Azərbaycan peyvəndlərdən istifadədə qeyri-bərabərliyə qarşı beynəlxalq həmrəyliyin gücləndirilməsinə yüksək töhfə verir

 

İki ildən artıqdır ki, qlobal bəlaya çevrilmiş COVID-19 təhlükəsi hələ də qalmaqdadır. Dünyanın əksər ölkələri koronavirus infeksiyasının gətirdiyi narahatlıq içərisindədir. Yenə də hər gün insanlar bu bəlaya düçar olurlar. Təəssüf ki, yoluxanlar arasında həyatını itirənlər də az deyil.

Dünya ölkələri dəhşətli kabusa dönmüş bu xəstəlikdən qurtuluş yollarını axtarırlar. Elm adamları, təbiblər araşdırmalar aparır, əlac arayırlar. Koronavirus  infeksiyası isə hələ də mutasiyaya uğrayaraq yeni-yeni ştamlarla qarşıya çıxır.

Belə bir vaxtda, fevralın 25-də BMT Baş Assambleyasının sədrinin “Universal peyvəndlənmə üçün səylərin artırılması” mövzusunda təşkil etdiyi yüksəksəviyyəli tematik müzakirələr keçirilib. Müzakirələrdə diqqətlər bu qlobal problemə yönəldilib. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev milli qisimdə və Qoşulmama Hərəkatının sədri kimi Hərəkata üzv dövlətlər adından videoformatda çıxış edib. Prezident deyib ki, Qoşulmama Hərəkatına üzv dövlətlər BMT Baş Assambleyasının sədri cənab Abdulla Şahidin COVID-19 pandemiyası ilə mübarizədə universal peyvəndlənməyə dair belə yüksəksəviyyəli tematik müzakirələrin keçirilməsi təşəbbüsünü təqdir edir. Bu toplantının dünyada COVID-19 əleyhinə keyfiyyətli, təhlükəsiz, effektiv və məqbul qiymətə olan peyvəndlərdən istifadə məqsədilə bərabər imkanların təmin edilməsi ilə bağlı problemlərin davam etdiyi vaxta təsadüf etdiyini vurğulayan dövlətimizin başçısı bir sıra vacib məqamları nəzərə çatdırıb. COVID-19 ilə qlobal mübarizə, onun nəzarət altında saxlanılması və yayılmasının qarşısının alınması, habelə dövlətlərə dəstəyin verilməsi üzrə səylərin əlaqələndirilməsində BMT sisteminin fundamental rolunu vurğulayan Prezident İlham Əliyev bu mənada Ümumdünya Səhiyyə Təşkilatının aparıcı rolunu qeyd edib. O, pandemiyanın başladığı dövrdən Qoşulmama Hərəkatının əməkdaşlıq və həmrəylik ruhunda geniş beynəlxalq ictimaiyyətin səylərini fəal şəkildə səfərbər edərək, pandemiya ilə mübarizə və onun mənfi nəticələrinin aradan qaldırılması baxımından bir sıra uğurlu təşəbbüslər irəli sürdüyünü deyib: “2020-ci ilin dekabrında BMT Baş Assambleyasının COVID-19 pandemiyası ilə mübarizəyə həsr edilmiş Xüsusi Sessiyasının keçirilməsi, habelə ötən ilin martdekabr aylarında İnsan Hüquqları Şurası və Baş Assambleya tərəfindən qəbul edilmiş “COVID-19 pandemiyası ilə mübarizədə bütün ölkələr üçün peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi”nə dair qətnamələr Qoşulmama Hərəkatına üzv dövlətlər adından irəli sürülmüşdür”.

Bütün dünyada insanların həyatına mənfi təsir edən problemlər, narahatlıqlar yaradan COVID-19 pandemiyası kimi qlobal fövqəladə vəziyyətin qlobal yanaşma tələb etdiyini açıqlayan İlham Əliyev belə bir vaxtda az və ortagəlirli ölkələrdə peyvəndlərin tədarükü aşağı səviyyədə olduğuna görə hələ çox işlərin görülməsinin vacibliyini nəzərə çatdırıb. Qeyd edib ki, COVID-19 peyvəndlərinin bölgüsü baxımından inkişaf etməkdə olan ölkələrlə inkişaf etmiş ölkələr arasında qeyri-bərabərlik beynəlxalq ictimaiyyətin qısa zamanda pandemiyanın tamamilə aradan qaldırılmasına nail olmasının qarşısını alır. Bu həm də Dayanıqlı İnkişaf üzrə 2030-cu il Gündəliyinin reallaşdırılmasına mane olur.

Azərbaycan Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyev səhiyyə sisteminin davamlı fəaliyyətinin təmin edilməsini və pandemiya ilə mübarizədə səmərəli addımların atılması üçün əsas səhiyyə xidmətlərinin bütün müvafiq aspektlərinin gücləndirilməsini vacib hesab edib. Bildirib ki, buraya müxtəlif addımlarla yanaşı, səhiyyənin universal əlçatanlığı üçün fasiləsiz peyvəndlənmə proqramlarının davam etdirilməsi də əlavə olunmalıdır: Biz həmçinin COVID-19 peyvəndlərini ianə edən ölkələrin səylərini alqışlayırıq və bütün dövlətlərə buna ehtiyacı olan az və ortagəlirli ölkələrlə peyvənd dozalarını bölüşməyi fəal şəkildə təşviq edirik.

Bu kontekstdə biz bütün ölkələr üçün COVID-19 peyvəndlərinin məqbul qiymətə, bərabər, universal və vaxtında əlçatanlığın təmin olunmasına xidmət edən COVAX Mexanizmi, COVAX Öncədən Bazar Öhdəliyi, COVAX Öncədən Bazar Öhdəliyi Forumu və digər aidiyyəti konstruktiv təşəbbüsləri yüksək qiymətləndirir və dəstəkləyirik. Bundan əlavə, BMT sülhməramlılarının mürəkkəb vəziyyətlə üzləşdiyini nəzərə alaraq, BMT-nin sülhməramlı əməliyyatlarına COVID-19 əleyhinə peyvənd ianə edən ölkələrin səylərini alqışlayırıq”.

Bütün ölkələrin, beynəlxalq təşkilatların və aidiyyəti tərəfdaşların milliregional hüquqi çərçivəyə uyğun olaraq peyvənd istehsalı, paylanılması və ədalətli qiymət qoyulması məsələlərində şəffaflıqla bağlı öhdəlik götürmələrinin vacibliyini diqqətə çatdıran Azərbaycan Prezidenti İlham Əliyev deyib: “COVID-19 əleyhinə peyvəndlərin məqbul qiymətə, vaxtında, bərabər və universal əlçatanlığına mane ola biləcək möhtəkirliyin, lazımsız ixrac nəzarətinin və lüzumsuz artıq tədarükün qarşısının alınması ilə bağlı ölkələr tərəfindən təcili addımların atılması eyni dərəcədə əhəmiyyətlidir”.

Prezident İlham Əliyev Qoşulmama Hərəkatının pandemiyanın tezliklə aradan qaldırılması və effektiv bərpa prosesinə imkan yaradacaq beynəlxalq həmrəyliyin gücləndirilməsi üçün fəal şəkildə səylərini davam etdirməyə hazır olduğunu, bu mənada hərəkatın post-COVID-19 dövrünün bərpa ehtiyacları ilə bağlı nəticəyönümlü təşəbbüslərlə çıxış edəcəyini bildirib.

Tədbirdə ölkəmizin adından çıxış edərkən Prezident İlham Əliyev Azərbaycanın COVID-19 pandemiyasının nəzarətdə saxlanılması üçün təsirli və adekvat tədbirlərin həyata keçirilməsini davam etdirdiyini diqqətə çatdırıb. Respublikamızda peyvəndlənmə kampaniyasına ötən ilin yanvarında başlanıldığını, artıq yetkin əhalinin 68 faizinə peyvəndin hər iki dozasının vurulduğunu açıqlayıb. Dövlətimizin başçısı deyib ki, COVID-dən əziyyət çəkmiş əhali və sahibkarlıq subyektlərinin dəstəklənməsi üçün bu ilin dövlət büdcəsindən 1.6 milyard ABŞ dolları məbləğində maliyyə yardımı ayrılıb.

Prezident İlham Əliyev Azərbaycanın pandemiya, “peyvənd millətçiliyi” və peyvəndlərdən istifadə ilə bağlı inkişaf etmişinkişaf etməkdə olan ölkələr arasında qeyri-bərabərliyə qarşı beynəlxalq həmrəyliyin gücləndirilməsi istiqamətində vacib qlobal təşəbbüslərlə çıxış etdiyinibildirib: “Həmrəylik əlaməti olaraq, koronavirusla mübarizəni dəstəkləmək məqsədilə Azərbaycan birbaşaya Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə 80-ə qədər ölkəyə maliyyə və humanitar yardımı etmişdir. Bununla yanaşı, biz 5 ölkəyə peyvənd ianəsi etmişikbu davam etdiriləcək. Hazırda biz Qoşulmama Hərəkatına üzv olan 14 ölkəyə təqribən bir milyon doza peyvəndin ianə edilməsi prosesindəyik”.

 

Zöhrə FƏRƏCOVA

 

Azərbaycan.- 2022.- 1 mart.- S.1; 5.