Azərbaycanda vətənpərvər nəsil yetişib

 

Gələcəyə dəstək

 

Cəmiyyətin, dövlətin ümidlə baxdığı gələcəyi quracaq, yeni uğurlu illərə, əsrlərə aparacaq gənclər olacaq. Hər zaman onlara göstərilən diqqətdə, qayğıda, tələblərdə bu duyğular önəmli yer tutub.

Tariximizin bütün səhifələrində dövrün mühüm ictimai, siyasi, sosial, iqtisadi, mədəni hadisələrində gənclərin əhəmiyyətli rol oynadıqları barədə məlumatlar, faktlar öz əksini tapıb. Ayrı-ayrı əsrlərdə doğma millətinin haqqının, hüququnun qorunması, məmləkətinin yağı düşməndən qorunması uğrunda mübarizələrdə onlar ön sıralarda dayanıblar. Soydaşlarının gerilikdən, ətalətdən, səfalətdən qurtulmaları, tərəqqi etmiş millətlərin cərgəsində yer almaları üçün aparılan mücadilələrə qoşulmuş gənclərin gördüyü təqdirəlayiq işləri bu günqürurla xatırlayırıq.

Zaman keçir, nəsillər bir-birini əvəz edir. XX əsrin sonuncu onilliyində yenidən dövlət müstəqilliyini bərpa edən Azərbaycanın uğurlarında da gənclərimiz əhəmiyyətli rol oynayıblar.

Bu günümüzün gəncləri müharibə şəraitində yaşayan bir ölkədə böyüyüb, boya-başa çatıblar. Onlar ağılları kəsəndən öz vətənlərinin darda olduğunu görmüşdülər. Çünki Azərbaycanın əzəli torpaqlarının 20 faizi 1990-cı illərdə işğalçı Ermənistan tərəfindən zəbt olunmuşdu. Bir milyondan artıq soydaşımız öz evini, yurdunu erməni təcavüzkarlarının zülmləri, işğəncələri səbəbindən tərk etmək məcburiyyətində qalıb respublikamızın müxtəlif bölgələrində məskunlaşırdılar. Qaçqın statusu almış bu insanlar otuz ilə yaxın doğma ocaqlarının, evlərinin, el-obalarının həsrətini çəkdilər. Bu nisgillə, bu ağır dərdlə dünyadan köçənlər çox oldu.

Həmin ailələrdə dünyaya gələn uşaqlar ata-baba yurdlarını görməsələr , böyüklərin həsrəti, nisgili onlara da sirayət etdi. Ancaq yalnız onlar deyil, Azərbaycanın bütün gəncləri doğma vətən torpaqlarının bir hissəsinin qəddar məkrli erməni quldurları tərəfindən işğal edildiyini, azərbaycanlıların zorla o ərazilərdən çıxarıldıqlarını, bəzilərinin əsir götürüldüyünü, qətlə yetirildiyini bilərək böyüdülər. Bilirdilər ki, qəhrəman babaların, ataların övladlarıdırlar. Ona görə bu qisası qiyamətə qoymayacaqlar. Belə oldu.

Azərbaycan dövləti, Azərbaycan xalqı heç zaman müharibə tərəfdarı olmayıb. İşğal altında olan ərazilərimizin Ermənistandan geri alınması üçün uzun illər danışıqlar aparıldı, beynəlxalq təşkilatlara müraciətlər edildi. Azərbaycan bütün beynəlxalq hüquq prinsipləri, insani dəyərləri yüksək tutduğunu daim həyata keçirdiyi məqsədyönlü işləri, əməlləri ilə göstərdi. Ermənistan tərəfi isə hər zamankı kimi məkrli niyyətindən, qəddar əməllərindən əl çəkmədi, atəşkəs rejimini pozmaqdan, Azərbaycanın nəinki, hərbi mövqelərini, hətta mülki əhalisinin yaşayış yerlərini atəşə tutmaqdan çəkinmədi.

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində münaqişə yenidən alovlandı. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev o gün xalqa müraciət etdi. Bildirdi ki, Azərbaycan heç bir təxribata əl atmamışdır, sadəcə olaraq öz maraqlarını müdafiə edir, öz mövqeyini dəstəkləyir öz siyasətini alnıaçıq aparır: “Bütün beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Bütün ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Beynəlxalq təşkilatlar çərçivəsində qəbul edilmiş qərar qətnamələr Dağlıq Qarabağın Azərbaycana məxsus olduğunu açıq-aydın təsbit edir. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsində deyilir ki, erməni silahlı qüvvələri dərhal, tam qeyd-şərtsiz işğal edilmiş torpaqlardan çıxarılmalıdır. Otuz ilə yaxındır ki, bu qətnamələr kağız üzərində qalır. Otuz ilə yaxındır ki, Minsk qrupu çərçivəsində danışıqlar aparılır bunun sonunda Ermənistan müntəzəm olaraq hərbi təxribatlar törətməklə danışıqlar prosesini iflic vəziyyətə salıbdır. BMT-dən başqa bütün digər aparıcı beynəlxalq təşkilatlar bizim haqlı mövqeyimizi müdafiə edir. Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisatdır ki, bu gün Azərbaycan bu təsisata sədrlik edir. Onlar münaqişə ilə bağlı ədalətli qətnamə qəbul etmişlər. İslam Əməkdaşlıq Təşkilatı ədalətli qətnamələr qəbul etmişdir. ATƏT-in qərarları, Avropa Parlamentinin qətnamələri bizim mövqeyimizi dəstəkləyir. Bizim mövqeyimiz beynəlxalq hüquqa ədalətə əsaslanır. Biz öz torpağımızda vuruşuruq. Bu gün Azərbaycan Ordusu Azərbaycan torpaqlarında düşmənə sarsıdıcı zərbələr endirir. Bu gün Azərbaycan Ordusu öz torpağında Azərbaycanın ərazi bütövlüyünü qoruyur, müdafiə edir. Erməni əsgərinin bizim torpağımızda işi var?! Ermənistan ordusunun bizim torpağımızda işi var?! Heç kəs üçün sirr deyil ki, “Dağlıq Qarabağ ordusu”nun tərkibində olan şəxsi heyətin 90 faizi Ermənistan vətəndaşlarından ibarətdir. Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır son qoyulacaqdır”.

O gün Azərbaycanın bütün bölgələrində yaşayan gənclərimiz torpaqlarımızın işğaldan azad olunması uğrunda mübarizəyə qoşulmaq üçün Ali Baş Komandan İlham Əliyevin bir əmrinə müntəzir olduqlarını göstərdilər. İlham Əliyev: “Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”, - dedi bu haqq işi uğrunda minlərlə Azərbaycan gənci ayağa qalxdı.

44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycan gənclərində torpaq, Vətən sevgisinin qədər böyük olduğunu ortaya qoydu. Gənclərimiz həm döyüş meydanında, həm kompüter arxasında informasiya müharibəsində vətənpərvərlik hisslərini nümayiş etdirdilər.

Bu müharibə Ermənistan silahlı qüvvələri üçün əbədi gözdağı oldu. İkinci Qarabağ müharibəsində Azərbaycan yalnız öz möhtəşəm hərbi gücünü göstərərək Ermənistanı məğlubiyyətə uğradıb, otuz ilə yaxın işğal altında qalan ərazilərini geri qaytarmadı, həm azərbaycanlıların vətənə sevgilərinin, dövlətlərinə sədaqətlərinin sonsuzluğu meydana çıxdı. Sevindirici, təqdirəlayiq bir məqam da bu dövlətin, bu millətin gənclərinin qətiyyəti, mərdliyi, igidliyi, vətənpərvərliyi oldu.

İşğala son qoyan Azərbaycanın qüruru olan bu gənclərin öz dövlətinə millətinə hələ çox nailiyyətlər qazandıracağı şübhəsizdir.

 

Zöhrə FƏRƏCOVA

 

Azərbaycan.- 2022.-5 mart.- S.6.