Qarabağın ekoloji qiymətləndirilməsi layihəsinin yekun tədbiri keçirilib

 

Martın 4-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilmiş “Gənclərin Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin ekoloji qiymətləndirilməsində iştirakı” layihəsinin yekunlarına həsr edilmiş toplantı keçirilib.

AZƏRTAC xəbər verir ki, Bakı Konqres Mərkəzində baş tutan tədbirdə layihənin gənc iştirakçıları ilə yanaşı, IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) təmsilçiləri, eləcə də media nümayəndələri iştirak ediblər.

IDEA İctimai Birliyinin icraçı direktoru Surxay Şükürov bildirib ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının Ermənistan tərəfindən 30 illik işğalı nəticəsində Azərbaycanın təbiətinə ciddi ziyan vurulub. Ərazilərin yandırılması, su resurslarının çirkləndirilməsi, meşələrin, təbiət abidələrinin və ümumiyyətlə, yeraltı və yerüstü sərvətlərin talan edilməsi nəticəsində regionun ekoloji tarazlığı pozulub.

Qeyd olunub ki, işğaldan azad olunmuş ərazilərin, o cümlədən təbii sərvətlərimizin vəziyyətinin qiymətləndirilməsi və bərpa edilməsi istiqamətində dövlət səviyyəsində mühüm addımlar atılmaqdadır. Həmin tədbirlərə gənc ekoloqların cəlb edilməsi məqsədilə IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Gənclər Fondu tərəfindən “Gənclərin Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin ekoloji qiymətləndirilməsində iştirakı” birgə layihəsinə start verilib. Layihədə iştirak üçün təbiət elmləri sahəsində təhsili olanbu sahədə fəaliyyət göstərən 300-dən çox gəncdən müraciət daxil olub, onlardan 60 nəfər müsahibə əsasında seçilib. İştirakçılar 6 istiqamət, o cümlədən bioloji müxtəliflik, geologiya, su ehtiyatları, meşələrin qorunması, hidrometeorolojimonitorinq xidməti, topoqrafiya və xəritəçəkmə üzrə qruplara bölünüb. Ərazilərdə səfərlərdən öncə müvafiq istiqamətlər üzrə nəzəri mühazirələr təşkil edilib. Həmçinin keçmiş münaqişə zonasında çalışmağın potensial təhlükələrini nəzərə alaraq sağlamlıq və təhlükəsizlik təlimləri keçirilib. Növbəti mərhələdə gənc ekoloqların Cəbrayıl, Füzuli, Qubadlı, Xocavənd, Zəngilan, AğdamŞuşa daxil olmaqla işğaldan azad edilmiş ərazilərə çoxsaylı səfərləri təşkil edilib. Səfərlər zamanı onlar həmin ərazilərdə aparılan ekoloji qiymətləndirilmədə, o cümlədən xüsusi cihazqurğularla havada olan radiasiya fonu, suyun keyfiyyəti, torpağın analizis. proseslərdə iştirak edib, işğal nəticəsində törədilən ekosidi əyani şəkildə görüblər.

S.Şükürovun sözlərinə görə, “Qarabağı qoru” şüarı altında həyata keçirilən layihənin gənc iştirakçıları ekoloji qiymətləndirilmə və monitorinq üzrə bilik və təcrübələrini artırmaq, eyni zamanda azad olunmuş ərazilərdə bərpa və mühafizə işlərinə töhfə vermək imkanı əldə ediblər. Aparılmış müşahidə və təhlillər əsasında əldə edilən məlumatların geniş maarifləndirmə və təbliğat işlərində istifadə olunması nəzərdə tutulur.

Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov gənclər siyasətinin dövlət siyasətinin mühüm və ayrılmaz tərkib hissəsi olduğunu, Azərbaycan gəncliyinin ictimai həyatın bütün sahələrində kifayət qədər fəal iştirak etdiyini diqqətə çatdırıb. Bildirilib ki, gənclər ölkə rəhbərliyinin siyasi, iqtisadi, humanitar, sosial istiqamətlər üzrə həyata keçirdiyi tədbirlərə hər zaman dəstək verir, cəmiyyətdə dayanıqlı sabitliyin və ardıcıl inkişafın təmin olunmasında yaxından iştirak edirlər. Ölkə rəhbəri özünün çıxışlarında mütəmadi olaraq gənclərin ictimai-siyasihumanitar proseslərdə göstərdiyi səyləri nəzərə alaraq gəncləri novator, yeniliyə can atan və vətənpərvər insanlar kimi təqdim edir.

“Hər bir sahədə olduğu kimi, ətraf mühitin mühafizəsində də gənclərin dəstəyinə böyük ehtiyac var. Mövcud ekoloji problemlərin aradan qaldırılmasında, ekoloji şüurun inkişaf etdirilməsində sizin səyləriniz, təşəbbüskarlığınız böyük rol oynayır. “Qarabağı qoru” şüarı altında keçirilən layihənin iştirakçıları olaraq gənclərin bir qismi işğaldan azad edilmiş ərazilərə səfər etdilər. Ermənistanın Azərbaycanın ətraf mühitinə, bioloji müxtəlifliyinə, meşələrinə, yeraltı və yerüstü təbii ehtiyatlarına vurduğu ciddi ziyana şahid oldular. Kəsilmiş ağacları, məhv olmuş yaşıllıq ərazilərini gördülər, su, hava, torpaq nümunələri üzərində müşahidələr apardılar, dəyən ekoloji ziyanların hesablama qaydaları ilə tanış oldular. Hazırda həmin ərazilərdə bərpa prosesi gedir. Bu sahədə ixtisaslı kadrların yetişməsi, gənclərin görüləcək işlərdə yaxından iştirakı çox təqdirəlayiqdir. Gənc ekoloqlar kimi belə layihələrdə bilik və bacarıqlarınızı, təcrübənizi artırıb ekoloji tarazlığın qorunmasında səy göstərməniz bizim işimizə böyük töhfədir”, - deyə V.Kərimov bildirib.

Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov müharibə bitdikdən sonra gənclərdən həmin ərazilərin dirçəldilməsi prosesində iştirakla bağlı çoxlu müraciətlər daxil olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, gənclər hətta könüllü olaraq fiziki işlərdə belə çalışmağa, həmin ərazilərin bərpasında dövlətin atdığı addımlara dəstək olmaq niyyətlərini ifadə edirlər. Qeyd edilib ki, azad edilmiş ərazilərdə törədilmiş ekosidinonun miqyasının müəyyən edilməsi ilə bağlı IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihənin xüsusi özəlliyi ondan ibarətdir ki, gənclər ilk dəfə elm könüllüsü kimi araşdırmalara başladılar. Kifayət qədər uğurla həyata keçirilən layihə gələcəkdə gənclərin öz savadları, dünya görüşləri və təcrübələrindən istifadə edərək bu cür araşdırmaları fərqli sahələrdə də həyata keçirə bilmələrinə bir töhfədir.

“Gənclər Fondu olaraq dövlət başçısının göstərişi və tapşırıqlarına uyğun olaraq məqsədimiz gənclərin vətənpərvər, sağlam və savadlı yetişməsinə dəstək verməkdir. Eyni zamanda Azərbaycan gəncliyinin yüksək potensialından istifadə edərək dövlətimizin fərqli sahələrdə həyata keçirdiyi siyasətə də gənclərimizin töhfə verməsinə çalışırıq. Bu layihə də gəncliyin dövlətə dəstəyinin bariz nümunələrindən biridir”, - deyə icraçı direktor qeyd edib.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin maarifləndirmə şöbəsinin rəisi Ramil Əzizovun sözlərinə görə, Vətən müharibəsindən sonrakı dövr ərzində azad edilmiş ərazilərdə ANAMA tərəfindən  aparılan əməliyyatlar nəticəsində 75 milyon kvadratmetrdən çox ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib. Otuz minə yaxın müxtəlif markalı mina və partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Onların böyük əksəriyyəti piyadalar əleyhinə minalardır. Əməliyyatlar zamanı, həmçinin improvizə olunmuş, əllə düzəldilmiş, xüsusi formaya salınmış partlayıcı qurğular, kustar üsulla hazırlanmış digər sursatlar da aşkarlanıb.

O, layihə çərçivəsində gənclərin ANAMA-nın mütəxəssisləri tərəfindən təhlükəli ərazilərdə davranış qaydaları ilə bağlı məlumatlandırıldığını də diqqətə çatdırıb.

Tədbir zamanı IDEA İctimai Birliyinin əməkdaşı, layihə rəhbəri Gülsarə Qasımova ekoloji qiymətləndirmənin yekun nəticələrinə dair hesabatı təqdim edib. Hesabatda Qarabağın işğaldan əvvəlki vəziyyətinə nisbətən hazırkı ekoloji durumuna dair əldə edilmiş məlumatlar əks olunub. Həmçinin toplantıda layihə çərçivəsində görülmüş işlərə həsr edilmiş videoçarx nümayiş etdirilib.

Daha sonra gənclərə uğurla həyata keçirilən layihədə iştirak üçün sertifikatlar, eləcə də Qarabağın ekoloji qiymətləndirilməsi prosesinə töhfələrinə görə təşəkkürnamə və xatirə hədiyyələri təqdim edilib, ən maraqlı paylaşım qalibi mükafatlandırılıb.

 

Azərbaycan.- 2022.- 5 mart.- S.7.