Azərbaycan dilinin və digər fənlərin ödənişsiz tədrisi ərəb mətbuatının diqqətini cəlb edib

 

“Vətənpərvər” Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin Qahirə Universitetinin Ədəbiyyat fakültəsinin Şərq dilləri bölməsində Azərbaycan dilinin tədrisini davam etdirməsi, həmçinin ödənişsiz əsasda digər fənlər üzrə kursların təşkil olunması ərəb mətbuatının diqqətini cəlb edib.

AZƏRTAC xəbər verir ki, Misir, Səudiyyə Ərəbistanı, Əlcəzair, İraqın “Rayetmısr”, “Əl Hərir”, Əxbar Əl Yom”, “Əl Ərəbiyə Yom”, “Əl Əmval”, “Vəsiq” və digər mətbu orqanlarında Azərbaycan diaspor mərkəzinin sədri tədqiqatçı-alim Seymur Nəsirova istinadla Müqəddəs Quran və xəttatlıq sənəti də daxil olmaqla, müxtəlif fənlərin tədrisi barədə geniş məlumat verilib. Məqalələrdə diqqətə çatdırılıb ki, hazırda diaspor mərkəzində dünyanın 35 ölkəsindən 400-ə yaxın tələbə Azərbaycan dilidaxil olmaqla, müxtəlif fənlər üzrə ödənişsiz təhsil alır.

Misir mətbuatında dərc edilən məqalələrdə qeyd olunub ki, diaspor təşkilatının fəaliyyəti Azərbaycanın zəngin mədəniyyəti və ədəbi irsinin gənclərə tanıdılması ilə yanaşı, həm də iki ölkə arasında əlaqələrin inkişafına da töhfə verir.

 

Azərbaycan.- 2022.-6 mart.- S.9.