Gələcəyin mübariz ruhlu təminatçıları

 

Ulu Öndər Heydər Əliyev: “Hər bir xalqın, hər bir millətin, hər bir ölkənin gəncləri onun həm bu günüdür, həm də sabahıdır, ümididir

 

Bu fikirlərin müəllifi olan Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra gənc nəslə diqqətin artırılması da dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildi. Azərbaycanı gənclər ölkəsi, onları isə Azərbaycanın gələcəyi adlandıran Ulu Öndər böyüməkdə olan nəslə qayğını hər zaman önə çəkdi.

Hüquqi və dünyəvi dövlət quruculuğu prosesində, çoxşaxəli islahatların reallaşdırıldığı bir vaxtda gənclik enerjisinə ehtiyac duyulduğunu düzgün qiymətləndirən böyük rəhbər müxtəlif illərdə gənclər siyasətinin ayrı-ayrı istiqamətləri üzrə müvafiq sənədlər imzaladı.

Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafında dərin izlər buraxdı. Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı fərmana əsasən, həmin tarix Azərbaycan Gəncləri Günü elan edildi. O vaxtdan etibarən Gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlandı.

Gənclər hərəkatının təşkilatlanmasına dövlət dəstəyi də məhz Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından davam edir. Gənclər Forumunun təşkili Ulu Öndərin 1995-ci ildə irəli sürdüyü təşəbbüsdən sonra başladı. 1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin I Forumunda Heydər Əliyev gənclər qarşısında tarixi bir vəzifə qoydu: “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”.

Azərbaycan dövlətinin başçısı İlham Əliyevin bu sahə ilə bağlı yürütdüyü siyasət nəticəsində gənclərə qayğı yeni mərhələyə qədəm qoydu. Ölkəmizdə gənc nəslin müxtəlif sahələrdəki problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli iştirakının təmin olunması, milli adət-ənənələrə, dəyərlərə bağlılığı üçün dövlət səviyyəsində zəruri tədbirlər reallaşdırıldı.

Dövlət başçısının 2005-ci il 30 avqust tarixli sərəncamı ilə təsdiq edilən “Azərbaycan Gəncliyi Dövlət Proqramı (2005-2009-cu illər)” dövlət gənclər siyasətinin həyata keçirilməsində mühüm fəaliyyət sənədi oldu. Həmin proqramın icrası ilə dövlət gənclər siyasətinin prioritet sahələrində müsbət dəyişikliklər, müəyyən uğurlar əldə edildi. Bu prosesin inkişafı nəticəsində yeni zərurətdən yaranan dövlət gənclər siyasəti ilə 2011-2015-ci illərdə dövlət proqramı çərçivəsində bir çox uğurlara imza atıldı.

Həmin proqram gənclərin şəxsi inkişafına, ölkə səviyyəsində geniş tərkibli işlərin aparılmasına təkan verdi. Gənclərimiz dövlət proqramı çərçivəsində bir çox yeni imkanlardan yararlandı. Gənclik Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji vəzifələrin uğurla həyata keçirilməsinə, respublikamızın dinamik inkişaf edən qüdrətli dövlətə çevrilməsi prosesinə öz töhfəsini verməyə çalışır. Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı ölkədə gənclər siyasətinin daha səmərəli həyata keçirilməsi istiqamətində atılan növbəti mühüm addımlardan biri oldu.

Yeri gəlmişkən, Prezident İlham Əliyevin 26 iyul 2019-cu il tarixli sərəncamı ilə yüksək intellekt səviyyəsinə və idarəetmə qabiliyyətinə malik perspektivli liderlərin üzə çıxarılması və dəstəklənməsi, ölkədə kadr ehtiyatı bankının yaradılması məqsədilə təsis edilmiş “Yüksəliş” müsabiqəsi də bu istiqamətdə mühüm faktora çevrildi.

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Prezident İlham Əliyev bu günlərdə daha bir sərəncam imzaladı. Həmin sənəd dövlət başçısının “Azərbaycan gənclərinin nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil imkanlarının genişləndirilməsi haqqında” 2021-ci il 30 sentyabr tarixli  sərəncamının icrasını təmin etmək məqsədi daşıyır.

“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın əsas hədəfləri ən qabaqcıl elmi nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından yararlanaraq, Azərbaycanda yeni nəsil mütəxəssislərin yetişdirilməsi, ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları ilə müasirləşdirilməsindən ibarətdir.

Ölkədə fəaliyyət göstərən respublika Gənclər Təşkilatının fəaliyyətinə dair hesabatda bildirilir ki, son bir il ərzində gənclər üçün 70-dən çox layihə icra edilib. Bu layihələrdən 35-i irimiqyaslı-kütləvi, 9-u isə silsilə tədbirlərdən ibarət olub. Paytaxtla yanaşı, gənclərin fəaliyyəti ölkə üzrə 44 regionu əhatə edib. Ümumilikdə 6800-dən çox gənc həyata keçirilən layihələrdən faydalanıb.

Ölkəmizdə gənclərin məşğulluğunun təmin olunması da diqqət mərkəzindədir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən gənclərin istedad və bacarıqlarının üzə çıxarılması istiqamətində həyata keçirilən layihələr silsilə xarakter alıb. Bu da yetişməkdə olan nəslin gələcəyinin etibarlı təminatıdır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə xaricdə və ölkəmizdə reallaşan layihələr də Azərbaycanın uğurlarının təbliğində, gənclərimizin fəallığının artırılmasında və onların fəaliyyətlərinin əlaqələndirilməsində mühüm rol oynayır.

Bu gün vətəninə sonsuz sevgi ilə bağlı olan hər bir Azərbaycan gənci Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin güclənməsi uğrunda mübarizənin ön sıralarındadır.

44 günlük Vətən müharibəsində 30 ilə yaxın mənfur və qaniçən düşmən tapdağında olan əzəli ata-baba torpaqlarımızın işğaldan azad edilməsi uğrunda aparılan döyüşlərdə Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi və komandanlığı altında əldə olunan tarixi qələbəmiz də bir daha sübut etdi ki, mübariz Azərbaycan gəncliyi Vətənimizi qorumağabu yolda can əsirgəməməyə daim hazırdır. Qalib sərkərdəmizin qeyd etdiyi kimi, rəşadətli və şanlı Azərbaycan Ordusunun tarixi zəfəri gənclərimizin bitib-tükənməz vətənpərvərliyini, müasir dövrdə dövlətimizə və xalqımıza layiq olan dəyərli nəslin formalaşdığını bütün dünyaya nümayiş etdirdi.

Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində aktiv fəaliyyəti ilə seçilirsiyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Gənclərin fəaliyyəti üçün dövlətin yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin aparıcı qüvvəsinə çevrilib.  Gəncliyimiz ölkəmizin gələcəyi uğrunda inamlı addımlar atmaqdadır.

 

Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan.- 2022.-5 mart.- S.6.