Torpaqlarımızı azad görmək qürurvericidir

 

Hələ Birinci Qarabağ savaşının tüğyan etdiyi illərdə əsgər paltarı geymiş qızlarımızla qarşılaşanda qəlbimi qəribə, həm də təzadlı duyğular bürüyürdü.

Qürur hissi keçirirdim ki, bizim belə cəsarətli, kişi qeyrətli qızlarımız var. Ürək göynədən suallarla təkbətək qalıb, acı bir təəssüflə köks ötürürdüm. Axı niyə xain düşmən torpaqlarımıza diş qıcadıb ki, mərd oğullarımız, qeyrətli qızlarımız da silaha sarılsınlar? Məgər insanlar müharibə dəhşətlərini görmək üçün doğulublar?

Hərb sənəti, döyüşçülük qızlara xas olan deyil. Axı düşmənlə savaşa qalxmaq, cəng-cidaya çıxmaq ta qədimdən kişi işi sayılıb. Amma xatırlayanda ki, bu torpağın cəsur Tomrisi, Nigarı, Həcəri olub, qızlarımız gözümdə daha da böyüyüb. Ucadan demək istəmişəm: bu qızların hünəri ikiqat qəhrəmanlıqdır.

Gülpəri ilə 1992-ci ildə şəhərimizdəki hərbi hospitalda görüşmüşdük. Milli Ordumuza xas döyüşçü forması geymiş ucaboylu, şux qamətli qız ağır yara almış rota yoldaşlarını hospitala gətirmişdi. Düşmən gülləsinə tuş gəlmiş Ələddinin və Tofiqin vəziyyəti anbaan ağırlaşırdı. Gülpəri çiyninə xalat atıb onların yanından çəkilmir, təlaş içində tibb işçilərinə üz tutur, yaralılara əsl ana, bacı qayğısı göstərirdi. Bu döyüşçü qızın istiqanlılığı, səmimiyyəti, qaynar təbiəti hamının diqqətini çəkirdi.

 

“Dəmir yeyənlər” batalyonunun döyüşçüsü

 

Gülpəri Sərkərovanın ömürnaməsi o qədər də geniş deyil. 1963-cü ildə Qobustan rayonunun Nərimankənd kəndində sadə bir ailədə doğulub. Doğma yurd yerində orta məktəbi bitirdikdən sonra ailəyə kömək etmək üçün işə düzəlib, rayondakı mərkəzi əmanət bankında çalışıb. Cəbhəyə getmək, azğın erməni faşistlərə qarşı döyüşmək ən böyük arzusu olub. Qobustan Rayon Hərbi Komissarlığına bu barədə ərizə ilə müraciət edib. Həmin ilin fevralında Ağdamdakı hərbi hissələrə yardım aparan qobustanlılar arasında Gülpəri də var idi.

Həmyerliləri əsgərlərlə görüşdən sonra geri qayıdanda Gülpəri onlardan ayrıldı, cəbhədə qalıb döyüşmək istədiyini bildirdi. Çox təkid etdilər, “sənin üçün çətin olar” dedilər. İnadından dönmədi. Onu elə həmin gündən Ağdam ərazi özünümüdafiə batalyonuna qəbul etdilər. Batalyon komandiri, igidliyi ilə döyüşçülərə örnək olan, ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş Şirin Mirzəyevin qayğısını heç vaxt unutmayacaq. Əvvəlcə rabitəçi kimi işə başladı. Amma həmişə ön xəttə can atırdı. Məşq poliqonunda silahdan atəş açır, döyüş texnikasının “dilini” öyrənirdi.

Nəhayət, bu arzusuna da çatdı: alayın motoatıcı batalyonunun döyüşçüsü oldu. Əsasən könüllülərin döyüşdüyü bu batalyonun komandiri Ədalət Zeynalov Ağdamın Qiyaslı kəndində doğulub boya-başa çatmış, Moskvada yaşayıb işləmişdi. Doğma torpaqlara düşmən caynağı uzananda Ağdama qayıtmış, yerli gəncləri başına toplayıb dəstə yaratmışdı. Tezliklə bu dəstənin qəhrəmanlığı dildən-dilə düşdü. “Dəmiryeyənlər” adlandırılan bu batalyonun yenilməz döyüşçüləri Ağdam ətrafında gedən ağır hərbi əməliyyatlarda mərdlik nümunəsi göstərir, yuxarı Qarabağın işğal olunmuş sərhəd kəndlərinin düşməndən təmizlənməsi üçün çarpışırdılar. Gülpəri cəsur oğullarla çiyin-çiyinə döyüşdüyü üçün fəxr edirdi.

Vuruşlar arabir səngiyəndə, səngərlərdən müvəqqəti də olsa, əl-ayaq çəkiləndə, öz dünyası, daxili aləmi, ürək çırpıntıları ilə tək qalanda, görəsən nə düşünürdü bacımız? Yəqin aylarla üzünü görmədiyi anası cəfakeş Şirin xalanı, min əziyyətlə övladlarını böyütmüş Bulud kişini, gözü yolda qalan bacılarını, qardaşlarını xatırlayırdı. Belə anlarda onun ən yaxın həmdəmi odlu-alovlu müharibə həyatının çətin məqamlarını yazdığı cəbhə gündəlikləriydi. Bu qorxmaz qızın ürəyinin qanı ilə yazdığı gündəliklər...

 

Cəbhə gündəliklərindən sətirlər

 

10 may 1992-ci il. Naxçıvanik, Aranzəmin, Pircamal, Ağbulaq kəndləri uğrunda qızğın döyüşlər ara vermir. Texnika bizdə olduğundan batalyonumuz hücum əməliyyatının önündə gedir. Qanlı döyüşlər nəticəsində həmin kəndləri düşmən caynağından bir-bir geri alırıq. Ədalət, Rəsul, Rafiq, Şakir, Tofiq... xüsusi igidlik göstərdilər. Düşmənin bir döyüş maşınını, bir topunu qənimət, erməni kəşfiyyatçısını əsir götürdük. Lakin tanklarımızdan biri minaya düşdü. Aslan biləkli qardaşımız Şakir Sadıqov şəhid oldu. Bu, bizim rotanın ilk şəhidi idi. Heyif ki, həmin kəndləri uzun müddət əldə saxlaya bilmədik. Axı müharibənin ağır qanunları var...

15 may 1992-ci il. Ermənilər Abdal Gülablı kəndinə hücum edəndə də rotamız hünər göstərdi. Hücumun dəf olunmasında əsgərlərimiz xüsusilə fərqləndilər.

12-16 iyun 1992-ci il. Sırxavənd-Kiçan əməliyyatı başlananda Kiçan kəndinədək itkisiz irəlilədik. Sırxavəndi alıb Kiçana girdik. Ağdərə ilə Vəng kəndi arasındakı yeganə yolu kəsib orada mövqelərimizi möhkəmləndirdik. Təəssüf ki, ermənilər mövqelərimizi bombaladılar və biz mühasirəyə düşdük. Lakin düşmənə təslim olmadıq və döyüşə-döyüşə mühasirəni yarıb Qazançı yolu ilə meşədən çıxdıq. İki gün sonra isə yoldaşlarımla bu yerlərə kəşfiyyata gedərək düşmənin döyüş mövqelərinin koordinatlarını müəyyənləşdirdik.

Qadın torpağına yiyə durarsa...

 

Gülpəri 1992-ci ilin avqustundan alayın kəşfiyyat rotasında kəşfiyyatçı olub. O, Papravənd kəndinin müdafiəsində də fədakarlıq göstərib.

Manuklu kəndində vurulmuş helikopterimizin ekipajının milliyyətcə rus olan üzvlərinin cəsədlərinin düşməndən alınmasında Gülpərinin müstəsna xidməti olmuşdu. Canyataq, Gülyataq, Mehmanə kəndlərinin, Fərrux dağının düşməndən təmizlənməsində də Gülpərigilin dəstəsi öndə vuruşmuşdular. Erməni ekspedisiya korpusu strateji cəhətdən əhəmiyyətli olan bu ərazidən geri çəkilmək istəmirdi. Gülpəri həmin döyüşləri belə xatırlayırdı: “1992-ci il avqustun 21-22-də davam edən qanlı döyüşlər, ölüm-dirim mübarizəsi bəhrəsini verdi, Gülyataq, Canyataq və Mehmanə kəndləri erməni işğalçılarından təmizləndi. Fərrux dağını və digər yüksəklikləri də ələ keçirdik. Uğurlu əməliyyat isə qurbansız olmur. İgid döyüşçümüz Rəsul Allahverdiyev minaya düşüb ağır yaralandı, həkimlər onu xilas edə bilmədilər. Rəsul Ağdamın Qiyaslı kəndindən idi. Orta məktəbi bitirdikdən sonra Rusiyada yaşamışdı. Vətənin fəlakətinə dözməyib silaha sarılmışdı. Doğma torpağından ötrü də şəhid oldu. Rəsul kimi oğulların intiqamı hökmən alınmalıydı!”

Gülpəri sözünə ara verdi, dərindən köks ötürərək:

- Bilirsiniz, ürəyimin ağrısını sizinlə bölüşürəm, - dedi. - Başıbəlalı Qarabağ torpağına nər oğullarımızın qanı axıb. Tökülən qanları bir yerə toplasan, böyük bir göl yaranar. Payızda Ağdama da gur yağışlar yağırdı. Yüksəkliklərə, meşələrə axıdılmış şəhid qanları güclü leysandan sonra yağışla yuyulub sızaraq arxlara, gölməçələrə tökülmüşdü. Analar suyu çəhrayı rəngə bürünmüş arxların başında saç yolur, ağı deyirdilər. Sözün əsl mənasında, yer-göy qan ağlayırdı. Bu müdhiş mənzərəni görən kəs silahı yerə qoya bilərdimi?

 

***

 

Atəşkəsdən sonrakı illərdə Gülpəri Sərkərova Neft Daşlarında çalışdı. Elə bəxtini, taleyiniburada tapdı. Özü kimi cəfakeş, əməksevər bir insanla ailə quraraq dünyaya iki övlad gətirdi. Axı Yer üzünün bütün uşaqlarının müharibəsiz, dinc həyatda yaşaması Gülpərinin ən böyük istəyi idi.

P.S: Elimizin cəsur qızı Gülpəri Sərkərova ilə bu günlərdə - 8 Mart Qadınlar Günü ərəfəsində görüşdüm. 44 günlük Zəfər savaşımızın bizə bəxş etidiyi qələbə sevincini yaşayanlardan biri kimi hisslərini, duyğularını gizlətmədi. Dedi ki, “müdrik sərkərdəmizin qətiyyəti, əsgər və zabitlərimizin hünəri və xalqımızın müzəffər ordumuza arxa-dayaq olması sayəsində azğın düşmənə həddini göstərmək və 30 il işğal altında qalan torpaqlarımızı əsarətdən qurtarmaq mümkün oldu. Bu üzdən çox xoşbəxtəm, uğrunda savaşdığım Ağdamı və digər yurd yerlərimizi azad görmək, doğrudan da, olduqca qürurvericidir”.

 

Zemfira MƏHƏRRƏMLİ

Əməkdar jurnalist

 

Azərbaycan.- 2022.- 6 mart.- S.7.