Azərbaycan qadını ən yüksək mənəvi keyfiyyətlərin daşıyıcısıdır

 

Cəmiyyətimizdə qadına göstərilən hörmət, ana adının uca tutulması Azərbaycan xalqının ən yüksək ali və mənəvi keyfiyyətlərindən biridir.

Təsadüfi deyil ki, zəngin tarixi irsimizdə, ədəbiyyatımızda qadınlarımız müdriklik və qəhrəmanlıq mücəssəməsi kimi vəsf olunur. “Kitabi-Dədə Qorqud” boylarının, dahi Nizaminin, Füzulinin əsərlərinin qadın surətləri bu günöz məziyyətləri ilə bəşəri ideallara xidmət edir, xalqımızın milli-mənəvi dünyasının nə qədər zəngin olduğunu göstərir.

Çağdaş dövr sivil dünyada qadın fəallığının yüksəlməsi ilə əlamətdardır. Lakin müasir tendensiyalaryanaşmalar baxımından Azərbaycan cəmiyyətində qadınların rolunun yüksəlməsi ötən əsrin əvvəllərindən başlayır. 1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyətinin qadınlara seçki hüququ verməsi həm xalqımızın demokratik dəyərlərə bağlılığının, həm də qadınların cəmiyyətdə gedən proseslərdə iştirakının yüksəlməsinin göstəricisi idi.

İradəsi, mərdliyi, saflığı, sədaqəti ilə cəmiyyətimizdə, milli-mənəvi dəyərlərimizin formalaşmasında tarix boyu böyük rol oynamış qadınlarımız bu gün də müstəqil dövlətimizin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında öndədirlər. Dövlətimizin yürütdüyü məqsədyönlü siyasətin nəticəsi olaraq Azərbaycan qadını yüksək pillələrdə dayanır, ölkə daxilində və beynəlxalq aləmdə böyük nailiyyətlər qazanır, ictimai həyatın bütün sahələrində öz sözünü inamla deyir. Prezident İlham Əliyevin hər il 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına ünvanladığı təbrik dövlət başçısının zərif cinsdən olan vətəndaşlara diqqətinin və ehtiramının təcəssümüdür. Prezident İlham Əliyev qadınların cəmiyyətdəki roluna və yerinə, onların dövlət idarəçiliyində təmsil olunmalarına, irəli çəkilmələrinə diqqətlə yanaşır.

Azərbaycan qadını ana olmaqla yanaşı, həm də bacarıqlı siyasətçi, adamı, dövlət məmuru, xalqın inanıb səs verdiyi deputatdır. Bu fəallıq Azərbaycan qadınının malik olduğu tarixi ənənələrlə yanaşı, ölkəmizdə həyata keçirilən gender siyasətinin mahiyyətindən, onlara cəmiyyətin tamhüquqlu üzvü kimi bütün imkanlardan bərabər istifadə üçün zəruri şəraitin yaradılmasından irəli gəlir.

Respublikamız həm də qadın hərəkatının inkişaf etdiyi dövlətlərdən biridir. Ölkəmizdə qadın hərəkatının formalaşmasında, Azərbaycan qadınının yüksək dəyərlərə bağlılığının dünyaya tanıdılmasında respublikamızın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavini Mehriban Əliyevanın xidmətləri xüsusi vurğulanmalıdır. Mehriban Əliyeva öz fəaliyyətini cəmiyyətin inkişafına yönəltməklə Azərbaycan qadınının ictimai-siyast fəaliyyətinin yeni səhifəsini açıb. Məhz Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətinin, xeyriyyəçiliyinin, nəcibliyinin, insanlara qayğısının timsalında bütün dünya Azərbaycan qadınının hansı yüksək mənəvi keyfiyyətlərin daşıyıcısı olduğunu görür.

44 günlük Vətən müharibəsində qazandığımız qələbədə qadınlarımızın rolunu xüsusi qeyd etmək istərdim. Çünki Azərbaycan qadını bu zəfəri təmin edən igid oğulları yetişdirən, xalqımızın tarixdən süzülüb gələn qəhrəmanlıq ənənələrini öz övladlarına aşılayan, onları öz xeyir-duası ilə döyüşə yola salan böyük qüvvədir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Azərbaycan qadını mərdlik və mətanət nümayiş etdirərək, dualarla cəbhəyə göndərib qələbə xəbəri ilə yolunu gözlədiyi və yurdumuzun hər qarışını canından əziz bilən bir nəsil yetişdirmişdir. Dövlətçiliyimizə ən böyük töhfə də, heç şübhəsiz, 44 günlük müqəddəs Vətən müharibəsindəki qəhrəmanlığı və şücaəti əsla yaddaşlardan silinməyəcək bu gənc nəsildir”.

Azərbaycan qadını həm də şəhid anasıdır, şəhid bacısıdır, şəhid yoldaşıdır, şəhid övladıdır. Ona görə Azərbaycan qadınının başı hər zaman uca olacaq...

Qadınların cəmiyyətdəki layiqli yeri hər bir dövlətin uğuru hesab olunur. Bu baxımdan respublikamızda bərqərar olan demokratik mühit, həyata keçirilən mükəmməl və mütərəqqi dövlət siyasəti qadınlarımıza öz potensiallarını gerçəkləşdirmək üçün əlverişli imkanlar yaradıb. Bütün bunlardan irəli gələrək Azərbaycan qadını bundan sonra da dövlətimizin inkişafına və cəmiyyətimizin yüksəlişinə özünün layiqli töhfələrini verəcək.

 

Könül NURULLAYEVA,

Milli Məclisin deputatı

 

Azərbaycan.- 2022.-6 mart.- S.5.