Azərbaycanın çox böyük potensialı parlaq gələcəyi var

 

Yaponiyalı yutuber Ağdama səfəri barədə təəssüratlarını izləyiciləri ilə bölüşüb

 

Yaponiyanın “Cross Border Club 3.0” adlı yutub kanalının rəhbəri Kazuyasu İşida digər xarici ölkələrin jurnalistləri ilə birlikdə Qarabağa səfər edib. Yaponiyalı yutuber Ağdam şəhəri haqqında təəssüratlarını öz izləyiciləri ilə bölüşüb.

AZƏRTAC xəbər verir ki, Ağdamda gördüklərini Yaponiyanın atom bombası atılmış Hirosima şəhəri ilə müqayisə edən K.İşida erməni işğalından sonra şəhərdə bir dənə də olsun salamat tikilinin qalmadığını xüsusi qeyd edib: “Bu gün Bakıdan xeyli uzaq məsafədə olan Ağdam şəhərinə gəlmişik. Bu şəhər Birinci Qarabağ müharibəsində ən çox zərər görən şəhər kimi tanınır. Şəhər işğal edilməmişdən əvvəl burada təxminən 20 minə yaxın azərbaycanlı yaşayırmış. Müharibə vaxtı bu şəhəri kifayət qədər atəşə tutan ermənilər işğaldan sonra buranı tamamilə dağıdıblar”.

Ağdamın kifayət qədər böyük ərazini əhatə etdiyini qeyd edən yutuber buranın turizm üçün əlverişli məkan olduğunu qeyd edib: “Buradan baxanda hündür Qafqaz dağlarını görmək mümkündür. Bakıdan uzaq olsa da, hava limanı inşa edildikdən və magistral yolların salınmasından sonra Ağdam şəhərinə turistlərin gəlməsi üçün əlverişli imkan yaranacaq”.

K.İşida ermənilərin ərazidəki dinitarixi abidələrə böyük zərər vurduğunu xüsusi ilə vurğulayıb: “Bu gördüyünüz yerli əhlinin istifadə etdiyi məsciddir. İndiki vəziyyətinə baxdıqda heç məscid olduğu bilinmir. Bu dərəcədə məhv edilib”.

Səfər çərçivəsində Şuşada da olduğunu qeyd edən yaponiyalı yutuber Ağdamın həmin şəhərə nisbətən daha çox ziyan çəkdiyini bildirib: “Bura Şuşadan da çox pis vəziyyətə salınıb. Yerlə-yeksan edilib desək, daha doğru olar. Bütün şəhəri əhatə edən dağıntıların aradan qaldırılması üçün xeyli zaman lazımdır. Minaların da ən çox olduğu yer bura sayılır. Minaların təmizlənməsindən sonra torpaqda qalan boşluqlar aydın görünür”.

Azərbaycan dövlətinin bu istiqamətdə böyük işlər gördüyünü diqqətə çatdıran K.İşida bərpa və quruculuq işlərinin aparılması üçün kifayət qədər maddi vəsait ayrıldığını qeyd edib. O, yenidənqurma işlərinin sürətlə aparıldığını vurğulayıb: “Azərbaycan hökumətinin bu ərazilərdə apardığı irimiqyaslı bərpa-quruculuq işləri gələcəyə böyük inamla baxmağa əsas verir. Biz Füzuli Beynəlxalq Hava Limanında olarkən buna bir daha əmin olduq. Mən deyərdim ki, qısa müddətdə inşa edilmiş bu obyekti Qarabağın dirçəliş rəmzi kimi də adlandırmaq olar. Şuşada görkəmli şəxsiyyətlərin ev-muzeyləri, tarixi abidələr, Cıdır düzü məndə böyük təəssürat yaratdı”.

Azərbaycana, Qarabağa səfərinin onda fərqli hisslər oyatdığını bildirən yutuber həqiqətlərin yaponlara çatdırılması üçün çalışacağını da bildirib: “Azərbaycanın çox böyük potensialı və parlaq gələcəyi var. Azərbaycanda gördüklərim barədə rəhbərlik etdiyim yutub kanalında və digər yerli kütləvi-informasiya vasitələrində çıxış edərək bu ölkə barədə yeni verilişlər hazırlayacağam”.

Qeyd edək ki, Kazuyasu İşidanın rəhbərlik etdiyiCross Border Club 3.0” kanalının 75 mindən çox abunəçisi, 500 minə yaxın izləyicisi var.

 

Azərbaycan.- 2022.- 4 mart.- S.2.