Azərbaycan Prezidentinin nüfuzunun daha bir nümayişi

 

Erməniəsilli jurnalistin qərəzli cəhdləri  tədbirin səviyyəsinə xələl gətirə bilmədi

 

Məlum olduğu kimi, Prezident İlham Əliyev bu il fevralın 23-də TASS Agentliyində Rusiyanın aparıcı KİV-inin rəhbərləri ilə görüşmüşdür.

TASS Agentliyinin Baş direktoru Sergey Mixaylov tədbirə gəldiyinə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirmiş, belə görüşlərin ənənəyə çevrilməsində maraqlı olduğunu diqqətə çatdırmışdır. Sözügedən görüşdə birinci xanım Mehriban Əliyeva da iştirak etmişdir.

 “Rossiyskaya qazeta”nın baş redaktorunun sualı ilə başlayan söhbətin əvvəlində iki dövlət arasında imzalanan bəyannamə  müzakirə olundu.  Rusiya KİV-inin rəhbərləri bu sənədin bağlanan digər müqavilələrdən üstünlüyünün  nədə olduğunu  araşdırmaq üçün suallarla İlham Əliyevə müraciət etdilər. Azərbaycan Prezidenti belə hesab etdiyini  bildirdi ki, “münasibətlərin indiki formatı ali formatdır”.

Tədbirin videogörüntülərinə baxdıqca hamının diqqətlə dinlədiyi canlı diskussiyanın şahidi oluruq. Azərbaycan Prezidentinin ona ünvanlanan bütün suallara ətraflı və səlis cavab verməsi bu görüşün xüsusi əhəmiyyətini qeyd edir.

Amma mikrofon “RT” telekanalı və “Rossiya seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin erməniəsilli baş redaktoru Marqarita Simonyanın əlinə keçən kimi Azərbaycan və Rusiya  arasında bağlanan yüksək müqavilələrə həsr edilmiş görüşün istiqamətini dəyişməyə çalışan təhqiramiz davranışın şahidi olduq. Simonyan Rusiya-Azərbaycan münasibətlərinin inkşafına ermənilərə xas qərəzlilik, vəzifəsinə yaraşmayan  millətçilik nümayiş etdirdi. Marqo yersiz, bəsit və dayaz çıxışının əvvəlindən axırına kimi yalan sözlərdən və iftiralardan ibarət qılıncını başının üstünə qaldırıb sağa-sola çırpmağa, özünün əzabkeş və həm də Kremlə yaxın surətinin məğlubedilməz heykəlini ucaltmağa çalışdı. Çalışdıqca da hamının gözündən düşdü. Marqo ona qarşı sanksiyaların tətbiq ediləcəyindən, bir sıra ölkələrə çıxışına qadağalar qoyulacağından danışdı. Rusiya mətbuatında şər-böhtan yağdırmaqda, yalan danışmaqda ad çıxaran erməniəsilli rus jurnalisti çıxışını ermənilərin Azərbaycana girişinə qoyulan mifik qadağalara bağlayaraq, xalqımızın milli-mənəvi dəyərlərinə zərbə vurmağa çalışan bir qənaətə gəldi: “Beləliklə, Azərbaycan xalqı qəribə də olsa, pis şəkildə təqdim olunur”.

 Marqonun çənəsi betondeşən çəkic kimi işə düşdüsə onu saxlamaq qeyri-mümkündür. Ucundan tutub ucuzluğa gedir. Bu tədbirdə də M.Simonyan sırtıq və ədəbsiz tərzdə hamıya nümayiş etdirdi ki, onun üçün Rusiya ilə Azərbaycan arasında imzalanan saziş gözdağıdır. Ona görə də Marqo bu tədbirdə sazişdən başqa nədən desən və necə desən danışmağa hazır idi.

Kremlə hamıdan yaxın olduğunu nümayiş etdirməyə cəhd  göstərməklə tədbirin gedişatını ölkəmizə qarşı çevirmək istəyən Marqarita Simonyanı 44 günlük Vətən müharibəsində dünyanın ən məşhur KİV təmsilçilərinin “dizini yerə qoyan” Azərbaycan Prezidenti ilk cümləsi ilə yerinə otuzdurdu: “... Bizimlə bölüşdüyünüz informasiya, yumşaq desək, həqiqətə uyğun deyil”.

 Prezident  İlham Əliyev Simonyanın yalanlarını ifşa edən çoxsaylı misallar gətirdi, Marqo razılaşanda isə dövlətimizin başçısı iradını belə bildirdi: “Bax, görürsünüz. Deməli, sizin dediklərinizdə hər halda müəyyən qərəzlilik var. Ermənistan nümayəndələri, hətta etnik ermənilər Azərbaycana müxtəlif tədbirlərə gələndə də eyni vəziyyət baş verir. Bir neçə il bundan əvvəl Katolikos Qareginin səfəri olub, mən öz iş kabinetimdə onunla görüşmüşəm. O, Bakının mərkəzində erməni kilsəsində oldu və bu kilsədə erməni dilində 5 mindən çox kitabı qoruyub saxlamağımıza təəccübləndi, o, özü buna şahiddir”.

 Simonyan tədbirin etik çərçivələrini gözləyib susa bilərdi. Amma sussaydı, Marqo gərək Marqo olmayaydı. O,  susmadan özünü hamının gözündə birnömrəli jurnalist kimi göstərmək üçün dəridən-qabıqdan çıxır,  Azərbaycan Prezidentindən müsbət cavab almasına baxmayaraq, tutuquşu kimi dəfələrlə soruşurdu ki, komandası ilə ölkəmizə  gələ bilərmi? Simonyan tədbirin istiqamətini dəyişməyə, onun mahiyyətini kiçiltməyə çalışdıqca özünün necə nüfuzdan düşdüyünü anlamırdı. İlham Əliyev sakitcəsinə ona izah etdi ki, bizdə ermənilərin gəlişinə qadağalar yoxdur, reallıqlar, narahatlıqlar və müəyyən risklər var: “Çünki təqribən 30 il ərzində Qarabağda və Zəngəzurda bütün Azərbaycan mədəniyyəti, tarixi, dini irsi məhv edilib... Bizdə indiyədək itkin düşənlərimizin sayı təqribən 4 mindir. Əfsuslar olsun ki, onlar bizə qaytarılmır və kütləvi məzarlıqların yerləri bildirilmir”.

Azərbaycan Prezidenti Simonyanı başa saldı ki, İrəvandan fərqli olaraq, Bakı həmişə çoxmillətli şəhər olub: “Monoetnik dövlət olan, praktiki surətdə bütün milli azlıqların, ilk növbədə, azərbaycanlıların deportasiya edildiyi, qovulduğu Ermənistandan fərqli olaraq, Azərbaycan indiyə qədər çoxmillətli dövlətdir. Buna görə də Azərbaycanda multikulturalizm ruhu praktiki olaraq hər yerdə görünür və üstəlik, Azərbaycanda erməni millətindən olan minlərlə Azərbaycan vətəndaşı yaşayır”.

Tədbirdə ən maraqlı məqamlardan biri Prezident İlham Əliyevin Simonyanı Azərbaycana dəvət etməsi idi. Simonyan isə Prezidentin dəvətini qulaqardına vurub yenə də soruşdu: “Mən Sizi düz başa düşdümsə, belə hallarda, əgər biz oraya qrup şəklində gəliriksə, müraciət etmək olar?”

Simonyan mənasız dialoqu uzatmağa cəhd etdikcə Azərbaycan Prezidentindən sanballı cavablar alırdı. Ona səbirlə izah edilirdi ki, Ermənistanla Azərbaycanı bir tərəzidə çəkmək, bir müstəvidə müqayisə etmək mümkün deyil. Əgər Azərbaycanda rus dilinə maraq varsa, bu, bizim özümüz üçündür: “Rus dilində təhsil almaq istəyənlərin - həm azərbaycanlıların, həm qeyri-azərbaycanlıların belə imkanları olsun. Bizim rus sektoru dediyimiz məktəblərə tələbat çoxdur və dediyim kimi, həmin məktəblərdə həm azərbaycanlılar, həm də qeyri-azərbaycanlılar - 140 mindən çox uşaq və ali məktəblərin rus bölmələrində 15 mindən çox Azərbaycan vətəndaşı təhsil alır. Arayış üçün deyim ki, Ermənistanda erməni millətinin uşaqlarının qeyri-erməni məktəblərində təhsil alması ya qanunvericiliklə, ya da hansısa təlimatlarla, ümumiyyətlə, qadağan edilib”.

Azərbaycan Prezidenti məharətlə müzakirəni öz məcrasına qaytarmaqla yanaşı, kimin kim olduğunu da sübut edə bildi.

“Mənim 6 min işçim var” deyib  qürurlanan” Marqo danışdıqca öz həmkarlarının qarşısında nüfuzunu itirdiyini anlaya bildimi, görəsən? 6 min nəfərlik kollektivi ilə öyünməsi də maraqlı faktdır. Məşədi İbad demişkən, heç hənanın yeri idimi? Əsla bu 6 minlik kollektivi araşdırmaq niyyətində deyilik. Amma heç olmasa biri haqqında danışaq. Kremlin “sayılan təbliğatçı”larından olan Simonyanın Kolumbiyanın narkobaronu Pablo Eskobarın məşuqəsini işə götürməsi barədə xəbərlər yayılmışdır.  Marqo özü də bu xəbəri gizlətmir.  Bu barədə sosial şəbəkələrdəki səhifələrində belə yazıb: “Bizim yeni məşhur aparıcımız narkobaron Pablo Eskobarın keçmiş məşuqəsidir”.

Marqonun 6 min işçisinin nə qazandığını demək çətin olsa da, onun öz qazancı Rusiyanın sosial şəbəkələrində daim araşdırılan mövzulardandır. Hamı Simonyanın ailəsinin və qohum-əqrabasının Rusiyanın dövlət büdcəsini zəli kimi sormasından yazır. Lakin Marqonun zəlidən bir fərqi var ki, zəli doyduqdan sonra sorduğu yerdən əl çəkir, amma Simonyan Rusiya büdcəsindən nə əl çəkə bilir, nə   doymağı bacarır. Son bir neçə ildə Simonyan əri və bacısı ilə birlikdə maaşlarından əlavə 700 milyon rubl qazanıblar. Cimonyan əri Keosayanla birlikdə “Aeroflot”dan və digər şirkətlərdən yaxşı pullar qazanır. Marqonun qazandığı pullar yüz milyonu da, milyardı da aşır. Yalnız 2020-ci ildə Marqonun qazancı milyarda yaxınlaşmışdı. Amma varlı olmaq heç də ağıllı və nüfuz sahibi olmaq deyil. Simonyan Rusiya ictimaiyyəti arasında ən aşağı nüfuza malik olan jurnalistlərindəndir, eyni zamanda bütün postsovet məkanında  neqativ nüfuz sahibidir. Onun dünya çapına çıxardığı verilişlər  rəğbət qazanmaq gücündə deyil. Ərinin apardığı verilişlər isə dəhşətli dərəcədə əxlaqsızlığı ilə seçilir. Onun yeganə bacarığı dövlət büdcəsindən ayrılan pulları məharətlə mənimsəməkdir.

Beləliklə, Marqarita Simonyan tarixi biabırçılıqların baş qəhrəmanıdır. 2020-ci ildə Marqarita Ermənistanın ən böyük kilsəsində  ermənilikdən çıxarılıb! Bu nə deməkdir, bilirsinizmi?.. İttihamın mahiyyəti ondan ibarət idi ki, Marqarita Simonyan Paşinyanı Amerika ilə qədərindən artıq əməkdaşlıqda və Krımın tanınmamasında ittiham etmişdi... Hər bir erməni üçün qazanc hər şeydən üstündür.

 

Bahadur İMANQULİYEV

 

Azərbaycan.- 2022.- 1 mart.- S.1; 5.