini müttəfiqlik qarşılıqlı fəaliyyəti, iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi və qarşılıqlı fayda, mübahisələrin dinc yolla həlli və güc tətbiq etməmək və ya güclə hədələməmək prinsiplərinə sadiqlik əsasında qururlar.

Göründüyü kimi, Prezident İlham Əliyev öz suverenliyini Qafqazda rolu olan başqa bir əsas dövləti, yəni Rusiyanı zəiflətməklə deyil, onun milli maraqlarını və prioritetlərini nəzərə alaraq gücləndirmişdir. Azərbaycan Türkiyə ilə müttəfiqlik münasibətləri səviyyəsində müqavilə - Şuşa Bəyannaməsi, daha sonra Rusiya ilə Moskva müqaviləsi imzalamaqla faktiki olaraq üç dövlət - Azərbaycan, Rusiya və Türkiyə arasında yeni müttəfiqlik münasibətlərinin mərkəzinə çevrilmişdir. Məgər bizim hər zaman danışdığımız, istədiyimiz elə bu deyildimi?! Bu isə Avropa İttifaqı ilə münasibətlərimizin möhkəmlənməsi, gələcəkdə onunla ikitərəfli sazişin imzalanması, İngiltərə və ABŞ ilə öz gücünü zamanla sübut edən münasibətlər fonunda baş verir. Əsas, birləşdirici rolun Azərbaycana məxsus olduğu, bərabərhüquqlu, müstəqil, suveren, eyni zamanda bir-biri ilə bu cür ciddi müqavilələrlə bağlanan üç ölkənin birliyi həqiqətən də Prezident İlham Əliyevin ölkəmizin milli maraqları naminə atdığı parlaq addımdır.

 

Moskva Bəyannaməsi yeni geosiyasi reallıqları əks etdirir

 

Siyavuş NOVRUZOV,

Milli Məclisin Regional məsələlər komitəsinin sədri:

 

- Azərbaycan dünyada etibarlı tərəfdaş, güclü - qüdrətli dövlət və Cənubi Qafqaz regionunun lider ölkəsi kimi tanınır. Bunu təmin edən amil Prezident İlham Əliyevin milli maraqlara əsaslanan uğurlu xarici siyasət kursudur.

Ölkəmiz Ermənistan istisna olmaqla bütün qonşu ölkələrlə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinə malikdir. Bununla yanaşı, respublikamız müxtəlif beynəlxalq təşkilatlarda - BMT, Qoşulmama Hərəkatı, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və digərlərində uğurla təmsil olunur. Azərbaycan, həmçinin Avropa İttifaqı, NATO kimi təşkilatlarla tərəfdaşlıq münasibətlərini uğurla inkişaf etdirir. Ən vacib məqamlardan biri budur ki, ərazi bütövlüyünü və tarixi ədaləti bərpa edən Azərbaycanın yaratdığı geostrateji reallıqlar regionda sülh, sabitlik, təhlükəsizlik və əməkdaşlığın təmin olunmasına mühüm töhfədir. Bu reallıqlar, eyni zamanda yeni geosiyasi konfiqurasiyanın yaranmasını şərtləndirib. Artıq hazırkı şəraitdə regionda geostrateji nizamın əsas oyunçuları Azərbaycan, Türkiyə və Rusiyadır.

Azərbaycan hər iki güc mərkəzi ilə bərabərhüquqlu tərəfdaşlığa, uğurlu əməkdaşlığa və milli maraqlara əsaslanan müttəfiqlik münasibətlərinə malikdir. Ötən il imzalanmış və 2022-ci ildə təsdiqlənmiş Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyə arasında münasibətlərin ən yüksək zirvəyə yüksəlməsini şərtləndirib. Hər iki ölkə milli və regional təhlükəsizlik, ortaq maraqların təmin olunması istiqamətində geniş işbirliyi mexanizmi formalaşdırıb. Bununla yanaşı, Azərbaycan və Rusiya arasında qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında Bəyannamə imzalanması iki ölkənin əməkdaşlığı dərinləşdirmək və münasibətləri daha da inkişaf etdirmək əzmində - niyyətində və iqtidarında olduğunu təsdiqləyir.

Moskva Bəyannaməsi ilə Azərbaycan və Rusiya arasında münasibətlər keyfiyyətcə yeni səviyyəyə yüksəlir. Bəyannamənin siyasi məzmunu ondan ibarətdir ki, iki ölkə müttəfiqlik fəaliyyətini bir-birinin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərin toxunulmazlığına qarşılıqlı hörmət, bir-birinin daxili işlərinə qarışmamaq, qarşılıqlı fayda, güc tətbiq etməmək və güclə hədələməmək prinsipləri üzərində qurulmasına dair öhdəlik götürür.

Bəyannamə, həmçinin Azərbaycanın yaratdığı yeni geosiyasi reallıqları əks etdirir. Çünki sənəddə keçmiş münaqişəyə son qoymuş 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın, eləcə də 2021-ci il 11 yanvar tarixli və 26 noyabr tarixli üçtərəfli bəyanatların müddəalarının həyata keçirilməsinin vacibliyi vurğulanır.

Həm Şuşa Bəyannaməsi, həm də Moskva Bəyannaməsi Azərbaycanın ikitərəfli və çoxtərəfli münasibətlərinin inkişafına xidmət etməklə yanaşı, ərazi bütövlüyünə, müstəqilliyinə və təhlükəsizliyinə zəmanət baxımından strateji önəm daşıyır. Nəticə etibarilə, Prezident İlham Əliyev uğurlu diplomatiya həyata keçirməklə, hərbi qələbəni strateji prosesə çevirib və bu, Azərbaycanın milli gücünün, regional təsir imkanlarının və dünyada rolunun, nüfuzunun artmasını şərtləndirir.

 

Əlaqələr məntiqi olaraq müttəfiqlik bəyannaməsinin imzalanması ilə nəticələnib

 

Sevinc FƏTƏLİYEVA,

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr

komitəsinin sədr müavini:

 

- Prezident İlham Əliyev Moskvaya rəsmi səfəri zamanı TASS Agentliyində Rusiyanın aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşündə ölkəmizin həyata keçirdiyi xarici siyasət barədə dolğun məlumatlar verdi. Dövlətimizin başçısı, həmçinin ona verilən sualları əhatəli şəkildə cavablandırdı. Prezident İlham Əliyev Azərbaycanla Rusiya arasında imzalanmış müttəfiqlik bəyannaməsinin əhəmiyyətini şərh edib, iki ölkənin çoxillik münasibətlərinin müttəfiqlərin parametrlərinə cavab verdiyini söyləyib. Uzun illər Rusiya ilə Azərbaycan arasında münasibətlər strateji tərəfdaşların münasibətləri kimi xarakterizə olunub. Yüksələn xətlə inkişaf edən əlaqələr məntiqi olaraq müttəfiqlik bəyannaməsinin imzalanması ilə nəticələnib. Təsadüfi deyil ki, indiyədək Rusiya ilə Azərbaycan arasında 200-dən çox sənəd imzalanıb.

İkinci Qarabağ müharibəsi başa çatandan sonra regionda yeni vəziyyət yaranıb. Azərbaycan Cənubi Qafqazda yeni əməkdaşlıq platformasının yaradılması təşəbbüsü ilə çıxış edib. Bu platformada Ermənistan da yer alır. Ona görə də, ölkəmiz beynəlxalq hüquq normaları çərçivəsində Ermənistanla sülh müqaviləsinin imzalanmasının tərəfdarı kimi çıxış edir. Lakin hələ ki, qarşı tərəfdən bunun qarşılığını görmürük. Təəssüf ki, etnik ermənilər Azərbaycana qarşı qərəzli münasibətlərini davam etdirirlər. Bunu milliyyətcə erməni olan jurnalistin Prezident İlham Əliyevə ünvanladığı sualdan da aydın görmək olar. Prezident İlham Əliyev həmin suala çox tutarlı cavab verdi. Dövlətimizin başçısının dediyi kimi, Azərbaycanda etnik prinsipə görə ölkəyə girişə qadağa yoxdur və erməni xalqının nümayəndələrinin Azərbaycana çoxsaylı səfərləri buna sübutdur. Ermənistan komandası Avropa Oyunları kimi idman tədbirlərində iştirak etmək üçün Bakıda olublar. Ermənistan nümayəndələri, hətta etnik ermənilər Azərbaycanda təşkil olunan müxtəlif tədbirlərdə iştirak edirlər. Bir neçə il bundan əvvəl Katalikos Qareginin səfəri olub. O, Bakının mərkəzində erməni kilsəsinə gedib və bu kilsədə erməni dilində 5 mindən çox kitabın qorunub saxlandığının şahidi olub. Azərbaycanda erməni millətindən olan minlərlə Azərbaycan vətəndaşı yaşayır.

Prezident İlham Əliyev görüş zamanı Azərbaycanın işğaldan azad olunmuş ərazilərində görülən işlər haqqında da ətraflı məlumat verib. Qeyd edib ki, bərpa-quruculuq işləri ilə bağlı dövlət büdcəsindən 2,2 milyard manat vəsait ayrılıb. Amma ərazilərin minalanması işləri xeyli ləngidir. Müharibənin başa çatmasından indiyədək minaların partlaması nəticəsində ölənlərin və əlil olanların sayı 200 nəfərdən çoxdur. Ölkəmizə təqdim olunmuş xəritələrin dəqiqliyi 25 faiz təşkil edir. Gerçək xəritələrin Azərbaycana təqdim edilməməsi beynəlxalq humanitar hüququn pozulması deməkdir.

 

İlham Əliyevin Rusiyaya rəsmi səfəri Azərbaycanın milli maraqları baxımından məhsuldar oldu

 

Sədaqət VƏLİYEVA,

Milli Məclisin deputatı:

 

Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş və müdrik xarici siyasət nəticəsində ölkəmiz dünya miqyasında etibarlı tərəfdaş kimi tanınır. Azərbaycanın beynəlxalq nüfuzu durmadan artmaqdadır. Ölkəmizin milli maraqlarının qorunmasına hesablanmış bu müdrik xarici siyasətin nəticəsidir ki, dünyanın bir çox ölkələri Azərbaycanla əməkdaşlıq etməyə, müttəfiqlik münasibətləri qurmağa can atır.

Dünyada ölkələr arasında münasibətlərin pisləşdiyi, qarşıdurma meyillərinin artdığı bir dövrdə  Azərbaycan Prezidentinin dünyanın ən güclü dövlətlərindən biri olan Rusiyaya səfər etməsi İlham Əliyevin siyasi-diplomatik bacarığının göstəricisdir. Azərbaycanla Rusiya arasında uzunmüddətli dostluq əlaqələrinin mövcudluğu, iki ölkə arasında 200-dən artıq sənədin imzalanması göstərir ki, dövlətlərarası münasibətlər ali səviyyədə inkişaf edərək müttəfiqlik səviyyəsinə çatmışdır. Bu mənada, imzalanmış Moskva Bəyannaməsi uzun illər ərzində həyata keçirilən səmərəli işlərin nəticəsidir.

Prezident İlham Əliyev Rusiyaya səfəri çərçivəsində fevralın 23-də TASS Agentliyində Rusiyanın aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşüb və onların suallarını cavablandırıb. Görüş zamanı yaddaqalan əsas məqamlardan biri də Cənab Prezident İlham Əliyev və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən “RT” telekanalının və “Rossiya seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin baş redaktoru Marqarita Simonyanın heç bir əsası olmayan və qərəzli sualına verilmiş cavablar oldu. Azərbaycan Prezidenti əsaslı faktlarla, statistik göstəricilərlə, məntiqi arqumentlərlə Simonyanın jurnalistikadan və peşə prinsiplərindən uzaq olduğunu sübuta yetirdi. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva verdiyi cavablarla erməni əsilli jurnalisti susdurdu və saxta, yalançı erməni təbliğatına ciddi zərbə vurdu.

Dövlətimizin başçısı görüş zamanı bir daha Azərbaycanın sülhsevər humanist mövqeyini bəyan edərək Ermənistanla sülh müqaviləsi bağlamaq arzusunu diqqətə çatdırdı. Bundan başqa, cənab Prezident Azərbaycanın iki böyük və qonşu ölkəsi olan Türkiyə və Rusiya ilə müttəfiqlik münasibətlərinə malik olmasını, artıq bu əməkdaşlığın üçtərəfli formatda  de-fakto səviyyəsində formalaşmasını vurğuladı.

Ümumilikdə Azərbaycan Prezidentinin Rusiyaya rəsmi səfəri Azərbaycanın milli maraqları baxımından məhsuldar oldu və bunu Azərbaycanın tarixi qələbəsi kimi də xarakterizə etmək olar.

 

Xarici təhdidlərə qarşı tutarlı sipər

 

İlham MƏMMƏDOV,

Milli Məclisin deputatı:

 

- Bu il fevralın 22-də Azərbaycanla  Rusiya arasında iki dost, qardaş ölkə, münasibətlərini ən yüksək səviyyədə həm də məhz ölkəmizin milli maraqlarının rəsmi olaraq qorunacağını özündə əks etdirən müttəfiqlik bəyannaməsi imzalandı. Diplomatik münasibətlərimizin mövcud olduğu 30 il ərzində bu əlaqələri qoruyaraq onu ən yüksək müttəfiqlik səviyyəsinə aparan yol heç də rahat olmayıb. Bəyannamənin imzalanmasından sonra mətbuata açıqlamasında dövlətimizin başçısı İlham Əliyev bu barədə deyib: “Bu bəyannamə bizim münasibətlərimizi müttəfiqlik səviyyəsinə çıxarır. Bu, həm böyük imtiyaz, həm də böyük məsuliyyətdir. Biz bu günə təkidlə, uzun müddət əməkdaşlıq potensialını artırmaqla, səmimiyyətə, mehriban qonşuluğa, praqmatizmə, qarşılıqlı maraqların nəzərə alınmasına əsaslanan münasibətlər qurmaqla gəlib çatmışıq”.

Bəyannamədə əsas məqsəd Rusiya və Azərbaycanın münasibətlərini müttəfiqlik qarşılıqlı fəaliyyət əsasında qurmasıdır. Ölkələr aktual beynəlxalq problemlər üzrə eyni və yaxın mövqelər tutmaqla, o cümlədən ikitərəfli səviyyədə daxil olmaqla konstruktiv əməkdaşlığı dərinləşdirirlər, eləcə də qarşılıqlı maraq kəsb edən məsələlər üzrə beynəlxalq təşkilat və forumlar çərçivəsində qarşılıqlı fəaliyyət göstərirlər. Rusiya kimi nəhəng hərbi iqtisadi gücə malik olan bir qonşu dövlətlə bu səviyyədə müttəfiq olmaq perspektivdə də ölkəmizin təhlükəsizlik təminatıdır. Ən əsas məsələ isə odur ki, iki qonşu ölkə arasındakı bu münasibətlərdə milli maraqlarımızın birmənalı qəbulu rəsmiləşdirildi. Bu əməkdaşlıq həm də ölkəmizə qarşı hər hansı bir xarici təhdidlərə tutarli bir sipərdir. Bu bəyannamə ilə biz yaxın qonşumuz və dostumuz olan Rusiya ilə birgə bəyan edirik ki, üçüncü ölkəyə qarşı yönəlməyən ikitərəfli hərbi siyasi əməkdaşlığı inkişaf etdirərək həm ölkələrimizin təhlükəsizliyini etibarlı qoruyacaq, həm də Rusiya-Azərbaycan birgə səyləri ilə Qarabağda sülhün, Xəzər regionunda və Avropa məkanında əməkdaşlığa bundan sonra da sanballı və həlledici töhfə veriləcəkdir.

Müttəfiqlik bəyannaməsi ölkəmizin daha bir təhlükəsizlik zəmanətinin etibarlı tərəfidir. Bunu bizə deməyə əsas verən səbəblərdən biri də məhz 44 günlük Vətən müharibəsi zamanı Rusiyanın sərgilədiyi mövqedir. Rusiya bu haqq savaşında Azərbaycanın haqlı mövqeyini dəstəklədi. Baxmayaraq ki, KTMT üzvü olan Ermənistan bu təşkilatın müdaxiləsi üçün dəfələrlə müraciət etdi və təxribatlara əl atdı. Lakin Rusiya bu təxribatlara və müraciətlərə məhəl qoymadı. Moskva Bəyannaməsini imzalamaqla daha bir etibarlı tərəfdaşımızın Rusiya Federasiyası olduğunu rəsmi və hüquqi sənədlə bəyan etdik. Əlbəttə, bütün bunlar Prezident İlham Əliyevin düşünülmüş, cəsarətli, uzaqgörən xarici siyasətinin məntiqi nəticəsidir.

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.- 2022.-1 mart.- S.3.