Məmnunluğun ASAN yolu

 

Tovuz “ASAN Həyat” kompleksi respublikamızın qərb bölgəsində yaşayan vətəndaşların müraciət etdikləri əsas ünvandır

 

Bu gün Tovuz “ASAN Həyat” kompleksinin açılışından 2 il ötür. Prezident İlham Əliyevin iştirakı ilə 2020-ci il martın 4-də açılışı olan kompleks indi respublikamızın qərb bölgəsində yaşayan vətəndaşların üz tutduğu əsas ünvanlardan biridir. Fəaliyyət göstərdiyi ötən müddət ərzində Tovuz “ASAN Həyat” kompleksində 525 minə yaxın vətəndaş müraciətinin qeydə alınması da bunu təsdiq edir.

 

51 milyona yaxın müraciət

 

Azərbaycanda həyata keçirilən islahatların əsas istiqamətlərindən biri də hökumət-vətəndaş münasibətlərində daha çevik mexanizmlərin tətbiqidir.

Son dövrdə bu istiqamətdə mühüm tədbirlər həyata keçirilib, xüsusən əhaliyə xidmət sahəsində şəffaflıq və operativlik təmin olunub. Vətəndaşlara göstərilən xidmətlərin daha keyfiyyətli, rahat, yeni üslubdamüasir innovasiyaları tətbiq etməklə həyata keçirilməsini, dövlət orqanları tərəfindən göstərilən xidmətlərin təkmilləşdirilməsini təmin edən əsas addım isə Azərbaycanın milli brendi sayılan “ASAN xidmət” mərkəzlərinin yaradılmasıdır.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyionun tabeliyində “ASAN xidmət” mərkəzləri dövlət başçısının 2012-ci il 13 iyul tarixli 685 nömrəli fərmanı ilə yaradılıb. Fərmanda qeyd olunduğu kimi, dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılmasının, vətəndaşlara göstərilən xidmətlərin daha keyfiyyətli, rahat, yeni üslubdamüasir innovasiyaları tətbiq etməklə həyata keçirilməsinin, insanlara münasibətdə etik qaydalara, nəzakətli davranışa əməl edilməsinin, vətəndaş məmnunluğunun təmin olunmasının zəruriliyini nəzərə alaraq, elektron xidmətlərə keçidin sürətləndirilməsi məqsədi ilə “ASAN xidmət” mərkəzləri yaradıldı.

“ASAN xidmət” mərkəzləri fəaliyyətə başladığı gündən qısa müddət ərzində əhalinin böyük rəğbətini qazanıb, vətəndaş məmnunluğuna yol açıb. İlk mərkəzin istifadəyə verildiyi 2012-ci il dekabrın 29-dan bu günədək 22 “ASAN xidmət” mərkəzi yaradılıb. Onlardan 6-sı Bakıda, 2-si Gəncədə, digərləri Sumqayıt, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli, Şəki, Şamaxı, Kürdəmir, Tovuz, Ağcabədi və Balakəndədir. Bu mərkəzlərdə 2013-cü ildən indiyədək 50 milyona yaxın müraciət qeydə alınıb. Müraciət edən vətəndaşların sayı isə 7,8 milyon nəfərdir.

 

Müxtəlif xidmət sahələrini özündə birləşdirən kompleks

 

Tovuz “ASAN Həyat” kompleksinin ərazisində “ASAN xidmət” mərkəzi, ASAN radio, ABAD mərkəzi, “ABAD Factory” bitkilərin emalı və qurudulması fabriki, Kinoklub, “ABAD məktəb” təlim mərkəzi, Hərbi Vətənpərvərlik Mərkəzi, “ASAN Kafe” fəaliyyət göstərir.

Buradakı “ASAN xidmət” mərkəzi 2020-ci il mayın 4-də fəaliyyətə başlayıb. Mərkəz Tovuz, Qazax, Ağstafa, Şəmkir, Gədəbəy və Samux rayonlarında qeydiyyatda olan 737 minə yaxın vətəndaşla yanaşı, ölkə üzrə ərazi məhdudiyyəti olmadan bütün vətəndaşlara xidmət göstərir. Mərkəzin fəaliyyəti operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət prinsiplərinə və vətəndaş rahatlığına hesablanıb. Mərkəzdə müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən 300-dən çox xidmət həyata keçirilir.

Tovuz “ABAD Factory” bitkilərin emalı və qurudulması fabrikində sifariş əsasında 31 çeşid çay məhsulunun istehsalı həyata keçirilir ki, həmin məhsulların da 10 çeşidi hazırda ABAD vasitəsilə pərakəndə satışa çıxarılır. Çayla yanaşı, sözügedən müəssisədə yerli meyvə qurusu məhsulları da istehsal edilir və onların topdansatışı həyata keçirilir.

Tovuz “ABAD məktəb”ində hazırda tibb sahəsinin nəzəri hissəsini özündə ehtiva edən kurslar keçirilir. Eyni zamanda dərzilik, İT və digər peşələr üzrə təlimlərin təşkili üçün şərait mövcuddur.

Vətəndaşların istirahəti üçün nəzərdə tutulmuş “ASAN Kafenin tutumu 64 nəfərdir. Bundan başqa, kafedə müxtəlif oyun avadanlıqları olan uşaq əyləncə guşəsi də var.

Hərbi Vətənpərvərlik Mərkəzində gənclər hərb tariximiz, ordu quruculuğu barədə geniş məlumatlar almaqla yanaşı, ibtidai hərbi hazırlıq təlimlərində iştirak edirlər. Mərkəzin “ASAN xidmət”də yerləşməsi isə yeniyetmələrin və gənclərin günün istənilən vaxtı rahat və maneəsiz buraya gəlmələrinə əlverişli imkan yaradır. Kompleksdə fəaliyyət göstərən Kinoklubda hərəsinin 63 nəfər tutumu olan 2 ədəd kinozal var.

TovuzAsan Həyat” Kompleksinin həyətində vətəndaşların asudə vaxtlarını xoş keçirmələri üçün park salınmışdır. Parkın ərazisində fəvvarə, uşaq əyləncə guşəsi, konsert meydançası və açıq havada 24 yerlik kafe var.

 

Azərbaycan vətəndaş məmnuniyyəti yüksək təmin olunan dövlətlər sırasındadır

 

Tovuz “ASAN xidmət” mərkəzində vətəndaşlarla söhbət etdik. Onlardan Məhluqə Aslanova şəxsiyyət vəsiqəsi üçün müraciət etmişdi. “İki ildir fəaliyyətə başlasa da, müraciətim ilk dəfə deyil. Hər dəfə gələndə burada gülərüz kollektiv və yüksək xidmətlə qarşılaşmışam. Bir dəfə də olmayıb ki, nəyə görəsə əsəbləşim. Ona görə belə bir xidmət mərkəzinin yaradılmasına və vətəndaşlara göstərilən yüksək xidmətə görə birinci növbədə dövlətimizin başçısına minnətdarıq”, - deyə M.Aslanova bildirdi.

İmran Həsənov isə Tovuzun Aşağı Quşçu kəndindəndir. O da bir neçə dəfə “ASAN xidmət”ə müraciət edib. Onun sözlərinə görə, indiyə kimi daşınmaz əmlak, şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi ilə bağlı müraciət edib və hər dəfə yüksək xidmətin şahidi olub. Hər dəfə gələndə əməkdaşlardan mehriban münasibət görüb, müraciətləri tam təmin olunub.

“ASAN xidmət” deyəndə ilk növbədə göz önünə gələn həm də könüllülük fəaliyyətidir. Ötən 9 ildə “ASAN xidmət” mərkəzləri respublikamızda könüllülük hərəkatının inkişafına böyük töhfələr verib. Minlərlə gəncin uğurlu karyerası məhz bu mərkəzlərdən başlayıb.

“ASAN xidmət” mərkəzlərində könüllülər üçün hər cür iş şəraiti yaradılıb. Mərkəzə gələnlərin qarşılanmasını, müvafiq xidmətlərlə bağlı yönləndirilməsini və digər vəzifələri məhz könüllülər yerinə yetirirlər. Onlardan Şirəli  Məmmədov Şəmkirin Düyərli kəndinin sakinidir. Deyir ki, könüllülük ictimai həyata atılan ilk addımdır və burada əldə etdiyi təcrübə gələcək karyerasının ilk uğurlu addımıdır.

Yasəmən Yusifova isə fevral ayından “ASAN xidmət” mərkəzində fəaliyyət göstərir. Onun sözlərinə görə, bu qısa dövrdə kollektiv ona çox doğmalaşıb. İşi vətəndaşları məlumatlandırmaq, onların məmnuniyyət səviyyəsini öyrənmək və ərizələrin doldurulmasında kömək etməkdir. “Burada könüllü kimi fəaliyyət göstərmək olduqca xoşdur. Həm də “ASAN xidmət” mərkəzi bizim təcrübəmizin artırılması və bacarıqlarımızın inkişafı istiqamətində təlimlər təşkil edir”, -deyə Y.Yusifova bildirir.

Tovuz “ASAN Həyat” kompleksi iki ildir ki, vətəndaşların xidmətindədir. Bu müddətdə Tovuz, Qazax, Ağstafa, Şəmkir, Gədəbəy və Samux rayonlarının sakinlərinin dövlət orqanlarına müraciətlərində yeni keyfiyyət dəyişiklikləri baş verib. Burada şahidi olduqlarımız həm də ondan xəbər verir ki, Azərbaycan vətəndaş məmnuniyyəti yüksək səviyyədə təmin olunan dövlətlər sırasındadır. “ASAN xidmət” Azərbaycanı dünyaya tanıdan nümunəvi milli modeldir.

 

Rəşad CƏFƏRLİ

 

Elçin CƏFƏROV

 

Azərbaycan.- 2022.- 4 mart.- S.5.